8 mart Qadınlar Günü: necə başlanıb və nəyə gərəkdir? 7 müəmmalı fakt

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images

Bu il 8 mart Beynəlxalq Qadınlar Günü dünyada 113-cü dəfə qeyd olunacaq.

Azərbaycanda necə keçirilir?

8 mart Azərbaycanda sovet dövründən bəri qeyd edilir. Ancaq son illər bayram ənənəsinə həm də qadın fəalların etiraz aksiyaları əlavə edilib: bir neçə ildir ki, bəzi fəallar ölkə paytaxtının mərkəzində 8 Mart günü aksiyalar keçirərək diqqəti qadınların problemlərinə yönəltməyə çalışırlar.

Azərbaycanlı feministlər hesab edirlər ki, hökumət məişət zorakılığının qarşısını almaq üçün yetərli səy göstərmir, buna görə də ölkədə məişət zəminində qadın qətllərinin sayı artır, cinsi ayrı-seçkiliyə yol verilir, qadın hüquqları pozulur.

Hökumət bu iddiaları əsassız sayır, Azərbaycanda hər hansı cinsi ayrı-seçkiliyə yol verilmədiyini, qadınların bütün hüquqlarının qorunduğunu bəyan edir, məişət zorakılığının qarşısının alınması üçün hüquqi müstəvidə işlər apardığını bildirir.

8 martr aksiya

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Bakıda 8 mart aksiyası 2021-ci il. Foto/Arxiv.

Feministlər bu il də Qadınlar gününü Bakıda “8 Marş- Duruş Sərgiləyirik!” aksiyası ilə qeyd etməyi planlaşdırırlar.

Hərçənd, aksiyanın keçirilməsinə razılıq verilməyib.

Polis daha əvvəlki illərdə keçirilmiş aksiyaları dağıdıb.

Four indigenous women raise their hands as they call for gender equality during a protest in Brasilia on International Women's Day, on March 8, 2020.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Beynəlxalq Qadınlar Günü dünyaya gender bərabərliyinə əməl etməyin zəruriliyi haqda xatırlatmaq üçün çox yaxşı fürsətdir

Postsovet məkanından kənarda bu gün o qədər də populyar deyil, baxmayaraq ki, bu barədə çoxları eşidib və BMT tərəfindən xüsusi gün kimi tanınıb.

Bəs, bu günün qeyd edilməsi nə üçün uydurulub və niyə məhz martın 8-də? Bu, nədir – bayram, yoxsa etiraz? Və Beynəlxalq kişilər gününə gəldikdə, necə? Biz bu suallara cavab verməyə çalışmışıq.

1. Hər şey nədən başlayıb?

Clara Zetkin looks to the camera

Şəklin mənbəyi, Topical Press Agency

Şəklin alt yazısı,

Beynəlxalq Qadınlar Gününü bayram etməyi 1910-cu ildə Klara Setkin təklif edib

1 May kimi, 8 Mart bayramı fəhlə hərəkətindən yetişib və amerikan kökləri var.

1908-ci ildə 15 qadın iş gününün qısaldılması, əməkhaqqının artırılması və səsvermə hüquqları tələbi ilə Nyu-Yorkda nümayişə çıxıb (əksər ştatlarda qadınlar bu hüququ 1920-ci ildə əldə ediblər, ABŞ Konstitusiyasında 19-cu düzəliş qəbul olunduqdan sonra). Ertəsi il Amerika Sosialist Partiyası fevralın son bazar gününü Zəhmətkeş Qadınlar Günü kimi tanımağı təklif edib.

1910-cu ilin avqustunda tanınmış Almaniya sosial-demokratiya xadimi Klara Setkin Kopenhagendə konfransda Qadın Bərabərliyi və Emansipasiyası uğrunda Beynəlxalq Mübarizə gününü təsis etməyi təklif edib.

17 ölkədən yüzə yaxın konfrans iştirakçısı təşəbbüsü yekdilliklə dəstəkləyir.

1911-ci ildə onu ilk dəfə Almaniya, Avstriya-Macarıstan, Danimarka və İsveçrədə qeyd ediblər.

2. Niyə 8 martda?

Beynəlxalq qadınlar günü

Hər şeyin başlanğıcı olan Nyu-York nümayişi fevralın 28-də olub. Klara Setkin konkret tarix deməyib. Qadınlar günü Almaniyada ilk dəfə Prussiyada 1848-ci il Mart İnqilabı ilə əlaqədar, martın 19-da bayram edilib. Sonra müxtəlif ölkələrdə Qadınlar Gününü 2, 9 və 12 martda, eləcə də 2 və 12 mayda qeyd ediblər.

8 mart tarixi beynəlxalq solçu hərəkatına Rusiyadan gəlib. 1917-ci ildə bu gün (köhnə tarixlə fevralın 27-də) Petroqradda “Çörək və sülh!” tələbi ilə Vıborq rayonu toxuma fabrikinin işçi qadınlarının sonradan inqilaba çevrilmiş tətili başlayıb. Bir həftə sonra imperator taxtından imtina edib.

Sovet hakimiyyətinin ilk illərində Vıborq toxucu qadınlarını Çarın devrilməsinin ilk təşəbbüskarları kimi alqışlayırdılar. Sonradan Fevral inqilabı bolşevik Oktyabr inqilabının kölgəsində qalıb və bu hal SSRİ-də nəzərə çatdırılmayıb.

1975-ci ildə BMT Baş Assambleyası martın 8-ni qadınların bütün həyat sahələrində bərabərsizliyə qarşı etirazda nailiyyətlərini bayram etmə günü olaraq elan edib.

3. 8 Martın öz rəngləri varmı?

Beynəlxalq qadınlar günü

8 Martın öz rəngləri var, hərçənd Rusiyada praktik olaraq bu barədə bilmirlər. Bu, bənövşəyi, yaşıl və ağ rənglərdir.

Onları bərabərlik uğrunda mübarizə simvolu kimi Britaniya Qadın Sosial-Siyasi Birliyi 1908-ci ildə təklif edib. bənövşəyi rəng ədalət və ləyaqət, yaşıl – ümid, ağ – saflığı səciyyələndirir.

4. Beynəlxalq Kişilər Günü varmı?

International Men's Day poster for 2018 - a group of men stand smiling on the beach under tag line Men Leading By Example

Şəklin mənbəyi, internationalmensday.com

Şəklin alt yazısı,

Beynəlxalq kişilər günü də mövcuddur, lakin o, 8 Martın kölgəsində qalıb

Bəli, var, o, noyabrın 19-da, Birləşmiş Krallıq da daxil olmaqla, 80-dən çox ölkədə qeyd olunur, baxmayaraq ki, BMT tərəfindən rəsmi olaraq tanınmayıb. Bununla belə kişilərin sağlamlığının möhkəmləndirilməsi və onların müasir ailədə roluna xüsusi diqqət yetirilir.

Rusiyada kişi və oğlanları 23 fevralda təbrik edirlər. Rəsmən bu – hərbçilər və silahlı qüvvələrin veteranları günüdür, lakin kütləvi şüurda bu gün, adətən, bütün kişilərin günü kimi nəzərdən keçirilir.

Azərbaycanda müstəqillik qazandıqdan sonra cəmiyyət arasında 26 iyun Silahlı Qüvvələr Gününü 23 fevralla əvəzləmək üçün təkliflər olsa da bu ənənə geniş yayılmayıb.

5. Müxtəlif ölkələrdə 8 Martı necə bayram edirlər?

Beynəlxalq qadınlar günü

Rusiyada martın 8-i istirahət günüdür. Qadınlara hədiyyələr və gül bağışlayırlar. Bayram ərəfəsi üç-dörd gündə gül satışı ikiqat artır.

Çində qadınların iş günü səkkiz saat əvəzinə dörd saat olur, lakin Çin Xalq Respublikası Dövlət Şurasının bu tövsiyəsi qanun deyil və işverənlərin bir qismi buna əməl etmir.

İtaliyada martın 8-də küsdümağacı gülü hədiyyə edirlər. Bu ənənə İkinci Dünya müharibəsindən sonra Romada meydana gəlib, bunun mənbəyi məlum deyil.

A woman holds a bunch of mimosa outside the Italian Presidential palace on International Women's day 2012

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Çoxları üçün 8 Mart bayramı küsdümağacı gülü ilə assosiasiya olunur

ABŞ-da mart qadınlar tarixinin ayı sayılır. Hər il prezident bəyanatla çıxış edib Amerika qadınlarının nailiyyətləri və əməyinə haqq qazandırır.

6. Bayram, yoxsa etiraz?

Beynəlxalq qadınlar günü

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2024-cü il üçün mövzunu “Qadınlara sərmayə qoyun: tərəqqini sürətləndirin” kimi təqdim edib. Bu mövzu gender bərabərliyi tədbirlərinə sərf edilən pul vəsaitinin çatışmazlığını vurğulamaq məqsədi daşıyır.

“2025-ci ilə qədər münaqişələr və artan qiymətlər ölkələrin 75%-nin dövlət xərclərini azaltmasına səbəb ola bilər ki, bu da qadınlara və onların əsas ehtiyaclarına mənfi təsir göstərə bilər”, – BMT elan edib.

BMT-nin hesablamalarına görə, dünyada 2030-cu ilə qədər gender bərabərliyinə nail olmaq üçün ildə 360 milyard dollar tələb olunur. Qlobal miqyasda hökumət yardımının yalnız 5%-i qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə yönəlib və həmin vəsaitin 0,2%-dən az hissəsi bu addımların qarşısının alınmasına yönəlib, BMT-nin məlumatında deyilir.

7. Bu, nə üçün lazımdır?

Beynəlxalq qadınlar günü

Ötən il Əfqanıstan, İran, Ukrayna və ABŞ kimi bir çox ölkədə qadınlar müharibə, zorakılıq və siyasi dəyişikliklər fonunda öz hüquqları uğrunda mübarizə aparıblar.

Yaxın Şərqdə qadınlar İsrail və Fələstin ərazilərindəki son münaqişə zamanı həddindən artıq zorakılıqla üzləşiblər. BMT ekspertləri Qəzzada qadın və qızlara qarşı insan haqlarının pozulması, o cümlədən İsrail qüvvələri tərəfindən zorlama halları ilə bağlı etibarlı məlumatlar aldıqlarını bildiriblər. Ötən il oktyabrın 7-də Həmas hücumları zamanı qadınların zorlanması, cinsi zorakılığa məruz qalması və şikəst edilməsinə dair dəlillər də BBC tərəfindən qeydə alınıb.

Münaqişədə həm də qadınların humanitar böhranın ağır yükünü çəkdiyi məlumdur. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun məlumatına görə, növbəti ay ərzində Fələstinin Qəzza bölgəsində 5500-ə yaxın qadının doğum zamanı tibbi yardım ala bilməyəcəyi gözlənilir.

Əfqanıstanda ibtidai məktəb yaşından yuxarı qızların Taliban tərəfindən siniflərə buraxılmaması hələ də qadınların bərabər təhsil hüququna mane olur.

Beynəlxalq qadınlar günü

Sudan Silahlı Qüvvələri ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında Sudanda davam edən qarşıdurma da dağıdıcı təsir göstərib. BMT-nin məlumatına görə, qadınların və qızların RSF-nin nəzarətində olan ərazilərdə qaçırılaraq təcavüzə məruz qaldığı, orada evlənməyə məcbur edildiyi və pul müqabilində dəyişdirilmək üçün saxlandığı bildirilir. 1 milyon 200 mindən çox insan qonşu ölkələrə qaçıb və sığınacaq axtaranların on nəfərdən doqquzu qadın və uşaqdır.

Sentyabr ayında İranda qadınların saçlarını örtmələrini tələb edən sərt qaydalarını pozduğu iddiası ilə həbs olunduqdan sonra, əxlaq polisinin nəzarəti altında olan 22 yaşlı Məhsa Əmininin ölümündən bir il ötüb. Nobel Sülh Mükafatı laureatı Narges Mohammadi kimi fəalları uzunmüddətli həbs cəzası gözlədiyi halda, bir çox qadın qaydalara qarşı çıxmaqda davam edir.

Bununla belə, son bir ildə müəyyən irəliləyişlər var.

2023-cü ilin oktyabrında Argentina Konqresi gender əsaslı zorakılığın onlayn qarşısının alınmasını və günahkarların məsuliyyətə cəlb edilməsini nəzərdə tutan Olimpia Qanununu təsdiqləyib. Amnesty International-ın yerli bölməsinə görə Argentinada hər üç qadından biri onlayn zorakılığa məruz qalıb.

Beynəlxalq qadınlar günü

Tayvanda yerli MeToo hərəkatını alovlandıran Netflix şousunun səbəb olduğu cinsi təcavüz iddiaları cəmiyyətdə geniş yayılıb. Bu, ölkədə Demokratik Tərəqqi Partiyasını cinsi qısnama əleyhinə qanunları sərtləşdirməyə sövq edib, yeni tədbirlər bütün iş yerlərini, o cümlədən əvvəllər bu qaydadan azad edilmiş kiçik müəssisələri də cinsi qısnama hadisələrinin bildirilməsi üçün kanallar yaratmağa vadar edib. İşəgötürənlər həmçinin bütün cinsi qısnama şikayətlərini araşdırmalı və onların nəticələrini yerli hakimiyyət orqanlarına bildirməlidirlər.

Qadın hüquqlarını müdafiə edən qruplar ötən ilin sentyabrında Meksikada abortun dekriminallaşdırılmasını alqışlayıblar. Bu, Latın Amerikasında “yaşıl dalğa” olaraq adlandırılan abort məhdudiyyətlərinin yumşaldılması tendensiyası ilə əlaqədardır.

Bu yaxınlarda Fransa parlamentinin yuxarı palatası Senat səs çoxluğu ilə qadınların abort hüququnun konstitusiyada təsbit edilməsinə səs verdi.

İyul və avqust aylarında Avstraliya və Yeni Zelandiyada keçirilən Qadınlararası Dünya Kubokuna təxminən iki milyon azarkeş qatılıb – əvvəlki rekord 600 000-dən çox. Qadınlarda İdmana İnam təşkilatının yeni araşdırmasına görə, bu, qadın idmanına artan marağı əks etdirir və 2023-cü ildə Britaniyada televiziyada yayımlanan qadın atletika yarışlarını 46,7 milyon insan izləyib.

Beynəlxalq qadınlar günü

Bununla belə, Futbol üzrə Dünya Kubokunun qalibləri İspaniya komandası qələbəsini qeyd edən zaman ölkənin keçmiş futbol rəhbəri Luis Rubiales oyunçu Jenni Hermosonu dodaqlarından öpəndə böyük qalmaqal oldu. Hermoso öpüşməyə razı olmadığını və vəzifəsindən istefa edən və hər hansı bir qanun pozuntusunu rədd edən Rubialesə qarşı hüquqi şikayət etdiyini söylədi.

Bununla belə, hadisə qadın futbolunun daxilində və xaricində cinsiyyətçilik mədəniyyəti haqqında geniş müzakirələrə səbəb oldu.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment