Azərbaycan həbsxanalarında “işgəncə və qəddar rəftarla bağlı” AŞPA-da qətnamə qəbul olunub

Şəklin mənbəyi, Getty Images

Avropa Şurası Parlament Assambleyası Azərbaycan və digər ölkələrin həbsxanalarında işgəncə və qəddar rəftarla bağlı qətnamə qəbul edib.

AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin yaydığı “Avropada həbs yerlərində sistematik işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara dair sənəd”də Azərbaycana qarşı, xüsusilə “Tərtər” işilə bağlı qeyri-insani rəftar iddiaları yer alır.

Azərbaycan hakimiyyəti “Tərtər işi”ndə işgəncə faktlarını etiraf edib. Məhkəmələrdə 100-də çox hərbçiyə bəraət verilib, icraçılar haqqında müxtəlif müddətli həbs qərarları çıxarılıb, bəzi faktlarla bağlı istintaq aparılır.

Sənəddə deyilir ki, Azərbaycan, Rusiya və Türkiyədə müşahidə olunan pis rəftar və işgəncə ilə bağlı dövlət təmsilçilərinin yaratdığı cəzasızlıq mühiti, faktiki olaraq, beynəlxalq öhdəliklərin yerinə yetirməməsinə gətirib çıxarır.

AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin hazırladığı hesabatda Azərbaycan, Rusiya Federasiyası, Türkiyə kimi dövlətlərdə polisdə və penitensiar müəssisələrdə saxlanılan şəxslərə qarşı işgəncə və pis rəftarın sistemli və yaxud geniş yayıldığını göstərən etibarlı məlumatlardan narahatlıq ifadə olunub.

Sənəddə deyilir ki, Assambleya Azərbaycanla bağlı hesabatlardan çox narahatdır.

Azərbaycanda hakimiyyət belə hesabatları “qərəzli” hesab edir. Daxili İşlər Nazirliyi bundan əvvəl “işgəncə” barədə iddiaları əsassız hesab etdiyini deyib.

Tərtər işində zərəçəkənlərin yaxınlarından bəziləri

Şəklin mənbəyi, Validə Əhmədova

Şəklin alt yazısı,

“Tərtər işi” üzrə zərərçəkənlərin yaxınları. Fotonun mərkəzində, arxa cərgədə hüquq müdafiəçisi Oqtay Gülalıyev, onun solunda Nəsir Əliyevdir

Hesabatda nələr var?

Hesabatda xüsusilə, Azərbaycanda, “Tərtər işi” kontekstində 2017-ci ildə saxlanılanların bir çoxunun işgəncələrə və qeyri-insani rəftara məruz qaldığı, 11 nəfərin isə işgəncələr nəticəsində öldüyü bildirilir.

2017-ci ildə bir qrup hərbçi Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə həbs edilmişdilər. Sonradan onlara işgəncə verildiyi bəlli olmuşdu. Hadisələr Tərtərdə baş verdiyi üçün yerli media bunu “Tərtər işi” adlandırıb.

Azərbaycanda hakimiyyət son bir neçə ildə “Tərtər işi” ilə bağlı istintaq apararaq, haqsız cəzalandırılanlara bəraət verdiyini, müqəssirlərin isə cəzalandırıldığını açıqlayıb.

“Assambleya bildirilən dəhşətli işgəncə üsullarından – elektrik cərəyanı vermək, dırnaqları çıxarmaq, suda boğmaq, gözləri bağlamaq, cinsiyyət orqanlarının dartılması, zorlama, başqalarının yanında ailə üzvlərini zorlamaqla hədələmək və sairə – dəhşətə gəlir”, – AŞPA qətnaməsində deyilir.

Məlumata görə, “Tərtər işində” saxlanılan və əvvəllər məhkum olunanların bəziləri indi bəraət alıb azadlığa buraxılsa da, digərləri hələ də həbsdədir.

Sənəddə deyilir ki, məruzəçi Azərbaycanda olarkən, zərərçəkənlər və onların yaxınları ilə görüşüb və ona bu işlərdə işgəncədən istifadə edən yüksək vəzifəli şəxslərin heç bir məsuliyyət daşımadığı bildirilib.

2023-cü ilin dekabrın 28-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları rədd edib.

Bundan başqa “Tərtər işi”nə görə Müdafiə Nazirliyinin bəzi vəzifəli şəxsləri 6 və ya 9 il olmaqla azadlıqdan məhrum olunublar.

Onlara Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda, qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda, dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə, tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər, bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda maddələri üzrə azadlıqdan məhrumetmə cəzası verilib.

Beləliklə, “Tərtər işi” üzrə azı 405 nəfər zərərçəkənin işi üzrə cəzalandırlan vəzifəlilərin sayı 17 nəfər olub.

Ancaq bu qərarlar nə zərərçəkənləri, nə onların ailələrini, nə də hüquq müdafiəçilərini qane edir.

AŞPA qətnaməsində “Tərtər işi”dən başqa Azərbaycanda siyasi müxalifət üzvlərinə, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı işgəncə və pis rəftarın digər formalarından istifadə edildiyi barədə danışılır.

Assambleya həbs yerlərində “sistematik və ya geniş miqyasda işgəncə də daxil olmaqla, ağır fiziki pis rəftar tətbiq etdiyi aşkar edilmiş dövlətləri, xüsusən də Rusiya Federasiyası, Azərbaycan və Türkiyəni” problemin köklü səbəblərini aradan qaldırmağa, sistemli pis rəftarı azaltmağı və qanunsuz təcrübələrin aradan qaldırılmasına yönəlmiş işlər görməyə çağırıb.

AŞPA qətnamədə adı çəkilən ölkələri “işgəncə və pis rəftara yol verən” ayrı-ayrı şəxslərin, yüksək vəzifəli şəxslərin, dövlət orqanlarının cinayət və mülki məsuliyyətə cəlbinə yönəlmiş dəyişikliklər aparmağa çağırıb.

Hesabatda deyilir ki, Azərbaycan “Tərtər işi”ndə işgəncənin tətbiqinə görə məsuliyyət daşıyan bütün günahkarların, yüksək vəzifəli məmurların və dövlət orqanlarının məsuliyyətə cəlb olunmasını təmin etməlidir.

“Bundan başqa, bu işlərdə bütün zərərçəkənlərə kompensasiyaların ödənilməsini və onların reabilitasiya olunmasını, o cümlədən məhkum edilmişlərin azadlığa buraxılmasını təmin etməlidir”, sənəddə deyilir.

Assambleya Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsi (CPT) Azərbaycan, Türkiyə və Rusiya Federasiyasını aşağıdakıları etməyə çağırıb:

  • bir çox dövlətlərin artıq etdiyi kimi, CPT-yə səfərlə bağlı bütün hesabatların avtomatik dərci ilə əvvəlcədən razılaşın
  • keçmiş CPT səfəri hesabatlarının dərc edilməsinə icazə versin

“CPT hesabatlarının avtomatik və məcburi nəşri qaydaya çevrilməlidir”, – hesabatda deyilir.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanla bağlı 2021-ci ilin dekabrında olan ən son qərarına istinadən qeyd edir ki, “hüquq-mühafizə orqanlarında pis rəftar təkrarlanan və həll olunmamış problem olaraq” qalır.

Qurumun hesabatına görə, bu hallar on ildən artıqdır ki, təkrarlanır və Avropa İnsan Hüquqları Məhkəməsinin icraatında 70 yeni analoji müraciət hal-hazırda gözləmədədir.

2018-ci ilin iyununda Azərbaycan Hökuməti CPT-dən 2004, 2012, 2013, 2015, 2016 və 2017-ci illərdə Azərbaycana həyata keçirdikləri səfərləri haqqında hesabatları Azərbaycan Hökumətinin cavabları ilə birlikdə dərc etməyi xahiş edib.

Bu müddətdən bəri Azərbaycan üzrə hesabatların dərci barədə məlumat yoxdur.

Hesabatın qənaətləri nələrdir?

Azərbaycan polisi etiraz aksiyasında iştirakçını saxlayır

Şəklin mənbəyi, TOFIK BABAYEV/AFP/GETTY IMAGES

“Müxtəlif hüquq-mühafizə orqanlarının əməkdaşları arasında azadlıqdan məhrum edilmiş şəxslərə qarşı ümumi zorakılıq geniş yayılmış yanaşmadır”, – hesabatda Azərbaycanla bağlı bildirilib.

Buna misal olaraq “Tərtər işi”ndəki işgəncə və pis rəstardan bəhs edilir və işgəncələrdən misal çəkilir.

