Azərbaycanda demokratiyanın vəziyyəti – 5 suala cavabda

  • Müəllif, Fərid Həsənov
  • Vəzifə, BBC News Azərbaycanca

Azərbaycan hakimiyyəti ölkədə demokratik vəziyyətin yaxşılaşdırılmamasına görə tez-tez beynəlxalq təşkilatların qınaq obyektinə çevrilir.

Azərbaycana qarşı ən çox səslənən ittihamlar siyahısına “siyasi məhbus”lar problemi, azad medianın olmaması, korrupsiya, gücdən istifadə, insan hüquq və azadlıqlarının pozulması halları, siyasi pluralizmin məhdudlaşdırılması kimi məsələlər daxildir.

Ancaq Azərbaycan Prezidenti İlham Əliyev belə ittihamlarla razılaşmır.

“Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm”, – İlham Əliyev Bakıda Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyətini ilə görüşündə deyib.

Bəs demokratiya nədir və onun əsas meyarları nələrdir? BBC Azərbaycanca demokratiyanın qəbul edilmiş əsas göstəriciləri üzrə Azərbaycanın yeri, səbəbləri və gələcək gözləntilər barədə suallara aydınlıq gətirməyə çalışıb.

1. Demokratiyanın göstəriciləri nələrdir?

Demokratik qiymətləndirmədə vahid meyar olmasa da, bütün beynəlxalq təşkilat və statistik qurumların birmənalı qəbul etdiyi demokratiyanın qiymətləndirmə göstəriciləri mövcuddur.

Freedom House, Transparency International, Milli Demokratiya İnstitutu və bu sahədə sorğular aparan digər təşkilatların demokratiyanı qiymətləndirmə meyarına 60 göstərici üzrə 10 kateqoriya daxil edilib:

vətəndaş hüquqları: bura vətəndaşların mülkiyyət və şəxsi toxunulmazlıqları ilə bağlı vəziyyət, insanların sərbəst toplaşmaq, birləşmək, özünü ifadə etmək və sərbəst hərəkət azadlıqları, eləcə də din, dil və mədəniyyətlərini azad formada yaşamaq hüquqları daxildir.

iqtisadi və sosial hüquqlar: ərzaq, sığınacaq və təmiz su da daxil olmaqla yaşamaq üçün vacib olan ehtiyaclara çıxış imkanları, hökumət müdaxiləsi olmadan bərabər hüquq çərçivəsində fərdi biznesin qurulması, təhsil, məşğulluq kimi məsələləri nəzərdə tutur.

vətəndaş cəmiyyəti və siyasi iştirakçılıq: vətəndaş qrupları, sosial hərəkatlar, qadınların siyasi və ictimai həyatda iştirakçılığı, sosial qrupların hökumətdə təmsilçiliyi, siyasi mövqedən asılı olmayaraq, sərbəst akademik fəaliyyət, siyasi təsirlərdən uzaq təhsil sistemi, dini institutların, tələbə birliklərinin siyasi təzyiqlərə məruz qalmaması kimi elementləri özündə birləşdirir.

siyasi partiyalar: bu göstərici ölkədə siyasi partiyaların sərbəst şəkildə formalaşa bilməsi, üzvlər seçməsi, kampaniyalar aparması, eləcə də həmin partiyaların maliyyə mənbələrinin şəffaflığı, o cümlədən sadə insanların hökumətin və ya hüquq-mühafizə orqanlarının təsiri olmadan azad siyasi seçimlərini əhatə edir.

azad və ədalətli seçkilər: seçki qanunvericiliyinin siyasi qrup və partiyalar üçün ədalətli olması, bərabər seçki kampaniyası mühiti, müxalifət partiyaların seçkilərdə qalib gəlmə reallığı və hakimiyyətin dinc yolla ötürülməsinin mümkünlüyü kimi prinsipləri ehtiva edir.

qanunun aliliyi: məhkəmə sisteminin icraedici hakimiyyətdən və kənar təsirlərdən sərbəst şəkildə işləməsi, vəzifəsindən asılı olmayaraq, qanun qarşısında hər kəsin bərabərliyi, qanunların insanları polis zorakılığı, haqsız həbs, işgəncə və mühacirətdən qoruması kimi nüanslarla ölçülür.

hərbi və polis nəzarəti: ölkədə siyasi həyatın polis və ya hərbi müdaxilədən azad olmanı, hüquq-mühafizə orqanlarının cəmiyyətin müxtəlif sosial qruplarından təşkil edilməsini nəzərdə tutur.

hökumətin məsuliyyəti və cavabdehliyi: icraedici hakimiyyəti təmsil edən şəxslərin və onların administrativ heyətinin seçkili orqanlar, eləcə də qanunverici orqan qarşısında hesabatlılığı, dövlət büdcəsi və xərclərin ictimaiyyətə açıq olması və təftişə imkan yaradılması, eləcə də bütün vətəndaşların hökumətə aid informasiyalara giriş imkanını əhatə edir.

korrupsiya: ictimaiyyəti və dövlət vəzifəsində işləyənləri rüşvətxorluqdan və korrupsiyadan qorumaq üçün səmərəli tənzimləmə mexanizmlərini, güclü korporasiya və biznes maraqlarının cəmiyyətə təsir gücünün qarşısını alan hüquqi sistemləri, eləcə də məmurların öz vəzifəsindən şəxsi biznes və ailə maraqları naminə addımlar atmasına nəzarət edən imkanların mövcudluğu ilə müəyyən edilir.

media: KİV-in hökumətdən müstəqil şəkildə fəaliyyətini, cəmiyyətin müxtəlif üzvlərinin mediaya çıxış sərbəstliyi, fikirlərini azad ifadəetmə, eləcə də jurnalist fəaliyyətinin məhdudlaşdırıcı hüquqlardan qorunması, təqib və təhdidlərdən azad şəkildə işləməsini özündə birləşdirir.

2. Azərbaycan bu beynəlxalq qiymətləndirmələrdə hansı sıralardadır?

ABŞ-da mənzillənən, ölkələr üzrə insan haqları və azadlıqları barədə qiymətləndirmə aparan Freedom House təşkilatının yenicə, fevrlın 29-da açıqladığı hesabata görə, Azərbaycan qlobal azadlıq indeksində 100 mümkün baldan yalnız 7 bal toplayraq qeyri-azad ölkələr sırasında yer alıb.

Bundan əvvəlki hesabatda Azərbaycan 9 bal qazanaraq 196 ölkə arasında 182-ci yerdə qərarlaşmışdı.

Freedom House-un hesabatlarına görə, Azərbaycan 20 ildən çoxdur ki, ardıcıl olaraq, “azad olmayan” ölkələr sırasında yer alır.

Rəsmi Bakı Azərbaycanda insan haqlarının pozulmadığını, fundamental azadlıqların qorunduğunu, ifadə və media azadlığının olduğunu deyir, beynəlxalq qurumların demokratiya və insan haqları ilə bağlı ittihamlarını bir qayda olaraq, rədd edir və qərəzli sayır.

20 il əvvəl, 2003-cü ildə Freedom-House-ın bu qiymətləndirməsində Azərbaycanın göstəricisi 35 olub.

Freedom House-un metodologiyasına əsasən, ümumi 100 baldan 0-39 toplayan ölkələr “azad olmayan” ölkələr, balı 40-69 arasında olanlar “nisbətən azad”, 70-dən yuxarı olanlar isə “azad” ölkə hesab edilir.

Yüz ballıq qiymətləndirmədə 40 göstərici siyasi azadlıqların, 60 göstərici isə vətəndaş hüquqlarının vəziyyətini müəyyən etmək üçün nəzərdə tutulub.

“Dünyada azadlıq 2024: Qüsurlu seçkilərin və silahlı münaqişələrin artan zərəri” adlı yeni hesabatında Freedom House göstərir ki, “avtoritar rejimdə güc hələ də 2003-cü ildən prezident vəzifəsini icra edən İlham Əliyevin, onun qohumlarının və ailəsinin əlində cəmləşib”.

Hesabatda korrupsiyanın geniş miqyas aldığı, siyasi müxalifətin təqib olunduğu, müstəqil mediaya qarşı intensiv repressiya baş verdiyi vurğulanır.

Əgər 2023-cü ilin hesabatında Azərbaycan əldə etdiyi 9 baldan 2-ni siyasi azadlıqların, digər 7-ni isə vətəndaş hüquqlarının vəziyyətinə görə qazanmışdısa, bu il ona verilən 7 balı yalnız vətəndaş hüquqlarının vəziyyətinə görə qazanıb.

Ölkədə demokratiyanın vəziyyəti ilə bağlı, 2023-ci ilin hesabatına görə, Azərbaycan 100 baldan sadəcə 1 bal qazanaraq, “möhkəmlənmiş avtoritar rejim” (“consolidated authoritarian regime”) statusunu saxlayıb. Bu sıralamada Azərbaycan yalnız Türkmənistan və Tacikistandan irəlidədir, Freedom House-un hesabatında qeyd olunub.

Qurumun demokratiyanın qiymətləndirilməsi metodikasına görə, 0-17 bal toplayan ölkələr “möhkəmlənmiş avtoritar rejim”, 18-33 bal qazanan ölkələr “yarım-möhkəmlənmiş avtoritar rejim” (“semi-consolidated authoritarian regime”), 34-50 arası olanlar “keçid və ya hibrid rejim”, 51-67 olanlar “yarım-möhkəmlənmiş demokratik rejim”, balı 68-dən yuxarı olanlar isə “möhkəmlənmiş demokratik rejim” hesab olunur.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq”ın ötən ilin dekabrında yayımladığı hesabata görə, ölkədə “252 siyasi məhbus” var. Qurum həmin siyahıya inanclı şəxslər, siyasi mühacirlər, “Tərtər işi” və “Gəncə işi” üzrə həbs edilənləri də daxil edib.

“Siyasi məhbus”lar: 8 qrup üzrə 252 nəfər:

  • Jurnalist və bloqçular – 10
  • Hüquq müdafiəçiləri – 2
  • Müxalifət partiya və hərəkatların üzvləri – 12
  • Almaniyadan deportasiya edilmiş siyasi emiqrantlar – 5
  • Dinc inanclı şəxslər – 183
  • “Tərtər işi” üzrə məhkum edilənlər – 7
  • “Gəncə işi” üzrə məhkum edilənlər – 22
  • Ömürlük həbsə məhkum edilənlər – 11

Rəsmi Bakı “siyasi məhbus” ittihamını rədd edərək ölkədə heç kəsin siyasi və dini baxışlarına görə təqib olunmadığını, yalnız cinayət əməli aşkar ediləndə məsuliyyətə cəlb olunduğunu bildirir.

Korrupsiya indeksinə görə, 2023-cü ildə Azərbaycan 180 ölkə arasında 154-cü yer tutub. Azərbaycan bu sıralamada da keçmiş post-sovet ölkələrindən yalnız Türkmənistan və Tacikistandan irəlidədir.

Media ilə bağlı vəziyyət də ürəkaçan deyil. Sərhədsiz Reportyorlar və IREX beynəlxalq təşkilatların illik hesabatlarına görə, Azərbaycanda informasiya mühiti son üç il ərzində “daha da məhdudlaşdırılıb”.

Sərhədsiz Reportyorlar təşkilatının 2023-cü illə bağlı hesabatına əsasən, Azərbaycan media azadlığı indeksində 180 ölkə arasında 151-ci yerdə qərarlaşıb.

Bundan əlavə, qurum son 20 ildə media ilə bağlı qanunvericiliyin “artan repressiv” alətə çevrildiyini bildirib, 2022-ci ilin fevralında qüvvəyə minən Media haqqında yeni qanunu isə “senzuranın leqallaşdırılması” kimi qiymətləndirib.

BBC Azərbaycancanın ölkənin siyasi və ictimai həyatında qadınların iştirakçılığı ilə bağlı araşdırması zamanı məlum olub ki, ölkədə bütün yüksək idarəetmə postlarında kişilər təmsil olunur və bu sahədə də Azərbaycan bir çox post-sovet ölkələrindən geri qalır.

3. Səbəblər nədir?

Beynəlxalq təşkilatlar ölkədə demokratik göstəricilərin aşağı səviyyədə olmasına səbəb kimi hökumətin demokratik sahədə islahatlar aparmaması, beynəlxalq öhdəliklərini yerinə yetirməməsi, əksinə, qanunvericiliyin dəyişdirilərək “daha repressiv” formaya salınmasını göstərir.

ATƏT-in Demokrtatik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) seçkiqabağı aralıq hesabatında rəsmi Bakının Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etmədiyi bildirib. Bundan əlavə, qurum Media haqqında və Siyasi partiyalar haqqında iki yeni qanunun ölkədə ifadə və birləşmək azadlığı üçün “məkanı daha da daraltmaq məqsədi daşıdığını” bildirib.

BBC Azərbaycancaya danışan təhlilçilərin fikrincə, Azərbaycan hökumətini demokratik prinsiplərə “daban-dabana zidd” davranmağa həvəsləndirən iki əsas səbəb var.

“Freedom House” təşkilatının Avropa və Avrasiya proqramları üzrə direktoru Marc Behrendt-in sözlərinə görə, bu səbəblərdən ikisi Rusiyanın Ukraynanı işğal etməsi və Qarabağ müharibəsi – Azərbaycanın siyasi elitasına təsir göstərib.

Onun fikrincə, Ukrayna müharibəsi Avropanın enerji təchizatını darmadağın etdiyindən, Azərbaycan nefti və qazı onlar üçün daha cəlbedici görünməyə başlayıb.

“Bu isə Azərbaycan hökumətinə Avropa İttifaqının enerji ehtiyacını siyasi alətə çevirərək Qərbin fundamental insan haqlarına dair tənqidlərindən yayınma imkanı verib. Nəticədə hakim partiya ciddi reaksiyalarla üzləşmədən ölkədə tənqidi fikirlərə qarşı mübarizə aparma gücünü artırmış olub”, – Marc Behrendt BBC News Azərbaycancaya bildirib.

Təhlilçinin sözlərinə görə, Azərbaycan ordusunun Qarabağ müharibəsində uğur qazanması bəzi hökumət tənqidçilərinin və daha geniş kütlənin həmin müddətdə hakim elitanı dəstəkləməsinə gətirib çıxardı.

“Bunun əvəzində isə hökumət əldə etdiyi populyarlığı müxalifət nümayəndələrinə qarşı təqibləri artırmaq üçün istifadə etməyə başlayıb”, – Behrendt bildirib.

4. Hökumət bunu nə ilə izah edir?

Azərbaycan hökuməti beynəlxalq təşkilatların Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı hesabatlarını hər zaman qərəzli adlandırır.

BBC Azərbaycancaya danışan deputat Aydın Mirzəzadə beynəlxalq qurumların Azərbaycanla bağlı əldə etdikləri məlumatların obyektivliyinə şübhə ilə yanaşdığını bildirib.

O deyib ki, vəzifəsindən və peşəsindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabər olduğundan jurnalist və ya siyasi fəalların da “törətdikləri əmələ görə” məsuliyyətə cəlb olunması normaldır.

Azərbaycan iqtidarı onu söz azadlığını boğmaqda ittiham edənlərin fikirləriylə razılaşmır. Prezident İlham Əliyev çıxışlarında deyib ki, Azərbaycanda “bütün azadlıqlar – söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı var. Heç bir senzura yoxdur”.

5. Gözləntilər nədir?

BBC Azərbaycancanın Bakıda vətəndaşlar arasında apardığı sorğuda sakinlərin çoxu ölkədə seçkidən sonra da hər hansı dəyişiklik gözləmədiklərini bildirib.

Bununla belə, Qarabağ münaqişəsinin bitdiyini irəli sürən bəzi sorğu iştirakçıları, bundan sonra böyük vəsaitin insanların rifahına, təhsilə, səhiyyəyə yönəldiləcəyinə ümid etdiklərini deyiblər.

Sorğuda hökumətdən ölkədə rüşvətxorluğun və korrupsiyanın “heç olmazsa, nisbətən” azaldılmasını istəyənlər də üstünlük təşkil edib.

Millət vəkili Zahid Oruc BBC-yə bildirib ki, Azərbaycan Qarabağ müharibəsində qələbə qazandıqdan sonra, cəmiyyətdə illərdir mövcud olan “Qarabağ boyda dərdimiz var” diskursu dəyişib.

Onun fikrincə, insanlar bu qələbədə özünün rolunu gördüyü üçün indi “daha yaxşı yaşamaq istəyir”.

“İndi adamlar söyləyirlər ki, “Qarabağ məsələsi də həll olunub, indi sizin ixtiyarınız yoxdur ki, mənim ev, məişət, yol, təhsil, səhiyyə əlçatanlığı məsələmi həll etməyəsiz” və yaxud da [deyirlər] “indi korrupsiya məsələsinə daha sərt yanaşmalısız”, – Zahid Oruc bildirib.

O bu tələblərin, bu istəklərin mütləq həll edilməli olduğunu diqqətə çatdırıb.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment