Prezident İlham Əliyev xalqa müraciət edib

Şəklin mənbəyi, President.az

Azərbaycan Prezidenti İlham Əliyev cərşənbə günü xalqa müraciətində deyib ki, sentyabrın 19-da günorta saatlarında Qarabağda başlamış “antiterror tədbirləri” nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib və “qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma” prosesi başlayıb.

O, say açıqlamasa da, əməliyyatlar zamanı Azərbaycan ordusunun itki verdiyini, yaralılar olduğunu deyib.

Sentyabrın 19-da səhər saatlarında dördü polis əməkdaşı, ikisi yol təsərrüfatı işçisi olmaqla mina partlayışında 6 nəfərin həlak olmasından sonra Azərbaycan Qarabağda, rus sülhməramlılarının məsuliyyət zonasında “antiterror əməliyyatı”na başladığını, bu gün günorta saatlarında separatçı qüvvələrin qarşı tərəfin silahı təhvil verməyə razılaşmasından sonra əməliyyatı dayandırdığını elan etmişdi.

Qarabağdakı əməliyyata görə, rəsmi Yerevan Bakını ittiham etsə də, Ermənisanın Azərbaycanla hərbi qarşıdurmaya getməyəcəyini bildirdi.

Bakı sentyabrın 21-də Yevlaxda Qarabağ ermənilərinin nümayəndələri ilə görüşəcəyini açıqlayıb.

Xalqa müraciətində İlham Əliyev bildirib ki, Qarabağda yaşayan erməni əhalisinin “tezliklə yaxşılığa doğru dönüşü görəcəyinə əmindir”.

Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olduğunu bir neçə dəfə dediyini xatırladan İlham Əliyev hesab edir ki, bu gün “Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans” yaradılıb. “O şansı əldən verməsinlər”, -İlham Əliyev deyib.

Ermənistana görə, Qarabağda 120 min, Azərbaycana görə, 25 min erməni yaşayır.

“…biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul ediləcək. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa və gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir”, – Azərbaycan prezidenti çıxışında vurğulayıb.

O qeyd edib ki, “erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri” Qarabağ ermənilərini “girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi”.

“Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir”, o deyib.

“Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”, – deyə Prezident İlham Əliyev əlavə edib.

Qarabağdakı separatçı qurum əməliyyatlar zamanı azı 32 adamın həlak olduğunu, arasında mülki şəxslərin də olduğu 200 adamın yaralandığını bildirib.

Qarabağda yaşayan sakinlər bildiriblər ki, əməliyyatlar zamanı mülki infrastruktura zərər dəyib.

Rusiya Müdafiə Nazirliyi iki min insanın Qarabağdan təxliyə etdiyini deyib.

Rəsmi Bakı əməliyyalar zamanı yalnız hərbi infrastukturun hədəfə alındığını deyib.

İlham Əliyev də çıxışında deyib ki, Qarabağda “antiterror tədbirlər” “yüksək peşəkarlıqla, dəqiqliklə elə aparılıb ki, mülki əhali zərbə altına düşməyib, mülki infrastruktura zərər vurulmayıb”.

O əlavə edib ki, bölgədə yeni vəziyyət yaranıb: “Çünki kriminal xunta rejimi təslim olandan sonra artıq bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər”.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment