Çərşənbə günü Ermənistan XİN başçısı Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Luis Bononu qəbul edib. XİN-in məlumatına görə, tərəflər Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə aid məsələləri müzakirə ediblər. Xüsusən, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, o cümlədən sülh müqaviləsinə toxunulub.
Mirzoyan Bononu son vəziyyətlə tanış edib, Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasına və sərhədlərin Alma-Atı Bəyannaməsi əsasında delimitasiyasına sadiqliyini vurğulayıb. Regional kommunikasiyaların açılmasına gəlincə, Mirzoyan Yerevanın bunun suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsipləri əsasında baş verməli olduğu haqqında mövqeyini təkrar edib, bu barədə Ermənistan XİN-in məlumatında deyilir.
Öz növbəsində, ABŞ-ın Bakıdakı səfirliyindən Turan-ın sorğusuna cavab olaraq bildiriblər ki, “Luis Bono regiona səfəri çərçivəsində bu həftə Azərbaycan və Ermənistan arasında möhkəm sülh sazişinin əldə edilməsi səylərinin müzakirəsi üçün Azərbaycan rəsmiləri ilə görüşəcək”.