Arif Hacılı oğlunun saxlanmasında “siyasi xarakter” görür

Şəklin mənbəyi, Facebook

Şəklin alt yazısı,

Orxan Hacılı atası Arif Hacılı ilə birgə

Müsavat Partiyasının sədri Arif Hacılının oğlu Orxan Hacılı çərşənbə axşamı günü “şübhəli şəxs qismində saxlanılıb”.

Onun vəkili Nemət Kərimli hadisə ilə bağlı cinayət işinin başlandığını bildirib.

Orxan Hacılı özünü təqsirli bilmir, saxlanılmasını “atasının siyasi fəaliyyəti ilə əlaqələndirir”, – bu gün günorta saatlarında müvəkkililə görüşmüş Nemət Kərimli BBC-yə deyib.

Orxan Hacılıya qarşı “nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə” və “hadisə yerindən qaçmaqla bağlı” ittiham elan edilib.

BBC Azərbaycancanın Daxili İşlər Nazirliyindən və Yasamal Rayon Polis İdarəsindən iddialarla bağlı gün ərzində reaksiya almaq cəhdləri uğursuz olub.

Videoda nələr var?

Oktyabrın 11-də Bakının Yasamal rayonu ərazisində baş vermiş avtoqəzanın görüntüləri 5 gün sonra mediada yayılıb.

Videogörüntüdə bir avtomobilin manevr edərkən yolla hərəkət edən və Orxan Hacılıya məxsus olduğu bildirilən digər bir avtomobilin qarşısına çıxması, nəticədə həmin avtomobilin yol kənarında dayanmış avtomobillərə dəyərək dayandığı görünür.

Arif Hacılı BBC-yə deyir ki, həmin qəzadan sonra Orxanla digər avtomobilin sürücüsü “müəyyən razılığa gəliblər”.

“Bu, qanunvericilikdə nəzərdə tutulan qaydadır. Əgər toqquşma zamanı tərəflər razılığa gəlirlərsə və şikayətçi deyillərsə, nəinki bu məsələ barədə cinayət işi qaldırılmır, heç tədqiqata da göndərilmir. Hadisədən 20 gün keçdikdən sonra başqa bir zərərçəkən tapıblar, guya maşınlar toqquşarkən orda olub və xəsarət alıb. Halbuki yayılan videolardan da görünür ki, orda başqa adam yoxdur”.

Arif Hacılı vurğulayır ki, qəzadan sonra oğlu dəfələrlə Yasamal Rayon Polis İdarəsində olsa da, ona başqa bir zərərçəkənin olması barədə heç bir məlumat verilməyib.

Cənab Hacılı oğluna qarşı “bu cür davranışın bu məsələnin siyasi xarakter daşıdığına heç bir şübhə yeri qoymadığını” deyir.

“Bu həbs qərarının qəbul edilməsi, xüsusilə hakimiyyətə yaxın olan mətbu orqanlarında bu mövzu ətrafında geniş müzakirələrin aparılması, sosial media istifadəçilərinə məlum olması mümkün olmayan məlumatların yayılması və digər bu tipli davranışlar bu hadisənin məhz mənim oğlumun iştirakı ilə baş verdiyi üçün şişirdilməsi qənaətinə gəlmək üçün əsas verir”, – Müsavat başqanı vurğulayır.

Digər qəza səbəbi ilə həbs olunanlar: Günel Həsənli, Nigar Yaqublu

Azərbaycanda ilk dəfə deyil ki, hakimiyyətə müxalif siyasətçilərin ailələri özlərinə qarşı açılmış cinanət işlərini siyasi motivli hesab edir.

Bundan əvvəl daha iki müxalif partiya mənsubunun uşaqlarına avtoqəza törətdiyi üçün həbs cəzası verilib, onların da ailələri, vəkilləri və hüquq müdafiəçiləri bu həbsləri siyasi adlandırıb.

Onlardan biri 2013-ci ildə Azərbaycanın əsas müxalifət qüvvələrinin yaratdığı Milli Şuranın Prezident seçkisində vahid namizədi tarixçi Cəmil Həsənlinin qızı Günel Həsənli 2014-cü ildə idarə etdiyi avtomobillə qəza törətməkdə ittiham olunaraq 1 il 6 ay məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edilmişdi.

