Müharibə qənimətlərinin nümayişi və qaçqınların qorxusu: BBC müxbiri Olqa İvşina Şuşadan xəbər verir

  • Müəllif, Olqa İvşina
  • Vəzifə, BBC, Şuşa

Sentyabrdakı eskalasiyadan sonra ilk dəfədir Azərbaycan ordusu BBC müxbiri də daxil olmaqla, jurnalistlərin Qarabağa girməsinə icazə verib.

Qarabağ ermənilərinin son günlərdə təslim etdikləri ağır hərbi avadanlıqlar və silahlar media nümayəndələrinə göstərilir. Bu arada, şahidlərin sözlərinə görə, Xankəndi/Stepanakertdə humanitar böhran daha da pisləşir.

T-72 tankı, bir neçə BMP-2 piyada döyüş maşınları, pulemyotlar, avtomatlar, mina atanlar, əl qumbaraları, mina və sursatlarla dolu qutular, patronlar, zirehli gödəkçələr və dəbilqələrdən qurulan piramidalar – bunlar Azərbaycan ordusunun nümayiş etdirdiyi qənimətlərin tam siyahısı deyil. Hərbçilərin bildirdiyinə görə, silahlı erməni birləşmələri son iki gün ərzində bütün silahlarını təslim edib.

Qarabağ, Azərbaycan, Rusiya, Ermənistan, münaqişə

Azərbaycan hökuməti açıqlayıb ki, onlar Rusiya sülhməramlıları ilə birgə “separatçıların təslim etdikləri silahları yığmağa davam edirlər”. Bu amil atəşkəs üçün əsas şərtlərdən biri olub.

Rəsmi Bakının Azərbaycanın mədəni paytaxtı elan etdiyi Şuşadakı hərbi bazanın həyətində azərbaycanlı rəsmilər hərbi qənimətləri fəxr hissi ilə jurnalistlərə və Bakıdan Şuşaya gətirilən xarici ölkələrin hərbi attaşelərinə nümayiş etdirirlər.

Qarabağ, Azərbaycan, Rusiya, Ermənistan, münaqişə
Qarabağ, Azərbaycan, Rusiya, Ermənistan, münaqişə

BBC-nin təxmini müqayisəsinə görə, silah və hərbi texnikaların cəmləşdirildiyi sahə futbol stadionunun yarısı qədər olan bir ərazini əhatə edir.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağ erməniləri bugünədək 800-dən çox avtomat və 5 minə yaxın sursatı təslim ediblər.

Qarabağ, Azərbaycan, Rusiya, Ermənistan, münaqişə
Qarabağ, Azərbaycan, Rusiya, Ermənistan, münaqişə

Xankəndi nişan altında

Azərbaycan hərbçiləri Şuşada çox sevincli görünürdülər və gülümsəyirdilər. Onlar aydın şəkildə rəsmi Bakının sentyabrda həyata keçirdiyi hücumdan məmnun idilər. Lakin Şuşanın girişinə yaxın yerləşən sülhməramlılara məxsus postda dayanmış rus hərbçilərinin üzündəki ifadə ciddiydi.

Şuşa küçələrində mülki əhali ilə üz-üzə gəlmək demək olar ki, qeyri-mümkündür. Orada yalnız əsgərlər, polis və tikinti-bərpa işlərinə cəlb edilən işçilər var.

Son eskalasiya zamanı Şuşada zərər görən yeganə ev jurnalistlərə göstərilib. Həmin vaxt şəhərin bərpa işlərində çalışan bir mülki şəxs – mühəndis işçi həlak olub. Bununla eyni vaxtda isə Azərbaycanın endirdiyi zərbələr nəticəsində 10-u uşaq olmaqla ümumilikdə 200-ə yaxın Qarabağ ermənisi ölüb.

Son bir neçə gün ərzində Qarabağ tərəfi ölənlər və ya yeni atışmalar barədə hər hansı məlumat verməyib. Buna baxmayaraq, Şuşanın yollarında və yoxlama postlarında aydın şəkildə hiss olunur ki, gərginlik hələ səngiməyib.

Şuşaya əvvəlki səfərlərimizlə müqayisədə indi burada daha çox hərbçi və hərbi avadanlıq var.

Qarabağ, Azərbaycan, Rusiya, Ermənistan, münaqişə

Şəhərin strateji yüksəkliklərindən birində Xankəndi/Stepanakertə tərəf tuşlanmış ən azı altı minaatan gördük. Bir il əvvəl şəhərin bu hissəsində heç adi silah da yox idi.

Qarabağ, Azərbaycan, Rusiya, Ermənistan, münaqişə
Şəklin alt yazısı,

Xankəndiyə tuşlanmış minaatanlar.

İnsanlar açıq səma altında

Qarabağ, Azərbaycan, Rusiya, Ermənistan, münaqişə

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Qarabağın erməni sakinləri əməliyyatlardan sonra çadırlara sığınıb

Jurnalistlər tam hazır olmayan silah sərgisini ziyarət etməyə aparılarkən, Qarabağda hava tədricən qaralırdı. Gecənin düşməsi ilə Şuşanın parlaq işıqlı küçələri Azərbaycan ordusunun mövqelərindən aydın görünən Xankəndinin qaranlığı ilə təzad təşkil etməyə başladı.

Azərbaycan sentyabrın 25-də Xankəndi şəhərinin elektrik enerjisini Ermənistanınkından ayıraraq Azərbaycanın enerji sisteminə qoşub və şəhərə elektrik verilib.

Son 30 il ərzində Qarabağda yaşayan 120 min etnik erməninin taleyi qeyri-müəyyən olaraq qalır. Xankəndi sakinlərinin sözlərinə görə, şəhərdə və aeroportda vəziyyət olduqca pisdir – kifayət qədər qida və dərman yoxdur. Şəhərdə, həmçinin su və sabit telefon rabitəsi də mövcud deyil.

Şənbə günü Beynəlxalq Qızıl Xaç regiona 70 ton ərzaq çatdırdı. Rusiya sülhməramlıalrı da regiona humanitar yardım göndərdiklərini deyirlər, lakin göstərilən yardımın həcmi məlum deyil. Azərbaycanlı nümayəndələr ərzaqla dolu əlavə yükləri göndərməyə hazır olduqlarını deyirlər, lakin Qarabağ erməniləri hətta əvvəl göndərilən yardımı götürməkdən imtina ediblər.

Azərbaycan Qarabağ üzərində hərbi nəzarətə yiyələndikdən sonra, minlərlə Qarabağ ermənisi Xankəndidəki hava limanı (Xocalı aeroportu-red.) yaxınlığında qurulan çadırlara gəliblər.

Azərbaycan hərbçilərinin hücum edəcəyindən qorxan insanlar yaxınlıqda yerləşən Rusiya sülhməramlılarının onları qoruyacağına ümid edirlər.

Qarabağ, Azərbaycan, Rusiya, Ermənistan, münaqişə

Şəklin mənbəyi, EPA

Baku bölgədəki əhalini reinteqrasiya etməyə hazır olduğunu açıqlayıb.

“Əgər biz mülki əhalini, qadın və uşaqları düşünməsəydik, çox asanlıqla Xankəndiyə girərdik”, – Qarabağın erməni nümayəndələri ilə danışıqlarda iştirak edən azərbaycanlı rəsmilərdən biri BBC-yə deyib.

“Biz Qarabağda yaşayan erməni və azərbaycanlıların təhlükəsizliyini qarantiya etməyə hazırıq. Buna nail olmaq üçün ərazini minalardan təmizləməyə başlamışıq. Sığınacağı olmayan şəxslər üçün çadır düşərgələri qurmuşuq. Kəlbəcər, Füzuli və Ağdam rayonlarında bü cür düşərgələr qurulub. Minlərlə insanın yaşaya biləcəyi düşərgələrin hər birini istilik, su və qida ilə təmin etməyə hazırıq”, – Azərbaycanın Müdafiə Nazirinin sözçüsü Anar Eyvazov bildirib.

Buna baxmayaraq, qarşılıqlı inamsızlıq, eləcə də alçaldılma və təqib qorxusu bir çox etnik erməniləri bu cür düşərgələrdə yaşamaqdan çəkindirir.

“Yaşıdlarımdan mövcud şərtlər altında burada qalmaq istəyən kimisə tanımıram. Digər tərəfdən də, yaşlı qohumlarım burada ölmək istədiklərini deyirlər. Onlar əvvəlki Qarabağ müharibələrində oğullarını itiriblər”, – Xankəndidə yaşayan jurnalist Siranush Sargsyan bildirib.

“Mənimlə eyni yaşda olan insanlar üçün bu, artıq dördüncü müharibədir”, – Sargsyan əlavə edib.

Qarabağ, Azərbaycan, Rusiya, Ermənistan, münaqişə

Ermənistan-Azərbaycan sərhədinə səfər edən ABŞ-ın Konqress nümayəndələrinin rəhbəri senator Gary Peters Qarabağ sakinlərinin “qorxu içində olduqlarını” deyib və beynəlxalq müşahidə missiyasının yaradılması üçün çağırış edib.

“Hesab edirəm, dünya burada baş verənləri bilməlidir. Biz Azərbaycan hökumətinin narahatlığa heç bir səbəb olmadığını deyən bəyanatlarını eşitdik. Əgər məsələ həqiqətən də belədirsə, o zaman beynəlxalq müşahidəçilərə bunu təsdiqləmək imkanı yaradılmalıdır”, – Peters qeyd edib.

Lakin Azərbaycan hərbçiləri jurnalistləri Xankəndiyə yaxın getməyə qoymur və media nümayəndələrinin regionda hərəkətinə ciddi nəzarət edir.

Əgər Bakının optimist vədlərini, diplomatik bəyanatlarını və beynəlxalq ictimaiyyətin çağırışlarını bir tərəfə qoysaq, nəticə olaraq, indi Qarabağda olan 120 min insanın (Rəsmi Bakı Qarabağda təxminən 50 min etnik erməninin yaşadığını deyir – red. ) taleyi tamamilə Azərbaycanın əlindədir.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment