Azərbaycanın Qarabağ seçimi: “etnik təmizləmə”, yoxsa tarixi dəyişmək şansı?

Şəklin mənbəyi, Getty Images

Hərbi əməliyyatlar nəticəsində ermənilərin nəzarətində olan ərazilər Azərbaycanın nəzarətinə keçdikdən sonra minlərlə Qarabağ ermənisi oranı tərk edir.

Qarabağ erməniləri Azərbaycan hakimiyyətinin onların təhlükəsizliyinin təmin ediləcəyi və hüquqlarına hörmət olunacağı ilə bağlı verdiyi vədlərinə inanmırlar.

35 illik münaqişədən sonra onları inandırmaq asan olmayacaq, lakin bu, ilk növbədə Azərbaycandan asılıdır, münaqişə üzrə ekspert və reinteqrasiya üzrə Qafqazda sonuncu nazir Paata Zakareişvili deyir.

Təhsilinə görə filosof olan Zakareişvili Gürcüstan vətəndaş cəmiyyətinin fəal xadimi kimi, gürcü-abxaz münaqişəsi zamanı hərbi əsirlərin və itkin düşmüş şəxslərin axtarışı və mübadiləsi ilə məşğul olub.

Gürcüstan hökumətinin üzvü vəzifəsində o, üç baş nazir dəyişib, lakin son nəticədə Abxaziya ilə Cənubi Osetiyanın reinteqrasiyasına nail ola bilməyib.

O, 2012-ci ildə nazir olmaq təklifi ilə razılaşanda, ilk növbədə Reinteqrasiya Nazirliyinin adından “reinteqrasiya” sözünü çıxarıb “barışıq və vətəndaş bərabərliyi” ilə əvəz etmişdi. O bunu niyə etmişdi?

– Çünki reinteqrasiya münaqişənin həllinin son mərhələsidir. 2012-ci ildə mən təyin olunanda abxazlar və osetinlərlə heç bir reinteqrasiyadan söhbət gedə bilməzdi. Onlar bizimlə danışmırdılar. Şəxsən mənimlə yaxşı münasibətdə ola bilərdilər, amma mən onlar üçün qətiyyən qəbuledilməz vəzifə tutduğum üçün mənimlə rəsmi, formal olaraq danışmadılar. Qeyri-rəsmi – Allah xatirinə – telefonla və sairə, hətta gürcü dilində danışa bilərdin. Ona görə də bütün ili nazirliyin adını dəyişməyə sərf etdim.

Mən adı dəyişən kimi Abxaziya və Cənubi Osetiya tərəfləri ilə danışıqlar və təmaslar başladı. Düşünürəm ki, biz bir ili boş yerə sərf elədik.

Mən reinteqrasiya əleyhinə deyiləm, amma bu, qarşılıqlı olmalıdır, könüllü olmalıdır və yetkinləşməlidir. Gürcüstanda bu baş verməmişdi, vəziyyət hələ yetişməmişdi.

Mən ondan çıxış edirdim ki, biz vətəndaş bərabərliyi məsələlərini nə qədər tez qaldırsaq və həll etsək, münaqişələri də artıq daha asan həll etmək olar, şərti desək, çünki bu, Gürcüstanda olduqca ağır məsələlərdir. Və hesab edirəm ki, yalnız sülh yolu ilə, heç bir yerə tələsmədən, bu məsələlər tədricən üzə çıxarılmalı və həll edilməlidir.

Ermənistan-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti kontekstində Azərbaycan daxilində, Qarabağ kontekstində və Ukrayna kontekstində, təbii ki, yeni reallığa yenidən baxmaq və müvafiq olaraq, düzgün qərarlar qəbul etmək lazımdır.

Qarabağ konflikti

Şəklin mənbəyi, PAATA ZAKAREISHVILI FAMILY ARCHIVE

Şəklin alt yazısı,

Paata Zakareişvili deyir ki, Azərbaycan reinteqrasiyanın sözdə, yoxsa əməldə olacağına qərar verməlidir

– Qarabağ münaqişəsindən söz düşmüşkən: Yevlaxda ilk danışıqlar keçirildi, amma, görünür, qarşıda kifayət qədər uzun yol var. Ancaq ilk addım atılıb. Bu prosesdə, sizcə, Qarabağda erməniləri və azərbaycanlıları gözləyən ən çətini nədir?

– Hər necə olsa da, ən çətini ondan ibarətdir ki, Azərbaycan hansı statusu seçdiyinə dair bir qərara gəlməlidir: bu, doğrudanmı inteqrasiyadır, yoxsa bütün bunlar, sadəcə sözlərdir və əslində söhbət etnik ermənilərin Qarabağdan sıxışdırılıb çıxarılmasından gedir? Bu, çox vacib məqamdır və biz bunu altı aydan sonra biləcəyik.

– Sizcə, inteqrasiya necə görünməlidir?

– Əgər Azərbaycan inteqrasiya strategiyasını seçirsə, o zaman bütün dünyaya sübut etməlidir ki, biz həqiqətən də, tam səmimiyyətlə, istəyirik ki, bizim etnik erməni vətəndaşlarımız Azərbaycan ərazisində qalsınlar.

Etiraf etməliyik ki, bu, ağır vəziyyətdir, çoxlu qan tökülüb və aramızda etimad çox aşağıdır. Ona görə də biz heç nədə israr etmirik. Sizi başa düşürük, ona görə də Ermənistan vətəndaşlığında yaşamaq istəyənlərə bir növ keçid dövrü elan edirik, beş və ya 10 il, siz öz evinizdə maksimum təhlükəsiz şəraitdə yaşaya bilərsiniz. Amma Azərbaycan vətəndaşlığını qəbul etsəniz, bəzi üstünlükləriniz olacaq, demək ki, müsbət diskriminasiya tətbiq olunacaq.

Biz erməni dilinin, eləcə də kilsənizin və digər fundamental kimlik dəyərlərinizin qorunması üçün hər şeyi edəcəyik, Laçın keçid məntəqəsinin açıq olmasını və sizin Ermənistana sərbəst gediş-gəlişinizi təmin edəcəyik.

Azərbaycan vətəndaşlığını qəbul edənlər ali məktəblərə qəbulda, iqtisadi fəaliyyətdə, bank sisteminə çıxışda, xaricə səfərdə, siyasi hüquqlarda, Bakıda və ya digər bölgələrdə işə düzəlməkdə üstünlüklərə malik olacaqlar. Bax, bu məqamlar dilə gətirilməlidir.

Daha sonra – polis və yerli özünüidarəetmə necə işləyəcək, insanlar özlərini necə reallaşdıracaq, orduya çağırış necə təşkil olunacaq, erməni gəncləri harada xidmət edəcək? Düşünürəm ki, yenə də ən azı beş il müddətinə moratorium olmalıdır ki, “dedovşina” və “qeyri-nizamnamə” münasibətlərindən uzaq tutmaq üçün onlar hərbi xidmətə çağırılmasın, yeni dövlətdə həyata öyrəşsinlər.

Hər necə olsa da, bullinq müxtəlif yerlərdə hansısa formada mövcud olacaq. Adi insanlar səviyyəsində bunu kökündən ləğv etmək mümkün deyil. Ancaq başlıcası odur ki, zorakılığa – istər orduda, istərsə də digər sahələrdə – reaksiya necə olacaq.

Nəzəri cəhətdən bizdə Avropa təcrübəsi var, nə zaman ki, [Almaniya kansleri Konrad] Adenauer və [Fransa prezidenti Charles] de Gaulle qərara gəldilər ki, fransızlarla almanlar daha belə yaşaya bilməzlər – iki dünya müharibəsi keçmişdi və onlar dəhşətli işlər görmüşdülər. Onlar, iki dünya müharibəsində bir-birinə qarşı döyüşən iki general (Adenauer döyüşməyib və general olmayıb – red.) yeni Avropa yaratdılar.

[Azərbaycan Prezidenti İlham] Əliyevin unikal şansı var. Təəssüf ki, indi deyəcəyimə çox da inanmıram, amma onun “hamımız, biz ermənilərlə azərbaycanlılar arasında çoxəsrlik anlaşılmazlığa son qoymalıyıq. Və qoy bu, mənim zamanımda baş versin, necə ki, mən cavan və fəalam” demək üçün unikal şansı var.

Qoy bu məsələ öz həllini tapsın və Avropada olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsini əbədi olaraq tarixin arxivinə qovuşduracaq yeni bir formada ifadə edilsin. Qoy bu, tariximizdə dəhşətli yuxu kimi qalsın.

Bu, tarixi şansdır, başqa heç kimin belə şansı olmayacaq, ya o, bu ştanqı qaldıracaq, ya da ən azından, yaxın gələcəkdə heç kim qaldırmayacaq. Ona görə də, əlbəttə, bu istiqamətdə ciddi bəyanatlar vermək çox vacibdir. Mən hələ bu istiqamətdə addımların heç bir işarəsini görmürəm. Lakin çox istəyərdim ki, səhv edim.

Laçın sərhəd buraxılış məntəqəsi

Şəklin mənbəyi, Getty Images

– Amma aydındır ki, münaqişə ikitərəfli hərəkətli yoldur. Və ermənilər də müəyyən addımlar atmalıdırlar. İndi onlar üçün də çox çətindir, çünki qurbanlıq hissi, məğlubiyyət həqarəti və s. Sizcə, Qarabağdakı ermənilərin və Ermənistandakı ermənilərin bu vəziyyətdən çıxmasına və Azərbaycana doğru yaxnlaşmasna hansı addımlar kömək edə bilərdi?

– Yəqin ki, təkrar edəcəyəm, amma ilk addımı Azərbaycan atmalıdır, çünki bu, Azərbaycanın ərazi bütövlüyü, milli suverenliyi məsələsidir.

İkinci addımı, müqabil addımı, mütləq Azərbaycan ərazisində qalmaq istəyən etnik ermənilər atmalıdır. İndi onlar gələcəkləri üçün qorxu içindədirlər, lakin ümid də var ki, bu qorxu, ola bilsin, əsassızdır. Ona görə də istər Ermənistanda, istərsə də Azərbaycanda ermənilər arasında mütləq gərək sərbəst fikir mübadiləsi olsun.

Ermənilərin Azərbaycanla qonşu kimi və Azərbaycanın daxilində vətəndaşlar kimi həyatı ilə bağlı məsələləri müzakirə etmək azadlığı olmalıdır. Bunlar həm Ermənistan daxilində, həm də diasporada açıq, səmimi söhbətlər olmalıdır.

Ermənilər bu məsələləri istər Bakıda ictimai şəraitdə, istərsə də yerlərdə qonşuları ilə sərbəst müzakirə etmək imkanına malik olmalıdırlar. Bir sözlə, Ermənistanda bu mövzulara – yəni, əgər sən belə deyirsən, demək, Azərbaycan casusu, yaxud milli xainisən – qoyulan qadağa götürülməlidir.

Mən bunu bir gürcü kimi tək ona görə demirəm ki, biz də bu yoldan keçmişik, biz hələ də belə yaşayırıq, odur ki, Qafqazda bir-birimizdən çox da fərqlənmirik. Bu, özlüyündə pis deyil. Qafqazlı olduğum üçün xoşbəxtəm. Mən tez-tez həm Ermənistanda, həm də Azərbaycanda oluram. Mən elə hiss edirəm ki, mənim evim Gürcüstan deyil, Qafqazdır.

Bu baxımdan, mən güman edirəm ki, biz bir-birimizə çox oxşayırıq – istər müsbət, istərsə də mənfi mənada. Bizə mane olan pis xüsusiyyətlərdən biri də odur ki, əgər çoxluq nəyisə bəyənmirsə, deməli, azlıq xaindir. Bax, bunu biz həmişəlik kökündən silməliyik, çünki bolşevik yanaşması qalır: çoxluq haqlıdır, azlıq isə eləcə satqın deyil, düşməndir və siz onlara nə istəsəniz, edə bilərsiniz. Cəmiyyətlərimizdəki bu əxlaqsız bolşevizmə birdəfəlik son qoymalıyıq.

Yaxşı olardı ki, ermənilər bu kontekstdə lider ola bilsinlər və bunun üstündən addaya bilsinlər, bəyan etsinlər ki, hər bir fikrin yaşamaq hüququ var və bu mənada, hamı bərabərdir. Azərbaycanda yaşamaq istəyənlər isə orada yaşaya bilərlər və biz onların orada yaşaması üçün hər şeyi etməliyik, oraya inteqrasiyasına kömək etməliyik.

Bu, Ermənistan tərəfindən çox yaxşı olardı. Həm də ona görə ki, kollektiv məsuliyyət bolşeviklərdən miras qalmış dəhşətli bir fenomendir ki, əksəriyyət haqlıdırsa, susmalı, səsinizi kəsməlisiniz.

Bax, belə olmamalıdır. Və ermənilərin indi bunun öhdəsindən gəlmək üçün unikal şansı var, çünki həm Azərbaycanda, elə Gürcüstanda da bu bolşevizm bu ölkələrin vətəndaşlarının fərdi qərarlarına təsir edir.

İkincisi. Ermənistan özünü siyasət subyekti kimi dərk etməlidir, çünki indiyə kimi Rusiya siyasətinin obyekti olub. Mənim sözlərim bəzilərinə gürcümərkəzçilik kimi görünə bilər, lakin bu, belə deyil. Düşünürəm ki, Rusiyanın olduğu yerdə həmişə problemlər olmalıdır: son nəticədə insanlara istədikləri qaydada yaşamaq imkanı verilmir.

Ona görə də, müvafiq olaraq, mənə elə gəlir ki, Ermənistan Rusiya siyasətinin obyekti olmaqdan əl çəkməli, Cənubi Qafqaz siyasətinin subyektinə çevrilməlidir.

Bu, həm Bakı, həm Ankara, həm də, təbii ki, Brüssel və bütövlükdə Avropa ilə ümumi əlaqələr axtarmaq və tapmaq deməkdir. Hesab edirəm ki, Cənubi Qafqazın gələcəyi NATO-dan, Avropa İttifaqından keçir. Bu istiqamətdə irəliləyişdə Ermənistan liderlərdən biri ola bilərdi.

Qarabağ konflikti

Şəklin mənbəyi, Getty Images

– Son 30 ildə biz gördük ki, beynəlxalq ictimaiyyət və beynəlxalq vasitəçilər, ATƏT-in Minsk Qrupu, Avropa İttifaqı, ABŞ və Rusiya hamısı birlikdə və ayrı-ayrılıqda Azərbaycan-Ermənistan münaqişəsində nəyisə dəyişməyə çalışırdılar və onlarda bu alınmırdı. Yaxud alınırdı, amma qısa müddətə. Azərbaycanın hazırkı mövqeyinə baxsaq, o bu vasitəçilikdən yorulub və hesab edir ki, öz suverenliyi və erməni azlığı ilə nə etmək məsələsini özbaşına həll etmək iqtidarındadır. İndi o, Qarabağ məsələsini öz daxili işi hesab edir. Beynəlxalq birlik – həmin ABŞ, yaxud Avropa İttifaqı – bununla bağlı nə edə bilər?

– Bəli, dəvət olunmayanda proseslərdə iştirak etmək çox çətindir. Hər halda, hələ Cənubi Qafqazda Qərbi gözləyən yoxdur.

Biz qafqazlılar çoxəsrlik nadir tariximizdən danışmağı sevirik. Amma bu gün Cənubi Qafqazda baş verənlər bu regionun tarixində heç vaxt – hətta 600-700 ildə, ələlxüsus son 50 ildə baş verməyib.

Nə olub? Üç imperiya olub: iki müsəlman – Fars və Osmanlı, sonra isə pravoslav – Rusiya imperiyası. Və bu üç imperiya bu və ya digər şəkildə hər şeyi öz aralarında parça-parça bölüşdürürdülər. Sonra Sovet imperiyası, sonra MDB olub. İndi isə Cənubi Qafqazda 600-700 və ya daha çox ildə ilk dəfə bu üç dövlət tək qalır və təəssüf ki, heç də həmişə ən yaxşı qərarları qəbul etmirlər.

Ancaq indi özümüz onları dəvət etməsək, heç bir imperiya bizə diktə edə bilməz. Tarixdə ilk dəfə Cənubi Qafqazın üç dövləti bütün məsələləri öz aralarında həll edə bilir.

Başa düşürəm ki, onların sayı çoxdur. Üstəlik, bəzi uzaq qurumlar var, məsələn, NATO, Avropa İttifaqı və s. kimi. Məhz bu tarixi fonda məsuliyyət dövlətlərimizin – Gürcüstanın, Ermənistanın, Azərbaycanın – üzərinə düşür.

Bəlkə indi Azərbaycanın Ermənistanla bu münaqişəyə son qoymaq üçün ilk dəfə şansı var. Ermənistan buna necə cavab verəcək? Qarşılıqlı siyasətin hansısa bir sinxronizasiyası başlanmalıdı. Müasir fransız-alman, ingilis-fransız münasibətləri də beləcə əzablar içində doğulub. Baxın, bizim nümunələrimiz var, biz bu istiqamətdə hərəkət edə bilərik.

Bu üç dövlətin öz aralarında hansısa ümumi parametrləri, dəyərləri necə tapa biləcəyindən asılı olaraq, kənardan kimisə dəvət etmək olar.

Demək lazımdır ki, Türkiyə 100 ildən sonra ilk dəfə Qafqaza qayıtdı. Bu, kimlərinsə xoşuna gələ bilər, kimlərinsə – yox, lakin bu, reallıqdır. Cənubi Qafqazdakı bu kiçik otaqda tək bir fil var idi – Rusiya, indi isə Türkiyə ilə birlikdə iki fil var.

Bu fonda, fikrimcə, biz – üç Cənubi Qafqaz ölkəsi – bu bölgədə kimi görmək istədiyimizə və onlarla necə işləyəcəyimizə dair bir qərara gəlməliyik.

Bunun hansı ardıcıllıqla baş verəcəyi vacib deyil, ancaq biz Avropaya doğru hərəkət etməliyik. Onların heç biri zorla özünü bizə sırımayacaq – onlar Rusiya deyil. Biz elə etməliyik ki, Qərb, Avropa, demokratik təsisatlar üçün cəlbedici olaq.

– Ukraynanın işğalından sonra Rusiya beynəlxalq siyasətdə getdikcə daha çox təcrid olunur, lakin eyni zamanda, Cənubi Qafqazda öz təsirini davam etdirir, Rusiya sülhməramlıları Qarabağdadır. Sizcə, Rusiya bu gün Qarabağda barışıq prosesində Ermənistan və Azərbaycana təsir göstərməyə qadirdirmi? O orada hansı yeri tuta bilər?

– Düşünürəm ki, Qarabağ kontekstində bu gün dörd oyunçu var. Oyunçuların biri iki simadadır – Azərbaycan və Türkiyə. Azərbaycan öz maraqlarını həyata keçirir, Türkiyə isə təhlükəsizlik zamini kimi çıxış edir və hamıya göstərir ki, heç kimə Azərbaycanla güc mövqeyindən danışmağa yol verməz.

Üçüncü oyunçu, istənilən çirkin hərəkətə, həmçinin öz müttəfiqi Ermənistanı “atmağa” hazır olan Rusiyadır, təki Cənubi Qafqazda qalsın.

Lakin Rusiyanın 2025-ci il problemi var, bu vaxt Rusiya sülhməramlılarının Qarabağda qalıb-qalmaması məsələsi həll olunmalıdır – bu, aydın şəkildə 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunub.

İki ay əvvəl Türkiyə əsir düşmüş keçmiş “Azovstal” döyüşçülərini Ukraynaya təhvil verəndən dərhal sonra Erdoğan bəyan etdi ki, 2025-ci ildə Azərbaycanda rus qoşunları olmayacaq. Bu sözlərə az adam diqqət yetirdi. Hətta Əliyev bu barədə bu qədər birmənalı bəyan etməmişdi. Türkiyə, həqiqətən Rusiyanı ən azı Azərbaycanda görmək istəmir.

Ancaq Ermənistanda da bununla bağlı iğtişaşlar müşahidə edirik. Hətta Rusiya Ermənistanda, Ermənistan isə KTMT və Avrasiya İqtisadi Əməkdaşlıq Birliyində qalsalar belə, Ermənistan cəmiyyəti artıq Rusiyaya etibar etmir. Bu, çox vacibdir.

Ona görə də mən birinci sualımıza qayıdıram: Azərbaycanın strategiyası nədir? Əgər onun strategiyası erməni əhalisini inteqrasiya etməkdirsə, o zaman Qarabağda Rusiya heç də lazım deyil. O, orada yalnız maneə olacaq.

Amma Azərbaycanda erməniləri Qarabağdan tamamilə sıxışdırıb çıxarmaq mövqeyi qalib gəlsə, o zaman hər şeyi Rusiyanın boynuna qoymaq olar: yəni ermənilərin təhlükəsizlik təminatçısında heç nə alınmadı.

Ona görə də hesab edirəm ki, Rusiyanın yeri Qafqazdan kənarda, yəni Qafqaz silsiləsinin şimalındadır. Amma bunun üçün gərək bu üç ölkə – Azərbaycan, Ermənistan və Gürcüstan – səyləri və mövqelərini birləşdirsinlər.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment