Məmurlar torpağı. Azərbaycan kəndləri niyə yoxsullaşır?

  • Müəllif, Məhərrəm Zeynalov
  • Vəzifə, BBC, Azərbaycan

Azərbaycan əhalisinin demək olar ki, yarısı kənd yerlərində yaşayır, əsasən şəxsi təsərrüfatla məşğul olurlar. İllər boyu mal-qara saxlayır və onu bələdiyyə torpaqlarında sərbəst otarırdılar, lakin son vaxtlar yerli hakimiyyət orqanları bu torpaqları məmurlarla əlaqəli iri şirkətlərə icarəyə verməyə başlayıblar.

İş axtarışında gənclər, paytaxtla regionlar arasında onsuz da böyük olan iqtisadi uçurumu daha da artıraraq, kəndlərdən Bakıya axışır.

BBC müxbiri dövlət torpaqlarının bölüşdürülməsinin Azərbaycan kəndlərinin adi həyat tərzini necə pozduğunu müşahidə etməyə çıxıb.

Tozlu çöl yolunun hər iki tərəfi boyunca xəndəklər uzanır. Az sayda avtomobillər keçir. Burada, sanki döyüş mövqelərində keşik çəkmiş kimi, inəklər gəzişir –xəndəklər torpağı məhz onlardan qorumaq üçündür.

Bu, Azərbaycanın mərkəzində, Bakıdan təxminən 150 km məsafədə yerləşən Kürdəmir rayonudur. Arıq, gündən qaralmış oğlan iki inəyi qabağına qatıb gedir. “Mən əvvəllər orda otarardım”, – sağ tərəfindəki tarlanı göstərərək, deyir. – “Sonra hər yeri qazdılar, indi ora özgə torpağıdır”.

“Kimin?” – soruşuram. “Özün bilirsən – kimin”, – deyə cavab verir və gözləri ilə yuxarıya işarə edir, sanki torpağın sahibi göydədir.

Azərbaycan fermerləri onilliklər ərzində mal-qaralarını dövlətə məxsus torpaqlarda otarıblar, lakin son illərdə bələdiyyələr onları, əksər hallarda Bakıdan olan məmurlara və ya iş adamlarına məxsus iri şirkətlərə icarəyə verməyə başlayıblar.

iqtisadiyyat, kənd təsərrüfatı, Azərbaycan, yoxsulluq, məşğulluq

“Qurtardı, bundan sonra olmaz”

Kürdəmir ətrafında bir neçə öz istehsalı, emal və logistika sistemi olan iri kənd təsərrüfatı müəssisələri – aqroparklar var. İstehsalın avtomatlaşdırılması hesabına, onlar kiçik fermer təsərrüfatları ilə müqayisədə ekoloji cəhətdən daha təmiz və daha səmərəli sayılır.

Dünya bazarında neftin qiymətinin düşməsindən, bankların üçdə birinin bağlanmasından və milli valyutanın devalvasiyasından sonra 2015-ci ildə Azərbaycanda kütləvi şəkildə aqroparklar tikilməyə başlanıb.

Aqroparkların vəzifəsi ölkənin neftdən asılı iqtisadiyyatını şaxələndirmək və ərzaq təhlükəsizliyini gücləndirmək idi. Hakimiyyət həmçinin deyirdi ki, müəssisələr orada iş yerləri yaradaraq, regionların inkişafına kömək etməlidirlər.

Amma illər keçir və paytaxtla regionlar arasında iqtisadi uçurum daha da genişlənməkdədir.

2022-ci ilə olan məlumata görə, Bakıda və onun ətrafında ölkənin digər ərazilərindən təxminən iki dəfə çox sahibkarlıq subyekti qeydə alınıb və onların sayı paytaxtda, regionlarla müqayisədə, xeyli sürətlə artıb (2015-2022-ci illər ərazində Bakıda sahibkarlıq subyektlərinin sayı təxminən 90 faiz, regionlarda – cəmi 20 faiz artıb). 2015-ci ildən 2022-ci ilə qədər isə Bakıda və onun ətrafında istehsal olunan məhsulların maya dəyəri 3,5 dəfə, bütün digər rayonlarda isə cəmi iki dəfə artıb.

Ölkədə adambaşına düşən orta illik gəlir 4 min dollar, Bakıda isə 10 min dollardan çox təşkil edir.

kənd təsərrüfatı, aqrar sektor, məşğulluq, iqtisadiyyat, aqroparklar, Azərbaycan

Kürdəmir “Qlobal Aqro” aqroparkı ölkədə fəaliyyəti yerli sakinlər tərəfindən bəyənilməyən bir çox belə müəssisələrdən biridir. 2020-ci ildə açılan aqropark 2 min hektar torpaq sahəsini əhatə edir, bir milyon manat (600 min dollar) güzəştli kredit və daha 8,1 milyon manat (4,8 milyon dollar) dövlət investisiyası alıb. Əksər digər aqroparklar kimi, burada da əsasən taxıl becərilir.

Azərbaycanın İqtisadiyyat Nazirliyindən BBC-yə verilən məlumata görə, ölkədə 24 aqropark var. Əvvəllər prezidentin saytında 51 aqroparkdan bəhs edilirdi, digər idarələr isə müxtəlif rəqəmlər verirdilər – 22, 40-dan çox və sairə. Rəsmi nəşrlərdə və açıqlamalarda bu cür uyğunsuzluqların nə ilə izah olunduğu sualına İqtisadiyyat Nazirliyindən cavab verməyiblər.

Yaşı 60-a yaxın, hündürboy, ağ saçlı Baha Mikayılov Kürdəmir rayonu Şüşün kəndində, Qlobal Aqro-nun yaxınlığında yaşayır. O, mənim üzümə mal-qara tövləsinin cırıltılı qapılarını açır. İçəri boşdur. Əvvəllər o, ölkədə bir çoxları kimi, dövlət torpaqlarında heyvanlarını otarırdı və heç kim ona mane olmurdu. İndi artıq onun mal-qarası yoxdur.

“Kənddə növbə ilə mal-qaranı otarırdıq. 2019-cu ilin payızında bir gün növbə mənə çatdı”, – o danışır. – Bir oğlan, mühafizəçi idi, qarşıma çıxıb dedi: “Qurtardı, daha olmaz”. Mən soruşdum: “Sənə kim dedi ki, olmaz? Mən həmişə burada inək otarmışam”, o da dedi ki, bura indi bütövlüklə aqroparkın ərazisidir, mən buradan maaş alıram və səni içəri buraxsam, məni işdən çıxararlar”.

Baha deyir ki, inəkləri döndərib evinə qayıdıb, düşünüb ki, bu vəziyyət müvəqqətidir, düzələr. Ertəsi gün onun qonşusunu da qovublar. “Buna görə də, bu kanalları qazıblar ki, mal-qara keçməsin”, – Baha deyir. O zaman onun yüzdən çox qoyunu və 15 inəyi var idi, bir neçə aydan sonra onları satıb, çünki inəkləri yemləmək üçün heç bir şey yox idi.

O, problemlərinə görə kənd təsərrüfatı parklarını günahlandırır; onun sözlərinə görə, onlar meydana çıxana qədər daha yaxşı yaşayırmış. “Mən əvvəllər heç vaxt ət almamışam, çünki öz inəklərim və qoyunlarım var idi”, – o xatırlayır. – İndi ümumiyyətlə quzu əti almağa imkanım yoxdur, ayda bir-iki dəfə mağazadan mal əti alıram”.

iqtisadiyyat, kənd təsərrüfatı, Azərbaycan, yoxsulluq, məşğulluq
Şəklin alt yazısı,

Bahanın heç nəyi qalmayıb.

Kürdəmir Qlobal Aqro, yerli mətbuatın yazdığına görə, Kürdəmir rayon rəhbəri (yəni bələdiyyə torpaqlarının verilməsinə görə məsul şəxs; 2022-ci ildə korrupsiyaya görə həbs edilib) və Rabitə Nazirliyində çalışan başqa bir məmur tərəfindən təsis edilib. Vergi xidmətinin və dövlət tenderlərinin saytlarında şirkət haqqında məlumat yoxdur, onun əlaqələri ictimaiyyətə açıqlanmır. “Qlobal Aqro”nun açılışında Prezident İlham Əliyev iştirak edib.

Onun ailəsi də aqrobiznesə cəlb olunub. İqtisadi Araşdırmalar Mərkəzinin məlumatına görə, Azərbaycanda ən azı doqquz aqropark “Paşa Holdinq”indir və bir sıra jurnalist araşdırmalarına görə, bu park prezidentin qızları Leyla və Arzu Əliyevalara məxsusdur. Mərkəzin özü və digər yerli media “Paşa Holdinq”i bazarın ən böyük oyunçusu adlandırır.

Prezident İlham Əliyev ailə üzvlərinin bizneslərinin şəffaf olduğunu söyləyir. “Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz”, o 2021-ci ildə İtaliyanın LaReppublica qəzetinə müsahibəsində deyib.

Azərbaycan iqtisadçıları, o cümlədən İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri aqroparklara dövlət vəsaitlərinin və güzəştli kreditlərin verilməsində şəffaflığın olmamasından şikayətlənirlər.

Eyni zamanda, ərzaq təhlükəsizliyi məsələsində və özünü buğda ilə təmin etmək istiqamətində prezidentin elan etdiyi siyasətdə, ən azı indilik, nəzərə çarpacaq irəliləyiş görünmür: 2015-ci ildən 2022-ci ilə qədər ölkədə buğda istehsalı cəmi 3 faiz artıb, idxalı isə 3,7 faiz azalıb.

Eyni zamanda, mal-qaranın sayı, əksinə, məhz 2015-ci ildən başlayaraq hər il azalmaqdadır.

“Hara baxsan, dörd tərəfimiz holdinqlərdir, dövlət gərək insanları torpaqları birləşdirməyə [fermer təssərüfatlarına] təşviq edərdi. [Əvəzində] burada dövlət əsas oyunçuya çevrilir”, – Respublika Araşdırmalar Mərkəzinin həmtəsisçisi, iqtisadçı Natiq Cəfərli deyir. – Lakin SSRİ-nin tarixi sübut etmişdi ki, dövlət menecerlik edəndə, o, gəlirsiz olur”.

iqtisadiyyat, kənd təsərrüfatı, Azərbaycan, yoxsulluq, məşğulluq

Şəklin mənbəyi, Getty Images

“Kənardan gəlmə adamlara” təhvil verilib

Kürdəmirin cənubunda dağıdılmış beton yol boyunca sadə birmərtəbəli evlər ucalır. Bu, Sabirabad rayonunun Azadakənd kəndidir. Ora gedən yol hələ 2010-cu ildə daşqın nəticəsində dağılıb və bu günə kimi təmir olunmayıb. O vaxtdan uşaqlar məktəbə belə bir yolu keçə biləcək avtobusla çatırlar – onu, valideynlər hər uşaq üçün ayda 10 manat ödəyib icarəyə götürürlər.

Kəndin girəcəyində yarımxaraba vəziyyətdə xəstəxana binası durur. Onu bir neçə il əvvəl bağlayıblar və indi Azadakənd sakinləri müalicə üçün həmin çala-çuxurlu yolla qonşu Salyan şəhərinə getməyə məcburdurlar.

Gənclərin bir çoxu kəndi tərk edib. 72 yaşlı Mənsim Məmmədovun altı oğlu var, və onların hamısı çörəkpulu qazanmaq üçün ölkənin müxtəlif bölgələrinə yollanıb.

Mənsim 1997-ci ildə onun sahibliyinə verilən Azadakənddən bir kilometr yarım aralıda yerləşən 20 hektarlıq torpaq sahələrini göstərir. O zaman bütün ölkədə keçmiş kolxoz torpaqları kənd sakinlərinə paylanmışdı.

Baha kimi, Mənsim də demək olar ki, bütün qoyunlarını satıb. Onları otarmağa yer yoxdur, çünki dövlət torpaqları “kənardan gəlmə adamlar” tərəfindən icarəyə götürülüb, lakin onların kim olduğunu dəqiq bilmir. Onun öz torpağı şumlamaq üçün yararsızdır.

“O seldən sonra qrunt suları yerin altından çıxdı, sonra hakimiyyət bir neçə drenaj qazdırıb, orada da qoydular, qrunt suları isə çox duzludur və məhsulu öldürür, heç bir şey yetişdirmək olmur”, – Mənsim izah edir. O, demək olar ki, üstündə heç ot olmayan öz boş sahəsini göstərir. “Burada yalnız qamış normal bitir, onu yeməyəcəyik ki…”

Kiçik qardaşı Valeh öz sahəsinə enib balaca bir bitki gətirir: “Bütün əkdiyim pambıq budur”.

iqtisadiyyat, kənd təsərrüfatı, Azərbaycan, yoxsulluq, məşğulluq
Şəklin alt yazısı,

Valeh öz sahəsinə enib balaca bir bitki gətirir: “Bütün əkdiyim pambıq budur”.

Məmmədov qardaşları öz torpaq sahələrini göstərirlər: onların demək olar ki, hamısı düzənlikdədir, ətraf qrunt suları ilə dolu uzun kanallarla əhatə olunub. Yaxınlıqda yüksəklikdə başqa sahələr də var – orada ağaclar bitir, bar da verir. “Ən yaxşı torpaqları kənardan gələnlərə veriblər, amma bizə verə bilərdilər, biz də bunun üçün pul vermişik, onlardan nəyimiz əskikdir?” – Valeh soruşur. Onun sözlərinə görə, bu barədə o, rayon icra hakimiyyəti ilə danışıb.

“Deyirəm ki, ətin kilosu 100 manat (59 dollar) olacaq, mənə cavab verirlər: sənin üçün daha yaxşıdır, qalan qoyunları baha satarsan, – deyə Valeh kədərlə gülümsəyir. – Mən də deyirəm: axı mən də ət üçün 100 manat verəcəyəm, mənə də yemək lazımdır”.

iqtisadiyyat, kənd təsərrüfatı, Azərbaycan, yoxsulluq, məşğulluq
Şəklin alt yazısı,

Mənsim “yuxarılara” yazdığı məktubu göstərir.

Gizli işsizlər

Kürdəmir rayonundan olan Baha deyir ki, onun həmkəndliləri “Global Aqro”da işə düzəlməyə çalışıblar, lakin “hədsiz ağır iş şəraitinə” tab gətirə bilməyiblər. Bahanın fermerlikdən başqa gəliri yoxdur, aqroparka işə onu yaşına görə işə götürmürlər. “Mənə dedilər: yaxşısı budur, otur yerində öz torpağına qulluq elə”, – o söyləyir.

Baha əvvəllər qoyunçuluqla pul qazanırdısa, indi onun yeganə gəliri – ildə bir dəfə dövlətdən aldığı 2 min manat (1176 dollar) kənd təsərrüfatı subsidiyasıdır. Bu subsidiya işsizliyə görə verilən müavinətdən azdır.

Kənd təsərrüfatı üzrə ekspert, Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli deyir ki, Azərbaycan kəndlərinin bir çox sakinləri faktiki olaraq işsizdir, lakin dövlət onları belə hesab etmir. 90-cı illərdə torpaq islahatı zamanı insanlara keçmiş kolxoz torpaqları verilib və bu əsasda onlar fermer hesab edilib.

“Lakin o vaxtdan bəri bir çox ailələr böyüyüb, uşaqları öz ailələrini qurub, və nəticədə hər ailəyə 20 və ya bəzi hallarda 17 hektar ərazi kifayət etmir, – ekspert deyir. – Və buna görə də indi bir çoxları qazanc üçün sadəcə kəndlərdən Bakıya və ya xaricə qaçırlar”.

Azadakənddən olan Mənsimə də 1990-cı illərdə 20 hektar torpaq veriblər, lakin o vaxtdan onun 6 övladı və 17 nəvəsi dünyaya gəlib, və torpaq qeydiyyatında olan uşaqların hamısı fermer kimi siyahıya alınıb və ona görə işsizlik müavinəti ala bilmirlər.

Rəsmən, Azərbaycanda işsizlik region ölkələrindən ən aşağı – əmək qabiliyyəti olan əhalinin 6 faizindən bir qədər azdır (Gürcüstanda – 15,6%, Ermənistanda – 13,7%). “Məşğulluq haqqında” qanunda konkret göstərilir ki, əgər şəxsin torpaq payı varsa, o, işlə təmin olunmuş sayılır. Məhərrəmli və digər ekspertlər hesab edirlər ki, öz torpağının olması minlərlə faktiki işsiz vətəndaşları işlə təmin olunmuş hesab etmək üçün dövlət tərəfindən istifadə edilən bir bəhanədir.

Dövlət Statistika Komitəsinin 2021-ci il üzrə məlumatına görə, 10 milyon azərbaycanlının 4,7 milyonu kənd yerlərində yaşayır. Əmək qabiliyyəti olan əhalinin 37 faizi kənd təsərrüfatında çalışır, bununla belə, onlar ölkə ÜDM-nin yalnız 5 faizini təşkil edir.

Bu insanlar Azərbaycanda ən az maaş alanlardır: ölkə üzrə ayda 732 manat (430 ABŞ dolları) orta əmək haqqı olduğu halda, kənd təsərrüfatında işləyənlər cəmi 457 manat (268 dollar) alırlar. Bu da minimum əmək haqqından cəmi 12 manat artıqdır.

kənd təsərrüfatı, aqrar sektor, məşğulluq, iqtisadiyyat, aqroparklar, Azərbaycan

Paytaxta gedən yolda “yarımstansiya”

Azadakənddən Bakıya gedən yolun üstündə Salyan şəhəri var. Orada, yol ayırıcında köhnə “Jiquli” avtomobilləri düzülüb. Onları taksi kimi işlədən sürücülərin hamısı buradan üç kilometrlikdə yerləşən Arbatan kəndindəndirlər.

Onların taleləri də oxşardır: ətrafdakı torpaqları “Bakıdan gələn, yuxarılarla yaxşı əlaqələri olan insanlar” alıblar, kəndlilərin özlərinin torpaqları onları dolandıra bilməyəcək qədər azdır. Onları işsiz kimi qeydiyyata almırlar, alternativ gəlirləri azacıqdır- yol kənarında dayanıb təsadüfi müştəriləri gözləməlidirlər.

“Mənə müavinət vermədilər, dedilər adında iki SİM kart var. İmtina etmək üçün bəhanə axtarırlar”, – taksi sürücülərindən biri şikayətlənir.

Kürdəmirli Baha, Azadakənddən Mənsim kimi Arbatandan olan taksi sürücüləri də yerli icra hakimiyyətinin bələdiyyə torpaqlarını, yerli fermerlərin problemlərinə məhəl qoymadan aqroparklara və ya sadəcə olaraq “Bakıdan gələn qonaqlara” verməsinə qəzəblidirlər.

Azərbaycanın müxtəlif rayonlarının sakinləri məmurların torpaqla bağlı özbaşınalığından şikayətlənirlər: Şəkidə fermerlər qoz bağlarından məhrum edildikləri üçün prezidentə şikayətlə müraciət ediblər, Lerik rayonunda torpaq üçün iri sahibkara qarşı məhkəmə olub, Gədəbəy rayonunda fermerlər otlaqların yerində sənaye tullantıları üçün süni gölün yaradılmasına etiraz ediblər.

iqtisadiyyat, kənd təsərrüfatı, Azərbaycan, yoxsulluq, məşğulluq

BBC Kürdəmir və Sabirabad rayon İcra Hakimiyyəti, eləcə də Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə əlaqə saxlasa da, suallarına cavab ala bilməyib.

Prezident olduğu 20 ildən artıq müddətdə İlham Əliyev dəfələrlə iqtisadiyyatın şaxələndirilməsi və regionların inkişafından danışıb.

Amma ölkənin müxtəlif bölgələrindən olan insanlar yenə də Bakıda yaşamağa və işləməyə can atırlar. Paytaxt ətrafında ucalan hündürmərtəbəli binalar beton yığınına bənzəyir.

Mahir beş ildir ki, bu rayonlardan birində yaşayır. O, öz doğma Gəncə şəhərində kənd təsərrüfatı fakültəsini bitirib, ancaq paytaxta köçüb. Deyir ki, aqroparklardan birində işə düzəlmək istəyib, amma “orada qəpik-quruş verirlər”. Beləcə, hazırda o, Bakıda elektronika mağazasında satıcı işləyir.

“Bu düzgün deyil ki, biz hamımız buradayıq: o qədər gözəl yerlər var – çaylar, göllər, meşələr, mən isə burada tozla nəfəs alıram, – o deyir. Orada iş olsaydı, heç kim öz xoşu ilə burada qalmazdı”.

Kürdəmir çayxanasında da belə düşünürlər. İki nəfər yaşlı kişi şahmat oynayır, biri digərinə oğlunun Bakıda necə yaxşı pul qazandığından danışır.

Yerli kafedəki ofisiant Kürdəmiri paytaxta gedən yolda dayanacaq kimi görür və Bakıya getmək arzusunda olduğunu deyir. Onlar bakılıya sanki varlı əcnəbi kimi baxırlar və öyünürlər ki, Bakı yaxınlıqlarında, həmin o beton yığınlarından birində Kürdəmirdən çıxmağı bacarmış qohumları yaşayır.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment