Afiəddin Məmmədovun həbs müddəti uzadıldı

Yayımlandı: 15 Noyabr 2023 22:21

Vəkil qərarın əsassız olduğunu deyir

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun istintaq dövründə həbsdə saxlanma müddəti artırılıb.

Sentyabrın 20-dən həbsdə olan ictimai fəal haqqında ilkin istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Lakin prokuror məhkəməyə təqdimat verərək bu müddətin 2 ay da artırılmasını istəyib.

Noyabrın 15-də Xətai Rayon Məhkəməsində sözügedən təqdimata baxılıb.

Məhkəmədə Xətai Rayon Polis İdarəsinin müstəntiqi deyib ki, hələ istintaq başa çatmayıb.

O, iddia edib ki, bundan sonra da Afiəddin Məmmədovun işi üzrə bir sıra istintaq hərəkətləri aparılmalıdır.

Bu səbəbdən ictimai fəal haqqında həbs qətimkan tədbirinin müddətinin uzadılmasına ehtiyac var.

Müstəntiq həbs qətimkan tədbirinin uzadılması üçün prokurora vəsatət verib.

Prokuror da məhkəməyə təqdimat göndərib.

Afiəddin Məmmədov və vəkili Zibeydə Sadıqova isə prokurorun təqdimatına etiraz edib, onun təmin olunmamasını istəyiblər.

İctimai fəal ona qarşı irəli sürülmüş xuliqanlıq ittihamının saxta olduğunu deyib.

O bildirib ki, iş üzrə zərərçəkmiş kimi tanınan şəxsi bıçaqlaması barədə ittiham tamamilə yalandır.

Onun sözlərinə görə, heç kimi bıçaqlamayıb:

Bu saxta ittiham üçün sübut yaratmaq məqsədilə əllərimi qandallayandan sonra əlimə bıçağı verdilər. Məqsəd də bu idi ki, bıçağın üstünə əl izim düşsün”.

Afiəddin Məmmədov vurğulayıb ki, bu işdə əsl zərərçəkmiş özüdür. Çünki həmin şəxs polis idarəsində onun sifət nahiyəsinə zərbə vurub və nəticədə burnu sınıb. İctimai fəal əlavə edib ki, bu səbəbdən hazırda əməliyyata ehtiyacı var.

O əlavə edib ki, sifarişlə həbs olunub və ona qarşı bu təxribatın qurulmasının əsl səbəbi işçilərin hüquqlarının müdafiəsilə məşğul olmasıydı.

Afiəddin Məmmədov yada salıb ki, bu fəaliyyətinə görə bundan əvvəl də dəfələrlə polisə müqavimət ittihamıyla şərlənərək hər dəfə 30 sutka inzibati qaydada həbs olunub.

Müvəkkilinin təqsirsiz olduğunu, heç bir əsas olmadan həbsdə saxlandığını deyən vəkil Zibeydə Sadıqova da bildirib ki, onun haqqında həbs qətimkan tədbirinin uzadılmasına ehtiyac yoxdur.

Müdafiəçi deyir ki, hətta istintaq davam edirsə belə, buna görə mütləq Afiəddin Məmmədov həbsdə saxlanmalı deyil.

Zibeydə Sadıqovanın sözlərinə görə, müvəkkilinin istintaqdan qaçıb gizlənmək, kiməsə təsir göstərmək niyyəti yoxdur.

Müdafiə tərəfinin etirazına baxmayaraq, hakim prokurorun təqdimatını təmin edib və ictimai fəal barəsində istintaq dövrü üçün həbs qətimkan tədbirinin müddəti daha 2 ay artırılıb.

Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, müvəkkili haqqında həbs müddətinin uzadılması qərarından apelyasiya şikayəti verəcək.

İşçilərin hüquqlarının müdafiəsilə məşğul olan gənc fəal bundan əvvəl üç dəfə inzibati qaydada həbs olunub.

O, sonuncu dəfə avqustun 1-də həbs olunmuşdu. Bu dəfə ona 30 sutka həbs cəzası verilmişdi.

Afiəddin Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1 və 221.3 maddələrində 2 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının Elvin Mustafayev və Ayxan İsrafilov da Afiəddin Məmmədovdan bir qədər əvvəl narkotik ittihamıyla həbs olunub.

Onlar da özlərini təqsirli bilmir, işçi hüquqlarının müdafiəsilə bağlı fəaliyyətlərinə görə şərləndiklərini deyirlər.

Yazı Meydan.tv saytından götürülüb

Leave a Comment