Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Yerevanda uzaqdan iştirak etdiyi forumda bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında bu ayın sonunda Brüsseldə planlanan görüş baş tutmayacaq.
Toivo Klaar görüşün təxirə salınmasına səbəb kimi vaxt problemini göstərib.
Oktyabrın 5-də Şarl Mişel Qranadada jurnalistlərin suallarını cavablandırarkən tərəflərin bu görüşlə bağlı razılığa gəldiyini açıqlamışdı.
Klaar qeyd edib ki, Brüsseldə Əliyev və Paşinyan arasında yeni bir görüş təşkil etməyə çalışırlar:
“Prosesin ləng olmasına baxmayaraq, biz inanırıq ki, nəticə sənədin imzalanması olacaq”, – Toivo Klaar deyib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda Kanadanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib ki, Brüssel görüşünün baş tutmamasına səbəb Azərbaycan Prezidentinin vaxtının olmamasıdır:
“Biz hələ də görüşə hazırıq. Ümid edirəm ki, səbəb həqiqətən də, vaxtın azlığıdır. Və görüşün yeni tarixlərini müəyyən etmək imkanı olacaq. Ermənistan görüşə hazırdır, artıq dediyim kimi, biz sülh gündəminə sadiqik”, – Mirzoyan vurğulayıb.
Daha əvvəl Azərbaycan və Ermənistan liderləri müxtəlif platformalarda çıxışları zamanı əsas məqsədlərinin ilin sonuna qədər sülh sazişinin imzalanması olduğunu vurğulamışdılar.
Oktyabrın 17-də Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqlarını bəyan edib.
Oktyabrın 19-da Yerevanda litvalı həmkarı İnqrida Simonite ilə görüşən Paşinyan deyib ki, Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində sülh üçün yol xəritəsi müəyyən edilib.
Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də ABŞ dövlət katibinin Cənubi Avropa və Qafqaz üzrə köməkçisinin müavini Joshua Huck ilə görüşündə Ermənistanla sülh sazişi üzrə danışıqları irəli aparmaq və mümkün qədər tez bir zamanda imzalamaq arzusunu bir daha bəyan edib.
Həmin gün Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan rəsmi Yerevanın sülh sazişi ilə bağlı Bakının yeni təkliflərini aldığını, amma təklifə hələ cavab vermədiklərini bəyan etmişdi:
“Cavab paketini hazırlayarkən, Azərbaycan tərəfinin Qranada bəyanatı ilə bağlı açıq şəkildə mövqe nümayiş etdirməsini və bunun onlar üçün məqbul olub-olmadığını gündəmə gətirməsini gözləyirik”, – Vahan Kostanyan açıqlamışdı.
Şarl Mişel, Nikol Paşinyan, Olaf Şoltz və Emmanuel Makron tərəfindən qəbul edilən Qranada bəyanatında tərəflər Azərbaycan və Ermənistanın suverenliyinin, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş bütün səylərə sadiq qaldıqlarını vurğulayıblar.
Eyni zamanda bəyanatda deyilirdi ki, Qarabağ erməniləri öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüquqlarını heç bir şərt olmadan, beynəlxalq monitorinq altında istifadə etməkdə azad olmalıdırlar.
BBC News Azərbaycancaya danışan britaniyalı jurnalist və siyasi şərhçi Onnik James Krikorian deyir ki, bu görüşün baş tutmamasının bir çox səbəbi var və bunu gözlənilməz hadisə kimi görməmək lazımdır. O, bunun həftələrdir baş verə biləcəyini güman etdiyini deyir:
“Birincisi, uzun müddətdir ki, Paşinyanın daha yaxşı bir nəticə ümidilə sazişin imzalanmasını gecikdirdiyi ilə bağlı şübhələr vardı və bu, şübhələr oktyabrda Aİ və yenidən Fransaya yönələn hərəkətliliklə daha da artdı. İkincisi, 19 sentyabrda Qarabağa hücumdan sonra Əliyev çox güman ki, artıq bir saziş üçün təcililik görmür”.
Cənab Krikorianın sözlərinə görə, Ermənistanda bəzi siyasi şərhçilər hesab edir ki, danışıqlara hazırlıq və gündəmdə kifayət qədər irəliləyiş əldə olunmasa, İlham Əliyev danışıqlardan geri çəkilə bilər.
O qeyd edir ki, Qarabağ ermənilərinin zamanla geri dönməsi planından başqa, Qarabağ münaqişəsi həll olunmuş hesab edilir və buna görə də, Bakının təcili müqavilə imzalamasına indi daha az ehtiyacı var.
Brüssel görüşünün dəqiq tarixi bəlli deyil, lakin bu baş verərsə, Onnik James Krikorian Brüsseldə sərhədlərin müəyyən edilməsi və delimitasiyası, bunun üçün hansı xəritələrin əsas götürüləcəyi, regional iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının da müzakirə mövzuları arasında ola biləcəyinə şübhə etmir.
Onun fikrincə, Azərbaycanın Zəngəzur dəhlizi adlandırdığı, Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək marşrut da istənilən yol xəritəsinin tərkib hissəsi ola bilər:
“Başqa bir məsələ, əgər bu yolun işləyiş üsulları ilə bağlı Yerevanla hələ də fikir ayrılığı varsa, Bakının İrandan keçəcək başqa marşrutu variant kimi görməkdə ciddi olub-olmamasıdır. Nəzəri cəhətdən bu, istənilən yol xəritəsinin bir hissəsi ola bilər, lakin Ukraynadakı müharibədən bəri bu marşrut üzərində Rusiya ilə Qərb arasında geosiyasi rəqabət var. Ümid edirəm ki bu məsələ həll olunar, çünki bunun nəinki Ermənistana fayda verəcəyinə dair, həm də konkret olaraq qarşılıqlı asılılıq forması yaradacağı ilə bağlı fikirlər var”.
BBC Azərbaycancaya açıqlama verən və Klaarın açıqlamasına diqqət çəkən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM)-nin direktoru Fərhad Məmmədov deyir ki, Brüssel görüşünün təxirə salınmasının regional və qlobal səbəbləri də var:
“İlk məqam odur ki,diqqət Israil-Həmas münaqişə zonasına yönəlib.İkinci məqam isə bu münaqişə ilə bağlı bir çox gözlənilən prosseslər var və bu müharibənin Gəzza bölgəsindən daha böyük bölgəyə yayılmasıdır. Bu da geosiyasi vəziyyətin gerginleşməsi və müəyyən məsələlərdə dəyişməsinə gətirib çıxara bilər”, – Fərhad Məmmədov deyib.
Məmmədovun fikrincə, Brüssel görüşünün ləğvinə İlham Əliyevin iştirak etmədiyi Qranada görüşündən sonra qəbul edilən bəyanatın da təsiri olub:
“Qranadada qəbul edilən sənəd birtərəflidir və Azərbaycan Prezidenti tərəfindən də bu sənəd tənqid edilmişdi”.
Əgər Avropa İttifaqının yanaşması Qranada sənədi çərçivəsində olacaqsa, mən düşünmürəm ki, Azərbaycan gələcəkdə Brüssel görüşünə getsin”.
Onnik James Krikorian da qeyd edir ki, Qranadada qəbul edilən bəyannamə Bakını qəzəbləndirmiş ola bilər. O, həmçinin Əliyevin bu bəyanatdan bir neçə gün sonra Tbilisiyə səfəri zamanı qərarların xaricdə deyil, regionda qəbul edilməsinin vacibliyini vurğulamasını da xatırladır.
“Belə görünür ki, Qranada bəyanatı Bakının xüsusən də Qarabağdakı beynəlxalq iştirakla bağlı etməyə hazır olduğu ilə ziddiyyət təşkil edir”.
“Baxmayaraq ki, Türkiyə və Azərbaycan görüşdə iştirak etməyib və bəyannamə üç böyük Avropa lideri tərəfindən imzalanıb, bu bəyanatda Azərbaycana, hətta sərhədin açılması ilə bağlı Türkiyəyə şərtlər diktə edirdi.
Bəziləri deyir ki, imza atıblarsa, deməli, Əliyev bununla razılaşıb, amma bundan əsər-əlamət yoxdur. Əslində, tam əksinədir’’- Krikorian deyir.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yeni görüş üçün bir vaxt təşkil etməyi planlaşdırdıqlarını bildirsə də, siyasi şərhçilər Brüssel formatının gələcəyi ilə bağlı qeyri-müəyyənliyin olduğunu istisna etmirlər.
‘’Qranada uğursuzluğu və indiki təxirə salınma onu göstərir ki, Qərbin getdikcə Paşinyan mərkəzli mövqeyi və bu mövqeyin Fransa tərəfindən dəstəklənməsi və Mişelin təşəbbüsünün bu sənəd çərçivəsinə salınması Brüsselin vasitəçiliyinə kölgə salır və prosesin irəli getməsinə maneə törədir’’ – deyən Fərhad Məmmədov qeyd edir ki, Ermənistan hazırda ABŞ-Aİ və Rusiya -İran arasında geosiyasi muharibə meydanına çevrilib və əlavə edir ki, bu sadəcə Ermənistan – Azərbaycan sülh prosesi üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün qeyri müəyyənlik formalaşdırır.
Onnik James Krikoriana görə isə Brüssel formatı üçün hər zaman təhlükə riskləri var idi:
‘’Mən həmişə xəbərdarlıq etmişdim ki, vaxt razılaşmanın tərəfində deyil və o vaxtdan bu, özünü doğrultdu. Paşinyan çox güman ki, Aİ tərəfindən Ermənistanın təhlükəsizliyi ilə bağlı dəstək hiss edir və Əliyev istədiyinin əksəriyyətinə sahibdir. Əsl problem ondadır ki, Əliyev getdikcə daha çox başqa platformalara baxarsa, bu, Brüssel prosesinin ölməsi riskilə nəticələnə bilər”.
Onun sözlərinə görə, 19 sentyabr antiterror əməliyyatından sonra Aİ-nin Ermənistana göstərdiyi dəstək Azərbaycan tərəfindən neytrallıq kimi qiymətləndirilməyib. Onun fikrincə, əgər Ermənistan və Azərbaycan regional danışıqları da nəzərdən keçirsələr, bu, həll yolu üçün şans ola bilər:
‘’Ümid edirəm ki, Brüssel Prosesi öz yoluna qayıda bilər, lakin eyni zamanda, Ermənistan və Azərbaycan rəsmilərinin, liderlər səviyyəsində olmasa da, Tbilisinin dəvətini ikitərəfli və üçtərəfli görüş üçün istifadə etmələrinin vaxtı çatıb. Şübhəsiz ki, tərəflər arasında yeni böyük müharibə xəbərdarlığına baxmayaraq, indi bunun üçün heç bir real səbəb yoxdur və həll yolu üçün daim Brüssel, Washington və ya Moskvaya baxmaqdansa, regiona da bir seçim kimi baxmaq vaxtıdır. Brüsseli istisna etmək olmaz, lakin o, getdikcə daha çox ATƏT-in Minsk Qrupu prosesinin yolu ilə gedir. Bunun qarşısını almaq lazımdır’’.