Partiya və siyasətçilərdən lokal əməliyyatlara reaksiya

Suverenliklə bağlı fikir ayrılığı yoxdur

Azərbaycanda fəaliyyyət göstərən partiya sədrləri və bir sıra siyasətçilər Müdafiə Nazirliyinin Qarabağda keçirdiyi antiterror əməliyyatlarına münasibət bildiriblər.

AXCP sədri əvvəl III Qarabağ müharibəsindən yayınmağı tövsiyə etdi, sonra…

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli əməliyyatın başlanmasından 1 saat əvvəl “Facebook” səhifəsində yazıb:

Təəssüf ki, Qarabağdan həyəcanlı xəbərlər gəlir. Yeni savaşın hənirtisi duyulur. Azərbaycan hakimiyyəti  3-cü Qarabağ savaşından yayınmaq üçün mümkün olan hər şeyi etməlidir”

Əli Kərimli hesab edir ki, ehtimal olunan savaşda əsas maraqlı tərəf məhz Rusiyadır:

“Qarabağdakı separatçıları da onlar idarə edir, silahlandırır və qoruyur. “Atan kazaklardır”. Rusiyanın və onun regiondakı əlaltılarının əsas hədəfi Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tam təmin edən, Rusiyanı regiondan uzaqlaşdıran, Azərbaycanın dövlət maraqlarına uyğun olan Brüssel prosesini pozmaq, Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasına imkan verməməkdir. Bəli, bu, Rusiyanın istəyi və marağıdır. Biz də öz milli maraqlarımızdan çıxış etməliyik. Azərbaycanın ərazi bütövlüyünü tam təmin edəcək, bu uzunmüddətli savaşa son qoyacaq davamlı sülh üçün israrla səy göstərməliyik”.

Foto: Meydan TV

Əməliyyatlar başladıqdan sonra isə AXCP sədri fərqli açıqlama verib. O qeyd edib ki, istənilən halda Azərbaycan ordusuna dəstəkləri tamdır:

“Allah əsgər və zabitlərimizi qorusun. Təki elan olunmuş antiterror əməliyyatı tezliklə və uğurla başa çatsın. Qarabağdakı  silahlı qüvvələr də, Rusiya “sülhməramlıları” da Qarabağı tərk etsin”.

Müsavat və REAl dəstəklədi

Müsavat Partiyası sentyabrın 19-da  minaya düşərək həlak olan 11 Azərbaycan vətəndaşına görə Ermənistanı qınayıb.

Partiyanın yaydığı bəyanatda bildirilir:

“Hadisə Rusiya sülhməramlı kontingentinin nəzarətinə aid olmayan, Azərbaycan ordusunun  dəfələrlə istifadə etdiyi yolda baş verib. Hər şey onu göstərir ki, Ermənistan tərəfi bu minaları son günlərdə basdıraraq, növbəti təxribata əl atıb. Bununla da iki ölkə arasında sülh prosesinə ciddi zərbə vurulub”.

Foto:arxiv

Partiya qeyd edir ki, ölkənin suverenliyinin bərpası, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, həmçinin beynəlxalq hüquq normalarına uyğun tədbirlərin həyata keçirilməsi Azərbaycanın müstəsna hüququdur.

Müsavat Partiyası eyni zamanda Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi və etibarlı sülhün əldə olunması üçün danışıqların davam etdirilməsini zəruri sayır.

ReAL Partiyası
Foto: Meydan TV

Respublikaçı Alternativ (REAL) Partiyası da keçirilən əməliyyatın elan olunan məqsədlərini dəstəkləyib.

Mülki əhali üçün çıxış dəhlizlərinin yaradılması haqda Müdafiə Nazirliyimizin bəyanatını və bununla bağlı gördüyü işləri də zamanında atılmış doğru addım hesab edirik”, – deyə partiya qeyd edib.

YAP və 22 partiya bəyanat yaydı

Hakim Yeni Azərbaycan Partiyası başda olmaqla daha 22 partiya hərbi əməliyyatları dəstəkləyən bəyanat yayıb.

Yeni Azərbaycan Partiyası, Foto: “yap.org.az”

Bəyanatı Vətəndaş Həmrəyliyi, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Vəhdət, Azərbaycan Demokratik Maarifçilik, Milli Cəbhə, Haqq Ədalət, Xalq, Demokrat, Ədalət, Ümid, Klassik Xalq Cəbhəsi, Milli İstiqlal, Müasir Müsavat və digərləri imzalayıb.

İsa Qəmbər “mümkün qədər sürətli olsun” dedi

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də əməliyyatı dəstəklədiyini qeyd edib:

“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlayıb. Tam uğurlu, mümkün qədər sürətli və qısamüddətli olsun”.

İsa Qəmbər
Foto: Meydan TV

Siyasi şərhçi: “Məqsəd Putinə yardım etməkdirsə…”

Siyasi şərhçi Rauf Mirqədirov əməliyyatın Putin Rusiyasının maraqlarına uyğun olduğu qənaətindədir:

Mən bilmək istərdim ki, nə istəyirik? Əgər  qoşunlarımız Xankəndini tutacaqsa, Rusiya qoşunlarını Qarabağı tərk etməyə məcbur edəcəksə, onda heç bir sözüm yoxdur. İki əllə bu hərbi əməliyyatı dəstəkləyirəm. Amma verilən  bəyanatlardan məlum olur ki, belə bir məqsəd yoxdur. Əgər məqsəd Nikol Paşinyanı devirməkdə Putinə yardım etməkdirsə, onda bu Azərbaycanın maraqlarına ziddir. Çünki Azərbaycanın ərazi bütövlüyünü tanıyan Paşinyanın yerinə Putinə yaxın və Azərbaycanın ərazi bütövlüyünü tanımağı ağlına belə gətirməyən revanşistlərdən biri gələcək. Onlar Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqındakı bəyanatından imtina edəcəklər. Putinin də məqsədi budur”.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

O zaman Moskvanın ritorikası və atdığı addımların xarakteri də dəyişəcək. Bunu Rusiya rəsmiləri açıq şəkildə  indidən bəyan edirlər… Biz, doğrudanmı, bunu istəyirik?”, – deyə Mirqədirov fikrini tamamlayıb.

Əməliyyatların başlanmasında məqsəd nədir?

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.

Yazı Meydan.tv saytından götürülüb

Leave a Comment