Ararat Mirzoyan: “Demarkasiyada hansı xəritədən istifadə ediləcəyi ilə bağlı yekun razılaşma yoxdur”

Yerevanla Bakı arasında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sonrakı demarkasiyası prosesinin hansı xəritələr əsasında aparılacağı haqqında yekun razılaşma yoxdur, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı hesabatın müzakirəsi zamanı deyib.

Ermənistan Baş naziri Nikol Paşinyan Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyevlə 1975-ci il xəritəsindən istifadəyə razılaşdıqlarını bildirmiş, Rəsmi Bakı bunu təkzib etmişdi.

“2022-ci il oktyabrın 6-da Praqada bu işin 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən aparılmasına dair razılıq əldə olunub. Bildiyimə görə, Kişinyovda keçirilən son danışıqlarda Azərbaycan Prezidenti 1975-ci il xəritəsindən istifadə edilməsi məsələsində heç bir etiraz təqdim etməyib”, – nazir bildirib.

Onun sözlərinə görə, 1975-ci il xəritəsindən istifadə etmək məsələsində beynəlxalq ictimaiyyətlə Ermənistanın yanaşmaları üst-üstə düşür.

“Ermənistan bu variantı məqbul hesab edir. Amma hələlik bu məsələdə yekun razılıq yoxdur”, – Ararat Mirzoyan deyib.

Mirzoyan müxalifət deputatlarının Ermənistan hakimiyyətinin 1920-ci illərin deyil, 1975-ci il xəritəsinə əsaslanan delimitasiyaya razılıq verməklə faktiki olaraq Azərbaycanın mənafeyinə xidmət etməsi fikri ilə razılaşmayıb. O deyib ki, görüşlər və müzakirələr zamanı Azərbaycan Prezidenti 1975-ci il xəritəsindən istifadə edilməsinə qarşı dəfələrlə etiraz edib.

“Delimitasiya bu və ya digər tərəf üçün sərfəli xəritələrə əsasən deyil, hüquqi cəhətdən son dərəcə əsaslı xəritələr üzrə keçirilməlidir”, – Ermənistan XİN rəhbəri vurğulayıb.

Anklavlara gəlincə, Mirzoyanın fikrincə, onların yaranmasının hüquqi əsaslarını öyrənmək lazımdır. “Siyasi baxımdan – bəli, biz bilirik ki, belə anklavlar mövcuddur və Azərbaycanın 86,6 min kvadrat kilometrinə daxildir. Ancaq hüquqi əsasları öyrənilməlidir və bu məsələ ilə sərhədlərin delimitasiyası üzrə komissiya məşğul olmalıdır”, – nazir deyib.

Mirzoyan vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə bəyan edib ki, Azərbaycan Ermənistanın 29,8 min kvadratmetr sahədə ərazi bütövlüyünü tanıyır. “Lakin Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel Brüssel danışıqlarının nəticələrini təqdim edərək bildirib ki, Bakı və Yerevan bir-birinin, müvafiq olaraq, – 29,8 min kvadrat kilometr və 86,8 min kvadrat kilometr ərazi bütövlüyünü qarşılıqlı surətdə tanınmasını təsdiqləyiblər və Azərbaycan tərəfindən heç bir açıq təkzib olmayıb”, – Mirzoyan bildirib.

Ermənistanın xarici işlər naziri ümid etdiyini bildirib ki, Azərbaycanın ali rəhbərliyi tezliklə Ermənistanın 29,8 min kvadrat kilometrlik ərazisinin tanınmasını açıq elan edər. Onun sözlərinə görə, bu rəqəmin rəsmi şəkildə qeyd olunması məsələyə əlavə aydınlıq gətirər.

Azərbaycan XİN: “Delimitasiyanın 1975-ci xəritələri əsasında aparılmasında razılıq yoxdur”

Bazar ertəsi günü Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ötən gün səsləndirdiyi fikirlər iki ölkə arasındakı danışıqların “mahiyyətini təhrif edir və bu hərəkətlər çaşqınlıq yaradır”.

Bazar günü Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ölkəsinin İctimai Televiziyaya müsahibəsi zamanı Azərbaycan Ermənistan arasında gedən sülh danışıqları, sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələrinin bərpası, Naxçıvana dəmir yolunun açılması, Laçın dəhlizi və əsirlərin qaytarılması kimi məsələlərdən danışıb.

Armen Qriqoryanın müsahibəsi ötən həftə iki ölkə liderinin Moldovanın paytaxtı Kişinyovda və Baş nazirlərin müavinlərinin Moskvada baş tutan görüşlərindən sonraya təsadüf edir.

“Danışıqlar çox intensiv gedir və əgər biz bu kursu davam etdirə bilsək, ilin sonuna qədər sülh sazişi əldə etmək şansı var”, – İctimai Televiziyada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Azərbaycan XİN bildirib ki, Praqa və Soçi görüşlərinə əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub və BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad edilib.

“Bu və digər bir görüşdə delimitasiyanın hansısa xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir razılıq olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur”, – Azərbaycan XİN bildirib.

Nazirlik deyib ki, Azərbaycan indiyə qədər bəzi qonşuları ilə sərhədlərin delimitasiya işlərini xüsusi seçilmiş xəritə əsasında yox, hüquqi əhəmiyyəti olan sənədlər əsasında edib və bu təcrübənin Ermənistanla da tətbiq edə bilər.

“Ermənistan tərəfi 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməkdənsə, delimitasiya işinə başlasa daha faydalı olar”, – Azərbaycan XİN bildirib.

Azərbaycan tərəfi elan edib ki, qarşı tərəf “yazılı və şifahi razılıqlara baxmayaraq qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayıb və hələ də 8 kəndini geri qaytarmayıb və buna görə də Azərbaycanı təcavüzdə təqsirləndirməsi tamamilə əsassızdır”.

XİN xatırladıb ki, Armen Qriqoryan erməni silahlı qüvvələrinin ötən ilin sentyabr ayında Azərbaycan ərazisindən çıxarılacağını bəyan edib, amma bu günə kimi bu həyata keçirilməyib.

Nazirlik iddia edib ki, yolu azaraq sərhədi keçmiş hərbçinin geri qaytarılması məsələsində qarşılıq verməyən tərəf Ermənistandır.

Azərbaycan XİN bəyan edib ki, “Ermənistan hələ də Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsini bərpa etməyib”.

“Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsini həzm edə bilməyən Ermənistan rəsmisinin Laçın yolunun bağlanmasını iddia etməsi gülüncdür. Bununla yanaşı, erməni sakinlərin reinteqrasiyası məsələsinə müdaxiləyə dərhal son qoyulması, Ermənistanın sözdə deyil əməldə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edildiyinin göstəricisi olardı”, – Azərbaycan XİN bildirib.

Armen Qriqoryan nə deyib?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin bağlanmasının mümkünlüyünü bildirib.

“Danışıqlar çox intensiv gedir və əgər biz bu kursu davam etdirə bilsək, ilin sonuna qədər sülh sazişi əldə etmək şansı var”, – İctimai Televiziyada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Qriqoryanın sözlərinə görə, Ermənistan tərəfi mümkün qədər tez sülh sazişinin imzalamasında maraqlıdır.

“Bir il ərzində ola bilər, amma ilin sonuna qədər davam edə bilər. Lakin biz həll yollarını tapmağa və onların çərçivəsində sülh gündəmini irəli sürməyə, sülh sazişi bağlamağa meyilliyik”.

Qriqoryan onu da bildirib ki, Kişinyovda keçirilən danışıqlarda sərhədin delimitasiyası, eləcə də onun daxilində 1975-ci ilin xəritələrindən istifadə olunması ilə bağlı müəyyən irəliləyiş əldə olunub.

“Biz bu məsələnin tam həll olunduğunu deyə bilmərik, lakin irəliləyiş var”, – o deyib.

Nikol Paşinyan: “Sərhədlərin delimitasiyası üzrə görüləcək işlərdə 1975-ci il xəritələri əsas götürüləcək”

Kişinyovda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası zamanı “1975-ci il xəritələrindən istifadə etmək haqqında razılıq əldə edilib”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Moldovada erməni icması ilə görüşündə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel, Almaniya Kansleri Olaf Scholz və Fransa Prezidenti Emmanuel Macronun iştirakı ilə keçirilən Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası zamanı 1975-ci il xəritələrindən istifadə etmək haqqında razılıq əldə edilib.

Liderlər Avropa Siyasi İcmasının Zirvə toplantısı çərçivəsində bir araya gəlmişdilər.

“Demək olar ki, tərəflər sərhədin delimitasiyası üzrə görüləcək işlərdə 1975-ci il xəritələrinin əsas götürələcəyinə qarşı olmadıqlarını vurğulayıblar”, – Nikol Paşinyan deyib.

Amma Baş nazir söhbətin hansı növ xəritədən getdiyni açıqlamayıb. Buna qədər tərəflər arasında Qaragöl ərazisinə görə mübahisə yaranmış, hər tərəf fərqli illərin xəritəsinə müraciət etmişdi.

Paşinyanın sözlərinə görə, söhbət danışıqların ilkin nəticələrindən gedir və “hələ Azərbaycanın görüşə reaksiyasının yoxlanılması” zəruridir, “Armenpress” yazıb.

Nikol Paşinyan xatırladıb ki, Ermənistanla Azərbaycan keçən ilin oktyabrında Praqada 1991-ci ildə SSRİ-nin dağılmasından sonra imzalanmış Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdıqları barədə razılığa gəliblər.

“Biz bu razılaşmanı Praqada əldə etdik, Brüsseldə isə daha da irəli gedərək, belə bir fikrə gəldik ki, Azərbaycan Ermənistanın 29,8 min kvadrat kilometr ərazi bütövlüyünü, Ermənistan isə Azərbaycanın 86,6 min kvadrat kilometrdə ərazi bütövlüyünü tanıyır”, – Armenpress agentliyi Baş nazirin sözlərini iqtibas edib.

“Regional kommunikasiyalara dair biz təsdiqlədik ki, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatın 9-cu bəndin tələbinə əsasən, suverenliyimiz və yurisdiksiyamız çərçivəsində regional kommunikasiyaları açmağa hazırıq”, – Nikol Paşinyan bildirib.

Ermənistan Baş naziri onu da deyib ki, əsir və girovlarla bağlı, eləcə də “Dağlıq Qarabağ erməni əhalisinin hüquq və təhlükəsizlik məsələləri” üzrə danışıqlara dair müzakirələr olub.

Onun sözlərinə görə, “ümumi təsəvvür belədir ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi beynəlxalq iştirakla Bakı-Stepanakert dialoqu formatında” müzakirə olunmalıdır.

Qarabağ erməniləri Xankəndini Stepanakert adlandırır.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ anlayışı yoxdur və Qarabağda yaşayan erməni sakinləriylə dialoq Azərbaycanın daxili işidir.

Azərbaycan XİN: “Fransanın beştərəfli görüş barədə açıqlaması tərəflərin mövqeyini təhrif edir”

Cümə günü Azərbaycan XİN-nin mətbuat katibi Ayxan Hacızadə deyib ki, “Fransa Prezidenti tərəfindən birtərəfli qaydada beştərəfli görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir”.

“Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir”, – Ayxan Hacızadə deyib.

Ötən gün Kişinyovdakı görüşdən və Charles Michel bəyanat verdikdən sonra Fransa Prezidentinin saytı məlumat yayıb ki, Avropa liderləri Ermənistan və Azərbaycanı bütün öhdəliklərinə, xüsusən də müharibə məhbuslarının tezliklə azadlığa buraxılmasına hörmət etməyə çağırıblar.

“Onlar, həmçinin monitorinq missiyasının Avropa İttifaqının Ermənistanın xeyrinə töhfə verməsinin vacibliyini xatırladıblar. Nəhayət, Dağlıq Qarabağ erməniləri üçün hüquq və təminatların müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb”, – Yelisey sarayının saytında yazılıb.

Fransa tərəfinin məlumatına görə, Emmanuel Macron “hər hansı düşmənçilik ritorikasına yol verməməyin və regionda bütün əhalinin rifahı naminə sülhə qayıtmaq üçün səylərin davam etdirilməsinin vacibliyini xüsusilə vurğulayıb”.

Azərbaycan və Ermənistan liderlərinin Kişinyovda qeyri-rəsmi görüşü keçirilib

Cümə axşamı günü Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel, Almaniya Kansleri Olaf Scholz və Fransa Prezidenti Emmanuel Macronun iştirakı ilə Moldava paytaxtı Kişinyovda qeyri-rəsmi görüşü keçirilib, Azərtac yazıb.

Liderlər Avropa Siyasi İcmasının zirvə toplantısı çərçivəsində bir araya gəlmişdilər.

Görüşdən sonra açıqlama verən Charles Michel deyib ki, onların may ayında Brüsseldəki müzakirələri yenidən nəzərdən keçirmək, “əlaqələndirmə, təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq” imkanları olub, Azərtac yazıb.

O bu müzakirələri iyulun 21-də Brüsseldə keçiriləcək növbəti toplantıya “çox yaxşı hazırlıq” kimi qiymətləndirib.

Charles Michel əlavə edib ki, bundan başqa onlar Prezident Əliyevi, Baş nazir Paşinyanı, Kansler Scholz və Prezident Makronu Avropa Siyasi İcmasının İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etmək niyyətindədirlər: “Bu o deməkdir ki, biz Avropa İttifaqı tərəfindən münasibətlərin normallaşdırılması istiqamətində daha çox irəliləyişə nail olmağa yardım etmək üçün əlimizdən gələni edəcəyik”.

Kişinyov görüşü ərəfəsində İlham Əliyev Qarabağ separatçılarının istefa verdiyi və Azərbaycan qanunlarını tanıdığı təqdirdə onların amnistiyasına baxıla biləcəyini açıqlayıb. Onun bu bəyanatından əvvəl isə Nikol Paşinyan “Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi” tanıya biləcəyini açıqlamışdı.

Mayın 30-da ABŞ Dövlət Departamenti Əliyev və Paşinyanın son açıqlamalarını təqdir edib.

ABŞ-ın bu mövqeyi Ermənistanda bəzi siyasi tənqidçilərin narazılığına səbəb olub.

Tərəflər Kişinyovdan bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinin iştirakı Moskvada ilə bir araya gəlsələr də, hər hansı saziş imzalamamışdılar.

Amma Rusiya Baş nazirinin müavini Aleksey Overçuk dünən bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan “çox yaxın gələcəkdə” regional nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupunun görüşünün keçirilməsi barədə razılığa gəliblər.

Onun sözlərinə görə, tərəflər Azərbaycanla onun Naxçıvan anklavı arasında Ermənistanın cənubundan keçməklə dəmir yolu əlaqəsinin bərpasına “çox yaxındır”. Overçuk bildirib ki, gözlənilən görüşdə “Azərbaycan və Ermənistan arasında sərhəd keçidinin modallığı ilə bağlı texniki detallar” müzakirə olunacaq. O bildirib ki, beynəlxalq sərhədlərdə mövcud olan pasport, gömrük nəzarəti və bütün digər prosedurlar olacaq.

Kişinyovda görüş

“Azərtac”ın məlumatına görə, Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqı Şurası rəhbərlərinin görüşü Avropa Siyasi İcması Moldovada keçirilən Zirvə toplantısı çərçivəsində baş tutacaq.

Ötən gün İlham Əliyevlə görüşən Moldova Prezidenti Maia Sandu da Avropa Siyasi İcmasının Moldovada keçirilən Zirvə toplantısı çərçivəsində planlaşdırılan beştərəfli görüşü müsbət addım kimi qiymətləndirib.

Bu görüşdən əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel Ermənistan və Azərbaycan arasında müzakirələrin davam etdirilməsini “səbirsizliklə gözlədiyini” deyib və tərəflər arasında dioloqun vacibliyini vurğulayıb.

ABŞ Əliyev və Paşinyanın son açıqlamalarını təqdir edir

ABŞ Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayıb və Ermənistan Baş naziri Nikol Paşinyana “sülhə sadiqliyinə görə” minnətdarlıq edib, ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilib.

Ötən cümə İlham Əliyev Qarabağ separatçılarının istefa verdiyi və Azərbaycan qanunlarını tanıdığı təqdirdə onların amnistiyasına baxıla biləcəyini açıqlayıb.

Dövlət Departamentinin sözçüsü Matthew Millerin bildirdiyinə görə, ölkəsi Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnundur.

“Dövlət katibi Blinken-in dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. Biz bu yaxınlarda Baş nazir Paşinyanın sülhə sadiqliyinə görə minnətdarlığımızı bildirdik”, – Millerin açıqlamasında deyilir.

Departamentin yaydığı məlumatda Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarla görüşəcəyinə diqqət çəkilib.

“Ümid edirik ki, bu, zorakılıq yolu ilə deyil, danışıqlar masası arxasında bu məsələlərin həlli üçün məhsuldar addım olacaq. Aqressiv ritorika keçmişdə qaldı. Konstruktiv dialoq – həm ictimai, həm də özəl – sülhə imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar davamlı və layiqli sülh sazişi bağlamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”, – Matthew Miller deyib.

ABŞ-ın bu açıqlaması Ermənistanda bəzi siyasi təhlilçiləri arasında narazılıq doğurub.

Ermənistanın Demokratiya və Təhlükəsizlik üzrə Regional Mərkəzinin rəhbəri Tigran Grigoryan Twitter-də ABŞ Dövlət Departamentinin bu bəyanatını “dəhşətli və məyusedici” adlandırıb.

“ABŞ Əliyevdən açıqlama tələb etmək əvəzinə, onu sülh danışıqları zamanı müharibə qızışdıran çıxışına görə tərifləyir. Bu, Bakını yerlərdə vəziyyəti gərginləşdirmək üçün daha da cəsarətləndirəcək”, ermənistanlı politoloq tvitində vurğulayıb.

Charles Michel: Bakı ilə Qarabağ erməniləri arasında dialoq “indi həlledici əhəmiyyət kəsb edir”

Avropa İttifaqı Şurasının Prezidenti Ermənistan və Azərbaycan arasında müzakirələrin davam etdirilməsini “səbirsizliklə gözlədiyini” deyib.

Kişinyovda İlham Əliyev və Nikol Paşinyan arasında görüşdən əvvəl səslənən Charles Michel-in bəyanatı tərəflər arasında ittihamlar mübadiləsinə təsadüf edir.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan XİN-in İlham Əliyevin mayın 28-də Laçında çıxışına verdiyi cavab bəyanatını “əsassız” adlandırıb və rədd edib.

Bundan əvvəl rəsmi Yerevan Azərbaycan Prezidentinin Laçındakı çıxışını “sülh səylərinin pozulmasına yönəlmiş bəyanat” adlandırıb.

Mayın 28-də Laçında ora yaşamaq üçün qayıdan ailələrlə görüşü vaxtı İlham Əliyev deyib ki, “Dağlıq Qarabağ”dakı “rəhbər” postlar, o cümlədən “parlament” buraxılmalıdır, “bundan sonra amnistiya barədə danışmaq mümkündür”.

Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra Ermənistan və Azərbaycan Kişinyovda görüşmək barədə razılığa gəliblər. İndi bu görüş ərəfəsində Avropa İttifaqı Şurasının Prezidenti “cəsarətli qərarlar”ın lazım olduğunu deyir.

“Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı müzakirələrin davam etdirilməsini səbirsizliklə gözləyirəm”, – görüş ərəfəsində Avropa İttifaqı Şurasının Prezidenti yazıb.

Charles Michel-in açıqlamasına əsasən, hazırda bir-birinin suverenliyinə və ərazi bütövlüyünə “hörməti yenidən təsdiqləmək” və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri “azaltmaq vacibdir”.

Avropalı siyasətçinin açıqlamasında, həmçinin Qarabağdakı ermənilərlə Bakı arasında dialoqun əhəmiyyəti vurğulanılır.

“Bakı ilə keçmiş DQMV-də yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq indi həlledici əhəmiyyət kəsb edir. Maksimalist mövqelərdən çəkinmək, dialoqu hədəfləmək vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalmasına vaxt tələb olunur. Cəsarətli qərarlar lazımdır”.

Bakı və Yerevan onun son açıqlamanı şərh etməyiblər.

Azərbaycan-Ermənistan XİN-ləri bir-birini ittiham edir

Çərşənbə axşamı günü Azərbaycan XİN bildirib ki, Ermənistan Qarabağ bölgəsi daxil ölkənin ərazi bütövlüyünə və suverenliyinə “sözdə deyil, əməldə riayət etsin”.

“Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı səslənən fikirlərin və cəhdlərin qarşısının alınması Azərbaycanın suveren hüququdur və bu, beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Ermənistanın buna zidd fəaliyyətləri və Azərbaycanın erməni sakinlərlə dialoq səylərinə müdaxiləsi ölkəmizin daxili işlərinə qarışmaqdır və Ermənistan tərəfindən səslənən “ərazi bütövlüyü və suverenliyə dəstək” barədə pafoslu bəyanatlarla ziddiyyət təşkil edir”, – Azərbaycan XİN elan edib.

Ötən gün Ermənistan XİN bəyanat yayaraq Prezident İlham Əliyevin mayın 28-də Laçında çıxış edərkən səsləndirdiyi fikirləri “sülh səylərini puça çıxarmağa yönəlmiş, növbəti müharibəni qızışdıran bəyanat” adlandırıb.

Ermənisistan tərəfi iddia edib ki, Azərbaycan əvvəllər əldə edilmiş razılaşmaları pozur.

“Təəssüf ki, müqavilə və öhdəliklərin pozulması bununla məhdudlaşmır. Azərbaycan prezidenti Dağlıq Qarabağın nümayəndələri ilə beynəlxalq mexanizm çərçivəsində dialoqa başlamaq əvəzinə onları qisas və cinayət təqibi ilə hədələyir. Eyni zamanda, görünən odur ki, Azərbaycan mövcud problemləri həll etmək deyil, “Dağlıq Qarabağda erməni yoxdur, Dağlıq Qarabağ problemi yoxdur” prinsipi ilə irəliləmək istəyir. Bu cür hərəkətlər davam edən danışıqların məntiqinə, o cümlədən nizamlanma üçün vasitəçilik missiyası daşıyan aktyorların yanaşmalarına da ziddir”, – Ermənistan XİN bildirib.

İlham Əliyev Laçında nə deyib?

Bazar günü mayın 28-də Respublika günü Prezident İlham Əliyev Laçında öz evlərinə qayıdan bəzi sakinlərlə görüşündə Azərbaycan-Ermənistan sülh danışıqlarına, Qarabağdakı etnik ermənilərin qurumlarının gələcək taleyinə və sərhədlərin təyin edilməsinə yönəlmiş çıxışlar edib.

“İndi artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq, sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Əminəm ki, yaxın gələcəkdə, – əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, – sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz”, – İlham Əliyev Laçında deyib.

O bildirib ki, Azərbaycan danışıqlar masasında və sərhəddə güclü mövqeyə sahibdir, buna görə də sülh müqaviləsi imzalanmasa da, ölkə təhlükəsiz şəraitdə yaşayacaq.

İlham Əliyev Qarabağdakı etnik ermənilərin tanınmamış dövlət qurumları haqqında deyib ki, “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi”.

“Yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, – İlham Əliyev deyib.

Azərbaycan Prezidenti bildirib ki, beynəlxalq təşkilatlar ilə görüşlərində müşahidə edib ki, “nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır”. Onun sözlərinə görə, ondan Qarabağdakı erməni icmasının rəhbərliyinin aqibəti, onlara amnistiya düşüb-düşmədiyi soruşulur.

“Mən isə deyirəm ki, buna baxmaq lazımdır. Birincisi, biz oraya heyət göndərmişdik. Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək. Ona görə onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq”, – İlham Əliyev deyib.

O, Ermənistanı iki azərbaycanlı hərbçini məhkum etməkdə qınayıb və deyib ki, son razılaşmalara görə tərəflər bir-birinin hərbçilərini təhvil verməliymiş, amma Ermənistan bu şərti pozub.

“Əgər siz bu razılaşmanı pozursunuzsa, bunun acısını siz özünüz çəkəcəksiniz”.

“Delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar”, – İlham Əliyev bildirib.

İlham Əliyev ilk dəfədir ki, separatçı Dağlıq Qarabağ rəhbərliyinin gələcək taleyi ilə bağlı rəsmi Bakının baxışı və onlarla bağlı Qərbin sualları barədə danışır.

Onun bu çıxışı Azərbaycan və Ermənistan liderlərinin Brüssel və Moskva, o cümlədən xarici işlər nazirlərinin 4 günlük ABŞ görüşlərindən sonraya təsadüf edir.

Moksva görüşündən əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının qorunması çərçivəsində Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıya biləcəyini bildirmişdi.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment