Baş tutmayan Qranada görüşü: Paşinyanın “əhəmiyyətli sənəd” mesajına reaksiyalar

Deputat: “Paşinyanın dediyi konseptual sənəd ola bilərdi”

Oktyabrın 4-də Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Qranadada görüş baş tutsaydı, əhəmiyyətli sənədin imzalanması mümkün idi.

Azərbaycanın rəsmi orqanları bu barədə hələlik hər hansı açıqlama yaymayıblar.

Prezidentin köməkçisi Hikmət Hacıyev də “X” şəbəkəsində (keçmiş “Twitter”) Bakının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini dəstəklədiyini yazsa da, Paşinyanın açıqlamasına reaksiya verməyib.

Bəs söhbət Paşinyanın dediyi hansı dönüş əhəmiyyətli sənəddən gedir?

Siyasi şərhçi Əhməd Əlili Meydan TV-yə deyib ki, Avropa İttifaqı rəsmiləri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiya ilə bağlı irəliləyişin olmasını gözləyirlər:

Onlar Bakı ilə Yerevan arasında Zəngəzur dəhlizinin, iqtisadi əlaqələrin bərpasının danışıqlar mövzusu olduğunu deyirdilər. Bu məsələlərdə Rusiya dəhlizə necə diqqət yetirirsə, avropalılar da sərhədlərin delimitasiya və demarkasiyasına diqqət yetirir. Onlar hesab edir ki, bu məsələ həll olunarsa, sərhədlərdə problem yaşanmaz və hər hansı bir məsələdə tərəflər bir-birini ittiham etməz”.

Foto: Əhməd Əlilinin şəxsi arxivi

Çünki 2022-ci ilin sentyabr hadisələri sərhədlər delimitasiya olmadığı üçün baş verdi. Bu üzdən avropalı siyasətçilər bu məsələdə çox maraqlıdırlar. Ona görə onlar müəyyən irəliləyişin gözlənildiyini qeyd etmişdilər. Amma Nikol Paşinyanın açıqlaması İlham Əliyevin getməməsini şişirtmək məqsədi daşıyır”, – siyasi şərhçi qeyd edib.

Əhməd Əlili hesab edir ki, baş tutmayan görüşdə Avropa İttifaqı moderatorluq əldə edəcəkdi:

Əvvəlki dövrlərdə iri miqyaslı toqquşmalardan sonra Rusiya təşəbbüsü ələ alaraq Ermənistan və Azərbaycan liderlərinin Moskvada görüşünü təşkil edib. Amma Azərbaycan Fransanın davranışından və Türkiyənin dəvət olunmamasından qıcıqlandığından İspaniyaya getmədi”.

Arzu Nağıyev
Arzu Nağıyev. Foto: Deputatın şəxsi arxivindən

Deputat Arzu Nağıyev Meydan TV-yə bildirib ki, Paşinyanın dediyi konseptual sənəd ola bilərdi:

“İlkin mərhələ üçün ümumi prinsipləri özündə daşıyan bir sənəd mümkündür. Amma hansısa sülh sazişinin olmasını düşünmürəm”.

Siyasi şərhçi Şahin Cəfərli yalnız iki sənədin olmasını ehtimal edir:

“Birincisi, sülh sazişi, ikincisi də sülh müqaviləsinin əsas prinsiplərinə dair hansısa bəyanat qəbul oluna bilərdi. 2022-ci ilin oktyabrında keçirilən görüşün yekununda hər iki lider bir-birinin ərazi bütövlüyünü tanıyan bəyanata imza atdılar. Ən əhəmiyyətli sənəd olduğundan Kreml bunu vurğulayır ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra hadisələrin istiqaməti dəyişdi. Yəni Qarabağdakı son hadisələrə görə onu hədəfə alırlar”.

Şahin Cəfərli sülh müqaviləsinin belə tezliklə imzalanacağına inanmır:

Şahin Cəfərli
Foto: Şahin Cəfərlinin şəxsi arxivi

Böyük ehtimalla Paşinyan sülh sazişinin əsas prinsiplərini özündə əks etdirən hansısa sənədin qəbulundan bəhs edir. O da məlumdur ki, həm Şarl Mişelin, həm də Blinkenin vasitəçiliyi ilə aparılan danışıqlarda bir çox məsələlər razılaşdırılmışdı. Hikmət Hacıyev də demişdi ki, sülh sazişinin 70 faizindən çoxu razılaşdırılıb”.

İki məqam mübahisəli qalmışdı və Yerevan iki şərt irəli sürmüşdü: Birincisi, Qarabağ erməniləri ilə Bakı arasında dialoqun aparılması üçün beynəlxalq mexanizm yaradılsın. İkinci də, onların iddiasına görə Azərbaycan ordusu Ermənistanın içərilərinə daxil olub, hər iki dövlətin orduları sərhəddən müəyyən məsafəyə qədər geri çəkilsin. Birinci təklif son hadisələrdən sonra aktuallığını itirdi. İkinci isə mübahisə doğuran məsələ deyil”, – deyə siyasi şərhçi qeyd edib.

Onun sözlərinə görə, son hadisələrdən sonra Bakı və Yerevan sülhə daha da yaxınlaşıb:

Əlbəttə, əngəllər o baxımdan qalıb ki, maraqlı olmayan tərəflər var. Konkret olaraq, Rusiya Qərb müstəvisində aparılan danışıqların sülh müqaviləsi ilə yekunlaşmasını istəmir”.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Separatçı respublika nə vaxt yaranıb?

1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.

Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə “Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.

Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.

Qarabağda son əməliyyatlar

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

İkinci Qarabağ münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.

Yazı Meydan.tv saytından götürülüb

Leave a Comment