Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyannaməni imzalayıb

Yayımlandı: 5 Oktyabr 2023 21:05

Şarl Mişelin hər iki ölkə rəhbərini Brüsselə görüşə dəvət etdiyi bildirilir

Ermənistanın Baş naziri Nikol Paşinyan Qranada sammitində Avropa İttifaqı, Almaniya və Fransa liderləri ilə görüşdə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü (86,6 kv/km) tanıyan bəyannaməni imzalayıb. Bəyannamənin mətni Avropa İttifaqı Şurası tərəfindən yayılıb.

Bu barədə oktyabrın 5-də Rusiyanın SİTA agentliyi məlumat yayıb.

Sənəddə Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qaldığı əks olunub.

Bildirilir ki, bu, artıq Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin 2023-cü il 14 və 15 may tarixli bəyanatlarında da qeyd edilib.

Həmçinin, qeyd olunub ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Nikol Paşinyanı və İlham Əliyevi oktyabrın sonunda Brüsseldə görüşə dəvət edib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Separatçı respublika nə vaxt yaranıb? 

1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib. Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə “Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.

Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.

Qarabağda son əməliyyatlar Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb. Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

 İkinci Qarabağ münaqişənin qısa xronikası

 2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb. Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.

Yazı Meydan.tv saytından götürülüb

Leave a Comment