Martın 29-da Xətai rayon Məhkəməsində Toplum TV-nin təsisçisi, həbsdə olan Ələsgər Məmmədlinin vəsatətinə baxılıb və təmin olunmayıb.
20 gündən çoxdur qaçalmalçılıq ittihamıyla barəsində həbs-qətimkan tədbiri seçilmiş Ələsgər Məmmədli səhhətiylə bağlı qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə müraciət edib. Vəkil Aqil Layıcın deməsinə görə, bütün müvafiq sənədlər məhkəməyə təqdim edilməsinə baxmayaraq, hakim Ələsgər Məmmədli barəsindəki həbs-qətimkan tədbirini ev dustaqlığıyla əvəz etməyib.
Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli öz Facebook hesabında bu barədə yazıb: “Ələsgər bəy məhkəmə çıxışında bildirib ki, onu heç bir sübut, dəlil, əsas olmadan həbs ediblər. Ona aydın deyil ki, təqsirsiz olmağına baxmayaraq nəyə görə hələ də həbsdədir. Təqsirsiz olmağı ilə yanaşı səhətindəki problemin ciddiliyini də hakimin diqqətinə çatdırıb. Ələsgər bəy qalxanabənzər vəzidə aşkar olunan şişin böyüdüyünü və boğulma yaratdığını bildirib. Təcridxanada iynə biopsiyasının edilməsinə şərait yoxdur. Əlavə diaqnoz və müalicə üçün özəl klinikalara müraciət olunmalıdır. Hətta məhkəmə iclasında qan təzyiqinin kəskin yüksəlməsinə görə yerindəcə təzyiqi ölçülüb və əlavə dərman verilib. Ələsgər bəyin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət onun müalicəsinə başlanması üçün vacib idi. Humanitar məsələ olmasına baxmayaraq təəssüf ki ona bu elementar imkan yaradılmadı. Həbsdə saxlanmasına qərar verildi. Məhkəmə orqanında ədalət prinsipi, hakimlərdə isə mərhəmət hissi qalmayıb. Ələsgər bəy kimi dəyərli bir ziyalını heç bir təqsiri olmadan həbsdə saxlamaq onun həyatına sui-qəsdə bərabərdir”.
Vəkil Aqil Layıcsa bildirib ki, məhkəmədən sonra Ələsgər Məmmədlinin müalicə müəssisəsinə köçürülməsi, müayinə və müalicəsinin aparılması üçün Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə elektron müraciət edib.
Ələsgər Məmmədli ilə eyni gündə Toplum TV-nin sosial media məsləhətçisi – Demokratik Təşəbbüslər İnstitutu qeyri hökumət təşkilatının üzvü Ruslan İzzətli də həbs olunub. O da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur.
Ondan 3 gün əvvəl – martın 6-da polis Toplum TV-nin yerləşdiyi ofisi basıb, əməkdaşları Bakı Şəhər Baş Polis İdarəsinə aparıb. Toplum TV-yə məxsus texniki avadanlıqlar müsadirə olunub,. Müşfiq Cabbar, Əli Zeynalov, İlkin Əhmədov və Ramil Babayev, III Respublika Platformasının spikeri Akif Qurbanov qaçaqmalçılıq ittihamıyla həbs edilib. Hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. İki əməkdaş – Fərid İsmayılov və Elmir Abbasovu polis məhkəməyə təqdim etməyib və barələrində 4 ay müddətinə polis nəzarəti altına vermə qətimkan tədbiri seçib. Toplum TV-nin Youtube və instagram səhifələri ələ keçirilərək videomateriallar, verilişlər silinib.
Toplum TV öz fəaliyyətində hər hansı qanunsuzluğa yol vermədiyini bəyan edib, hakimiyyətin bu addımını mediaya qarşı repressiya dalğasının bir hissəsi adlandırıb.