Sənəddə deyilir ki, həbsxanalarda pis rəftara gəlincə, əvvəlki səfərlərdə olduğu kimi, monitorinq heyəti saxlanılanların həbsxana əməkdaşları tərəfindən qəsdən fiziki pis rəftara məruz qalması ilə bağlı bir sıra iddialar qeydə alıb.

Hesabatda Assambleyada Azərbaycana qarşı 2020-ci ildə qəbul edilmiş “Azərbaycanda bildirilən siyasi məhbus halları” 2322 saylı qətnaməyə istinad edilir və ölkədə “siyasi məhbuslara” qarşı pis rəftarın olması vurğulanır.

Hesabatda Azərbaycanda “siyasi müxalifət üzvlərinə, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı işgəncə və pis rəftarın digər formalarından istifadə” barədə nümunələr göstərilib.

Azərbaycan hakimiyyəti ölkədə heç kimin siyasi və dini fikirlərinə görə təqib olunmadığını, ifadə azadlığının pozulmadığını, media və vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinə geniş imkanlar yaradıldığını deyir, işgəncə və ya pis rəftar iddialarını rədd edir.

Ədliyyə Nazirliyi yanında İctimai Komitə: “Məndə yeni işgəncə halları ilə bağlı məlumat yoxdur”

Hesabatda Azərbaycanla bağlı yer alan işgəncə və pis rəftar iddiaları ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin koordinatoru Səadət Bənənyarlı CPT-nin hesabatında yer alan işgəncə və pis rəftarla bağlı iddialara cavabında deyib ki, “işgəncələrlə bağlı bizə müraciət olunsa, biz onu araşdırarıq”.

Onun sözlərinə görə, təmsil etdiyi İctimai Komitə “birmənlı olaraq, konkret faktları araşırır”.

“Ümimiyyətlə, məni çox narahat edən bir tendensiya gedir ki, Azərbaycan öz ərazi bütövlüyünə nail olduqdan sonra yenə də qayıdıblar elə məsələləri qaldırırlar ki, bizim gündəmdə bu gün o məsələlər yoxdur. İşgəncələrlə bağlı əgər faktlar varsa, təbii ki biz onu araşdıracağıq, işgəncələri verən insanlar da aşkarlanarsa, cəzalanacaqlar”, – Səadət Bənənyarlı bildirib.

Onun fikrincə hesabatda söhbət 2018-ci ildə olan nəticələrdən gedirsə, onunla razılaşmaq olar, onlar o vaxt araşdırılıb.

Səadət Bənəniyarlı bildirib ki, bu gün Penitensiar Xidmətin “bütün rəhbərliyi dəyişib, burada müəyyən reformalar, dəyişikliklər gedir”.

İctimai Komitənin koordinatoru onu da deyib ki, vaxtaşırı məhkumlarla görüşlər keçirir, ola bilsin ki, onlar qapalı yerdədirlər və onlarla görüşəndə bir, içəridə başqa söz” deyə bilərlər.

Onun sözlərinə görə, “Tərtər işi” artıq ictimailəşib, araşdırılıb və buna bais olanlar cəzalandırılıblar.

Səadət Bənənyarlı bildirib ki, bu günlərdə bloqçuların, jurnalistlərin işgəncələrə məruz qalması haqqında şəxsən onda, “təəssüf ki, məlumat yoxdur”.

“Əvvəllər bizdə olub ki, bloqçuların, jurnalistlərin inzibati həbs müddətində saxlanma yerlərindən şikayəti olub, biz bunu da işgəncə kimi qiymətləndiririk, getmişik, bu məsələ həllini tapıb, amma belə yeni iddialar barədə məndə məlumat yoxdur”, – Səadət Bənənyarlı deyib.

“Qərəzli hesabat”

Hesabatdakı nümunələr sırasında 2019-cu ilin fevralında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç yüksək vəzifəli üzvü Saleh Rüstəmov, Aqil Məhərrəmov və Babək Həsənovun həbsi, həmin ilin martında mərhum fəal Bayram Məmmədovun həbsi, 2018-ci ilin iyulunda Gəncədə baş vermiş iğtişaşlar zamanı kütləvi iğtişaşlar törətməkdə təqsirli bilinən 14 müttəhimin həbsi, 2021-ci ildə Bakıda etiraz aksiyasında saxlanılan Tofiq Yaqublunun həbsi, 2020 və 2021-ci illərdə AXCP fəalları Əlizamin Salayev və Seymur Əhmədovun həbsi kimi faktlar sadalanıb.

AŞPA hesabatında göstərilib ki, yuxarıda adı çəkilən şəxslər məhkəmədə polis tərəfindən işgəncə verilməsi ilə bağlı ifadə veriblər.

Azərbaycan Daxili İşlər Nazirliyindən hesabatla bağlı iddialara cavab almaq mümkün olmayıb.

Bundan əvvəl Azərbaycan Daxili İşlər Nazirliyi hesabatda adı çəkilən bəzi şəxslərə işgəncə iddiaları ilə bağlı BBC-yə deyib ki, həmin şəxslərin polis bölməsində “döyülməsi, təzyiqə və pis rəftara məruz qalması” ilə bağlı iddialar əsassızdır.

Daxili İşlər Nazirliyi yanında İctimi Şuranın sədri Əliməmməd Nuriyev işgəncələr barədə hesabatda səsləndirilən iddialar barədə deyib ki, beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda “qərəzli yanaşmalar, ikili standartlar var və bunu zaman-zaman görmüşük”.

Əliməmməd Nuriyevin sözlərinə görə, son illərdə bu prosess daha da genişlənib. çünki Azərbaycan öz torpaqlarını işğaldan azad edib.

“Azərbaycan qələbə qazanandan sonra bir çox beynəlxalq təşkilatlar onun bu haqlı, beynəlxalq hüququ təmin edən fəaliyyətinə çox müxtəlif formada, xüsusilə insan hüquq və azadlıqlarını pozulması nöqteyi-nəzərdən Azərbaycana təzyiq etməyə çalışırlar”, – Əliməmməd Nuriyev deyib.

Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatı bildirib ki, bu iddialardan sonra rəsmi orqanlar tərəfindən heç bir effektiv araşdırma aparılmayıb, sənəddə vurğulanıb.

Hesabatda deyilir ki, AŞPA bu ölkələri problemin köklü səbəblərini aradan qaldırmağa, sistemli dəyişikliklər etməyə və hesabatlılığı təmin etməyə çağırmalıdır.

Sənəd tövsiyə edir ki, işgəncə və pis rəftarla bağlı “sıfır dözümlülük” mühiti xüsusi məzmuna malik olmalıdır və sadəcə “niyyət bəyannaməsi” olmamalıdır.

Hesabatda AŞPA CPT hesabatlarının dərcinə hələ də icazə verməyən ölkələr (məsələn, Azərbaycan, Türkiyə, Rusiya) bunu ən qısa zamanda etməyə çağrılıb.

“CPT hesabatlarının avtomatik və məcburi nəşri qaydaya çevrilməlidir”, – hesabatda deyilir.

Hesabata Türkiyədən rəy

Türkiyədən olan Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü Ziya Altunyaldız hesabata xüsusi rəy verib və deyib ki, bu rəyin məqsədi Assambleyanın üzv dövlətlərdə işgəncə və qeyri-insani rəftara son qoymaq səylərinə kölgə salmaq deyil.

“Bununla belə, qətnamə layihəsində qismən və qərəzli qiymətləndirmələr məruzəçinin və komitənin apardığı gərgin işin etimadını zədələyir”, – hesabata rəydə Ziya Altunyaldız deyib.

Onun fikrincə, hesabat, əsasən, CPT tövsiyələrinin həyata keçirilməsində çatışmazlıqları və qeyri-adekvat qanunvericiliyə görə struktur problemlərini müəyyən edən hərtərəfli mənzərəni təqdim edir.

Ziya Altunyaldız hesab edib ki, “məruzəçinin qətnamə layihəsində bir neçə ölkənin adını çəkməsinə üstünlük verməsi zərərlidir və diqqəti digər üzv dövlətlərdən yayındırır, onlar da işgəncə və qeyri-insani rəftarla mübarizədə öz öhdəliklərini yerinə yetirmirlər”.

O hesab edib ki, bu cür qərəzli və güzəştli yanaşma bir neçə ölkə üçün problemin miqyasını və ağırlığını azaldan yanlış təsəvvür yaradır.

Ziya Altunyaldız onu da bildirib ki, hesabatın adında Avropada işgəncə və pis rəftarla bağlı qeyd olsa da, sənəddə bir neçə ölkənin adının çəkilməsi “doğrudan da, … hesabatın adı ilə də ziddiyyət təşkil edir”.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment