AXCP üzvü polisə müqavimət ittihamıyla həbs olunub

Yayımlandı: 6 Oktyabr 2023 13:06

Kənan Zeynalov çörək almağa gedərkən saxlanıldığını deyib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, eyni zamanda, partiya sədrinin ictimai əsaslarla mühafizəçisi olan Kənan Zeynalov oktyabrın 5-də həbs olunub.
57 yaşlı Kənan Zeynalova Suraxanı Rayon Məhkəməsinin qərarıyla 25 sutka inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə – polisə müqavimət göstərməkdə ittiham olunub.

Meydan TV-nin əldə etdiyi məlumata görə, AXCP üzvü haqqında 33-cü polis bölməsində inzibati xəta protokolu tərtib olunub:

“Həmin protokolda 33-cü bölmənin əməliyyat müvəkkilləri Nurlan Abdullayev, Əlövsət Əlizadə iddia ediblər ki, Kənan Zeynalov Yeni Günəşli qəsəbəsində yaşadığı binanın qarşısında qışqıra-qışqıra ünvansız söyüş söyüb. Bunlar da ona yaxınlaşıb, intizama dəvət ediblər. O isə bunlara hücum edib, əl-qol atıb, itələyib. Buna görə də onu tutub bölməyə gətiriblər”.

Kənan Zeynalov isə məhkəmədə də deyib ki, haqqında protokolda yazılanlar da, polislərin dedikləri də yalandır. Onu çörək almağa gedəndə saxlayıb gətiriblər. AXCP üzvü şərləndiyini vurğulayıb.

Lakin hakim Elnur Nuriyev onun haqqında 25 sutka inzibati həbs qərarı çıxarıb.

AXCP-dən Meydan TV-yə bildirilib ki, Kənan Zeynalov haqqında 25 sutkalıq həbs qərarından apelyasiya şikayəti veriləcək:

Çox təəssüf ki, Əliyev hakimiyyəti müxalifətə, tənqidçilərə qarşı repressiya siyasətindən əl çəkmək istəmir. Kənan Zeynalovun yaxınlarına onun saxlanması, məhkəmə qarşısına çıxarılması barədə məlumat verilməyib. O, təcridxanaya göndəriləndən sonra həbs olunduğu məlum olub. Halbuki, bunlar vətəndaşın təməl hüquqlarıdır”.

AXCP sədrinin daha bir mühafizəçisi Niyaməddin Əhmədov da 3 il yarımdır ki, həbsdədir.

Yazı Meydan.tv saytından götürülüb

Leave a Comment