Ceyhun Bayramov BMT TŞ-nın iclasında çıxış edib – TAM MƏTN – Xeberler | En Son Xeberler | Son Xeberler

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının 9422 saylı iclasında bəyanatla çıxış edib.

“Report”un bəyanatın tam mətnini təqdim edir:

“Təhlükəsizlik Şurasının Albaniya Prezidentliyinə, Şuranın bu iclasına qatılmağa imkan yaratdığı üçün təşəkkür edirəm. Ermənistanın BMT Təhlükəsizlik Şurasını beynəlxalq ictimaiyyəti yanıltma kampaniyası üçün istismar etməsi məyusedici olsa da, Ermənistanın regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə Şura və daha geniş beynəlxalq ictimaiyyətə məlumat vermək üçün bu imkandan istifadə edə bilərik.

Əslində öncəliklə vurğulamaq lazımdır ki, Ermənistanın Şuraya müraciəti Azərbaycanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirləri ilə əlaqədardır. Buna görə də Ermənistanın Təhlükəsizlik Şurasına növbəti müraciəti BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və onların daxili işlərinə qarışmamaq ilə bağlı tələblərinin açıq formada pozulmasıdır. Şuranın növbəti dəfə belə məsuliyyətsiz şəkildə sui-istifadə edilməsi tamamilə qəbuledilməzdir, bu mötəbər orqanın nüfuzu və etibarına ciddi zərbədir və tamamilə rədd edilməlidir.

Bu həmçinin səmərəsiz və əhəmiyyətsizdir. Əslində bu gün Şura Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin hüquq və təhlükəsizliyinə dair iddia edilən narahatlıqlar ilə əlaqədar müzakirələr üçün çağırılanda, ərazidə anti-terror tədbirləri dayandırılmış və bununla da Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin praktiki olaraq reinteqrasiyasına imkan yaranmışdır. Azərbaycan Hökumətinin xüsusi nümayəndəsinin erməni sakinlərin təmsilçisi ilə artıq çoxdan gecikmiş görüşü bu gün Azərbaycanın Yevlax şəhərində baş tutdu.

Görüşdə yerli erməni sakinlər üçün dialoq məqsədilə Azərbaycan Hökuməti tərəfindən təyin edilmiş xüsusi nümayəndə Hökumətin reinteqrasiya ilə bağlı planlarının xülasəsini təqdim etmiş və infrastrukturların bərpası və işləməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Sosial və humanitar məsələlərin müzakirəsi kontekstində və erməni sakinlərin müraciəti əsasında uşaq bağçaları və məktəblər, xəstəxanalar və digər fövqəladə xidmətlər sahəsində sosial obyektlərin çalışması üçün yanacağın çatdırılması, eləcə də digər humanitar dəstək tədbirlərinin görülməsi məsələlərinin tezliklə aidiyyəti mərkəzi Hökumət institutları tərəfindən icra olunması gözlənilir.

Belə bir dialoq Azərbaycanın suveren ərazisində ağır silahlanmış qanunsuz hərbi mövcudiyyətə arxalanan erməni tərəfinin əngəlləri səbəbindən mümkün olmamışdı. Ermənistanın Azərbaycanın Qarabağ regionunun dinc sakinlərinə hücumu kimi beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışdığı məsələ, əslində Azərbaycanın BMT Nizamnaməsi əsasında özünün suveren ərazisində qanunsuz erməni silahlı birləşmələrini tərksilah etmək ilə bağlı hüquqları ilə tam uyğun olan antiterror tədbirləridir.

Ermənistan özü beynəlxalq öhdəliklərinə nümayişkaranə şəkildə əməl etməməklə Azərbaycanın bu tədbirləri görməsini qaçılmaz etmişdir. Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatının Azərbaycan tərəfindən pozulmasına dair Ermənistanın Azərbaycanı günahlandırmaq cəhdləri də eyni şəkildə əsassızdır. Tam əksinə, Ermənistan özü qeyd olunan sənədin Azərbaycan ərazilərindən Ermənistan qüvvələrinin çıxarılmasına dair öhdəliklərinə açıq şəkildə əməl etməmişdir.

Bu bəyanatın imzalanmasından ötən son üç il ərzində Ermənistan tank və digər zirehli texnikalar, artilleriya qurğuları, çoxlüləli raket sistemləri, minaatanlar, elektromaqnitik döyüş vasitələri və digər hücum vasitələri kimi ağır silahlarla təchiz olunmuş 10 min nəfərdən artıq silahlı birləşmələri Azərbaycan ərazisində saxlamağa davam etmişdir.

Bu qanunsuz silahlı qüvvələr Ermənistanın bilavasitə hərbi-texniki, logistik və maliyyə dəstəyi ilə, o cümlədən Laçın yolundan sui-istifadə etməklə saxlanırdı. Bu, Ermənistanın özünün revanşist siyasi məqsədləri üçün Azərbaycanın suveren ərazisində separatizmi alovlandırmaq cəhdinin tərkib hissəsi olmuşdur. Anti-terror tədbirləri Ermənistanın Üçtərəfli Bəyanata əsasən Azərbaycan əleyhinə bütün hərbi fəaliyyətlərin dayandırılması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən qüvvələrini çıxarmaq barədə götürdüyü öhdəliklərin əksinə olaraq saxladığı silahlı hərbiləşmənin miqyasını nümayiş etdirmişdir.

Sadəcə 24 saat ərzində qanunsuz birliklərin 90-dan artıq postu ələ keçirilmiş, 20 döyüş maşını, 40 artilleriya qurğusu, 30 minaatan, 6 elektromaqnetik döyüş sistemləri və 2 hava hücumundan müdafiə sistemləri zərərsizləşdirilmişdir. Heç bir suveren dövlət öz ərazisində belə qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz. Azərbaycan da bunu edə bilməz. Azərbaycan özünün bütün sakinlərinin sağlamlığı və təhlükəsizliyini qorumaq məqsədilə beynəlxalq hüquq və öz Konstitusiyasından irəli gələn hüquqlarına tamamilə uyğun hərəkət etmişdir.

Beləliklə, Ermənistanın Azərbaycanın suveren ərazisində qüvvədən qanunsuz istifadə etməklə yeni status-kvo yaratmaq və “təmas xətti məntiqi”nə əsaslanaraq boz zonanı saxlamaqla bağlı sistematik cəhdləri dəf edilmişdir. Azərbaycan bir neçə həftədir Ermənistan tərəfindən gücləndirilmiş mühəndis-istehkam fəaliyyətləri və qüvvə toplanması fonunda gözlənilən hərbi avantüra barədə xəbərdarlıqlar edirdi.

Biz döyüş mövqelərinin intensiv olaraq şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş qüvvələri ilə gücləndirilməsi, ön birliklərin döyüş hazırlığının artırılması, əlavə səfərbərlik birliklərinin yaradılması, Azərbaycan Silahlı Qüvvələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, eləcə də təxribat törətmək məqsədilə artıq minalardan təmizlənmiş ərazilərə yeni minalar yerləşdirmək üçün silahlı qüvvələrimizin mövqelərinə sızma cəhdlərini qeydə alır və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdıq.

Ermənistan silahlı qüvvələri tərəfindən, son aylarda müxtəlif çaplı silahlardan istifadə etməklə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin mütəmadi olaraq atəşə tutulması, ərazilərimizin davamlı minalanması, döyüş mövqelərinin gücləndirilməsi, eləcə də Qarabağ regionunda səngər və hərbi sığınacaqların sayının artırılması gərginliyi daha da artırmışdı. Ermənistan Baş naziri Qarabağ regionu daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə öncəki bəyanatının əksinə olaraq, Azərbaycan ərazisində yaradılmış qanunsuz qondarma qurumun “ildönümü” ilə bağlı “təbrik mesajı” göndərməklə növbəti olduqca təxribatçı bir addım atmışdır.

Bu addım, bir daha Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etmədiyini və bütün mümkün imkanlardan, o cümlədən siyasi, hərbi və maliyyə dəstəyindən istifadə etməklə ərazimizdə separatizmi alovlandırmağı dayandırmaq niyyətinin olmadığını sübut edir.

Mənbə:Report

Xəbərlər

Leave a Comment