“Atilla Xan” kimi tanınan ictimai fəala hökm oxundu

Elvin Mustafayev son sözündə ictimai fəaliyyətinə görə narkotiklə şərləndiyini deyib

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü, 6 aya yaxındır həbsdə olan Elvin Mustafayevin məhkəməsi yekunlaşıb. Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Elvin Mustafayev 3 il azadlıqdan məhrum edilib.

Hakim Faiq Qəniyevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror iddia edib ki, Elvin Mustafayevə Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəs tərəfindən narkotik əldə etmə, daşıma) və 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma) maddələrilə verilən ittihamlar məhkəmədə təsdiqini tapıb.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət ittihamçısı gənc fəalın 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Lakin hakimlər hökmdə ona qarşı irəli sürülmüş ittihamları Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsinə tövsif edib.

İttihama görə, Elvin Mustafayev saxlanılandan sonra Binəqədi Rayon Polis İdarəsində onun üstündən 3 qramdan bir qədər artıq narkotik maddə tapılıb.

Elvin Mustafayevin vəkili prokurordan sonra çıxış edərkən müvəkkilinin təqsirsiz olduğunu bildirib və onun haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Özü də son sözündə ictimai fəaliyyətinə görə narkotiklə şərləndiyini deyib.

“Narkotik mənim üçün utancdır. Bunu üzərimə götürmək istəmirdim. Müqavimət göstərdiyimi görüb təhdid eləməyə başladılar ki, “üzünə qadın qoyub, zorlama ittihamıyla göndərərik, İranın agenti ittihamı verə bilərik, ya da 3 nəfər bitmiş narkomanı üzünə qoyub, narkotik satışıyla məşğul olduğunu göstərərik”, – Elvin Mustafayev məhkəmədə bildirib.
İctimai fəalın vəkili onun haqqında hökmdən apelyasiya şikayəti verəcəyini bildirib.

Sosial şəbəkələrdə “Atilla Xan” profiliylə tanınan ictimai fəal Elvin Mustafayev bundan əvvəl – 2023-cü ilin yanvarında Saatlı Rayon Məhkəməsinin qərarıyla 25 sutka inzibati qaydada həbs olunmuşdu. Həmin vaxt o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə cəzalandırılmışdı.

Ancaq o zaman yaxınları Meydan TV-yə bildirmişdi ki, Elvin Mustafayev polisə çağrılıb və könüllü şəkildə özü gedib. Ona görə də xırda xuliqanlıq, polisə müqavimət ittihamları tamamilə yalandır. İctimai fəal özü də bildirmişdi ki, həmin vaxt Saatlıda sakinlərin su tələbinə yerli hakimiyyət təmsilçilərinin, polisin sərt reaksiyasını tənqid etdiyinə görə cəzalandırılıb.

Avqustun 1-də moped sürən kuryerlərin etiraz aksiyası olub. Onlar polislərin nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz ediblər. Kuryerlərin etiraz aksiyasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri də iştirak edib.

Bundan dərhal sonra Konfederasiyanın sədri Afiyəddin Məmmədov, daha sonra təşkilatın üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov həbs edilib. Hazırda adları çəkilən digər iki ictimai fəal da həbsdədir. Afiyəddin Məmmədov xuliqanlıq və soyuq silahla bədənə xəsarət yetirmə, Ayxan İsrafilov isə narkotiklə ittiham olunur. Lakin onların heç biri özünü təqsirli bilmir, hər ikisi şərləndiklərini bildirirlər.

Xəbərlər

Leave a Comment