Azərbaycan və Ermənistan Sovet İtitfaqı dağılandan və Qarabağ münaqişəsi başlayandan bəri ilk dəfə birgə bəyanat imzalayıb.
Bəyanat heç bir vasitəçi və ya üçüncü tərəf olmadan, Azərbaycan və Ermənistanın baş siyasi qurumları tərəfindən verilib. Onlar əsirlərin dəyişdirilməsinə razılaşıblar.
Razılaşmaya görə, 32 erməni hərbçi və 2 azərbaycanlı hərbçini tərəflər müvafiq olaraq azad edəcək.
1. Hərbçilər azad olunur
“Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir”, bəyanatda deyilir.
2. Qarşılıqlı xoş niyyət
Bəyanatda deyilir ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürür və, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir.
Xoş niyyətin təzahürü olaraq, Azərbaycan da, Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
3. Sülhə hazırlıq
“Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür”, bəyanatda deyilir.
“İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir”, birgə bəyanatda deyilir.
Azərbaycan və Ermənistan qarşılıqlı etimad yaratmaq öhdəliyi götürdüklərini də bəyan ediblər.
Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər, bəyanatda deyilir.
Tətərflər beynəlxalq ictimaiyyəti “iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə” çağırıblar.
Reaksiyalar
Sosial mediada çoxlu müsbət reaksiyalar paylaşılmadadır. Sosial medianın sadə azərbaycanlı və erməni isitifadəçilər “sülh, sülh”, “alqışlanır” kimi şərhlər paylaşıblar.
Təhlilçilər də öz fikirlərini yazıb. Beynəlxalq Böhran Qrupunun azərbaycanlı təhlilçisi Zaur Şiriyev X hesabında yazıb ki, bu, Bakı və Yerevan arasında Brüssel, Washington və Moskvanın iştirakı olmadan əldə edilmiş ilk razılaşmadır.
“Ən önəmlisi, bu, göstərir ki, Bakı və Yerevan danışıb-razılaşa bilir, bu, növbəti danışıqların olacağına, hətta bəlkə də, tədricən sülh razılaşmasının əldə ediləcəyinə və iki ölkə arasında münasibətlərin normallaşacağına ümid verir”, o yazıb.