AXCP-nin Daşkəsən rayon təşkilatının sədri Sahib Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb, bu barədə Turan-a DİN-in mətbuat xidmətinin regional qrupundan bildiriblər.
Qurumun nümayəndəsi qeyd edib ki, işi Azərbaycan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi aparır.
Məmmədzadənin bacısı Tacirə Məmmədzadə Turan-a bildirib ki, qardaşını maskalı şəxslərin saxlamasının şahidi olub.
“Martın 18-də biz KAMAZ avtomobilində yol gedirdik, Sahib qoyunları dağa aparırdı. Polis postunun yaxınlığında maşını saxladılar. Sahibi maşından çıxardılar və döyə-döyə başqa maşına mindirdilər. Mən baş verənləri videoya çəkmək istədim, lakin məni döydülər və telefonu əlimdən aldılar”, deyə o qeyd edib.
Məmmədzadə martın 18-də saxlanılıb. AXCP-də onun siyasi motivlərlə təqib olunduğunu hesab edirlər.