Njde heykəli qarşısında nasist salamı: Ermənistandakı yeni ifrat-sağçı qrup kimdir?

Şəklin mənbəyi, X

Şəklin alt yazısı,

Hayk Nazaryan yuxarı istiqamətdə tam şəkildə açılmış qolunu yuxarı qaldıraraq, alman nasistlərinin “Sieg Heil!” şüarına bənzədilən “Mişt Hay!” (“Həmişə Erməni!” – red.) şüarı səsləndirir.

Ermənistanın paytaxtı Yerevanda bir qrup ifrat sağçının erməni millətçi ideologiyasının banisi Qaregin Njdenin heykəli önündə nasist salamlaşmasına bənzər salamlama hərəkəti erməni, türk və azərbaycanlı sosial mediasında müzakirə olunur.

BBC-nin Yerevan müxbiri xəbər verir ki, özlərini bir həftə bundan əvvəl təsis olunmuş “Hosank” (“Axın” və ya “Cərəyan” kimi tərcümə olunur –red.) hərəkatının üzvü kimi təqdim edən iyirmi nəfərə yaxın yürüş iştirakçısı yanvarın 1-də Njde heykəli qarşısında yürüş keçirib.

Sosial mediada yayılan videolarda görünür ki, özünü hərəkatın rəhbəri kimi təqdim edən Hayk Nazaryan yuxarı istiqamətdə tam şəkildə açılmış qolunu yuxarı qaldıraraq, alman nasistlərinin “Sieg Heil!” (Ziq Hayl -Yaşasın qələbə – red.) şüarına bənzədilən “Mişt Hay!” (“Həmişə Erməni!” – red.) şüarı səsləndirir. Digər qrup iştirakçıları da eyni hərəkəti təkrar edib.

Qaregin Njdenin heykəlinin qarşısında nümayiş onun doğum günü münasibətilə keçirilib.

Hosank hərəkatının şüarı, saytına görə, “Bir millət, bir dövlət, bir iradə”dir.

İsrail səfiri narazıdır

“Yerevanda Zig Hayl süarını andıran yürüşdən dərin narahatlıq keçiririəm. Nasistlərlə əməkdaşlıq etmiş Qaregin Njdeni vəsf etmək qəbulolunmazdır. Hakmiyyət neo-nasizm və anti-semitimzin hər hansı formasına qarşı sərt mövqe tutmalıdır”, deyə o X hesabında yazıb və Ermənistan XİN-i təqləyib.

“Hosank” hərəkatının Teleqram kanalına görə, yürüş zamanı hərəkatın lideri Hayk Nazaryan “ilk nitqi ilə tək Ermənistan siyasi mühitində deyil, erməni tarixində yeni səhifə açıb“.

O, X hesabında belə yazıb: “İlk dinc nümayişimizi etdik və Yerevanın mərkəzi boyunca yürüş keçirdik, ancaq bu, sonuncu olmayacaq. Biz erməni siyasətinə gələcəyik, düşmənlərimizə güləcəyik, nifrət edənləri çökdürəcəyik”.

Qaregin Njde kimdir?

Əsl adı Qaregin Ter-Harutyuyan olan Qaregin Njde ötən əsrin əvvəllərində Hayk Asatryanla birlikdə “Tseğakronutyun” (“Tseğakronizm”) erməni siyasi hərəkatının ideologiyasını hazırlayıb. Bu ideologiyaya əsasən, şəxsiyyət üçün ən ali dəyər onun milliyətidir.

Yerevan müxbirimiz izah edir ki, “Tseğakron” iki – “tseğ” (irq) və “kron” (din) – sözlərindən təşkil olunur.

“Tseğakronizm” ifrat sağçı ideologiyadır və məqsədi erməni xalqını “onun bütün tarixi vətəni ərazisində vahid erməni dövləti çərçivəsində birləşdirməkdir”.

Qaregin Njde Rusiya İmperiyasının İrəvan Quberniyasının Güznüt kəndində (hazırda Naxçıvanın Babək rayonu ərazisi) anadan olub. Sankt-Peterburqda təhsil aldıqdan sonra o, Osmanlı İmperiyasına qarşı vuruşmaq üçün Qafqaza qayıdıb.

Qaregin Njdenin fəaliyyəti qızğın mübahisələr mövzusudur, Yerevan müxbirimiz deyir.

O, Ermənistanda siyasi xadim və tarixi fiqur hesab olunur. Erməni təhlilçilərinin işlərində onun XX əsrin əvvəlində erməni milli hərəkatına töhfəsi qeyd olunur. Digərləri onun milliyətçi ideyalarını və İkinci Dünya müharibəsi zamanı nasist Almaniyası ilə əlaqələrinə görə tənqid edir.

Türkiyə və Azərbaycanda isə Njde əsrin əvvəllərində türklərə və azərbaycanlılara qarşı vuruşmuş biri kimi tanınır. Azərbaycan mənbələrinə görə o, Zəngəzur mahalında “azərbaycanlıların qətlini təşkil edib” və onların ərazidən çıxarılmasına nail olub. Erməni mənbələrinə görə isə, o, Qarabağın “erməni əhalisinin daha çox qətl edilməsinin” qarşısını ala bilib.

Rusiyada Njdeni nasistlərin əməkdaşı kimi qəbul edirlər. Hətta Ermənistan hökuməti 2016-cı ildə Njdeyə heykəl qoyduğu üçün Rusiyanın hökumətə yaxın mediasında tənqid olunmuşdu.

Njde Sovet hökuməti tərəfindən həbs olunaraq, 25 il türmə cəzasına məhkum edilib və həbsxanada ölüb.

Ermənistan nasistlər Nijde Njde Qaregin

Yeni ifrat sağçı qrup kimdir?

“Hosank, Njde ruhunun xeyir-duası ilə “Tseğakronizm” ideologiyasını mübariz hərəkata çevirməyə və hakimiyyətə sahib olmağa çalışır ki, ari ideyalarına əsaslanan irqi-dini dövlət yaratsın. Çiçəklənən iqtisadiyyat, firavan cəmiyyət və qalib orduya sahib olmağın yeganə yolu budur”, – hərəkatın saytında bəyan edilir.

Hərəkatın lideri Hayk Nazaryanın 34 yaşı var, ABŞ-da, Kaliforniya ştatında anadan olub. O, Kaliforniya Dövlət Universitetini bitirib, fizika üzrə magistr dərəcəsini alıb. 2016-cı ildən Ermənistanda yaşayır.

Bu gün Hayk Nazaryan öz Telegram kanalında yazmışdı ki, onu “bir-iki şey danışmaq üçün Milli Təhlükəsizlik Xidmətinə çağırıblar. Gündüz gedəcəyəm”. Lakin sonradan bu status səhifədən silinib.

Qrupun saytında Azərbaycana qarşı ərazi iddiaları bəyan edilib. Bundan başqa, saytda Ermənistana gələn hindistanlılara qarşı çağırış da paylaşılıb.

Erməni sosial mediasında yeni ifrat sağçı qrup barədə fikirlər ikiyə ayrılıb. Bəziləri onu alqışlasa da, digərləri tənqid edir.

Armenpress saytının baş redaktor müavini Ararat Petrosyan bugünki yürüşü “təxribat” adlandırıb.

O, X sosial şəbəkəsində yazıb ki, “bu gün biz genişmiqyaslı təxribatın hədəfinə çevrilmiş Qaregin Njdenin adı ətrafında baş verən yeni gərginliyin ortasındayıq”.

Ararat Petrosyan “bu manipulyasiyaların münaqişələri qızışdırmaq və cəmiyyətdə inamı sarsıtmaq məqsədi daşıdığını” yazıb.

O, “ictimaiyyəti və hakimiyyət orqanlarını “bu təxribatların arxasında duran amilləri araşdırıb tapmağa və gələcəkdə belə halların qarşısını almaq üçün tədbir görməyə çağırıb”.

Bəzi erməni sosial media istifadəçiləri isə, bu nümayişi söz və toplaşma azadlığı kimi müdafiə edib.

Türkiyəli jurnalist Erkin Öncan X sosial media hesabından Njde Qaregin adıyla tanınan Qaregin Ter-Harutyunyanın “ölkəsinin müstəqilliyi uğrunda Osmanlı imperiyasına qarşı döyüşmüş Ermənistan qəhrəmanlarından hesab olunduğunu” yazıb.

Cənab Öncan həmçinin “Qareginin İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqına qarşı Nasist Almaniyasını dəstəklədiyini və Vermaxt (Wehrmacht) üçün erməni dəstələri yaratdığını” yazıb.

Daha sonra Erkin Öncan Qareginin “bu gün Almaniya və İtaliya, irqləri əsasında varlığını yaşadan cəmiyyətlər olduqları üçün güclüdürlər”, “Mən Qaregin Njde bolşevizmin sadiq düşməniyəm. Mən Zəngəzuru Türklərdən və Türk bolşeviklərdən müdafiə etdim” kimi ifadələrini xatırladıb.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment