Ermənistanın Hindistan və Fransa ilə hərbi əməkdaşlığı: Rusiyadan uzaqlaşma cəhdi, yoxsa təhlükəsizliyin şaxələndirilməsi?

Şəklin mənbəyi, Getty Images

Hindistanın “EurAsian Times” xəbər saytının bu həftə verdiyi məlumata görə, Ermənistan və Hindistan arasında 41,5 milyon dollar dəyərində antidron sistemlərinin alınması üçün müqavilə imzalanıb.

Ermənistan həmçinin Fransa ilə də hərbi sahədə əməkdaşlığı dərinləşdirməkdə maraqlı görünür.

Türkiyədə yaşayan jurnalist Könül Şahin Ermənistanın müdafiə sistemində yeni tərəfdaşlar axtarışı barədə BBC Azərbaycanca üçün yazıb.

Adının açıqlanmasını istəməyən rəsmi şəxs EurAsian Times-a bildirib ki, Ermənistan Hindistanın Zen Technologies şirkətilə bu müəssisənin istehsalı olan Zen Anti-Dron Sisteminin (ZADS) alınması barədə razılığa gəlib.

Hindistanın Hərbi Hava Qüvvələri şirkətin anti-dron sistemlərini 2021-ci ildə öz arsenalına daxil edib. Ölkənin quru qoşunları isə Zen Technologies şirkətinə 20 ədəd ZADS sifarişi verib və anti-dron sistemlərinin 2024-cü ildə quru qoşunlarına təslin ediləcəyi bildirilir.

Bu sistem dronları aşkarlayıb sinifləndirir və onların rabitə sistemini pozaraq neytrallaşdırır.

Ermənistanla imzalanan müqaviləyə sistemlərlə işləmək üçün hərbi personalın hazırlanmasını nəzərdə tutan təlimlər də daxil edilib.

Zen Technologies oktyabrda Ermənistanda şirkətin filialını açmaqla bağlı razılaşmanın əldə olunduğunu bildirib. Bundan əlavə, müəssisə Ermənistanda biznes imkanlarını yaratmaqla yanaşı, Yerevanı satış, dəstək və xidmətlərlə təmin etmək niyyətindədir.

Ermənistan, Azərbaycan, münaqişə, müharibə, siyasət, PINAKA, ordu, silah

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

PINAKA – Hindistan istehsalı olan Qrad-tipli reaktiv yaylım atəş sistemi

Ermənistan hələ 2022-ci ildə Hindistanla ümumi dəyəri 250 milyon dollar olan PINAKA – Qrad-tipli reaktiv yaylım atəş sistemlərinin, eləcə də tank əleyhinə raketlərin və digər növ hərbi sursatların alınmasına dair müqavilə imzalayıb, The Economic Times yazıb.

Ermənistan oktyabrda Fransa ilə də hərbi əməkdaşlıq müqaviləsi imzalayıb.

Ermənistan və Fransa arasında imzalanan bu hərbi əməkdaşlıq müqaviləsini rəsmi Bakı “Cənubi Qafqaz regionun daha da hərbiləşdirilməsi yolunun” seçilməsi kimi qiymətləndirsə də, rəsmi Yerevan bunun müdafiə məqsədi daşıdığını bildirib və bu qərarın ölkənin təhlükəsizlik mühitini daha əhatəli etməyə yönəlik bir addım olduğunu söyləyib.

Fransa ilə hərbi əməkdaşlıq nələri nəzərdə tutur?

Ermənistan, Azərbaycan, Fransa, silah, ordu, siyasət, müdafiə

Şəklin mənbəyi, Suren Papikyan / Twitter

Şəklin alt yazısı,

Ermənistanın müdafiə naziri Suren Papikyan (solda) və Fransanın müdafiə naziri Sebastien Lecornu (sağda)

Oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın fransalı həmkarı Sebastien Lecornu ilə imzaladığı hərbi əməkdaşlıq sazişinə görə, Ermənistan Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemi alacaq.

Bu radar sistemi PUA, helikopter, qanadlı raketlər kimi təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir.

Bu saziş Ermənistanın Qərb ölkəsilə imzaladığı ilk belə müqavilədir.

Parisdə Ermənistanın müdafiə naziri Suren Papikyanla keçirdiyi birgə mətbuat konfransında Lecornu bildirmişdi ki, hazırda Ukraynada istifadə edilən bu radar sistemi “müstəsna aşkarlama imkanları” ilə tanınır.

“Erməni xalqının tarixinin çətin anlarında olduğu kimi, bu gün də Ermənistan ətrafındakı mürəkkəb hərbi-siyasi vəziyyətdə Fransa və fransız xalqı bizim tərəfimizdədir, bu da ən böyük təqdirə layiqdir və buna görə mən bir daha minnətdaram”, – Suren Papikyan deyib.

Müdafiə nazirləri, həmçinin “Mistral” qısa mənzilli hava hücumundan müdafiə raketlərinin alınması ilə bağlı niyyət memorandumu imzalayıblar.

Fransanın müdafiə naziri silahların müdafiə xarakteri daşıdığını qeyd edib.

“Bu, öz təbiətinə görə yalnız Ermənistan ərazisinə təcavüz olduqda və əksər hallarda mülki əhali hücum altında olanda müdafiəni həyata keçirən silah sistemidir”.

Lecornu sosial media hesabından verdiyi açıqlamada “Ermənistan özünü müdafiə etməli və xalqını qoruya bilməlidir” deyib və əlavə edib ki, Fransa Ermənistanın qurudan müdafiə qüvvələrinə təlim keçəcək, ordunun islahatı və modernləşdirilməsinə dəstək verəcək.

O bildirib ki, fransalı bir zabit Ermənistan Müdafiə Nazirliyinə hərbi məsləhətçi kimi göndəriləcək.

Silah-sursatın xərci necə qarşılanacaq?

Azərbaycanlı hərbi ekspert Aqil Rüstəmzadə BBC News Azərbaycancaya deyib ki, “Ground Master 200” müasir radar sistemi 250 km uzaqlığında hava hədəflərini aşkar etmək imkanına malikdir.

“Görünən odur ki, Ermənistan Silahlı Quvvələri hava hücumundan müdafiə qoşunlarının itirilmiş döyüş qabiliyyətini bərpa etmək istəyir. Xatırlatmaq istəyirəm ki, 44 günlük və ondan sonrakı hərbi toqquşmalarda Azərbaycan Ermənistanın hava hücumundan müdafiə qoşunlarının texniki vasitələrinin çoxunu sıradan çıxarmışdı”, – o bildirib.

Aqil Rüstəmzadə Ermənistanın Fransa ilə hərbi əməkdaşlığı genişləndirmək istədiyini, amma Qərb ölkələrinin istehalsal etdiyi silahların baha olduğunu və Ermənistanın buna büdcəsinin yetərli olmadığını deyir.

“Bildiyimiz kimi, hava hümundan müdafiə sistemlərinin tərkibində fərqli zenit-raket kompleksləri də olur. Böyük ehtimalla, Ermənistan bundan sonrakı mərhələdə Fransadan zenit-raket komplekslərini də alacaq. Amma onu qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrin istehsal etdiyi silahlar bahadır və Ermənistan maliyyə vəsaiti çox olmayan bir ölkədir. Bu proses necə intensiv şəkildə və hansı miqyasda baş verəcək, bu məndə suallar doğurur”, o bildirir.

Fransanın “Le Monde” qəzetində saziş imzalanandan sonra dərc edilən məqalədə bu müqaviləyə radar və zenit-raket komplekslərinin satışı ilə yanaşı, Fransanın Ermənistana dəstəyi üçün təlimlərin də daxil olduğu xatırladılıb və Ermənistanın bu xərcləri necə ödəyəcəyinin sual altında olduğu qeyd edilib:

“Bunlar Ukraynaya hərbi yardımda olduğu kimi silah tədarükü deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdir. Amma Yerevanın onların pulunu necə ödəyəcəyi hələ məlum deyil”, -Le Monde yazıb.

“Qərb düşərgəsilə münasibətlərdə “mühüm hadisə”

Erməni politoloq Hraçya Arzumanyan Ermənistanla Fransa arasında hərbi-texniki sahədə əməkdaşlıq haqqında müqavilənin imzalanmasını təkcə Ermənistan-Fransa münasibətlərində deyil, ümumiyyətlə Qərb düşərgəsi ilə münasibətlərdə “mühüm hadisə” kimi qiymətləndirir.

O, BBC News Azərbaycancaya bildirib ki, Ermənistanın formal olaraq, hələ də KTMT üzvü və Rusiyanın hərbi müttəfiqi olmasına baxmayaraq, bu, öz öhdəliklərini yerinə yetirməmiş və faktiki olaraq, “Ermənistana xəyanət etmiş” Rusiya ilə əlaqələr əvəzinə, Qərbdə yeni əlaqələr yaratmaq və təhlükəsizlik sahəsində yeni müttəfiqlər axtarmaq üzrə ilk addımdır.

“Bu, əvvəllər Rusiya, Türkiyə və İran tərəfindən tamamilə avtoritar rejimlərin nəzarəti altında hesab edilən Cənubi Qafqaz üçün Qərbin strategiyası çərçivəsində yeni regional təhlükəsizlik arxitekturasının formalaşmasında iştirak etmək üzrə mühüm addımdır”, – Hraçya Arzumanyan deyir.

Fransadan alınan silah sursatın necə çatdırılacağı bəlli deyil, ancaq daha öncə Hindistandan tədarük edilən silahlar İran ərazisindən Ermənistana çatdırılmışdı.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment