“AbzasMedia”da həbslər: “Hakimiyyət ictmaiyyət üzərində nəzarəti artırmaq istəyir”

Şəklin alt yazısı,

Sevinc Vaqifqızı 2022-ci ildə jurnalist Aytən Məmmədovaya və siyasi fəal Bəxtiyar Hacıyevə qarşı hücumlardan sonra keçirilən etirazlarda

  • Müəllif, Səadət Akifqızı
  • Vəzifə, BBC Azərbaycanca, Bakı

Azərbaycanda son bir neçə ildə ilk dəfədir ki, tanınmış jurnalistlər həbs edilir. Bu həftə AbzasMedia-nın rəhbərləri Sevinc Vaqifqızı və Ülvi Həsənli haqqında həbs qəti-imkan tədbiri seçilib. Gənc fəal Məhəmməd Kekalov da polis tərəfindən saxlanıldı və Daxili İşlər Nazirliyinin təbirincə, jurnalistlərin “cinayət işi üzrə cəlb edilib”.

AbzasMedia Azərbaycanda yüksək rütbəli məmurlar haqqında korrupsiya iddialarının araşdırması ilə tanınır. Ölkədə hökuməti tənqid edən jurnalistlərin bir çoxu əvvəllər həbs olunsa da, son illərdə jurnalistlərin həbsi halları sıx müşahidə olunmamışdı.

Sevinc Vagifgizi və Ülvi Həsənli Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsilə ittiham olunurlar.

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, son həbslər hakimiyyətin “ictmaiyyət üzərində nəzarəti artırmaq, tənqidçilərini zərərsizləşdirmək” istəyilə bağldır. O bu həbsləri Azərbaycanda vətəndaş cəmiyyətinə “növbəti təhdidi və təzyiq” hesab edir.

Azərbaycan Transarency International təşkilatının son korrupsiya indeksinə görə, 157-ci yerdədir. Beynəlxalq Sərhədsiz Reportyorlar təşkilatının 2023-cü il üzrə Meda Azadlığı indeksində Azərbaycan dünya üzrə 180 ölkə arasında 151-ci yerdə göstərilib. Freedom House Azərbaycanı söz azadlığı olmayan ölkələr siyahısına salıb.

Azərbaycan hökuməti belə indeksləşdirməni qəbul etmir və bu təşkilatların siyahılarını sifarişlə hazırladıqlarını deyir.

Polislər Abzas medianın ofisi qarşısında sədd çəkib

Şəklin mənbəyi, RAMIN DEKO

Şəklin alt yazısı,

Polislər AbzasMedianın ofisi olan binanın qarşısında canlı sədd qurub

Hakimiyyətin “imicinə zərər”

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, Azərbaycanda hakimiyyət siyasi idarətemə quruluşunu dəyişdirə biləcək dəyişiklərə hazırlaşır və bu yolda hər hansı əngəl istəmir. “Buna görə də tənqidi medianı sıxışdırmaq, müstəqil vətəndaş cəmiyyətini zərərsizləşdirmək və gücsüzləşdirmək istəyir”, o iddia edir.

O hesab edir ki, Azərbaycanda əsasən prezident, parlament seçkiləri və ya referendum kimi böyük daxili siyasi hadisələrdən öncə, jurnalistlərə və vətəndaş cəmiyyətinə təzyiqlər müşahidə olunur. Mehman Əliyev özünün 2018-ci il prezident seçkisindən bir neçə ay əvvəl həbs olunmasını xatırladaraq iddia edir ki, o vaxt bəzi hakimiyyət mənsubları onun seçki prosesinə “maneə” kimi görübmüş.

O, hökumət tənqidçilərinin həbslərinin davam edə biləcəyi qənaətindədir.

Mehman Əliyev bundan öncə də hakimiyyət tənqidçilərinin həbs olunduğunu xatırladır – ötən ilin dekabrında Bəxtyar Hacıyev, təxminən 3 ay əvvəl isə iqtisadçı alim Qubad İbadoğlu həbs olunub. Onlar həbslərinin ictimai-siyasi fəaliyyətləri ilə əlaqəli olduğunu iddia edirlər, ancaq maliyyə qanunsuzluqları və ya fırıldaqçılıq ehtiva edən maddələrlə ittiham olunublar.

Mehman Əliyev, həmçinin jurnalistlərin yüksək vəzifəli şəxslərlə bağlı apardığı korrupsiya araşdırmalarını da onların həbslərinə səbəb kimi görür. Onun fikrincə, belə araşdırmalar hakimiyyətin “imicinə zərər gətirir, cəmiyyətdə gərginliyi artırır və buna görə də hakimiyyət onları zərərsizləşdirmək istəyir”.

Ancaq parlamentdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən Hikmət Babaoğlu bununla razılaşmır və AbzasMedia-nın rəhbərlərinin saytın korrupsiya araşdırmalarına görə həbs olunması iddialarını rədd edir. Azəbaycanda hüquq-mühafizə orqanları “konkret iddia ilə konkret hüquqi” addım atır, o deyir.

Qaçaqmalçılıqda ittiham olunan Abzas Media-nın Baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün, direktoru Ülvi Həsənli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. AbzasMedia-nın ofisindən 40 min avro “pul tapıldığı” iddia olunur. İttiham öz təsdiqini taparsa, jurnalistləri 8 ilədək həbs cəzası gözləyir.

Sevinc Vaqifqızı və Ülvi Həsənovun saxlanmasından sonra hakimiyyətə yaxın saytlarda və televiziya kanallarında AbzasMedia və Azərbaycandakı bəzi müstəqil medianın USAİD (ABŞ Beynəlxaq İnkişaf Agentliyi) xətti ilə maliyyələşdirildiyi iddia olunub. USAİD isə “təxribat texnologiyalarını yeniləyən, yığcam, çevik dəstələr formalaşdıran” təşkilat kimi xarakterizə edilib.

Ülvi Həsənli Sevinc Vaqifqızı

Şəklin mənbəyi, S.Vaqifqızı/Instagram

Qərbin reaksiyası “zəifdr”

ABŞ rəsmisi Matthew Miller Turan-a AbzasMedia-nın rəhbərlərinin həbsindən “dərin narahat” olduğunu bildirib və “Azərbaycan hakimiyyətinin ifadə azadlığına hörmət etməyə” çağırıb.

Mehman Əliyev isə əvvəlki və son həbslərlə bağlı Qərbin reaksiyasını “zəif” sayır.

Onun fikrincə, hazırda Qərbin bölgədə əsas hədəfi Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması, regionl stabillik və Rusiyanın regiona təsirlərinin azalmasıdır, ona görə də önə demokratya, insan haqlarını yox, öz maraqlarını qoyur.

Mehman Əliyev 2014-cü ildə də müstəqil media və vətəndaş cəmiyyətinə olan təzyiqləri xatırladaraq deyir ki, yaranmş vəziyyət qeyri-adi deyil: “Sadəcə, bu proseslər bizim siyasi systemi, müxalifəti, müstəqil medianı, müstəqil vətəndaş cəmiyyətini getdikcə zəiflədir. Demək olar ki, cəmiyyət idarəolunan vəziyyətə gəlib çıxıb və bu proses davam edir”.

2014-cü ildə bəzi QHT fəalları, jurnalistlər həbs olundu, Azadlıq radiosu, Meydan TV, Azadlıq qəzetlərinin saytları bloklandı, Azadlıq radiosunun ofisi möhürləndi və həmin vaxt həm Azadıq radiosu, həm də bəzi QHT-lərlə bağlı maliyyə məsələləri üzrə cinayət işi qaldırıldı.

Beynəlxalq Sərhədsiz Reportyorlar təşkilatının 2023-cü il üzrə Meda Azadlığı indeksində Azərbaycan dünya üzrə 180 ölkə arasında 151-ci yerdə göstərilib.

Təşkilatın 2023-cü il hesabatında yazılıb ki, Azərbaycanda “bütün media sahəsi rəsmi nəzarətdədir ölkə daxilindən müstəqil televiziya və ya radio yayımlanmır, tənqidi mövqedən çıxış edən bütün çap qəzetləri bağlanıb, Azadlıq və Meydan TV kimi saytlar bloklanıb”.

“Azərbaycanın media siyasəti açıq və şəffafdır. Azərbaycan Prezidenti İlham Əliyev jurnalistləri “özünün köməkçisi” adlandırıb”, – Hikmət Babaoğlu əlavə edib.

Amnesty International, Jurnalistlərin Müdafiə Komitəsi kimi beynəlxalq qurumlar AbzasMedia rəhbərlərinin saxlanılmasını qınayıb, jurnalistlərin azadlığa buraxılmasına çağırış ediblər. Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi bildirib ki, Azərbaycan hakimiyyəti “ölkənin sıxışdırılmış müstəqil mediasının sərbəst” fəaliyyət göstərməsinə şərait yaratmalıdır.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, bu gün Azərbaycanda media azadlığına məhdudiyyətlər yoxdur: “Bütün Youtube-dakı TV-lərə baxıram, tənqid edirlər, hətta söyüş də söyürlər. Onları bağlamırlar ki!”

YAP- çı deputat Hikmət Babaoğlu AbzasMedia rəhbərlərinin həbsindən sonra Azərbaycana qarşı beynəlxalq təşkilatların tənqidlərinin artacağından narahat deyil. “Əminəm ki, qanun pozuntusu olmasa, Azərbaycanda heç kimə tənqidi münasibətinə görə cəza tətbiq olunmur. Dediyiniz beynəlxalq təşkilatlar özləri isə insan haqları, söz və mətbuat azadlığı kimi qlobal dəyərləri öz məqsədləri lehinə korrupsiya vasitəsinə, siyasi şantaş, yumşaq güc vasitəsinə çeviriblər”.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment