Azərbaycan bu gün seçkiyə gedir: Prezident seçkilərini başa düşmək üçün bələdçi

Şəklin mənbəyi, Getty İmages

Azərbaycanda bugünkü seçkilərdə prezident İlham Əliyevin qalib gələcəyinə şübhə edən çox deyil.

Dekabrda növbədənkənar seçkilər elan ediləndə seçicilər bu seçkinin nəyi dəyişəcəyini sual edirdilər.

Əliyev “Qalib Xalqın Qalib Lideri” şüarı ilə beşinci prezidentlik dövrünə hazırlaşır.

Azərbaycan onun rəhbərliyi ilə 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılmasından sonra Ermənistanın işğal etdiyi əraziləri geri qaytarmağa nail olub.

Beləliklə, Azərbaycanda ilk dəfə olaraq ümumxalq seçkiləri bütün ölkə üzrə keçiriləcək.

Ermənistandan geri alınan torpaqlarda 22 minə yaxın azərbaycanlı səs verəcək.

Qarabağda qalıb Ermənistana getməyən bir ovuc erməninin səs verib-verməyəcəyi isə maraq doğurur.

Hakimiyyət illərdir müxalif səslərini boğmaq və potensial rəqibləri sıradan çıxarmaq üçün istifadə etdiyi üsulları bu seçkidə də istifadə etməyə davam edir.

Cəmiyyətin seçkiyə biganə qalmasının səbəblərindən biri də budur.

Namizədlər kimlərdir?

prezident seçkisi, azərbaycan, seçkilər, namizədlər

Şəklin mənbəyi, Getty İmages

Əliyevdən başqa daha 6 namizəd var. Onlardan dördü hakimiyyət yönlü deputatlardır: Zahid Oruc, Razi Nurullayev, Fazil Mustafa və Qüdrət Həsənquliyev.

Qalan iki namizəd isə kiçik müxalifət partiyası olan Böyük Azərbaycan Partiyasından Elşad Musayev və müstəqil namizəd Fuad Əliyevdir.

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi və Müsavat partiyaları ölkədə demokratik mühitin olmaması və Əliyevdən başqa namizədlər üçün bərabər imkanların olmaması səbəbindən seçkini boykot edir.

Parlamentdə bir deputatla təmsil olunan Respublikaçı Alternativ Partiyası prezidentliyə namizəd irəli sürməyəcəklərini və bütün diqqəti yaxın aylarda keçiriləcək parlament seçkilərinə yönəldəcəklərini açıqlayıb.

Namizədlər arasında ən fərqli siyasi proqramı olan şəxs isə Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Qüdrət Həsənquliyevdir.

Onun vəd etdiyi əsas islahatlar arasında konstitusiyanın dəyişdirilməsi, ölkənin parlament sisteminə keçirilməsi və ölkənin adının Şimali Azərbaycan Respublikası kimi dəyişdirilməsi var.

Bakıda Cənubi Azərbaycan termini İranın nəzarəti altında olan və etnik azərbaycanlıların yaşadığı bölgələr üçün işlədilir.

Həsənquliyev televiziya kanallarındakı müzakirə proqramlarında hakimiyyətin siyasətinə ciddi etiraz edən yeganə namizəd kimi seçilir.

Digər tərəfdən, namizədlərin Ermənistanla sülh sazişi, Qarabağın gələcəyi, Rusiya sülhməramlılarının geri çəkilməsi kimi məsələlərdə dəqiq fikir təqdim edə bilməməsi ilə bağlı tənqidlər də var.

Namizədlər ümumilikdə Avropa İttifaqı və ABŞ ilə münasibətləri şərh etməsələr də, əsas diqqəti Türkiyə, Türk Dövlətləri Təşkilatı, Pakistan, Rusiya və İranla münasibətlərə diqqət yetirirlər.

azərbaycan, jurnalistlər, etiraz

Şəklin mənbəyi, Getty İmages

Şəklin alt yazısı,

Polis 2021-ci ildə qəbul edilən yeni media qanununa etiraz etmək istəyən jurnalistlərin qarşısını kəsib

Azərbaycanda hakimiyyətin ciddi nəzarətində olan mətbuatda tənqidi səs yoxdur.

Əvvəlki illərdə olduğu kimi hakimiyyət seçkinin ədalətsizliyinə qarşı kiçik miqyaslı etirazlara belə icazə vermədi.

Sosial şəbəkələrdəki tənqidlərə də eyni sərtliklə davranıldı.

Noyabr ayından bəri 10-dan çox jurnalist və siyasi fəal həbs edilib. Bu, 2011-ci ildən bəri ölkədə müstəqil mediaya edilən ən böyük təzyiq kimi qiymətləndirilir.

Şərhçilərin fikrincə, hakimiyyət bu təzyiqlə araşdırma jurnalistikasının qarşısını almaq istəyir.

Seçki prosesini izləyən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu yanvarın 23-də dərc etdiyi hesabatda bu həbslərlə yanaşı, yeni media qanununun jurnalistikanı məhdudlaşdırdığını, xaricdən maliyyə alan mediaya icazə verilmədiyini və bəzi tənqidi saytların qadağan oldunduğunu qeyd edib.

Ölkədəki müstəqil ekspertlər insan haqlarının məhdudlaşdırılması, mətbuat azadlığı problemləri və ədalətsiz seçki şəraitinin bu seçkilərə xas olmadığını və illərdir davam etdiyini bildirirlər.

Fransada yerləşən Sərhədsiz Reportyorlar (RSF) və ABŞ-da yerləşən Freedom House təşkilatları Azərbaycanı mətbuat azadlığı ilə bağlı “azad olmayan ölkələr” kateqoriyasına daxil edir.

RSF, “Prezident Əliyev ölkədəki bütün plüralizm əlamətlərini məhv etdi və 2014-cü ildən bəri onu tənqid edən hər kəsi qəddarcasına susdurur”- sözlərini istifadə edib.

Əliyev prezidentliyə namizədlərin televiziya debatlarında iştirak etmir. Onu partiyasının digər üzvləri təmsil edir.

İctimai yayımda namizədlərin müzakirə etdiyi verilişlərin həftədə üç dəfə bir saatlıq yayımlanmasına baxmayaraq, televiziyanın “YouTube” səhifəsində bir çox istifadəçi bu verilişlərin şou xarakterli olduğu ilə bağlı şərh yazıb, bundan sonra kanalın “YouTube” hesabı şərhləri bağlayıb.

Nəhayət, yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası “ölkədə ədalətli seçki mühitinin olmaması” və Avropa Şurasının seçkiləri müşahidə etmək üçün dəvət edilməməsi səbəbindən Azərbaycan nümayəndə heyətinə akkreditasiya verməyib.

Şanxay Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Təşkilatı və Rusiya Dövlət Duması seçkiləri müşahidə etmək üçün nümayəndə heyətləri göndərəcək.

Transparency International-ın 2021-ci ildə Korrupsiyanı Qavrama İndeksində 128-ci yerdə olan ölkə 2023-cü ildə 157-ci yerə düşüb.

Azərbaycan hökuməti təzyiq və korrupsiya ittihamlarının “əsassız” olduğunu bildirir.

Azərbaycanın qlobal siyasi səhnədə rolu nədir?

Avropa Komissiyasının sədri Ursula Von der Leyen və Azərbaycan Prezidenti

Şəklin mənbəyi, Getty İmages

Şəklin alt yazısı,

Avropa Komissiyasının sədri Ursula Von der Leyen və Azərbaycan Prezidenti

Böyük dövlətlər arasında tarazlıq siyasəti aparan neftlə zəngin ölkə 1990-cı illərin əvvəllərindən xarici sərmayələri cəlb etməyə nail olub.

Bakı indi Ukraynanın işğalından sonra Avropa İttifaqının Rusiya qazından asılılığını azaltmaq səylərinin bəhrəsini görür.

2022-ci ildə Bakıda səfərdə olan Avropa Komissiyasının sədri Ursula Von der Leyen Azərbaycanı “çox vacib və həmişə etibarlı enerji tərəfdaşı” kimi xarakterizə edib.

Analitiklər 2027-ci ilə qədər Azərbaycanın Aİ-yə qaz ixracının iki dəfə artacağını və illik 20 milyard kubmetrə çatacağını proqnozlaşdırırlar.

Azərbaycanı nələr gözləyir?

Azərbaycan yerləşdiyi yerin üstünlüyündən və təbii sərvətlərindən son illər çox yaxşı istifadə edib.

Rusiya, İran, Türkiyə və Qərb arasında tarazlıq siyasəti yeritməklə uzun illər dövlət siyasəti olan Dağlıq Qarabağı geri almağa nail oldu.

Bu uğur Əliyevin ölkə daxilində populyarlığını artıraraq, diqqəti korrupsiya, ifadə azadlığı və ya yoxsulluq kimi problemlərdən yayındırdı və Əliyevin müxalifləri susdurmasını asanlaşdırdı.

Böyük dövlətlərin diqqətinin Ukraynaya, Qəzzə və Qırmızı dənizə yönəlməsi də Azərbaycana təzyiqləri azaldıb.

Lakin qlobal qütbləşmənin artması Bakının tarazlıq siyasəti aparmasını və bütün düşərgələrlə yaxşı münasibətlər qurmasını çətinləşdirəcək.

Nə vaxtsa Rusiya və Qərb, Ankara və Tehran arasında seçim etməli olacaq.

Bu qərar həm regionun, həm də dünyanın gələcəyinə təsir edəcək.

Bəlkə də buna görə Əliyev sürpriz növbədənkənar seçkilər keçirmək qərarına gəlib:

Onun məqsədi yaxın illərdə baş verə biləcək hadisələr qarşısında hakimiyyətini möhkəmləndirməkdir.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment