Ermənistan və Azərbaycan rəsmiləri sülhə dair müsbət açıqlamalar verib

Şəklin mənbəyi, Nikol Paşinyan

Azərbaycan və Ermənistan rəsmiləri bu gün sülh haqqında danışıblar. Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycan ilə sülh sazişi imzalamaq və Türkiyə ilə münasibətlərin normallaşdırılması hökümətinin planları arasındadır.

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov da yerli mediaya açıqlamasında sülh barədə müsbət danışıb:

“Azərbaycan dövləti Qarabağda, ümumilikdə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanması daha da rahatdır, asandır və imzalanma ehtimalı da yüksək olmalıdır”- cənab Məmmədov bildirib.

Onların çıxışlarını jurnalist Könül Şahin izləyib.

Nikol Paşinyan: 3 əsas prinsip üzrə razılıq var

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 30-da Ermənistan parlamentində 2024-cü ilin büdcə planının müzakirəsi zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və münasibətlərin normallaşdırılması üçün üç əsas prinsip üzrə razılıq əldə olunduğunu bildirib.

Paşinyan qeyd edib ki,əgər tərəflər həmin razılaşdırılmış prinsiplərə sadiq qalarsa, sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılması real olacaq.

“Onlardan birincisi, tərəflərin bir-birinin ərazi bütövlüyü qarşılıqlı olaraq tanımasıdır: Bakı Ermənistanın ərazisini 29,8 min km2, Yerevan isə Azərbaycanın ərazisini 86,6 min km2 olaraq tanıyır” – deyən Ermənistan Baş naziri qeyd edib ki, rəqəmlər 1977 Sovet ensklopediyasından götürülüb. Paşinyan qeyd edib ki, razılaşdırılan ikinci prinsipə əsasən, tərəflər Alma–Ata Bəyannaməsi əsasında delimitasya həyata keçirmək barədə qərara gəliblər.

Keçən ilin 7 oktyabr tarixində Praqada Avropa Siyasi Birliyinin birinci iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makron arasında keçirilən görüşdə alınan qərara əsasən, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci ildə imzalanan Alma – Ata Bəyannaməsinə sadiq qaldıqlarını təsdiqləmişdilər.

O, üçüncü prinsipin regional kommunikasyaların keçdikləri ölkələrin suverenliyi və səlahiyyətləri altında, bərabərlik və qarşılıqlılıq əsasında açılması olduğunu qeyd edib.

Ermənistan Baş naziri bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibində bu sahələrdə təhlükəsizliyi təmin etmək üçün xüsusi bölmə yaradılır.

Paşinyan həmçinin deyib ki, Azərbaycan ilə sülh sazişi imzalamaq və Türkiyə ilə münasibətlərin normallaşdırılması hökümətinin planları arasındadır.

“Bunun asan olmayacağını anlasaq da, bu planla irəliləmək Ermənistanın dövlət maraqlarına uyğundur”, – Paşinyan deyib.

Paşinyan Türkiyə ilə sərhədin üçüncü ölkələrin vətəndaşlarına və diplomatik pasport sahiblərinə açılması ilə bağlı razılaşmaların tezliklə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

“Biz Cənubi Qafqaz regionunda yerləşirik, bizim dörd qonşumuz var və bizim qarşılaşa biləcəyimiz əsas təhlükələr və fürsətlər onlarla olan münasibətlərimizə bağlıdır” – deyən Paşinyan qeyd edib ki, Gürcüstan və İranla dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi də vacibdir.

Elnur Məmmədov: Azərbaycan sülhə sadiqdir

Elnur Məmmədov

Şəklin mənbəyi, Azərtac

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov eyni gün Azərtac agentliyinə verdiyi müsahibədə bildirib ki, Azərbaycan sülh gündəminə sadiqdir:

“Ölkəmiz sülh müqaviləsinin imzalanmasında israrlıdır. Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir”- Məmmədov deyib.

O, qeyd edib ki, hərtərəfli sülh sazişinin imzalanması ilə bağlı təklifi rəsmi Bakı 2021-ci ilin fevral ayında Ermənistan tərəfinə göndərib.

“Təəssüflər olsun ki, Ermənistan tərəfi təxminən bir il ərzində bu təklifə qarşılıq vermədi. Əlavə olaraq, Azərbaycan tərəfindən 2022-ci ilin fevral ayında ilk dəfə olaraq qeyd olunan sülh sazişinin beş təməl prinsipi barədə Ermənistan tərəfinə təklif göndərilib”- Elnur Məmmədov deyib.

Nazir müavini bildirib ki, ancaq 2022 ilin avqust ayında Brüssel görüşündən sonra rəsmi Yerevan Azərbaycan ilə gələcək sülh sazişinin şərtləri üzərində müzakirələrin başlanması ilə bağlı qərar verib.

Elnur Məmmədov qeyd edib ki,Azərbaycan sülh sazişi imzalanmasında qərarlıdır və Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsindən sonra bunun daha asan olması gözlənilir:

“Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir. Ona görə də bundan sonrakı addımlar daha çox Ermənistan tərəfindən atılmalıdır. Bu günə kimi sülh sazişinin əksər bəndləri tərəflər arasında razılaşdırılıb. Hesab edirik ki, Azərbaycan dövləti Qarabağda, ümumilikdə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanması daha da rahatdır, asandır və imzalanma ehtimalı da yüksək olmalıdır”- Məmmədov bildirib.

Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüşün nə vaxt və harada keçiriləcəyi hələlik bəlli deyil. Oktyabrın sonunda Brüsseldə Avropa Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında planlaşdırılan görüşün təxirə salınmasından sonra Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yeni görüş üzərində çalışdıqlarını bildirmişdi.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment