Azərbaycanla Ermənistan arasında Qarabağla bağlı danışıqlar nəyə əsaslanıb?

Qarabağda müharibə üç il əvvəl başa çatıb. Ermənistan Bakının demək olar ki, bütün tələbləri ilə razılaşaraq, bunun müqabilində Qarabağ ermənilərinə təhlükəsizlik zəmanəti verilməsini tələb etdi. Bakı bəyan edir ki, onlar Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malik olacaqlar.

2020-ci il müharibəsindən sonra münaqişə tərəfləri dəfələrlə danışıqlar masası arxasına əyləşdilər və bəzən elə görünürdü ki, sülh müqaviləsinin imzalanması yaxınlaşır.

Görüşlər Washington-un, Brüsselin, Moskvanın himayəsi altında keçirilib, lakin ekspertlərin fikrincə, onların irəliləyişi ermənilərin təhlükəsizliyi məsələsindən asılıdır.

Azərbaycan 44 günlük müharibədə qalib gələrək Qarabağ və ona bitişik rayonların ərazilərinin bir hissəsini geri qaytardı, Rusiya sülhməramlıları isə üç ölkə başçısının razılaşmasına əsasən Dağlıq Qarabağa daxil oldu. Onlar ermənilərin yaşadığı Qarabağ ərazisinə nəzarət edir, onların təhlükəsizliyini təmin edirlər.

Ancaq ermənilər sülhməramlıların Azərbaycan hərbçiləri qarşısında aciz olduqlarına inanaraq bu müdafiənin keyfiyyətindən narazıdırlar.

Azərbaycanlılar da öz növbəsində iddia edir ki, ruslar Ermənistandan gizli şəkildə Qarabağa silah daşınmasına kömək edir.

Silahlı insidentlər və atəşkəs rejiminin pozulması (o cümlədən Azərbaycan və Ermənistan sərhədində) bir neçə gündən bir xəbərlər gəlir.

Sülhməramlıların mandatı 2025-ci ildə başa çatacaq və Azərbaycan onun yenilənə bilməyəcəyinə işarə edir.

Yerevan Qarabağda yaşamağa davam edən on minlərlə erməniyə təhlükəsizlik zəmanəti istəyir.

Qarabağ hər iki xalqda bir anda emosiya tufanına səbəb ola biləcək mövzudur. Onilliklərlə davam edən münaqişələr ərzində ermənilərlə azərbaycanlıları ayıran uçurum daha da dərinləşib.

Hər iki tərəf bu qarşıdurmada özünü qurban hesab edir, inamsızlıq və müqavimət tökülən hər damla qanla daha da möhkəmlənir.

Ermənilər Dağlıq Qarabağdan kənara gedə, azərbaycanlılar Qarabağın ermənilər tərəfindən dağıdılmış, hələ uzun illər minalardan təmizləmə və infrastrukturun bərpası işlərinin aparılacağı şəhər və kəndlərinə qayıda bilməzlər.

Bu gün Bakının Dənizkənarı Parkında bir erməninin gəzməsini, yaxud erməninin Sevan gölünün (Azərbaycan dilində Göyçə adlanır -red.) sahilində dincələn azərbaycanlını təsəvvür etmək mümkün deyil.

Döyüş əməliyyatlarının nəticələrinin aradan qaldırılması üçün birgə hərəkətlər, açıq kommunikasiyalar və nəqliyyatın sərbəst hərəkəti (məsələn, Naxçıvana gedən yollar) – belə addımlar dialoq və kompromis tələb edir.

Ancaq nəinki Ermənistanda, heç Azərbaycanda da deyəsən, cəmiyyət hələ buna hazır deyil və heç kim onları buna hazırlamır.

Sülh üçün şərtlər

Azərbaycan əvvəllər sülh sazişinin şərtləri kimi Ermənistana beş bənd təklif edib: sərhədlərin qarşılıqlı tanınması, ərazi iddialarının olmaması, hərbi güc tətbiqindən və güc təhdidindən imtina, sərhədlərin demarkasiyası və nəqliyyat kommunikasiyalarının açılması.

Ermənistan tərəfi anlaşmaya Qarabağda yaşamaq üçün qalan ermənilərin təhlükəsizliyinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması ilə bağlı bənd əlavə etmək istəyir. Və bu baxımdan tərəflərin fikirləri fərqlidir.

Belə ki, bu ilin mayında Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi kimi tanındığını elan etdi, lakin bir daha əlavə etdi ki, Bakı orada yaşayan ermənilərə təhlükəsizlik zəmanəti vermək üçün “Stepanakertlə (Azərbaycanlılar onu Xankəndi adlandırır-red.) tam hüquqlu danışıqlara” getməlidir.

Erməni politoloq Aleksandr İsgəndəryan hesab edir ki, indi belə təminat əldə etmək “son dərəcə çətindir”.

Bir tərəfdən, tanınmamış DQR-də Bakının vədlərinə inanmadıqları zaman etimad böhranı yaranır, digər tərəfdən isə “Bakı bu cür zəmanətləri qəbul etməyəcək. Məsələn, beynəlxalq sülhməramlılar, məsələn, BMT sülhməramlıları”.

“Müvafiq olaraq, əgər bu prosesin beynəlxalq təminatı ilə danışıqlar prosesi aparılarsa və bir müddət atışma və eskalasiya olmasa, o cümlədən [Ermənistandan Qarabağa] malların çatdırılması mümkün olarsa, bu, heç olmasa, zəmanətləri müzakirə etməyə çalışmaq yolunun başlanğıc ola bilər”, – İsgəndəryan hesab edir.

2022-ci ilin dekabrından ermənilərin məskunlaşdığı rayon faktiki blokadadadır və bu, getdikcə güclənir. Həmin vaxt Azərbaycanın dövlət qulluqçuları ekoloji fəal adı altında tanınmamış DQR-i Ermənistanla birləşdirən yeganə yolu bağlayıblar.

Və bu yaz Azərbaycan Ermənistanla sərhəddə tam hüquqlu sərhəd-keçid məntəqəsi tikdi və yükdaşımalar dayandırıldı.

Daha sonra, artıq yayda Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobillərinin Qarabağa buraxılmasını dayandırdı və nəhayət, iyulun sonunda təcili yardım maşınını saxladı, orada olan bir xəstəni 30 il əvvəl törədilən hərbi cinayətlərdə ittiham edərək həbs etdi.

Azərbaycan öz ərazisindən – Ağdam şəhəri vasitəsilə Qarabağa humanitar yüklərin gətirilməsini təklif edir, lakin ermənilər buna qarşı çıxırlar.

Azərbaycan: Ermənilərin də eyni hüquqları var

Azərbaycan hərbi cəhətdən Ermənistandan daha güclüdür, onun ordusu Ermənistanla sərhədə nəzarət edir, həmçinin Şuşada, Qarabağın dominant yüksəkliyində, Stepanakertdən (Xankəndi-red.) bir neçə kilometr aralıda yerləşir. Bakı isə öz ritorikasında hədə-qorxudan yayınmadan, sərt mövqedən çıxış edir.

Prezident İlham Əliyev kifayət qədər birmənalı şəkildə ifadə etdi: “Qarabağ erməniləri ya Azərbaycan pasportunu almalıdırlar, ya da bölgəni tərk etməlidirlər”.

Üstəlik, həm o, həm də digər rəsmilər dəfələrlə bildiriblər ki, pasportla birlikdə Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqlara zəmanət verirlər.

Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin pis olduğu, məktəblərdə ermənilərə qarşı nifrət təbliğatının aparıldığını nəzərə alsaq, bu bəyanatlara şübhəli yanaşılır və burada etnik ermənilərə həmvətən kimi necə münasibət bəslənəcəyi sualı yaranır.

Qarabağ erməniləri hələlik Azərbaycan vətəndaşlığını almaq istədiklərini bəyan etməsələr də, BBC Vətəndaşlara Xidmət üzrə Dövlət Agentliyi (ASAN) ilə əlaqə saxlayaraq Qarabağ ermənilərinin Azərbaycan pasportu almaq istədikləri halda hara müraciət etməli olduqlarını soruşub.

BBC-yə Azərbaycan Daxili İşlər Nazirliyinə zəng etmək məsləhət görülüb. BBC nə nazirlikdlə, nə də Azərbaycanın Miqrasiya Xidməti ilə əlaqə saxlaya bilməyib.

Bəzi müşahidəçilər, o cümlədən Aleksandr İskəndəryan hesab edir ki, Azərbaycan hakimiyyəti sadəcə olaraq erməniləri Qarabağdan çıxarmağa çalışır.

Politoloqun sözlərinə görə, ermənilərin də azərbaycanlılarla eyni hüquqları alacağını eşidəndə özünə sual verib: hansı hüquqları?

“Bu, 1969-cu ildən bir ailənin qısa fasilə ilə hökm sürdüyü monarxiyadır”, – İsgəndəryan deyir.

“Təsəvvür edin ki, ölkədə bəzilərinin (ermənilərin) hüquqları olacaq, bəzilərinin isə (azərbaycanlıların) hüququ olmayacaq, bu, ağılasığmazdır”.

Ekspert: Ermənilərə azadlıq vermək Əliyev üçün pis presedentdir

Azərbaycanlı Qarabağ münaqişəsi tarixçisi Arif Yunus da İsgəndəryanla razılaşır: “Belə çıxır ki, Azərbaycanın hər yerində anormal seçkilər olur, amma bir tərəfdə belə deyil, belə olmur”.

Azərbaycan müxtəlif beynəlxalq reytinqlərdə və hesabatlarda Cənubi Qafqazın ən az demokratik ölkəsi kimi görünür.

Bir çox jurnalistlər, siyasətçilər, hüquq müdafiəçiləri həbsxanalardan keçdi, rejimi tənqid edənlərin çoxu Azərbaycanı tərk etdi.

Müxalifətin parlamentdə demək olar ki, təmsilçiliyi yoxdur və prezident seçkilərinə buraxılmış azsaylı namizədlər ya özləri hazırki Prezident Əliyevin tərəfdarları, ya da ictimaiyyətə az qala tanımadığı siyasətçilər idi.

Freedom House-un azadlıq indeksində (təkcə ölkələri deyil, əraziləri də nəzərə alır) tanınmamış DQR qismən azad, Azərbaycan isə azad deyil.

Tarixçinin fikrincə, əgər ermənilər Azərbaycanın tərkibində olsaydılar və təhlükəsizlikdə olsaydılar, beynəlxalq səviyyədə, o cümlədən Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın milli azlıqların hüquqları və ümumilikdə insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirməsini tələb edə bilərdilər.

“Bu, Azərbaycana da kömək edəcək, çünki Azərbaycan müxalifətinin bacarmadığını ermənilər edəcək”, – Yunus bildirib.

“Müxalifət üçün ermənilər ölkəni demokratikləşdirəcək lokomotiv ola bilər”.

Ekspertin fikrincə, Azərbaycan hakimiyyətinin məqsədi erməniləri könüllü şəkildə ərazini tərk etməyə sövq etdirməkdir.

“Onun [Əliyevin] vəzifəsi hamını ona itaət etməsini təmin etməkdir, amma elə bir bölgə var ki, ona tabe olmur, bunlar başqa təcrübələri olan insanlardır”, – tarixçi deyir.

“Ermənilərin Azərbaycanda olmasına razılıq vermək, erməniləri onlara [hakimiyyətə], onların sözünə inanmağa məcbur etmək ölkədən qaçan müxalifətçiləri dəvət etmək, onlara təhlükəsizlik vəd etmək kimi bir şeydir”.

Demokratlar üçün lakmus testi

2020-ci ilin 44 günlük müharibəsi zamanı Azərbaycan müxalifəti iqtidara dəstək verib, fikir ayrılıqlarını döyüş əməliyyatları bitənə qədər saxlayıb.

Cəmiyyət 90-cı illərin əvvəllərində Qarabağda birinci müharibə zamanı itirilmiş əraziləri geri qaytarmağa çalışan Azərbaycan hərbçiləri ilə də həmrəy olub.

Lakin sonradan Ermənistan ərazisində artıq yeni toqquşmalar baş verəndə rejimin bəzi tanınmış tənqidçiləri Azərbaycan hakimiyyətinin hərəkətlərini pisləməyə başladılar.

Buna cavab olaraq hakimiyyət sosial şəbəkələrdə onlara qarşı kampaniyaya başlayıb, hakimiyyəti tənqid edənlərin fotoşoplu möhürü olan fotolarını yayıb: “Xaini tanıyın!”.

Bu gün ölkənin müxtəlif bölgələrində hakimiyyətin zorakılığını pisləyən Azərbaycan müxalifəti Qarabağın blokadaya alınmasını tənqid etmir.

Azərbaycanlı siyasi təhlilçi Şahin Rzayev deyir ki, bu, ölkədə müxalifətin əslində indiki hakimiyyətdən daha çox millətçi olması, Qarabağ ermənilərinə rəğbət bəsləməməsi ilə bağlıdır.

Müxalifət partiyalarından birinin rəhbərliyinin keçmiş üzvü BBC-yə bildirib ki, bu gün müxalifət öz mövcudluğu və çəkişmələri ilə daha çox məşğuldur:

“Onların hər ikisinə yeni qanun kömək etdi. Bu, bütün partiyaları yenidən qeydiyyatdan keçməyə məcbur etdi və onlara hər birinin neçə üzvü olduğunu ölçmək üçün əsas verdi”.

Müxalif Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədov BBC-nin Qarabağın blokadası ilə bağlı sualına cavab olaraq partiyasının mövqeyini belə şərh edib:

“Laçın yolundan ölkədaxili ticarət yollarının diskriminasiyası üçün yox, onların inkişafı üçün istifadə edilməlidir. Ona görə də rəsmi Bakının Ağdam-Xankəndi yolundan istifadə təklifi Laçın yolu üçün nəticəsiz rədd edilə bilməz.

Hansı nəticələrə səbəb ola biləcəyinə isə hazırda münaqişə sonrası nizamlanma məsələsində fəaliyyət azadlığına malik hökumət qərar verməlidir.

Biz Azərbaycan hökumətinin bu məsələdə bütün mümkün dinc vasitələrdən istifadəyə sadiqliyindən çıxış edirik”.

Rusiyanı kim əvəz edəcək?

Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsi həll olunana qədər tərəflər ABŞ, Aİ və Moskvanın vasitəçiliyi ilə danışıqları davam etdirirlər.

Məsələn, ABŞ-ın Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Lui Bono bu yaxınlarda sülh yolu ilə nizamlanma məsələlərini müzakirə etmək üçün Ermənistan və Azərbaycanda səfərdə olub.

Brüssel də regiondakı vəziyyəti izləyir.

Rusiya Qarabağ münaqişəsi ilə bağlı tez-tez açıqlama vermir, ancaq sülhməramlı kontingentini Qarabağda saxlayır.

Rusların mandatı iki ildən sonra başa çatacaq və bundan sonra nə olacağı hələ bəlli deyil.

Avropa Rusiyanın Ukraynada başladığı müharibə ilə məşğuldur.

ABŞ-da gələn il prezident seçkiləri gözlənilir və amerikalıların həmişə xəritədə tapa bilmədiyi regiondakı vəziyyətin diqqət mərkəzində olması inandırıcı deyil.

Bu arada Qarabağın blokadaya alınması ermənilərlə azərbaycanlılar arasında qarşılıqlı anlaşmaya kömək etmir.

Bu vəziyyətdə Şahin Rzayevin fikrincə, Türkiyə zəifləmiş Rusiyanı vasitəçi kimi əvəz edə bilər.

Və Türkiyə Azərbaycanın tərəfdarı olsa da, ekspertin fikrincə, Bakıya təzyiq etmək imkanı olan yeganə ölkədir.

Eyni zamanda Türkiyənin Ermənistanla sərhədlərinin açılması Yerevanın Türkiyənin vasitəçiliyini qəbul etməsi üçün mühüm stimul ola bilər.

Erməni politoloqu Tiqran Qriqoryan qeyd edir ki, indi, Ukraynadakı müharibə zamanı və hazırda “bölgədəki bu boşluğu Qərb aktyorları doldurur” və Washington sülh müqaviləsinə dair mətni razılaşdırılmasına kömək etməyə çalışan əsas vasitəçidir.

Son zamanlar ABŞ həqiqətən də sülhə nail olmaq üçün tərəfləri güzəştə getməyə çağırır.

Qarabağ münaqişəsi üzrə tanınmış britaniyalı ekspert Lourens Broers-in qeyd etdiyi kimi, vasitəçilik və təhlükəsizlik təminatları iki fərqli prosesdir və onların nə vaxt və harada təmasda olacağını hələlik görmək çətindir.

Vasitəçilər arasında hələ də daha çox rəqabət olsa da, hərəkətlərin koordinasiyası da var və bu, düşündüyümüzdən də çoxdur.

Onun sözlərinə görə, Azərbaycan üçün Rusiya sülhməramlılarının bölgədən çıxarılmasına nail olmaq çətin olacaq, lakin onların statusunu dəyişmək mümkün olacaq.

“Ola bilsin ki, bu, daha kiçik bir – sülhü təmin etməkdən daha çox, və daha çox reinteqrasiya prosesinə kömək etmək üçün missiya olacaq”, – ekspert deyir.

Məsələ burasındadır ki, bu şəraitdə orada [Qarabağda]erməni əhalisi qalacaqmı?”.

Broersin fikrincə, danışıqlar prosesinin özü “[münaqişə] yerində hadisələrin inkişafının girovuna çevrilib və öhdəliklərə və razılaşmalara gəldikdə, tərəflər arasında tam etibarsızlıq hökm sürür”.

Və burada, o, fikrini belə yekunlaşdırır ki, proses ən çox milli liderlərdən asılıdır və onlar üçün “heç bir kənar vasitəçi bu problemi həll edə bilməz”.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment