BMT missiyası: Xankəndidə “mülki infrastruktura ziyan dəyməyib

Şəklin mənbəyi, Getty İmages

BMT missiyası Xankəndidə mülki infrastruktura zərər dəymədiyini deyir. Bu barədə missiyanın bazar ertəsi axşam saatlarında yaydığı bəyanatda bildirilir.

Missiya araşdırma aparmaq üçün oktyabrın 1-də Xankəndiyə getmişdi.

Azərbaycan sentyabrın 19-20-də Qarabağda keçirdiyi “antiterror tədbirləri”ndən sonra üzləşdiyi “etnik təmizləmə” ittihamlarını rədd edərək BMT-nin missiyasının bölgədə işləməsinə şərait yaratmışdı.

“Antiterror tədbirləri”ndən sonra separatçı qurum özünü buraxıb, Azərbaycan bütöv Qarabağa nəzarətini bərpa edib, burda yaşayan etnik ermənilər isə kütləvi şəkildə Qarabağı tərk etməyə başlayıb.

Bazar ertəsi rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı planını açıqlayıb. Bir gün qabaq isə elan edib ki, artıq Dövlət Miqrasiya xidməti Xankəndidə əhalinin reinteqrasiya prosesinə başlayıb.

Ermənistan 100 mindən çox erməninin Qarabağı tərk etdiyini deyir. BMT bir həftə ərzində gedənlərin sayının 88 mindən çox olduğunu bildirib.

Azərbaycan hökuməti Qarabağı tərk edənlərin sayını açıqlamayıb.

Ermənistan Qarabağda 120 min, Azərbaycan 50 min etnik erməninin yaşadığını deyir.

“Şəhərdə heç bir mağaza açıq deyil”

Missiya Xankəndi şəhərində az əhali qaldığını müşahidə edib və həmsöhbət olduğu adamlardan Qarabağda 50-1000 arası erməni sakini qaldığını eşidib.

Bəyanatda deyilir ki, missiya üzvləri baş çəkdikləri yerlərdə mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara hər hansı bir ziyan dəydiyini görməyiblər, həmçinin müşahidə ediblər ki, Azərbaycan hökuməti şəhərdə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşır.

“Missiya müşahidə edib ki, şəhərdə heç bir mağaza açıq deyil”, – bəyanatda deyilir.

Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olub.

Bəyanatda deyilir ki, kənd yerləri haqqında məlumatın və oralara çıxışın məhdud olduğunu nəzərə alaraq, orda heyvandarlıq və əkinçiliklə bağlı, o cümlədən fermerlərin qarşıdan gələn mövsümdə buğda səpininə əlçatanlığı və ya hazır olub-olmaması barədə məlumat yoxdur.

“Missiya üzvləri kənd təsərrüfatı infrastrukturunun dağıdılmasını və ya yollarda ölmüş heyvanları müşahidə etməyib”, – məlumatda deyilir.

Missiyanın apara bildiyi söhbətlərə əsasən, indiki mərhələdə yerli əhalinin geri qayıtmaq niyyətində olub-olmadığını müəyyən etmək çətindir. Aydın olan odur ki, etimad və inamın yaradılması lazımdır və bunun üçün vaxta və bütün tərəflərin səylərinə ehtiyac var, missiyanın bəyanatında vurğulanıb.

Məlumatda o da deyilir ki, missiya Laçın dəhlizində Ermənistana doğru hərəkət edən heç bir mülki avtomobilə rast gəlməyib, amma Xankəndi şəhərində onlarla sərnişini Ermənistana aparan avtobus görüb.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment