Ermənistan sərhədə qoşun yığır? Azərbaycan ittiham, Ermənistan təkzib edir

Şəklin mənbəyi, Azərbaycan MN

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı “şərti sərhədə qoşun” yığmaqda və “hücum xarakterli dayaq nöqtələri” yaratmaqda ittiham edib, Ermənistan MN bunu “müdafiə xarakterli mühəndislik, möhkəmləndirmə və tikinti işləri” adlandırıb.

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası bazar günü və bazar ertəsi sərhəddə “hər hansı qeyri-adi hərbi hərəkət” müşahidə etmədiyini bildirib.

Bazar ertəsi Azərbaycan MN iddia edib ki, Ermənistan “şərti sərhədboyu qoşun cəmləşdirir və hücum xarakterli dayaq məntəqələri qurur, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələri yaradır, fortifikasiya qurğuları inşa edir”.

“Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir”, – Azərbaycan MN bildirib.

Azərbaycan MN-ın açıqlamasında deyilir ki, bunlar “xüsusi texniki vasitələr və vizual müşahidə” ilə qeydə alınıb və bu hərəkətliliyin əks olunduğu iddia edilən video kadrlar yayıb.

Ermənistan

Şəklin mənbəyi, Azərbaycan MN

Ermənistan MN bu video görüntülərlə bağlı yaydığı açıqlamada Azərbaycan MN-nin ittihamlarını təkzib edərək bunu “dezinformasiya” adlandırıb.

“Azərbaycan Müdafiə Nazirliyi həmçinin son aylarda Ermənistan Respublikası Silahlı Qüvvələrinin mühafizəsi üçün arxa cəbhələrdə aparılan mühəndis-istehkam və ümumilikdə müdafiə infrastrukturunun tikintisi işlərinin montaj edilmiş kadrlarını yayıb və onları son bir neçə gündə cəbhə xəttində aktiv iş və cəmləəşmələr kimi təqdim edib”, – Ermənistan MN bildirib.

Qurum bəyan edib ki, suveren ərazisi daxilində mühəndislik işləri aparmaq Ermənistanın “müstəsna suveren hüququdur”.

“Bu fəaliyyətlər sırf müdafiə xarakteri daşıyır və Ermənistanın ərazi bütövlüyünün qorunmasına yönəlib”, – Ermənistan MN bildirib.

Qurum vurğulayıb ki, Ermənistan-Azərbaycan dövlət sərhədində “son operativ vəziyyət stabildir” və sərhədin mühafizəsi üçün “əlavə tədbirlərin görülməsinə ehtiyac görmür”.

Azərbaycan xəbərdarlıq edib ki, əgər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı “hər hansı hərbi təxribat cəhdi olarsa”, onun qarşısı “qətiyyətlə alınacaq” və buna məsuliyyəti Ermənistan tərəfi daşıyacaq.

Ermənistan Aİ Müşahidə Missiyası

Şəklin mənbəyi, Aİ Müşahidə Missiyası/X

Aİ-nın Ermənistandakı müşahidə missiyası bazar ertəsi yaydığı məlumatda bildirib ki, onlar Ermənistan-Azərbaycan sərhədində yenidən patrul xidməti aparıblar və müşahidəçilər “hər hansı qeyri-adi hərbi hərəkət” müşahidə etməyib.

“Pasxa Bazar ertəsində sakitlik və dinclikdir”, – missiyanın X hesabında yaydığı məlumatda vurğulayıb.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar aprelin 1-də özünün X hesabında Ermənistandakı müşahidə missiyasının bu son məlumatını paylaşaraq yazıb ki, missiya “şəffaflığı təmin etmək üçün mühüm funksiya yerinə yetirir”, A🇿ərbaycanla da təmasa açıqdır.

O bildirib ki, əgər narahatlıqlar varsa, “bunlar təhlükəsiz mühitdə həll edilməlidir” və əlavə edib ki, Avropa İttifaqının Gürcüstandakı missiyası bütün tərəfləri “müntəzəm əlaqə” ilə təmin edə bilər.

Paylaşımını ötürün Twitter

Twitter məzmununa icazə varmı?

Bu məqalədə Twitter məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Twitter kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün “qəbul edin və davam edin”.

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu Twitter

Bu, son iki gündə Toivo Klaar-ın və Aİ-nın Ermənistandakı missiyasının Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı X hesablarında ikinci paylaşımlarıdır.

Bazar günü də Aİ-nın Ermənistandakı missiyası X hesabında yazmışdı ki, Azərbaycanla sərhəddə “hər hansı qeyri-adi hərbi hərəkət” qeydə alınmayıb.

Toivo Klaar bu bəyanatı yenidən paylaşaraq vurğulamışdı ki, müşahidə missiyasının “qeyri-adi hərbi hərəkətliliyin” olmamasını “təsdiqləməsi yaxşıdır və missiyanın məqsədi də elə budur: daha geniş şəffaflıq və inam yaratmaq”.

O əlavə edib ki, missiya Azərbaycan hakimiyyəti ilə “daha fəal qarşılıqlı fəaliyyətə açıqdır”.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment