2023-cü il ərzində Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ən azı 260 hərbi qulluqçu həyatını itirib.
Toplum TV xəbər verir ki, bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun 2023-cü ilin yekunlarına dair hesabatında bildirilir.
İddia olunur ki, bunlardan 212-si döyüş itkiləri, 48-i isə qeyri-döyüş itkiləridir.
Məlumata görə, 2023-ci ildə ümumən 208 nəfər düşmən gülləsi, 4 nəfər mina partlayışı, 8 nəfər yol-nəqliyyat hadisələri və ya müxtəlif avtoqəzalar, 9 nəfər müxtəlif xəstəliklər, 2 nəfər qeyri-nizamnamə hadisələri, 2 nəfər silahlı basqın, 1 nəfər ehtiyatsızlıq, 6 nəfər isə bədbəxt hadisə nəticəsində həlak olub.
Hesabatda həmçinin qeyd olunur ki, ötən il 20 hərbi qulluqçu intihar edib.
Monitorinqin nəticələrinə əsasən, bu dövrdə dünyasını dəyişənlərin 228 nəfəri Müdafiə Nazirliyinin, 9 nəfəri Dövlət Sərhəd Xidmətinin, 3 nəfəri Fövqəladə Hallar Nazirliyinin, 17 nəfəri Daxili Qoşunların, 1 nəfər Strateji Obyektlərin Mühafizə İdarəsinin (SOM), 1 nəfər Ədliyyə Nazirliyinin, 1 nəfərsə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) hərbiləşdirilmiş mühafizə idarəsinin əməkdaşları olub.
Həlak olanların 134 nəfərinin əsgər, 50 nəfərinin zabit, 44 nəfərinin MAXHQ, 26 nəfərinin gizir, 3 nəfərinin isə kursant rütbəsində olduğu bildirilir. Digər 3 nəfərin rütbəsini isə müəyyənləşdirmək mümkün olmayıb.
Məlumatlara görə, ölüm hadisələrinin əksəriyyəti (ən azı 200 nəfər) lokal antiterror tədbirləri zamanı baş verib. Ümumilikdə, araşdırmalar göstərir ki, hadisələrin əksəriyyəti Qarabağ zonasında baş verib. Eyni zamanda bir sıra ölüm hadisələri Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib.
Hesabatda həmçinin bildirilib ki, ötən il ümumən azı 536 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb. Qeyd olunub ki, onların mütləq əksəriyyəti düşmən gülləsi və mina partlayışı nəticəsində xəsarət alıblar.