Vəkilləri müvəkkillərinə bəraət tələb etmiş, ittihamın sübuta yetirilmədiyini bildirmişdilər. Hazırda onların şikayəti Avropa Məhkəməsindədir.

O zaman Cəmil Həsənli bəyan etmişdi ki, qızı ilə bağlı yaranmış bu məsələ onun “siyasi fəaliyyəti ilə” bağlıdır.

Daha əvvəl – 2012-ci ilin avqust ayında Müsavat Partiyasının fəalı Aydın Acalovun ölümü ilə nəticələnən avtoqəzadan bir qədər sonra Müsavat Partiyası fəalı Tofiq Yaqublunun qızı Nigar Yaqublu şübhəli şəxs qismində saxlanaraq, haqqında 2 ay müddətində həbs qəti-imkan tədbiri seçilmişdi.

Qəza zamanı avtomobildə olmuş Nigar Yaqublunun 2 aylıq həbsi bitdikdən sonra həbsdə saxlanmasının qanunsuz olduğunu deyilsə də, hakim İlham Kərimli bu barədə “qanunda boşluq” olduğunu bildirmişdi. O buna görə də məhkəmənin noyabrın 8-də həbsin daha 3 gün uzadılması barədə qərar verdiyini bildirmişdi.

Nigar Yaqublunun vəkilləri bu qərara etiraz etmişdilər.

“Siyasi fəaliyyətinə görə” həbsə atılmış alimlər, vəkil və fəallar

Qubad İbadoğlu

Şəklin mənbəyi, QUBAD İBADOĞLUNUN AİLƏSİ

Şəklin alt yazısı,

Qubad İbadoğlu

Beynəlxalq təşkilatların həbsini siyasi motivli hesab etdiyi daha bir həbs qərarı tanınmış iqtisadçı və Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə bağlıdır – o, bu ilin iyul ayında saxlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 günlük həbsqətimkan tədbiri seçilib.

Çərşənbə günü onun qızı Jalə Bayramova X-da atasının durumu ilə bağlı son vəziyyəti paylaşıb.

“Bunu ürək ağrısı ilə yazıram, atamın həyatı ipdən asılıdır. O, təcridxanada yatır, hərəkət edə bilmir. Hökumətimizi tənqid edən atam indi diabetik komanın və insultun astanasındadır”.

Qubad İbadoğlu Cinayət Məcəlləsinin saxta pul və ya qiymətli kağızları hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə, dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə təqsirləndirilir.

Onun özü bu ittihamı rədd edib və həbsini siyasi-ictimai fəaliyyəti ilə əlaqələndirib.

Azərbaycan Daxili İşlər Nazirliyi iyul ayında Qubad İbadoğlu saxlanılarkən yerli mediaya verdiyi açıqlamada onun “ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını” bildirib.

Qurum deyib ki, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında Azərbaycanda “fetöçular” ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

“Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Qubad İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir”, – Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Ankara hökuməti 2016-cı ildə çevriliş cəhdində ittiham etdiyi Fetullah Gülən tərəfdarlarını FETÖ-çular adlandırır.

Avropa Parlamentinin Qubad İbadoğlu ilə bağlı yaydığı qətnamə Azərbaycanı digər “siyasi məhbusları azad etməyə çağırıb”.

“Qubad İbadoğlunun işi” ilə bağlı sentyabr ayında daha bir azərbaycanlı alim Fazil Qasımov həbs olunub. O, Qubad İbadoğlu ilə eyni maddə üzrə həbs olunub, yerli media yazır.

Bu il sentyabrın üçüncü ongünlüyündə ictimai fəal Əmrah Təhməzov, keçmiş diplomat, fəal Emin İbrahimov və jurnalist Nurlan Libre informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində Azərbaycan qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ittihamı ilə 30 sutkalıq inzibati həbs olunublar.

Hüquq müdafiçiləri və vəkilləri isə BBC Azərbaycancaya onların sosial şəbəkədə müharibə əleyihinə status yazdıqlarına görə həbs olunduqlarını bildirib.

Azərbaycanlı hüquq müdafiəçiləri bu şəxslərin həbsini “siyasi” adlandırır.

Azərbaycan hökuməti dəfələrlə ölkədə siyasi məhbusların olmadığını bildirib.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment