Astarada sel: 40-a yaxın ailə evlərindən köçürülüb

Şəklin mənbəyi, Rövşən Heydərov

Şəklin alt yazısı,

Astaranın Siyaku kəndi

Bazar ertəsi Astaraya gələn sel nəticəsində 40 kəndin rayon mərkəziylə nəqliyyat əlaqəsi kəsilib, bəzi yerlərdə körpülər dağılıb və ya torpaq sürüşməsi you bağlayıb, evlər su altında qalıb, təsərrüfata zərər dəyib, BBC-yə danışan yerli bələdiyyə sədrləri və sakinlər deyiblər.

“İlkin vəziyyət çox pis idi. Sel 40 kəndi yolsuz qoymuşdu. Hazırda yol idarəsi və icra hakimiyyətinin köməkliyi ilə yol açılır. Hardasa 2 saata yolun bərpası müvəqqəti bərpa olacaq. Hadisə baş verəndən sonra icra başçısı və müavinləri, FHN-nin Cənub Regional Mərkəzinin rəhbərliyi gəlib kəndə baxış keçiriblər. Kənd sakinlərindən bizə kim məlumat veribsə, icra nümayəndəsi ilə birgə gedib çəkiliş etmişik. İcra nümayəndəliyində qaynar xətt nömrəsi qoymuşuq, insanlar ora məlumat verir, biz də o məlumatları rayon icra hakimiyyətinə ötürürük”, – Astara rayon Siyəku kənd bələdiyyə sədri Ramin Dədəyev bildirib.

“Hazırda mənim evim suyun altındadır. Bu gün FHN-dən bizim evə gələn olmayıb. Hazırda evimin ətrafı, zirzəmi, tövlənin içi, hər yer su ilə doludur”, – Ərçivan qəsəbə sakini Əli Yusifov BBC-yə bildirib.

Astaranın Şiyəkəran kəndinə sel gəlib

Şəklin mənbəyi, Rövşən Heydərov

Şəklin alt yazısı,

Astaranın Şiyəkəran kəndi

Şiyəkəran kənd bələdiyyə sədri Rövşən Heydərov BBC-yə bildirib ki, kəndin çay kənarında olan bir neçə evə ziyan dəyib.

“Əhalinin toyuq-cücəsi sel altında qalıb. Biz icra nümayəndəsi ilə birlikdə şikayət edən sakinlərin evinə gedib çəkiliş edirik, icra hakimiyyətinə göndəririk”.

Rövşən Heydərov BBC-yə deyib ki, hələlik FHN-dən Şiyəkəran kəndinə gələn olmayıb.

“Bizim əsas narahatlığımız avtomabil yolu körpüsüdür. 5-6 il əvvəl də belə sel gəlmişdi, onun alt dayaqlarının 5-6-sını yuyub apardı. Körpü də demək olar ki, çöküb aşağı, sallanıb. Hazırda orada fövqəladə vəziyyətdir, məlumat vermədiyimiz yer qalmayıb, baxan yoxdur”, – Rövşən Heydərov bildirib.

Yerli media yazıb ki, Astaraçayın daşması nəticəsində Ərçivan qəsəbəsində 200-ə yaxın fərdi evin həyətini su basıb. Bəzi yerlərdə suyun səviyyəsi bir metrdən yuxarı olub.

Astaranın Şiyəkəran kəndinə sel gəlib

Şəklin mənbəyi, Rövşən Heydərov

Şəklin alt yazısı,

Astaranın Şiyəkəran kəndi

Züngüləş kəndində Bəndəsər yaşayış massivində yerləşən Astara kiçik su elektrik stansiyasının (SES) bəndi üçün dağılma təhlükəsi yaranıb, Pensər-Taxtanakəran-Toradi avtomobil yolunun 5-ci km-də Vaqo kəndində yerləşən uzunluğu 25, eni 10 metr olan dəmir-beton körpü dağılıb, Taxtanakəran-Toradi avtomobil yolunun 20-ci km-də torpaq sürüşərək 30 metr məsafədə yolu bağlayıb, Report yazıb.

Astaranın Siyaku kənd sakini Pəhləvan Əliyev BBC-yə bildirir ki, gələn sel 30-40 il əziyyətini çəkdiyi və yeganə gəlir mənbəyi olan ağaclarını aparıb.

“30-40 mandarin ağacımı sel apardı. Mən də kasıb adamam, onunla dolanacaqdım. Bir oğlum var, onu da müharibəyə göndərmişdim. İndi onun müalicəsini edirəm. Dövlət ona 80 manat pul verir, çatdıra bilmirəm. Nə ilə dolanmalıyam mən?”, – Pəhləvan Əliyev deyib.

Pəhlivan Əliyevin sözlərinə görə, o, hələ may ayında kəndə sel gələrkən FHN-dən texnika istəyib:

“Onda hələ vəziyyət bu qədər qəzalı deyildi, sel mənə daha az ziyan vurmuşdu. Mən də qarşısını almaq üçün FHN-ə müraciət etdim. İki dəfə FHN-nin Cənub Regional İdarəsində müavinlərlə görüşdüm. Əməkdaşlar gəlib baxdı, dedilər ki, burada sahilbərkitmə işi aparılmalıdır, müraciət edəcəyik ki, gəlib işi görsünlər. Həmin vaxtdan bəri mən onlardan cavab ala bilməmişəm. Bir dənə texnika istədim ki, selin qarşısını alım, baxan olmadı. İndi 2 saat da yağış yağsa, evim də gedəcək, suyun evimə çatmasına 10 metr qalıb. Bu gün də FHN-dən mənə dəyən ziyana baxmağa gələn olmayıb”.

Astaranın Şiyəkəran kəndinə sel gəlib, əhaliyə ziyan vurub

Şəklin mənbəyi, Rövşən Heydərov

Şəklin alt yazısı,

Astaranın Şiyəkəran kəndi

BBC Astara İcra hakimiyyətindən və FHN-dən ittihamlarla bağlı cavab ala bilməyib.

FHN-nin bazar ertəsi yaydığı məlumata görə, intensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının subasmaya məruz qalmış ərazilərində qurum zəruri təhlükəsizlik tədbirləri görüb.

“Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan ümumilikdə 38 vətəndaş xilasedicilər tərəfindən təxliyə edilib, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri həyata keçirilib” FHN bildirir.

“Hazırda Astara rayonu, Ərçivan qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrindən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir. Bundan əlavə, Lənkəran rayonunda təhlükəsizliyin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə xidmət aparır”, qurumun məlumatında deyilir.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment