Böyük Britaniya Qubad İbadoğlunun işi ilə bağlı narahatdır

Yayımlandı: 15 Noyabr 2023 16:21

“Azərbaycanı insan hüquqlarının müdafiəsini təkmilləşdirməyə çağırırıq”

Böyük Britaniyanın İnsan Hüquqları Şurası Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı bəyanat yayıb.

Bəyanatda Azərbaycan münaqişədən sonra barışığı dəstəkləməyə, əsasən də köçkünlərin müdafiəsi ilə bağlı addım atmağa çağırılır.

Həmçinin bəyanatda həbsdə olan iqtisadçı Qubad İbadoğlunun işində ifadə və toplaşmaq azadlıqlarının məhdudlaşdırılmasından narahatlıq ifadə olunur.

“Biz Azərbaycanı hamı üçün insan hüquqlarının müdafiəsini təkmilləşdirməyə çağırırıq”.

Bəyanatda bəzi tövsiyələr də yer alıb. Hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti fəallarına, jurnalistlərə və həbs edilmiş əcnəbi vətəndaşlara qarşı insan hüquqlarının pozulması ilə bağlı bütün iddiaların, o cümlədən, təcili diqqət tələb edən həll edilməmiş işlərin səmərəli və şəffaf şəkildə araşdırılması istənilir.

“Cinayət Məcəlləsində böhtan və təhqirə görə jurnalistlərə qarşı məsuliyyəti nəzərdə tutan 147 və 148-ci maddələrin çıxarılması tövsiyə edilir. Həmçinin məişət zorakılığının bütün formalarını cinayət məsuliyyətinə cəlb etmək üçün Cinayət Məcəlləsində zəruri qanunvericiliyin qəbul edilməsi vacibdir”.

Yazı Meydan.tv saytından götürülüb

Leave a Comment