Bəxtiyar Hacıyev: İttihamları qəbul etmirəm, özümü təqsirli bilmirəm 

Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin məhkəməsi davam edir. Fevralın 2-də keçirilən növbəti məhkəmə iclasında dövlət ittihamçısı Eldar Həmzəyevİittiham aktınını elan edib. 

İttiham aktına görə, Bəxtiyar Hacıyev “Human Capital Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradıb, özünü həmin Cəmiyyətin direktoru təyin edib. “Caspian Plaza” Biznes Mərkəzində müqavilə bağlamadan icarəyə ofis götürüb. Vətəndaşlara ödənişli əsaslarla xarici ölkələrə turizm və işgüzar məqsədlər üçün vizaların alınması, xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinə tələbə qəbulu, dil kursları, yay məktəblərinin təşkili xidmətləri göstərib. Ancaq bu xidmətlərə görə vətəndaşlarla müqavilə bağlanılmadan həyata keçirib. Maliyyə, vergi və digər hesabatlar tərtib etməyib. Mühasibat uçotu və başqa rəsmiləşdirmələr aparmayıb. Nəticədə, faktiki əldə etdiyi gəlirlərdən vergi, məcburi dövlət sığortaları və digər ödənişləri etməkdən yayınıb. MMC-nin nəzdində fəaliyyət göstərən, gündəlik fəaliyyətinə şəxsən rəhbərlik etdiyi “Premium Class Azerbaijan” dil mərkəzində xarici dil tədris edən müəllimlərlə və digər işçilərlə əmək müqaviləsi bağlamayıb. 2016-2022-ci illərdə “Caspian Plaza” Biznes Mərkəzində icarəyə götürdüyü otaqları və zalları qanunsuz olaraq dil kursları, təlim, seminarlar keçirilməsi üçün ayrı-ayrı şəxslərə aylıq və ya bir neçə saatlıq ödənişli əsaslarla, müqavilə bağlamadan subicarəyə verib, qazanc əldə edib. Bunlara görə heç bir müqavilə bağlamayıb, dövlətə vergi və başqa ödənişlərdən yayınıb. 

2015-ci ildə “İctimai Siyasət İnstitutu” (Public Policy İnstitute) yaradıb. Təşkilatın ppi.az internet səhifəsində iş elanları, müsabiqələr, layihələr üzrə yazı elanları, qonorarın ödənilməsi şərtləri barədə formal xarakterli məlumatlar paylaşıb. Təşkilatın qanuni əsaslarla fəaliyyət göstərən QHT olması görüntüsü yaradıb. 2020-2022-ci illərdə ofisdə Caspian PlatForum adı altında müxtəlif tədbirlər keçirib. Xarici ölkələrdəki donor təşkilatlarına müxtəlif xərclərlə bağlı, maaşlar, məsləhət və xidmətlər, səyahət və gündəlik, ofis sahəsi və kommunal xidmətlər, rabitə və poçt, digər xidmətlər barədə saxta sənədlər tərtib edib, göndərərək qrantlar alıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda qrant vermək hüququ əldə etməmiş “Avropa Demokratiyaya Yardım Fondu” adlı qeyri-hökumət təşkilatı ilə müxtəlif qrant müqavilələri altında 2020-2022-ci illər ərzində 45 min 500 avro civarında pulu qrant adı altında xarici bank hesablarına köçürülməsinə, gömrükdə bəyan etmədən, qaçaqmalçılıq yoluyla Azərbaycana keçirməyə nail olub. 

Bəxtiyar Hacıyevə qarşı irəli sürülmüş ittihama görə, o, cinayət yolu ilə ümumilikdə 133 min 849 manat əldə edib. Həmin pulla Yasamalda özünə mənzil alıb. 

Başqa ittihama görə, Bəxtiyar Hacıyev 2021-ci ilin 15 oktyabrında Yasamal rayon Məhkəməsində onu xüsusi ittiham qaydasında məhkəməyə vermiş Ülviyyə Muradovanı (Alovlu) təhqir edib, onu məhkəmə zalından çıxarmağa çalışan icra məmuru Orxan Abdullayevə müqavimət göstərib. 

İttiham aktının elanı başa çatandan sonra hakim Bəxtiyar Hacıyevdən elan olunan ittihamlar üzrə özünü təqsirli bilib-bilməməsini soruşub. Bəxtiyar Hacıyev ittihamın mahiyyətinin ona aydın olmadığını deyib: “Məsələn, qaçaqmalçılıq hansı formada olub? Leqallaşdırma deyəndə nəzərdə nə tutulub?  Qanunsuz sahibkarlıq deyəndə hansı fəaliyyətim nəzərdə tutulub? Dil kurslarının fəaliyyəti nə vaxtdan qanunsuz sahibkarlıq hesab olunub? Və yaxud məhkəməyə hörmətsizlik nədən ibarətdir? Ülviyyə Alovlu təhqir edib, mən də cavab vermişəm. Mənim  ittihamı dəqiqləşdirmək hüququm var”.

Hakim məhkəmə istintaqı zamanı bu məsələlərə hüquqi qiymət veriləcəyini deyib. O, bir daha Bəxtiyar Hacıyevdən ittihamlar üzrə özünü təqsirli bilib-bilmədiyini soruşub. Bəxtiyar Hacıyev heç bir ittiham üzrə özünü təqsirli bilməyib. Dövlət ittihamçısı Eldar Həmzəyev prosesdə ilk olaraq zərərçəkmişlərin dindirilməsini təklif edib. Bəxtiyar Hacıyevsə ilk olaraq özü ifadə vermək istədiyini bildirib.

Ancaq prokuror “Bəxtiyar Hacıyev özünü təqsirli bilmədiyi üçün Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq o, bütün zərərçəkən və şahidlər dindirildikdən sonra ifadə verə bilər. Bəxtiyar Hacıyev prokurorun bu sözünə belə reaksiya verib: “Zərərçəkmişlərin nə vaxt nə deyəcəyi mənimçün heç bir əhəmiyyət kəsb etmir. Bu gün özüm ifadə vermək istəyirəm”. 

Hakim yerində müşavirə edərək qərarı elan edib. Həmin qərara görə, əvvəl zərərçəkənlər, sonra şahidlər, ən sonda isə təqsirləndirilən şəxs dindiriləcək. Ancaq zərərçəkənlərin məhkəmədə iştirak etmədiklərinə görə hakim məhkəmə iclasına fevralın 16-dək fasilə elan edib. 

Bəxtiyar Hacıyev 2022-ci ilin 9 dekabrında xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Həbsinin ilk vaxtlarında iki dəfə aclıq aksiyası keçirib. Ancaq bu da Hacıyevin barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsinə, onun azadlığa çıxmasına səbəb olmayıb. Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs-qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib. Ötən il  onun sosial şəbəkələrdəki hesabları ələ keçirilib və şəxsi yazışmaları yayılıb. İyunun 16-da isə istintaq orqanı Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb. Bu ittihamlar əsasən Hacıyevin QHT fəaliyyəti ilə əlaqəlidir. İstintaq orqanının qənaətinə görə, Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. 

Bəxtiyar Hacıyev ittihamları qəbul etmir, həbsini ictimai fəaliyyəti, hakimiyyətin ayrı-ayrı sahələrini tənqidləri, həmçinin, daxili işlər naziri Vilayət Eyvazovla bağlı sosial şəbəkələrdəki paylaşımları əlaqələndirir.  

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib. 

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dünya Myatoviç AŞPA-da çıxış edib, siyasi məhbus Bəxtiyar Hacıyevin işini Türkiyədə siyasi məhbus həyatı yaşayan Osman Kavalanın işi ilə müqayisə edib.
 

Xəbərlər

Leave a Comment