Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 2 qərarını açıqlayacaq

Yayımlandı: 21 Sentyabr 2023 13:06

Ərizəçilər yerli məhkəmələrdə də qanunsuzluqla üzləşdiklərini iddia ediblər

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 28-də Azərbaycanla bağlı daha 2 qərarını elan edəcək.

“S. Kərimli Azərbaycana qarşı” – işi narkotik vasitələrin qeyri-qanuni ticarəti ittihamı ilə mühakimə olunan ərizəçinin yerli məhkəmələrdəki icraatlar zamanı dəmir qəfəsdə saxlanılmasının qanunsuzluğu ilə bağlıdır.

Ərizəçi AİHM qarşısında iddia qaldırıb ki, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması Konvensiyanın 3-cü maddəsinin pozuntusudur.

“A.Quliyev Azərbaycana qarşı” – işində isə jurnalist olan ərizəçi qanunsuz silah saxlama, dini nifrətin qızışdırılması, ictimai iğtişaşların təşkili, dövlət bayrağına qarşı təhqiramiz hərəkətlər və dövlət rəsmilərinə qarşı zorakılıqda ittiham edilib.

Ardınca 8 il azadlıqdan məhkum edilib.

Ərizəçi iddia edir ki, hadisələr onun digərləri ilə yanaşı, Masallıda keçirilən folklor festivalına etiraz etməsindən sonra baş verib.

Ərizəçi şikayət edib ki, onun məhkəməsi ədalətli olmayıb, məhkum edilməsində əsas rol oynayan şəxslərlə – zərərçəkmiş şəxslə, habelə evində silah tapılması ilə yekunlaşmış axtarış zamanı ruhi xəstə olduğu iddia edilən şahidlə üzləşdirilməsinə imkan yaradılmayıb.

Məhkəmə onun ifadələrini mötəbər sayıb.

Ərizəçi AİHM qarşısında Konvensiyanın 6.1 və 6.3-cü maddələrinin pozuntusunu qaldırıb.

Yazı Meydan.tv saytından götürülüb

Leave a Comment