Azərbaycan Müdafiə Nazirliyi Qarabağda “antiterror tədbirlərinə” başladığını elan edib

Şəklin mənbəyi, Azərbaycan MN

Şəklin alt yazısı,

Azərbaycan Müdafiə Nazirliyi Qarabağda “antiterror tədbirlərinə” keçirdiyini elan edib

Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı bəyan edib ki, Qarabağda “lokal xarakterli antiterror tədbirlərinə” başlanılıb.

Bundan əvvəl Qarabağda mina partlaması və yol qəzasında 11 nəfərin həlak olduğu bildirilib.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, tədbirlər çərçivəsində “Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır”.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, mülki əhali və infrastruktur obyektləri “hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”.

Çərşənbə axşamı altı nəfər Xocavənd rayonu ərazisində eyni istiqamətdə minaya düşərək həlak olub.

Minaya düşənlərdən dördü Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, ikisi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşı olub, hər iki qurum bildirib.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, “keçirilən tədbirlər barədə” Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb.

Qarabağ

Şəklin mənbəyi, Azərtac

Azərbaycan hüquq mühafizə orqanlarının birgə yaydığı məlumata görə, “DİN əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi bu gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları ilə eyni istiqamətdə minaya düşüb”.

Bu gün səhər saatlarında AAYDA-nın 50-60 yaşlarında iki əməkdaşı Xocavənd rayonu ərazisində mina partlayışı nəticəsində həlak olub, qurum bildirib.

Azərbaycan DİN, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildirib ki, hər iki hadisəyə səbəb “sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən mina yerləşdirməsi ” olub.

Azərbaycanda faktla bağlı cinayət işi başlanıb.

Qarabağ

Şəklin mənbəyi, Azərtac

Qarabağdakı separatçı qurumun “müdafiə naziri” Xocavənd rayonu ərazisində AAYDA-nın iki əməkdaşının mina yerləşdirilməsi nəticəsində həlak olmasını “dezinformasiya” adlandırıb, Armenpress xəbər verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda qeyd olunur ki, bu gün Xocavənddə baş verənlərlə “İkinci Qarabağ müharibəsindən bəri, ümumilikdə, mina qurbanlarının sayı 314 nəfərə çatdı, onlardan 61 nəfər həlak olub”.

Qurum baş verənləri üçtərəfli bəyanatın 4-cü bəndinin kobudcasına pozulması kimi qiymətləndirib və “Ermənistan və onun yaratdığı qondarma rejimi” bölgədə “hərbi gərginliyi artırmaqda” ittiham edib.

Ermənistan tərəfi baş verənləri hələlik şərh etməyib.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment