“Top Ermənistandadır!” Azərbaycan Ermənistanı sülh prosesini gecikdirməkdə ittiham edir

Şəklin mənbəyi, Anadolu agency/Getty Images

  • Müəllif, Fərid Həsənov
  • Vəzifə, BBC Azərbaycanca, Bakı

Azərbaycan Ermənistanı sülh razılaşması sənədinə cavabı gecikdirməkdə günahlandırıb.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X sosial hesabında bildirib ki, Azərbaycan sülh razılaşmasının artıq 5-ci versiyasını sentyabrda Ermənistana təqdim edib və rəsmi Yerevanın “tezliklə buna cavab verəcəyini gözləyirdi”.

Cənab Hacıyev qeyd edib ki, Ermənistan ictimai şəkildə sülh razılaşmasını imzalamağa hazır olduğunu desə də, iki aydan çoxdur ki, Azərbaycanın göndərdiyi sülh müqaviləsi sənədinə cavab vermir. Ermənistan hələ ki, bu bəyanata reaksiya verməyib.

Hikmət Hacıyevin Ermənistanla aparılan sülh danışıqları prosesi ilə bağlı açıqlamasından öncə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell hər iki tərəfin danışıqları bərpa etməli olduğunu deyib.

Josep Borrell noyabrın 13-də Beynəlxalq Münasibətlər Şurasının iclasından sonra rəsmi Bakı və Yerevanı sülh danışıqlarını davam etdirməyə çağırıb və Avropa İttifaqının bu məsələdə vasitəçilik etməyə sadiq olduğunu vurğulayıb.

“Biz Ermənistan və Azərbaycan arasında danışıqların bərpa edilməsinə çağırırıq… Sülh razılaşmasının başa çatdırılmasına ehtiyacımız var və biz vasitəçilik rolumuzu davam etdirməyə sadiqik”, – Josep Borrell deyib.

Hikmət Hacıyev isə sosial media statusunda bildirib ki, Azərbaycan tərəfi sülhə hazır olduğunu təkrarən bəyan edib.

“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, indi tarixi imkan mövcuddur və xüsusilə Azərbaycan öz suverenliyini bərpa edəndən sonra sülh müqaviləsini imzalamaq üçün hər hansı maneə qalmayıb. İndi əsas sual Ermənistanın buna nə dərəcədə hazır olmasıdır”, – Hikmət Hacıyev X-də yazıb.

O əlavə edib ki, Azərbaycan tərəfindən beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq təklif edilən sülh müqaviləsinin mətni intensiv ikitərəfli danışıqlar hesabına tez bir zamanda yekunlaşdırıla bilər.

“Top indi Ermənistan tərəfdədir!”, – Hikmət Hacıyev qeyd edib.

Ermənistanın bu mesaja cavabı hələ ki, məlum deyil.

Borrellin “təhqiredici” ifadələri

Josep Borrell Brüsseldə Beynəlxalq Münasibətlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycanı nəzərdə tutaraq Ermənistanın ərazi bütövlüyünə qarşı istənilən zorakılığın “qəbuledilməz” oldunu deyib və belə bir addımın Aİ ilə Azərbaycan arasındakı münasibətlərdə “ağır nəticələrə” səbəb olacağını iddia edib.

“Azərbaycana mesajımız aydındır: Ermənistanın ərazi bütövlüyünə istənilən zorakılıq qəbuledilməzdir və münasibətlərimizin keyfiyyəti üçün ağır nəticələrə səbəb olacaqdır”, – Josep Borrell deyib.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə Josep Borrellin bəyanatını Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhdid kimi qiymətləndirib və onun dediklərini “regiondakı reallıqları qəsdən təhrif edən ittihamlar” adlandıraraq bəyanatı “qeyri-adekvat” və “qəbuledilməz” sayıb.

“Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaqdır”, – Azərbaycan XİN çərşənbə axşamı günü yaydığı bəyanatda bildirib.

Azərbaycanda yaxın hökumətə yaxın Caliber.az saytı Borrellin bəyanatını təhqiredici adlandırıb.

Azərbaycan-Ermənistan görüşü

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çərşənbə axşamı Ermənistanın İctimai Televiziyasına müsahibəsində ölkəsinin ilin sonuna kimi “Bakı ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu” deyib.

Ermənistanlı rəsmi bildirib ki, sülh danışıqları ilə bağlı müzakirələrin növbəti raundu Washington və ya Brüsseldə keçirilə bilər.

Azərbaycan isə müzakirələr üçün başqa məkanı münasib görür – Prezident İlham Əliyev ötən ay Gürcüstana səfər edərkən Ermənistanla sülh danışıqlarının Gürcüstanda keçirilməsi təklifini səsləndirib.

Bundan əvvəl, tərəflər arasında İspaniyada Fransa, Almaniya, Avropa İttifaqı liderlərinin də iştirakı ilə görüş nəzərdə tutulsa da, rəsmi Bakı Fransanın “anti-Azərbaycan” mövqe tutduğunu əsas gətirərək bundan imtina etmişdi.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment