Rusiyanın müstəqil KİV-ə qarşı son hərəkətləri bir daha göstərir ki, Putin Rusiya daxilində azad mətbuata qarşıdır, ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
Çərşənbə axşamı Rusiya Ədliyyə Nazirliyi “Azad Avropa Radiosu/Azadlıq Radiosu”nu “arzuolunmaz təşkilat” elan edərək onun işçilərini məhkəmə təqibi riskinə məruz qoyub.
“Biz Rusiyanın mətbuat azadlığını boğmaqda davam etdiyini gördük. Tamamilə aydındır ki, hakimiyyət Rusiya rejiminin xaricdə və öz xalqı ilə nələr etdiyilə bağlı Rusiya əhalisinin obyektiv məlumat əldə etməsini istəmir”, – Dövlət Departamentinin nümayəndəsi Metyü Miller brifinqdə bildirib.
Tatarıstan Ali Məhkəməsi “Azadlıq” radiosunun jurnalisti, həbsdə olan Alsu Kurmaşevanın apellyasiyasını rədd etdikdən bir neçə saat sonra “Azadlıq” radiosu “arzuolunmaz təşkilat” elan edilib.
“Dünya kənarda qala bilməz, Rusiya hökumətinin jurnalistlərdən siyasi piyadalar kimi istifadə etməsinə yol verə bilməz”, – Vaşinqton Milli Mətbuat Klubunun prezidenti Emili Uilkins və Jurnalistika İnstitutunun prezidenti Gil Klyayn birgə bəyanatda bildiriblər.
“ABŞ hökuməti Alsunun azad edilməsinə kömək etmək üçün daha çox şey edə bilər və biz Bayden administrasiyasını tədbir görməyə çağırırıq”, – onlar deyib.
Öz növbəsində, Dövlət Departamenti Moskvanı xaricdə mühakimə olunmuş rusiyalıları azad etməkdən ötrü Amerika vətəndaşlarından istifadə etmək üçün onları əsassız ittihamlarla həbs etməkdə günahlandırıb.
“Xaricdəki Amerika vətəndaşlarının təhlükəsizliyi və müdafiəsi həmişə bizim əsas prioritetimizdir”, – Miller Turan-ın Vaşinqton müxbirinə bildirib.