Azərbaycan-Ermənistan sülh danışıqları: yeni imkanlar, risklər, maneələr

Şəklin mənbəyi, Azərbaycan/Ermənistan hökumətləri

Ermənistanın Baş naziri Nikol Paşinyan İspaniyanın Qranada şəhərində Azərbaycanın iştirakı olmadan keçirilmiş toplantıda onun ərazi bütövlüyünü tanıyan bəyanatı imzalayıb.

Rəsmi Bakı “Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya” formatında nəzərdə tutulan beştərəfli görüşə qatılmaqdan imtina edib və bunu onunla əsaslandırıb ki, Fransa regionda “qərəzli və militarizasiya siyasəti” yürüdür və onların israrlı təkidinə rəğmən, Türkiyənin beşli (“Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya”) formata daxil edilməsinə imkan verilməyib.

Amma Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanın Ermənistanla sülh danışıqlarından geri çəkilmədiyini və “Avropa İttifaqı Şurası, Azərbaycan və Ermənistan” formatında tezliklə görüşməyə hazır olduqlarını deyib.

Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel Qranadada jurnalistlərə açıqlamasında deyib ki, o, Azərbaycan və Ermənistan liderlərini oktyabrın axırlarına kimi Brüsselə dəvət edib.

Bütün bunlar Azərbaycanın Qarabağda keçirdiyi son hərbi əməliyyatlardan sonra separatçı qurumun özünü buraxması və on minlərlə erməninin bölgəni tərk etməsi, bunun ardınca rus sülhməramlılarının Əsgəran, Şuşa və Ağdərədə yerləşən müşahidə postlarını ləğv etməsindən sonra baş verir.

Paşinyanın Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazi bütövlüyünü bir daha tanımasını bəyan etməsi həm də rəsmi Moskva ilə Yerevan arasında siyasi münasibətlərin gərginləşməsi, o cümlədən Ermənistanda Paşinyan hakimiyyətinə qarşı etirazların baş qaldırdığı vaxta təsadüf edir.

Regionda müşahidə edilən proseslər, xüsusilə, rəsmi Moskvanın Paşinyan hakimiyyətini hədələməsi Azərbaycan-Ermənistan danışıqlarlarının taleyini hansı məcraya yönəldir?

Qarabağ əməliyyatından sonra bölgədə yeni yaranmış reallıqlar oktyabrın axırlarında Brüsseldə gözlənən Azərbaycan-Ermənistan danışıqlarına necə təsir edəcək?

Qarabağ “antiterror əməliyyatı”ndan sonra Rusiya Prezidenti Vladimir Putinin iranlı həmkarı İbrahim Rəisi ilə müzakirə zamanı region dövlətləri ehtiva edən 3+3 formatını yenidən gündəmə gətirməsi nəyə işarədir?

BBC News Azərbaycanca regiondakı vəziyyəti, risklər və yaranmış yeni imkanları siyasi təhlilçilərlə müzakirə edib.

Scholz Paşinyan Macron, Michel

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Almaniya, Ermənistan, Fransa və Avropa Şurası İttifaqı liderləri Qranadada

Yaxın vaxtda sülh razılaşması realdırmı?

Siyasi təhlilçi Fuad Şahbazovun fikrincə, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etməsi onu göstərir ki, Ermənistan da Azərbaycanla diplomatik münasibətlər yaratmaq marağındadır: “Ermənistan daxildəki qeyri-stabilliklə mübarizə aparmaq üçün xaricdəki təhlükələri qiymətləndirməli və həll etməlidir. Əks təqdirdə həm xaricdə, həm də daxildə olan problemlər dərin siyasi böhranlara səbəb ola bilər”.

Fuad Şahbazov oktyabrda Brüsseldə gözlənən görüşü müsbət fürsət kimi qiymətləndirir və deyir ki, burda Azərbaycan-Ermənistan arasında diplomatik normallaşdırma prosesi başlaya bilər: “Azərbaycan hesab edir ki, Qarabağ münaqişəsi başa çatdı və Ermənistanla diplomatik münasibətlər qura bilər və uzun illərin mövcud düşmənçiliyini arxada qoya bilər”.

Amma o, Brüsseldə hansısa sülh razılaşması ilə bağlı sənəd imzalana biləcəyinə inanmır və əlavə edir ki, tərəflər arasında belə bir görüş Moskvada da keçirilə bilər.

Beynəlxalq Böhran Qrupunun Azərbaycan üzrə təmsilçisi Zaur Şiriyev BBC Azərbaycancaya bildirib ki, İkinci Qarabağ müharibəsindən sonrakı illər ərzində tərəflər arasında sülh müqaviləsi ilə bağlı üç əsas maddə Qarabağdakı ermənilərin təhlükəsizliyi, Naxçıvanla Azərbaycanı birləşdirəcək kommunikasiya xətlərinin açılması və sərhədlərin delimitasiyası həlledici faktor olub.

Qarabağdakı 19-20 sentyabr “antiterror əməliyyatı”ndan sonra Prezident İlham Əliyev xalqa müraciətində vurğulayıb ki, Azərbaycanın Qarabağa tam nəzarət etməsindən sonra sülh razılaşmasının imzalanmasında Yerevan üçün əsas amil olan “bu maneə” ortadan qalxıb.

Lakin bu amil Ermənistanda Paşinyan hökumətinə qarşı etirazların da genişlənməsinə gətirib çıxarıb.

Bunu əsas gətirən Zaur Şiriyev deyir ki, Ermənistanın daxilində yaranmış vəziyyət Paşinyanı bu ilin sonuna kimi sülh müqaviləsini imzalamaqdan çəkindirə bilər.

Amma təhlilçi onu da əlavə edir ki, əgər tərəflər digər iki məsələ ətrafında, yəni sərhədlərin delimitasiyası və kommunikasiya əlaqələrinin açılması barədə razılığa gəlsələr, o zaman ilin sonuna kimi sülh müqaviləsinin imzalanması mümkün ola bilər.

Bundan əlavə, o hesab edir ki, Azərbaycan Qarabağda nəzarəti bərpa etsə də, orada yaşayan ermənilərin oranı tərk etməsi Qarabağ ermənilərinin hüquqları ilə bağlı məsələni başqa müstəviyə keçirmiş olub.

Başqa sözlə desək, sülh danışıqlarında Qarabağ ermənilərinin hüquqlarını bir predmet kimi irəli sürən Yerevan indi məsələni Qarabağdan köçən ermənilərin hüquqları formasında masaya gətirə bilər, Zaur Şiriyev deyir.

Ermənistan Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin eksperti Ruben Mehrabyana görə, son hadisələr danışıqlar prosesinə “güclü zərbə” endirib, 10 noyabr bəyanatı əsasında yaradılmış “arxitekturanı tamamilə dağıdıb” və Azərbaycan danışıqları davam etdirmək və nəticədə irəliləyişə, yeni razılaşmalara nail olmaq imkanından istifadə etmək əvəzinə, “sabitliyi sarsıdan tədbirlərə əl atır” və onun fikrincə, bölgədə yaranmış vəziyyətin arxasında məhz Rusiya dayanır.

Hərbi əməliyyatdan sonra Azərbaycanın mövqeyinin gücləndiyini deyən Washington-da mənzillənən Carnegie Fondunun Cənubi Qafqaz üzrə əməkdaşı Thomas De Waal hesab edir ki, rəsmi Bakı Ermənistandan daha çox güzəşt əldə etmək üçün Rusiya ilə konsensusa gəlib.

Onun sözlərinə görə, konsensus nəticəsində Ermənistandan tələb edilən güzəştlər Bakının “Zəngəzur dəhlizi” adlandırdığı Naxçıvana yolun təmin olunması, “Qərbi azərbaycanlılar” kimi təqdim edilən qaçqınların dinc yolla Zəngəzura qaytarılması məsələsidir.

“Paşinyan administrasiyası hazırda bu tələbləri yerinə yetirmək istəmədiyi üçün güclü təzyiq altındadır. Bundan əlavə, Ermənistanda hesab edirlər ki, Paşinyan Qarabağa xəyanət edib, ona görə də, indi Qarabağ sakinləri küçələrdə qalıb. Belə olan halda Bakı və Yerevan arasında yaxın gələcəkdə sülh razılaşmasının olmasına inanmıram”, – Carnegie Fondunun əməkdaşı deyib.

Beynəlxalq Böhran Qrupunun Rusiya üzrə tədqiqatçısı Oleq İqnatov hesab edir ki, Ukraynada gedən müharibəyə görə Rusiyanın Ermənistanın təhlükəsizliyini təmin edəcək resursu yoxdur. Ona görə də, Moskva rəsmi Bakı və Yerevan arasında sülh razılaşmasının imzalanmasını istəyir, çünki Rusiya Ermənistanın daha da zəifləməsində maraqlı deyil, İqnatov vurğulayıb.

“Bundan əlavə, Ermənistan Qarabağ müharibəsində uduzmuş tərəfdir. Ona görə də, Moskva hazırda Azərbaycan-Ermənistan münasibətlərində normallaşmanın tərəfdarıdır. Rusiya rəsmi şəkildə bildirib ki, Ermənistan və Azərbaycan arasında birbaşa başlaya biləcək müharibədən narahatdır. Burada Zəngəzur dəhlizi ilə bağlı yaranan fikir ayrılığı nəzərdə tutulur. Moskva belə bir qarşıdurmanın olmamasına çalışır, çünki belə olan halda prosesə reaksiya vermək məcburiyyətində qalacaq ki, hazırda Rusiyanın elə resursu yoxdur”, – Oleq İqnatov əlavə edib.

Sülh danışıqlarında Rusiya və “Zəngəzur dəhlizi” amili

Zəngəzur dəhlizi
Şəklin alt yazısı,

Zəngəzur dəhlizi layihəsi

Oleq İqnatov Azərbaycan və Ermənistan arasında yekun sülh razılaşmasının imzalanması ilə bağlı Rusiya və Qərb arasında hələ İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra rəqabətin yarandığı qənaətindədir.

Bununla belə o, Azərbaycanın Qarabağa nəzarəti bərpa etməsi və Ukrayna müharibəsi fonunda Rusiyanın Qafqazda mövqeyinin zəifləməsi fikri ilə razılaşmır.

“Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanın mövcud resursları məhdud olsa da, Qərb ölkələrindən fərqli olaraq, Kremlin sahədə tərəflərə təsiretmə mexanizmləri var. Nəzərə alsaq ki, Ermənistanın bildirdiyinə görə, Azərbaycan ordusu Ermənistanın suveren ərazilərinə girib, belə olan halda sərhədlərin delimitasiya məsələsinin də asan olmayacağı görünür və Rusiya bu prosesdə də iştirak etmək istəyir”, – İqnatov qeyd edib.

Onun sözlərinə görə, Bakının məhz Ermənistandan keçən Zəngəzur dəhlizi ilə bağlı məsələni gündəmdə saxlaması regional güc mövqeyini qorumaq baxımından Moskvanın maraqlarına uyğundur.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan 2020-ci il, noyabrın 10-da əldə edilən üçtərərfli bəyannamənin şərtlərinə görə, Azərbaycanın qərb rayonlarının Naxçıvanla quru əlaqələrini qurmağa imkan yaratmalıdır.

Zaur Şiriyev son bir il ərzində, xüsusilə Azərbaycan Laçın dəhlizi üzərində sərhəd-keçid məntəqəsi yaratdıqdan sonra rəsmi Bakının Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyinin nisbətən yumşaldığını düşünür.

Onun sözlərinə görə, Bakının mövqeyi o idi ki, Laçın və Zəngəzur dəhlizi ilə bağlı eyni yanaşma olmalıdır. Yəni əgər Ermənistanla Qarabağı birləşdirən və Rusiya sülhməramlılarının nəzarətində olan bir dəhliz varsa, eyni kommunikasiya xətti Azərbaycan və Naxçıvan arasında da keçərli olmalıdır.

İlham Əliyev 2021-ci ildə Brüsseldə NATO-nun baş katibi Jens Stoltenberg-lə keçirdiyi mətbuat konfransında demişdi ki, Zəngəzur dəhlizinin hüquqi rejimi “Laçın dəhlizinin eynisi” olmalıdır.

Həmin vaxt Azərbaycan Laçında sərhəd-keçid məntəqəsini qurmamışdı, buna işarə edən Əliyev demişdi ki, Laçın dəhlizində gömrük olmadığından Zəngəzur dəhlizində də gömrük olmamalıdır: “Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.

Rəsmi Bakı kommunikasiyaların açılmasını “Zəngəzur dəhlizi” formasında ifadə etsə də, Yerevan “dəhliz” terminindən istifadənin doğru olmadığını və bu ifadənin bəyannamədə yer almadığını bildirib.

Azərbaycan və Türkiyə liderlərinin sentyabrın 25-də Naxçıvanda görüşündən sonra açıqlama verən Recep Tayyip Erdoğan bildirib ki, əgər Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsinə imkan verməzsə, bu yol İrandan keçə bilər.

Türkiyə Prezidenti artıq İrandan da Zəngəzur dəhlizi ilə bağlı “müsbət siqnalların” gəldiyini deyib.

Oleq İqnatov isə hesab edir ki, dəhlizin İrandan keçməsi Rusiyanı regional aktyor kimi bölgədəki layihədən kənarlaşdıra bilər ki, bu da Moskvanın maraqlarına ziddir.

“Zəngəzur dəhlizi ilə bağlı məsələdə Rusiya heç vaxt “dəhliz” ifadəsini işlətməsə də, kommunikasiya xətlərinin Ermənistandan keçməsində maraqlıdır. Çünki 10 noyabr bəyanatın şərtlərində göstərilir ki, belə olan halda Rusiyanın sərhəd xidməti bu yolun nəzarətini öz himayəsinə götürəcək. Lakin İrandan keçərsə, o zaman Rusiya prosesdən kənarda qalmış olur ki, bu da Moskvanın maraqları ilə üst-üstə düşmür. Bundan əlavə, nəqliyyat əlaqələrinin Ermənistandan yan keçməsi Yerevanı iqtisadi baxımdan daha da zəiflədə bilər ki, Rusiya bununla da barışmaq istəməyəcək, çünki Rusiya Ermənistanın zəifləməsini istəmir”, – siyasi tədqiqatçı deyib.

Rusiya Ermənistanı təhdid etdi: bu nə deməkdir?

Nikol Paşinyan sentyabrın 24-də xalqa müraciətində Rusiya sülhməramlılarını Azərbaycanın hərbi əməliyyatına qarşı hər hansı tədbir görməməkdə ittiham etdi və Qarabağdakı erməni əhalinin “etnik təmizlənməsinə səbəb olan” bu hadisəyə görə Moskvanın da “məsuliyyət daşıdığını” bildirdi.

Azərbaycan Ermənistanın səsləndirdiyi “etnik təmizlənmə” ittihamlarını qəbul etmir və bəyan edir ki, Qarabağdakı ermənilər Azərbaycan qanunvericiliyi çərçivəsində yaşaya bilərlər, lakin könüllü şəkildə gedənlərə də təhlükəsiz getmələri üçün şərait yaradılıb.

Qarabağın itirilməsində Paşinyan hakimiyyətini suçlayan rəsmi Moskva Ermənistanın Baş nazirinin xalqa müraciətini “Rusiyaya qarşı qəbuledilməz hücum” kimi qiymətləndirib və bu cür mesajların iki ölkə arasında “kin-ədavət doğurduğunu” qeyd edib.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda rəsmi Yerevanı “Qərbin öyüd-nəsihətlərinə qapılmaqda”, eləcə də “uğursuz xarici siyasətə görə məsuliyyəti öz üzərindən ataraq, Moskvanı günahlandırmaqda” ittiham edib.

Thomas De Waal Rusiyanın sərt bəyanatını Moskvanın “Ermənistanda rejim dəyişikliyi istəməsi” kimi qiymətləndirib.

“Mənə elə gəlir, hazırda Moskva Ermənistanda rejim dəyişikliyi üzərində işləyir və Qarabağda baş verənlərlə bağlı Bakı ilə konsultasiyalar aparır. Rusiya qədər bölgədə real imkanlara malik olmayan Qərb isə hazırda Ermənistanın suveren ərazilərini qorumağa çalışır”, – Thomas De Waal deyib.

Qranada görüşündə Paşinyanla bərabər Avropa İttifaqı Şurası, Almaniya və Fransa liderlərinin də imza atdığı bəyanatda Ermənistanın “müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına” dəstək verildiyi bildirilib.

Thomas De Waal-ın sözlərinə görə, Rusiya bəyanatda açıq şəkildə bildirib ki, Moskva Ermənistanın Qərbə yönəlməsini istəmir.

“Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq istəməsi, Putinin Ermənistan ərazisinə daxil olduğu zaman onun həbsini dəstəkləyən Beynəlxalq Roma statutunu qəbul etməyə çalışması (Ermənistan parlamenti Roma statutunu artıq ratifikasiya edib- red.) Kremldə belə bir fikir formalaşdırıb ki, artıq Yerevanda onun müttəfiqi yoxdur və Moskva Ermənistanı yenidən öz bildiyi siyasi istiqamətə yönəltmək istəyir”, – Carnegie Fondunun əməkdaşı əlavə edib.

Beynəlxalq Böhran Qrupunun Rusiya üzrə tədqiqatçısı Oleq İqnatov isə BBC News Azərbaycancaya müsahibəsində Putinlə Paşinyan arasında olan münasibətləri Rusiya ilə Ermənistan arasında olan münasibətlərdən fərqləndirməyin zəruri olduğunu deyib.

Onun fikrincə, Paşinyanın öz çıxışında Rusiyanı ittiham etməsi Kreml administrasiyasını bərk qıcıqlandırmışdı və Rusiya buna dözümlülük göstərmədi.

Oleq İqnatov tərəflərin bir-birinə qarşı səsləndirdiyi ittihamları Rusiya-Ermənistan arasındakı gərginlik kimi deyil, Kreml-Paşinyan arasında olan fikirayrılığı kimi xarakterizə edib.

“Moskvada düşünürlər ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra rəsmi Bakı ilə sülh müqaviləsi imzalamalı idi. Lakin Paşinyan bunu qeyri-müəyyən müddətə təxirə saldı. Yerevan bilirdi ki, belə olan halda, yəni işin birinci hissəsini görüb ikinci addımı atmaqdan yayınırsansa, o zaman Bakının əməliyyat keçirmə ehtimalını artırmış olur”, – siyasi tədqiqatçı deyib.

Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə münaqişədə olan Qərblə yaxınlaşmağa cəhd etməsi də Moskvanı narazı salan məqamdır.

Qarabağdan gedən ermənilər Paşinyana təhlükə yaradırmı?

Qarabağ ermənilər

Şəklin mənbəyi, Getty Images

Azərbaycanın Qarabağda apardığı “antiterror tədbirləri”ndən sonra on minlərlə etnik erməni Qarabağı tərk edib.

Ermənistan Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin eksperti Ruben Mehrabyan hesab edir ki, Qarabağdan gələn ermənilər Paşinyan hakimiyyətinə heç bir təhdid yaratmır. “Yalnız Dağlıq Qarabağda hakim səlahiyyətlərə malik olan, büdcə vəsaitlərinə əlləri çatan və şəxsi məqsədlərlə istifadə edən kriminal ünsürlər təhdid yarada bilər. Sadə adamlar artıq hər şeyi anlayır”, – o bildirib.

Thomas De Waal-ın fikrincə, Qarabağdan gedən ermənilər, xüsusilə də təhlükəsizlik idarələrində işləmiş və Moskva ilə əlaqəsi olanlar Paşinyan hökumətinə qarşı təzyiqlər göstərməyə çalışacaqlar.

Onun sözlərinə görə, Ermənistanda baş verənlərlə bağlı Paşinyandan narazı insanlar olsa da, əhalinin çoxu Koçəryan hakimiyyətinin qayıtmasını, ölkənin yenidən Rusiyanın təsiri altına düşməsini istəmir.

Zaur Şiriyev isə hesab edir ki, Qarabağdan gedən ermənilərin Paşinyan administrasiyasına təsir məsələsi hökumətin onların qəbul edilməsi və yerləşdirilməsi məsələsini nə dərəcədə uğurla yerinə yetirəcəyindən asılıdır.

Onun fikrincə, hazırda Qərbi narahat edən məqam odur ki, Ermənistanın bunu edəcək nə maliyyə, nə də institusional gücü var. Belə olan halda Ermənistana gələn “əsəbi kütlə hazırki siyasi proseslərdə katalizator rolunu” oynaya bilər.

“Məhz buna görədir ki, son vaxtlar ABŞ və Avropadan Ermənistana yardımlar artır və bu artmaqda davam edəcək. Çünki bu yolla onlar Ermənistana gələn köçün siyasi alətə çevrilməməsinə çalışırlar”, – siyasi təhlilçi qeyd edib.

Putin-Rəisi danışığında yenidən aktuallaşan 3+3 formatı reallaşa bilərmi?

Vladimir Putin İbrahim Rəisi

Şəklin mənbəyi, Getty Images

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 26-da İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı 3+3 formatını yenidən gündəmə gətirib.

3+3 formatı Ermənistan-Azərbaycan arasında yekun sülh razılaşmasının əldə edilməsi üçün irəli sürülən və Azərbaycan, Ermənistan, Gürcüstan üstəgəl Rusiya, Türkiyə İranın yer almasını hədəflədiyi regional platformadır.

Rəsmi Moskva və Tehran “bu formatın işinin intensivləşdirilməsi istiqamətində qarşılıqlı şəkildə fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildiriblər”, – liderlərin telefon danışığı ilə bağlı Kremlin yaydığı məlumatda qeyd edilib.

BBC News Azərbaycancaya danışan siyasi təhlilçilər Moskvanın bu addımını Qərbin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində daha aktiv rol oynamağa çalışması ilə əlaqələndirirlər.

Thomas De Waal hesab edir ki, Moskva 3+3 təklifini gündəmə gətirməklə regional gücləri bu məsələyə cəlb edərək Qərbi kənarda saxlamaq istəyir.

Siyasi tədqiqatçı Oleq İqnatov deyir ki, tək Rusiya deyil, Ermənistandan fərqli olaraq, elə Azərbaycan da Qərbi burada baş verənlərdən kənar saxlamaqda maraqlıdır. Bununla belə o, 3+3 formatının işləməyəcəyi qənaətindədir.

“Problem ondadır ki, Gürcüstanın Rusiya ilə, Azərbaycanın isə İranla problemləri var, ona görə də bu formatın işləyəcəyi real görünmür. Hesab edirəm, dördtərəfli yanaşma yəni Rusiya-Ermənistan, Türkiyə-Azərbaycan formatı daha uğurlu görünür”, – İqnatov bildirib.

Siyasi təhlilçi Ruben Mehrabyan 3+3 formatının Ermənistana yaxşı heç nə vəd etmədyini düşünür: “Moskva nə bir şey etmək, nə də bir iş görmək iqtidarındadır. İndi də İranı cəlb edərək, 3+3 formatı gündəmə gətirib, necə deyərlər, öz simasını xilas etməyə çalışır. Ermənistan bu kimi təklifləri qəbul etməməli, ümumiyyətlə cavab verməməlidir”.

Beynəlxalq Böhran Qrupunun Azərbaycan üzrə təmsilçisi Zaur Şiriyev isə düşünür ki, 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsi “tamamilə Rusiyanın monopoliyasında idisə, son üç il ərzində rəsmi Moskva bu imkanların demək olar ki, hamısını itirib”.

“Qarabağda Rusiya sülhməramlılarının funksiyasının və Rusiyanın orada nəzərdə tutduğu layihənin bugünki reallıqlarla davam etməsi mümkün deyil. Ona görə də, Kreml digər məqamlarda, xüsusilə sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılması məsələsində öz mövqeyini qorumağa çalışır. Ona görə də, 3+3 formatını canlandırmaq istəyir”, – Zaur Şiriyev qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin cümə axşamı Valday forumunda deyib ki, Qarabağın Azərbaycan ərazisi kimi statusu müəyyən ediləndən sonra sülhməramlılarımızın statusu “keyfiyyətdə dəyişikliyə uğrayıb” və Azərbaycan Prezidenti ona sülhməramlıların statusu ilə bağlı “ikitərəfli əsasda danışmağı” təklif edib və Ermənistan da buna etiraz etməyib.

Zaur Şiriyev Azərbaycan və Ermənistan arasındakı mövcud vəziyyəti, eləcə də Rusiya-Gürcüstan arasındakı reallıqları nəzərə alaraq 3+3 formatının işlək olmayacağı qənaətindədir.

Qarabağ Azərbycanın nəzarətinə keçdi: münaqişə bitdimi?

Xankəndi

Şəklin mənbəyi, Getty Images

Prezident İlham Əliyev “antiterror tədbirləri”ndən sonra xalqa müraciətində bildirmişdi ki, əgər 44 günlük müharibə zamanı Azərbaycan ərazi bütövlüyünü bərpa etmişdisə, antiterror tədbirləri nəticəsində isə öz suverenliyini bərpa etmiş oldu.

ABŞ-ın dövlət katibi Antony Blinken ilə Prezident İlham Əliyev arasında baş tutan telefon danışığı zamanı Əliyev ABŞ rəsmisinə daha hərbi əməliyyatların olmayacağını bildirib, Dövlət Departamentinin sözçüsü Matthew Miller mətbuata açıqlamasında deyib.

BBC News Azərbaycancaya danışan siyasi təhlilçilər isə hərbi əməliyyatların bitməsi ilə bağlı məsələyə şübhə ilə yanaşırlar.

Şənbə günündən etibarən Azərbaycan-Ermənistan sərhədində atışmaların olmasına dair ara-sıra xəbərlərin yayılmasını məhz bu münaqişənin fərqli istiqamətə doğru keçdiyini düşünənlər də var.

Oleq İqnatov bildirib ki, bundan əvvəl Azərbaycan Prezidenti avropalılara da hərbi əməliyyatların olmayacağını demişdi, amma bu baş verdi. Onun fikrincə, burada məsələ vəziyyətin necə inkişaf etməsindən asılı olacaq: “Əgər sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlərdə Bakı və Yerevan ortaq məxrəc tapa bilməsələr, o zaman hər şey mümkündür”.

Cənubi Qafqaz üzrə təhlilçi Thomas De Waal isə hesab edir ki, Qarabağın Azərbaycanın nəzarətinə keçməsi əslində “1923-cü ildə hazırlanan və 100 yaşı tamam olan “Dağlıq Qarabağ” layihəsinin sonu” olsa da, sülh əldə edilmədiyi üçün risklər hələ də mövcuddur.

“Amma əhali qalır, Qarabağdan Ermənistana köçən sakinlər qalır və onların çox hissəsi böyük ehtimalla yenidən dinc şəkildə Qarabağa qayıtmaq istəyəcəklər. Əlbəttə proqnoz etmək çətindir, lakin Qarabağ ermənilərindən bəziləri zorakı hərəkətlər də edə bilərlər”, – təhlilçi əlavə edib.

Rəsmi Bakı Qarabağ ermənilərinin təhlükəsizliyini qorumaq və onların hüquqlarını müdafiə etmək vədi verib və reinteqrasiya planını açıqlayıb.

Dövlət Miqrasiya Xidməti artıq bir neə etnik erməninin Azərbaycan vətəndaşlığını qəbul etmək üçün Xankəndidə onlara müraciət etdiyini deyib.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment