Azərbaycan hərbçiləri “həbs olunub”, İlham Əliyev Putindən üzr istəyib

Şəklin mənbəyi, Getty

Rusiya sühməramlılarının Qarabağda həlak olmasından sonra, Azərbaycan silahlı qüvvələrinin korpus komandiri vəzifəsindən azad edilib, Tass agentliyi xəbər verir.

Bundan əvvəl Kreml məlumat yayıb ki, Prezident İlham Əliyev Putinlə telefon danışığı zamanı rus sülhməramlılarının həlak olmasına görə, Rusiya Prezidentindən üzr istəyib və günahkarların cəzalandırılacağını bildirib. O, həmçinin ölən rus hərbçilərinin ailələrinə təzminat ödəniləcəyini deyib, xəbərlərdə bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi bu barədə şərh verməyib.

Qarabağ erməniləri Yevlax

Şəklin mənbəyi, APA

Yevlaxda görüş

Bu gün Yevlaxda Qarabağ ermənilərinin nümayəndələri ilə Bakı təmsilçiləri arasında görüş gedərkən bəzi erməni mənbələri Xankəndidə döyüş getdiyini iddia edib.

Qarabağdakı separatçı quurumun keçmiş “prezidentinin məsləhətçisi” David Babayan Azərbaycan hərbi qüvvələrinin Xankəndi ətrafında olduğunu deyib, lakin Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri təkzib edib.

Qarabağdan olan hüquq müdafiəçisi Artak Beglaryan isə bildirib ki, Xankəndinin yuxarı hissəsində atəş səsləri eşidilib və bölgədəki kəndlərdən birində bir mülki şəxs öldürülüb.

Azərbaycan MN azərbaycanlı hərbçilərin Xankəndiyə girməsi ilə bağlı xəbərləri təkzib edib.

Xankəndinə hücum “yalandır”

Ermənistanın bəzi sosial media hesablarında guya Azərbaycanın Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar “tamamilə yalan və dezinformasiya”dır, cümə axşamı Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Xankəndidə yaşayan jurnalist Marut Vanyan sosial media hesabında paylaşdığı videoya “Mən bu videonu Stepanakert/ Xankəndi xəstəxanasından çəkirəm və eyni zamanda, silah səslərini eşidirəm” başlığını yazıb.

Bəzi erməni internet istifadəçiləri Xankəndi əhalisinin zirzəmilərə qaçdığını yazır.

“Azərbaycan əsgərləri Xankəndi və ətrafındadır, paytaxta daxil olan və gedən yollarda postlar quraşdırılıb” erməni internet istifadəçiləri iddia edib.

“Yayılan məlumatları qəti surətdə təkzib edirik”, Azərbaycan MN bildirir.

Bakı ilə Qarabağ ermənilərinin nümayəndələri Yevlaxda görüşü davam edir, yerli media yazır.

Hadisələrin inkişafı

Sentyabrın 19-da Azərbaycanın Xocavənd rayonunda dördü polis əməkdaşı, ikisi mülkü şəxs olmaqla altı nəfər minaya düşərək həlak olub.

Azərbaycan bu hadisəni “terror aktı” adlandırıb və bəyan edib ki, hər iki hadisə “Ermənistanın Qarabağdakı erməni silahlı birləşmələrinin əraziyə mina yerləşdirməsi” nəticəsində baş verib.

Həmin gün günora saatlarında Azərbaycan Müdafiə Nazirliyi Qarabağda “lokal xarakterli antiterror əməliyyatlarına başladığını” açıqlayıb.

Rəsmi Yerevan Qarabağda Ermənistan ordusu olmadığını bəyan edib və Bakını “etnik təmizləmədə” ittiham edib.

Azərbaycan isə deyib ki, Qarabağda mülki əhali və mülki infrastruktur hədəfə alınmır, yalnız “legitim hərbi obyektlər” zərərsizləşdirilir.

Qarabağdakı separatçı qurum “antiterror əməliyyatlarının” başlandığı gün Azərbaycan tərəfini “dərhal atəşkəsə və danışıqlar masası araxasında oturmağa” çağırıb.

Rəsmi Bakı isə “antiterror əməliyyatlarının” dayandırılması üçün separatçı qurumun silahı təhvil verməsini, “ağ bayraq qaldırmasını”, “özünü buraxmasını” tələb edib.

Sentyabrın 20-də Qarabağdakı searatçı qurumun rəhbərliyi bildirib ki, əhalinin “fiziki təhlükəsizliyu üçün müvafiq addımlar atmağa məcburdular”, separatçı qurumun “Müdafiə ordusu” X (keçmiş Twitter) hesabında yazıb.

Bundan bir qədər sonra Azərbaycan açıqlayıb ki, Qarabağdakı separatçı rejim təslim olub, antiterror tədbirlərinin dayandırılmasına və reinteqrasiya məsələlərini müzakirə etmək üçün Yevlaxda görüşməyə razılıq əldə edilib.

Rəsmi Bakı bildirib ki, separatçı qurumdakı silahlar və hərbi texnikanı Azərbaycana təhvil verəcək.

Azərbaycan Müdafiə Nazirliyi əlavə edib ki, bu proses Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcək.

Sentyabrın 20-də xalqa müraciət edən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, sentyabrın 19-da günorta saatlarında Qarabağda başlamış “antiterror tədbirləri” nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib və “qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma” prosesi başlayıb.

O, Qarabağ ermənilərinə müraciətində onlar üçün müxtəlif sosial proqramlar icra etməyə hazır olduqlarını deyib və “bu tarixi şansı” qaçırmamağa çağırıb.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment