Bakı və Yerevan rəsmiləri sərhəddə görüşəcək

Yayımlandı: 23 Noyabr 2023 14:04

Azərbaycan çağırış etdi, Ermənistan cavab verdi

Noyabrın 30-da  Ermənistan-Azərbaycan dövlət sərhədində demarkasiya və delimitasiya üzrə komissiyaların növbəti iclasının keçiriləcəyi bildirilir.

Bu barədə noyabrın 23-də Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi görüş haqda hələ ki məlumat yaymayıb.

Noyabrın 22-də Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla danışıqlara hazır olduğu haqda bəyanat yaymışdı.

Ondan bir gün əvvəl isə Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana dövlət sərhədində görüşə çağırış etmişdi.

İkinci Qarabağ münaqişənin qısa xronikası

 2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Bu il sentyabrın 28-də Qarabağda fəaliyyət göstərən separatçı rejimin rəhbəri Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Dövlət başçısı Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Prezident Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Yazı Meydan.tv saytından götürülüb

Leave a Comment