Azərbaycan – Metbuat.org https://metbuat.org Tue, 19 Nov 2024 11:38:01 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.7 https://metbuat.org/wp-content/uploads/2023/07/cropped-298011630_108014162012710_263532087096500316_n-32x32.jpg Azərbaycan – Metbuat.org https://metbuat.org 32 32 Azərbaycanda jurnalistlərin həbsi: 7 suala cavabda https://metbuat.org/?p=7620 https://metbuat.org/?p=7620#respond Tue, 19 Nov 2024 11:37:59 +0000 https://metbuat.org/?p=7620 Read more

]]>

Şəklin mənbəyi, Ramin Deko

Şəklin alt yazısı, Polislər AbzasMedianın ofisi olan binanın qarşısında canlı sədd qurub

Noyabrın 4-də Avropa Şurasının insan hüquqları üzrə komissarı Michael O’Flaherty Azərbaycan Prezidenti İlham Əliyevə hüquq müdafiəçilərinin, jurnalistlərin və fəalların həbsdən azad edilməsi ilə bağlı məktub ünvanlayıb.

Michael O’Flaherty cənab Əliyevə yazıb ki, o, media təmsilçilərinin və ictimai-siyasi fəalların “peşə fəaliyyətinə və ya tənqidi baxışlarına görə həbs olunmasından narahatdır”.

Məktub noyabrın 18-də Avropa Şurasının saytında dərc olunub.

Azərbaycan Prezidentinin köməkçisi Azər Qasımlı BBC Azərbaycancaya bildirib ki, onda bu məktubla bağlı heç bir məlumat yoxdur.

Azərbaycan hakimiyyəti indiyədək belə tənqidləri rədd edib və bildirib ki, ölkədə söz və ifadə azadlığı qorunur, saxlanan şəxslər isə konkret cinayət əməllərinə görə mühakimə olunur.

Azərbaycanda jurnalistlər niyə həbs olunub? Hökumət bu həbsləri necə əsaslandırır? Yerli və beynəlxalq reaksiyalar nədir?

BBC News Azərbaycanca bu suallara cavab tapmağa çalışıb.

Azərbaycanda jurnalistlər niyə həbs olunur?

Azərbaycanda ötən ilin sonlarından bəri müstəqil mediada çalışan bəzi jurnalistlər qaçaqmalçılıq, dələduzluq ittihamı ilə həbs olunublar.

Hökumət onları ölkəyə qanunsuz yolla pul gətirməkdə ittiham edir.

Ancaq jurnalistlər həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.

Polis tərəfindən ofisi möhürlənərək fəaliyyəti dayandırılan Toplum TV-nin əməkdaşı Alya Yaqublu deyir ki, Azərbaycanı “Şimali Koreyaya bənzətmək yolu” seçilib.

“Ölkədə nə qədər problem var. İnsanlar necə böyük maddi sıxıntılar içərisində yaşayırlar. Bunlardan danışmaq olmaz? Xoşlarına gəlmir? Hə, o zaman belə də davam etsinlər”, – o, BBC-yə deyib.

Neçə jurnalist həbsdədir?

Abzas Media

Şəklin mənbəyi, S.Vaqifqızı İnstagram

Şəklin alt yazısı, Sevinci Vaqifqızı Ülvi Həsənli ilə

Ötən ilin sonlarından bəri ölkədə 15-dən çox jurnalist və media təmsilçisi həbs olunub.

Ən son həbs olunan meclis.info saytının təsisçisi İmran Əliyevdir. Yaxınları onun həbsini “Abzas Media” işi ilə əlaqələndirir.

Hazırda Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli ilə birgə media orqanının 6 əməkdaşı həbsdədir, iki əməkdaşı isə polis nəzarətinə verilib.

O cümlədən, Abzas Medianın 6, Kanal 13-ün 2 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib. Onların hamısı qaçaqmalçılıqda ittiham olunurlar. Kanal 13-ün bir əməkdaşı – Bakı ofisinin rəhbəri 1 aylıq inzibati həbsdən sonra azadlığa çıxıb.

Kanal 11 TV-nin rəhbəri jurnalist Teymur Kərimovun işi üzrə isə istintaq artıq yekunlaşıb.

Onun məhkəməsi aprelin 5-i Bakı Ağır Cinayətlər Məhkəməsində başlayıb.

Jurnalistlər ittihamlar barədə nə deyir?

Həbs olunan jurnalistlərin heç biri barələrindəki ittihamları qəbul etmir. Onlar həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirir.

Onlardan biri, Abzas Media işinə görə saxlanmış araşdırmaçı jurnalist Hafiz Babalı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətdə bildirib ki, saxta ittihamlarla həbs olunub və “jurnalistin məqalə yazmaqla qonorar əldə etməsini (əldə etmək imkanını) “tamah niyyəti ilə qanunsuz gəlir əldə etmək məqsədi” kimi təqdim etmək istintaqın naşılığı və səbatsızlığıdır”.

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, son həbslər hakimiyyətin “ictmaiyyət üzərində nəzarəti artırmaq, tənqidçilərini zərərsizləşdirmək” istəyilə bağlıdır.

Hakimiyyət ittihamını necə əsaslandırır?

Azərbaycan hakimiyyəti ölkədə media azadlığının məhdudlaşdırılması, jurnalistlərin peşə fəaliyyətinə görə həbs edilməsi ittihamlarını qəbul etmir.

Prezident İlham Əliyev Almaniyada keçirdiyi son mətbuat konfransında deyib ki, media təmsilçilərinin həbsi “qanunvericiliyə tam uyğun” şəkildə aparılıb.

“Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb, bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir və əgər qanunsuz xaricidən vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil”, – o, ötən həftə deyib.

İlham Əliyev əlavə edib ki, Azərbaycanda heç bir senzura yoxdur və azad internet var: “Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər”.

Fevral ayında Əliyev Bakıda Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti ilə görüşündə Almaniya mətbuatının Azərbaycanda insan haqları ilə bağlı yazdıqlarını “tamamilə yalan” adlandırıb.

“Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir”, – Azərbaycan Prezidenti deyib.

Azərbaycanda məmurların cəlb olunduğu iddia edilən korrupsiya halları barədə jurnalist araşdırmaları platforması Abzas Medianın Bakıdakı bütün rəhbərləri və əməkdaşları həbs edildikdən sonra, Almaniyada yaşayan jurnalist Leyla Mustafayeva qurumun baş redaktorluğunu üzərinə götürüb.

Hazırda Abzas Media onun rəhbərliyi altında fəaliyyət göstərir.

Martın 6-da polis Toplum TV-nin ofisində axtarış aparıb, qapısını möhürləyib.

Elə həmin gün onun Youtube-dakı eyni adlı kanalındakı bütün videoloar silinib.

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bunda martın 6-da ofisdə axtarış aparan polis əməkdaşlarını günahlandırıb.

Polis bu ittihama cavab verməyib.

Hazırda “ToplumTv”-nin Youtube kanalı fəaliyyətini dayandırıb, amma sayt olaraq, fəaliyyəti qismən aktivdir.

Beynəlxalq reaksiyalar nədir?

Ötən ilin noyabrından başlayaraq, müstəqil media nümayəndələrinin həbs olunması beynəlxalq ictimaiyətdə əks-səda doğurub.

Ən son reaksiya Avropa Şurasının insan hüquqları üzrə komissarı Michael O’Flaherty -dən gəlib. O bu il noyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevə hüquq müdafiəçilərinin, jurnalistlərin və fəalların həbsdən azad edilməsi ilə bağlı məktub ünvanlayıb.

Noyabrın 18-də Avropa Şurasının saytında dərc olunan bu məktubda komissar O’Flaherty hakimiyyətdən “qanuni fəaliyyətinə və ya hüquqlarını ifadə etdiklərinə görə həbsdə olan bütün hüquq müdafiəçilərinin, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının dərhal azad edilməsini” xahiş edib. O, həmçinin onlara qarşı cinayət ittihamının ləğv edilməsini, bununla bağlı məhdudiyyətləri, o cümlədən xaricə səyahət qadağalarının götürülməsini istəyib.

O’Flaherty, həmçinin Azərbaycan hakimiyyətindən polis nəzarətində olarkən bir neçə hüquq müdafiəçisi, jurnalist və fəalla pis rəftarla bağlı iddialarla bağlı səmərəli araşdırma aparmağı, vəkillə əlaqə və adekvat tibbi xidmət hüququna riayət olunmasını təmin etməyi xahiş edib.

Amnesty İnternational Beynəlxalq İnsan Haqları Təşkilatı hesab edir ki, Abzas Media əməkdaşları “cəsarətli araşdırmalarına görə” həbs olunub və “ittihamlarının güclü və mötəbər dəlillərlə təsdiqlənmədiyi halda”, Azərbaycan hökuməti onları dərhal azad etməlidir.

Bu ilin martında Jurnalistlərin Beynəlxalq Müdafiə təşkilatı (Committee to Protect Journalists) bildirib ki, Azərbaycan hakimiyyəti Abzas Media əməkdaşlarına qarşı bütün ittihamları “dərhal ləğv etməli, haqsız yerə həbs edilən bütün jurnalistləri azad etməli və müstəqil mətbuata qarşı təzyiqlərə son qoymalıdır”.

Təşkilat Toplum TV-nin əməkdaşlarının həbsindən sonra “beynəlxalq ictimaiyyəti Azərbaycandakı təzyiqlərə son qoymaq üçün hakimiyyətə təzyiq” göstərməyə çağırıb.

Qurum bildirib ki, Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyindən istifadə edərək ondan insan hüquqlarına hörmət tələb etmək lazımdır.

Aprelin 28-də ABŞ Dövlət katibi Antony Blinken İlham Əliyevlə telefon danışığında ikinci dəfə ölkədə “haqsız yerə həbs olunanların” azad edilməsinə çağırıb. Bundan əvvəl, aprelin 3-də də Blinken Prezident İlham Əliyevə belə bir müraciət etmişdi.

Prezident İlham Əliyev cavabında bildirib ki, “insan hüquqları məsələsini bəhanə edərək, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir” – president.az saytı yazıb.

Başqa kimlər həbs olunub?

Jurnalistlərlə yanaşı, hazırda vətəndaş cəmiyyətinin bəzi təmsilçiləri, ictimai-siyasi fəallar da həbs olunub.

Aprelin 30-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, vəkilinin sözlərinə görə, qaçaqmalçılıqda ittiham edilərək, 3 ay 28 günlük həbs edilib.

Ötən ilin iyulunda həbs edilmiş tanınmış iqtisadçı alim Qubad İbadoğlu keçən həftə ev dustaqlığına buraxıldı. O, “saxta pul, qiymətli kağızlar əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədilməsi” maddəsi ilə təqsirləndirilir. Qubad İbadoğlu bu ittihamı rədd edir və həbsini siyasi-ictimai fəaliyyəti ilə əlaqələndirir.

Toplum TV-nin jurnalistləri ilə yanaşı, qurumun təsisçisi hüquqşünas Ələsgər Məmmədli də həbs olunub.

Azərbaycanda bəzi media təmsilçiləri səhhəti ilə bağlı onun istintaq dövründə ev dustaqlığına buraxılması üçün daxili işlər naziri Vilayət Eyvazova müraciət etsələr də, Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb.

Məmmədlidən başqa, III Respublika Platformasının təsisçiləri Ruslan İzzətli, Akif Qurbanov, Milli Şuranın üzvü Tofiq Yaqublu da hazırda həbsdədirlər.

Akif Qurbanov və Ruslan İzzətli “Toplum TV” işində saxlanıblar.

Ötən il həmçinin iqtisadçı və iş adamı Nazim Bəydəmirli, İşçi Masası Həmkarlar Konfederasiyasının sədri və 2 üzvü, həmçinin bəzi ictimai-siyasi fəallar həbs edilib.

İctimai fəal Bəxtiyar Hacıyev isə bir ildən artıqdır ki, həbsdədir. Hazırda onun işi üzrə məhkəmə prosesi başlayıb.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=7620 0
COP29 ev sahibləri iqlim müdafiəçilərini həbs etməkdə ittiham olunur https://metbuat.org/?p=7616 https://metbuat.org/?p=7616#respond Fri, 15 Nov 2024 22:18:26 +0000 https://metbuat.org/?p=7616 Read more

]]>

Şəklin mənbəyi, Əziz Kərimov/Getty Images

Şəklin alt yazısı, LSE professoru Qubad İbadoğlu 18 aya yaxındır ki, Azərbaycan hakimiyyəti tərəfindən həbs edilib

  • Müəllif, Esme Stallard
  • Vəzifə, İqlim və elm müxbiri, BBC News

İnsan haqları müdafiə qruplarına görə, Azərbaycan hökuməti ətraf mühit fəallarına və digər siyasi opponentlərə qarşı təzyiqdə COP29-dan istifadə edir.

Artıq üçüncü ildir ki, iqlim sammitinə ev sahibliyi edən ölkələr təzyiqdə və qanuni etiraz hüququnu məhdudlaşdırmaqda ittiham olunur.

Təxminən 2000 iqlim qrupundan ibarət İqlim Fəaliyyət Şəbəkəsi BBC News-a bildirib ki, əgər ölkələr iqlim dəyişikliyi ilə bağlı irəliləyiş əldə etmək istəyirlərsə, vətəndaş cəmiyyətinin qorunması çox vacibdir.

Azərbaycan hökuməti bu iddiaları rədd edir və ölkədə heç bir “siyasi məhbus” olmadığını bildirir.

Azərbaycan qazıntı yanacaqlardan “uzaqlaşmaq” üzrə qlobal öhdəliyə baxmayaraq, yaxın illərdə neft və qaz əməliyyatlarını genişləndirməyə hazırlaşır

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Azərbaycan qazıntı yanacaqlardan “uzaqlaşmaq” üzrə qlobal öhdəliyə baxmayaraq, yaxın illərdə neft və qaz əməliyyatlarını genişləndirməyə hazırlaşır

Dünya liderləri hazırda istiləşən planetin probleminin həlli yollarını müzakirə etmək üçün Azərbaycandadırlar. Lakin hüquq müdafiə təşkilatları Azərbaycanda ətraf mühitlə bağlı etiraz edən məhbuslarının sayının narahatlıq doğuran artımından sonra iqlim sammitinə ev sahibliyi etmək üçün ölkələrin necə seçildiyinə yenidən baxmağa çağırıblar.

Amnesty International-dan Natalia Nozadze BBC News-a bildirib ki, Azərbaycan ötən ilin noyabrında COP29-a ev sahibliyi edən ölkə elan edildikdən sonra hökumətə etiraz etmək çətinləşib.

“Biz həbslərin kəskin artdığını və hökumətin tənqidi və ya siyasi gündəminə zidd olaraq qəbul edə biləcəyi bütün məsələlərə qarşı sərt tədbirlər gördük” deyib.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” birliyinin məlumatına görə, 2000-ci illərin əvvəllərindən bəri ilk dəfə jurnalistlər, ekoloji fəallar və siyasi rəqiblər də daxil olmaqla “siyasi məhbuslar”ın sayı 300-dən çox olub.

LSE London universitetinin 53 yaşlı professoru Qubad İbadoğlu Azərbaycanın neft-qaz sektorları və ekoloji problemləri araşdırır, lakin o, 2023-cü ilin yayında Cinayət Məcəlləsinin “saxta pul və ya qiymətli kağızları hazırlama, əldə etmə və ya satma, eləcə də dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddəsi” ilə təqsirləndirilərək həbs edilib.

Bir ildən çox həbsdə saxlandıqdan sonra o, ev dustaqlığına buraxılıb. Human Rights Watch ittihamları “şübhəli” adlandırıb və Qubad İbadoğlunun qızı atasının azad edilməsində kömək üçün Böyük Britaniyanın Baş naziri Keir Starmer-ə müraciət edib.

“Hesab edirəm ki, rəyə təsir etmək gücünə malik olan insanları saxlamaq, həbs etmək avtoritar hökumətin qaydalarından biridir”, cənab İbadoğlu bu həftə BBC-yə müsahibəsində deyib.

O, səhhətinə görə həyatının təhlükədə olduğunu deyir.

Anar Məmmədli aprel ayında qaçaqmalçılıq ittihamı ilə həbs edilib, o, Azərbaycan hökumətini Paris sazişinə – qazıntı yanacaq tullantılarının azaldılmasına dair böyük beynəlxalq müqaviləyə uyğunlaşmaq üçün daha çox iş görməyə çağıran təşkilatın həmtəsisçilərindən biri olduqdan cəmi iki ay sonra həbs edilib.

Ətraf mühit fəalları Azərbaycanın hökumət büdcəsinin təxminən 60%-ni maliyyələşdirən neft və qazdan asılılığını azaltmasını istəyirlər.

Lakin yanvarda məlum oldu ki, Azərbaycan növbəti onillikdə təbii qazın – qazıntı yanacağının istehsalını genişləndirməyi planlaşdırır və çərşənbə axşamı Prezident İlham Əliyev COP29 iqlim konfransında deyib ki, neft və qaz “tanrı hədiyyəsidir”.

“İqlim fəaliyyəti üçün açıq və inklüziv platforma olması nəzərdə tutulan COP29 nəsə başqa şeyə çevrilir”, – Cənab Məmmədlinin yaxın dostu Bəşir Süleymanlı BBC-yə bildirib.

“Hökumətlərin məsuliyyət daşımasında mühüm rol oynamalı olan vətəndaş cəmiyyəti qrupları kənarlaşdırılıb və ya repressiyaya məruz qalıb”, – o deyib.

61 yaşlı Nazim Bəydəmirli oktyabr ayında “hədə-qorxu ilə pul tələb etmək” iddiası ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, keçən il öz kəndi yaxınlığında qızıl mədəni əməliyyatlarına etiraz edən həmkəndlilərinə dəstək olduqdan sonra həbs edilib. Onun barəsində 15 aylıq həbs-qətimkan tədbiri dövründə heç bir sübut təqdim edilməyib. Onun vəkili Aqil Layıc ittihamların əsassız olduğunu və bunun Azərbaycanda COP29 ərəfəsində müxalif fikirlərin susdurulmasının daha geniş modelinin bir hissəsi olduğunu deyir.

Əvvəlki COP iqlim sammitlərinə ev sahibliyi edən Birləşmiş Ərəb Əmirlikləri və Misir də vətəndaş cəmiyyəti qruplarına münasibətlərinə görə oxşar tənqidlərlə üzləşiblər.

“Hesab edirəm ki, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və ya Misir kimi insan hüquqlarını sistematik şəkildə pozan ölkələrin ev sahibi ölkə kimi qəbul edilməsi böyük səhvdir”, – azərbaycanlı jurnalist və ətraf mühitin qorunması üzrə fəal Emin Hüseynov bildirib.

“Prezident Əliyevin iqlim dəyişikliyi ilə əlaqəsi yoxdur, lakin o, toksik imicini ağartmaq və yaşıllaşdırmaq üçün COP29-a unikal fürsət kimi baxır” deyib.

Konfrans başlamazdan əvvəl danışan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə deyib: “Mən bu tip iddiaları qəbul etmirəm, çünki onlar faktlara əsaslanmır.

“Azərbaycan bu beynəlxalq tədbirdə dövlət və qeyri-dövlət subyektlərinin, o cümlədən vətəndaş cəmiyyəti üzvlərinin iştirakı baxımından [fərqlənmir]”, o söyləyib.

Hər il ev sahibi dünyanın müxtəlif regionundan seçilir və həmin regionun bütün ölkələri COP sammitinin harada keçiriləcəyi barədə razılığa gəlməlidir. Ancaq vətəndaş cəmiyyətinə dost olmayan ölkənin seçilməsinin qarşısının necə alınması aydın deyil.

350.org iqlim kampaniyası qrupundan Andreas Sieber, “Bütün ölkələr daxil edilməlidir, Birləşmiş Millətlər Təşkilatının məqsədi budur” deyib. “Sual budur ki, siz hansı qaydaları tətbiq edirsiniz?”

O, BMT-ni ev sahibi ilə BMT arasındakı müqavilədə iştirakçılara qarşı casus proqramların istifadəsini qadağan edən bəndin olduğundan əmin olmağa çağırıb – o, bunun əvvəlki konfranslarda narahatlıq doğurduğunu söyləyib.

BMT fəallara COP-da etiraz etməyə icazə verir və BMT-nin iqlim dəyişikliyinə cavabdeh qolu olan UNFCCC buna cavab olaraq deyib: “Builki Ev Sahibi Sazişində ilk dəfə olaraq insan hüquqlarının müdafiəsi ilə bağlı müddəalar var və biz bunu alqışlayırıq, bu, irəliyə doğru müsbət addımdır”.

Lakin İqlim Fəaliyyəti Şəbəkəsinin icraçı direktoru Tasneem Essop deyib ki, “BMT ev sahibi ölkəyə insan hüquqlarının vəziyyəti ilə bağlı nə edə və edə bilməyəcəklərini deyə bilməz – problem budur.”

Onun sözlərinə görə, bu məsələni müzakirə etmək başqa ölkələrin öhdəsindədir, lakin xanım Essop və cənab Sieber həmfikirdirlər ki, təkcə Azərbaycanda deyil, qlobal miqyasda vətəndaş cəmiyyətinə dəstəyin azaldığını nəzərə alsaq, bu çətin məsələdir.

Oktyabr ayında Avropa Parlamentinin üzvləri Azərbaycanın fəallara, jurnalistlərə və müxalifət xadimlərinə qarşı “repressiyasını” pisləyib və bu pozuntuları COP29-un keçirilməsi ilə bir araya sığmayan hal hesab ediblər.

Lakin Emin Hüseynov hesab edir ki, beynəlxalq ictimaiyyət bu məsələdən böyük ölçüdə “təslim olub” və o, xüsusən də Böyük Britaniya hökumətinin insan hüquqlarının vəziyyəti ilə bağlı əvvəlki illərlə – məsələn, COP27-yə ev sahibliyi edən Misirdə insan haqlarının vəziyyətini səsləndirməsi ilə müqayisədə aşkar səssizliyini misal çəkib.

Çərşənbə axşamı cənab Starmer COP29-da Azərbaycan Prezidenti Əliyevlə görüşüb, lakin Qubad İbadoğlunun işini və insan haqlarını müzakirə edib-etmədiyini açıqlamayıb.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu məsələ nazirlər tərəfindən “mütəmadi olaraq qaldırılır”.

Tasneem Essop deyib ki, bu problemin həlli iqlim dəyişikliyi gündəliyinin irəliləməsində vətəndaş cəmiyyətinin oynadığı mühüm rola görə çox vacibdir.

“30 ildən çox ölkələr danışıqlar apardıqdan və mübarizə apardıqdan sonra [daha kasıb ölkələrə iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmağa kömək etmək üçün] ziyan və zərər fondu yaratmaq uğrunda mübarizə aparan vətəndaş cəmiyyəti olub”, – Tasneem Essop deyib.

“Bizim varlığımız həqiqətən də onların ayaqlarını atəş kimi yandırır. Biz onları məsuliyyətə dəvət edəcəyik”.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=7616 0
Çox mübahisəli COP29: iqlim danışıqları “artıq effektiv deyil” https://metbuat.org/?p=7612 https://metbuat.org/?p=7612#respond Fri, 15 Nov 2024 15:29:48 +0000 http://metbuat.org/?p=7612 Read more

]]>

Şəklin mənbəyi, Getty Images

  • Müəllif, Könül Xəlilova
  • Vəzifə, BBC News Azərbaycanca, Bakı, COP29

Bakıda keçirilən BMT-nin iqlim danışıqları – COP29 konfransının ilk həftəsi uğurları ilə yanaşı xeyli mübahisəli məqamlarla davam edir.

Bu gün yayılan və dünyanın mühüm iqlim ekspertlərinin, o cümlədən keçmiş BMT Baş katibinin və BMT-nin keçmiş iqlim rəhbərinin imzaladığı məktubda COP danışıqları səmərəli nəticə verə bilmədiyi üçün tənqid edilib.

Onların fikrincə, Birləşmiş Millətlər Təşkilatının COP iqlim danışıqları “artıq məqsədinə uyğun deyil” və təcili islahatlara ehtiyac var.

Məktubda deyilir ki, qazıntı yanacaqlarını – neft, qaz – mərhələli şəkildə dayandırmağı dəstəkləməyən ölkələrin COP tədbirlərinə ev sahibliyi etməsi qadağan edilməlidir.

“Allahın hədiyyəsi”

COP29

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İlham Əliyev

COP29 dünya liderləri sammitində çıxış edən Prezident İlham Əliyev neft “Allahın hədiyyəsi”dir dedi və bu, birmənalı qarşılanmadı – onun tənqidçiləri iqlim danışıqlarına ev sahibliyi edən ölkənin bu fikirdə olmasını yanlış hesab edir, onların fikrincə, neft və qaz ehtiyatlarına malik ölkələr, əsasən onlardan asılılıqdan qurtulmağı hədəf qoymalıdırlar.

“İstər neft, qaz, külək, günəş, qızıl, gümüş, mis olsun, bunların hamısı təbii sərvətlərdir”, o deyib.

“Və ölkələri onlara malik olmaqda və bu resursları bazara çıxarmaqda günahlandırmaq olmaz, çünki bazarın onlara ehtiyacı var, insanların onlara ehtiyacı var”, cənab Əliyev bildirib.

İqlim fəalları hesab edir ki, Azərbaycan neft və qazdan asılılığını azaltmalıdır – hazırda dövlət büdcəsinin 60 faizə qədəri bu sahənin gəlirlərilə maliyyələşir.

Ancaq Azərbaycan Avropaya da qaz satır – həmin Avropaya ki, iqlim dəyişikliyi danışıqlarında mühüm rol oynayır və hələ ki, qaz asılılığından xilas olmaq üçün özünün atdığı addımları çox kiçikdir.

İki il əvvəl Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen Bakıya gələrək Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair qaz razılaşması imzalayıb.

Ancaq özü COP29 tədbirinə gəlməməyi seçib. Mən dünən Avropa İttifaqının iqlim siyasəti üzrə baş məsləhətçisi Jacob Werksmandan soruşdum ki, Bakıdakı tənqidçiləri deyir ki, xanım Von der Leyen qaz üçün Bakıya gəlsə də, iqlim danışıqlarına gəlmədi, qaz onun üçün iqlim böhranı müzakirələrindən dahamı önəmlidir. Cənab Werksman sadəcə dedi ki, Von der Leyenin adından danışa bilməyəcək.

COP29

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bir çox Avropa liderləri tədbirə gəlməsə də, Britaniya Baş Naziri Keir Starmer, Türkitə lideri Recep Tayyip Erdoğan və digər dünya liderləri iştirak edib.

Məktub

BBC-nin İqlim məsələləri üzrə müxbiri Mat McGrath deyir ki, bu gün yayılan məktub iqlim böhranı ilə mübarizədə əhəmiyyətli irəliləyişin olmaması ilə bağlı artan məyusluğu əks etdirir. Məktubu imzalayanlar hesab edir ki, iqlim böhranı sürətlə, COP prosesi isə çox yavaş gedir.

Məktubu imzalayanlardan biri, iqlim üzrə alim Johan Rockstrom deyir ki, məqsədləri COP prosesini şübhə altına almaq deyil. “buna hər zamankından daha çox ehtiyacımız var, amma [danışıqdan] hərəkətə keçməliyik, professor Rochstrom BBC-nin Today proqramına deyir.

Azərbaycan tərəfdən COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev məktubla bağlı jurnalistlərə deyib ki, COP prosesi artıq nailiyyətlər əldə edib, tərəflər bu konfransda bəşəriyyət naminə toplaşıblar və ən önəmlisi ambisiyaların mövcud vasitələrlə uzlaşmasını təmin etməkdir.

Məktubun müəllifləri həmçinin COP-lara ev sahiblərinin seçilməsi prosesindən narazıdırlar. Ötən il də əsas neft istehsalçısı olan Birləşmiş Ərəb Əmirlikləri COP28-ə ev sahibliyi edib – tədbir Dubayda keçirilib.

Prezident Ilham Əliyev bu həftə etdiyi çıxışı zamanı, diqqəti əldə edilmiş uğura çəkib: O deyib ki, konkret olaraq 10 ildən artıqdır müzakirə olunan Paris sazişinin 6-cı maddəsi üzrə ilk nəticələr əldə olunub. O COP29-da yeni maliyyə hədəfinin razılaşdırılacağına ümid etdiyini bildirib.

COP29-da iştirak edən kasıb və inkişaf etməmiş ölkələr, zəngin ölkələrdən maliyyə yardımı istəyir ki, öz ölkələrində karbon və digər zərəli qazların atmosferə buraxılmasını azalda bilsin – onların günəş, külək enerjisi vasitələrinə sərmayə yatırmaq üçün vəsaitləri yoxdur.

Məktubu imzalayanlar hesab edir ki, COP tədbirlərinin daha kiçik keçirilməsi lazımdır. Bu il COP29 tədbirində iştirak etmək üçün 72 min adam qeydiyyatdan keçib.

Məktub yalnız COP29 haqqında deyil, ümumiyyətlə COP-ların “səmərəsiz” olması barədədir.

“Onun hazırkı strukturu sadəcə olaraq dəyişikliyi artan sürət və miqyasda təmin edə bilməz, bu, bəşəriyyət üçün təhlükəsiz iqlimi təmin etmək üçün vacibdir”, məktubu imzalayanlar.

Daha bir mübahisə

COP29

Şəklin mənbəyi, Getty Images

COP29 danışıqlarının üçüncü günü Fransanın ekologiya naziri Agnes Pannier-Runacher danışıqlardan geri çəkildi.

O, Azərbaycan Prezidentinin rəsmi Parisi Yeni Kaledoniyada “müstəmləkə cinayətlərində” ittiham etməsindən sonra belə qərar verib.

Prezident Makronun rejimi eni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir”, İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində deyib.

COP29 dəhlizlərində danışdığım jurnalistlər deyir ki, Prezident Əliyev Yeni Kaledoniyada insan haqları ilə bağlı vəziyyətə dair haqlı olmuş ola bilər, amma bu fikirləri səsləndirmək üçün COP29-un ən uğurlu tədbir olub-olmasından əmin deyillər.

COP tədbirlərinin məqsədi artan qlobal isinmə ilə necə mübarizə aparmaq barədə konsensus yaratmaqdır və COP danışıqlarının lideri olan ölkənin başçısından belə fikirlər nadir haldır, BBC müxbiri Mat McGrath deyir.

Azərbaycanda insan haqlarının vəziyyətini tənqid edənlər ölkə rəhbərliyilə bağlı “rejim” ifadəsini tez-tez işlədir və İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronla bağlı bu ifadəni seçməsinə səbəb olmuş ola bilər.

İnsan haqları

Tədbirin Azərbaycanda keçirilməsini tənqid edənlər deyir ki, ölkənin insan haqları sahəsində reytinqi aşağıdır, 300-dən çox siyasi məhbus hesab olunan şəxs və 15 jurnalist həbsdədir.

COP29 başlamazdan əvvəl BBC-yə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov deyib: “Mən bu tip iddiaları qəbul etmirəm, çünki onlar fakta əsaslanmır”.

Təxminən 2000 iqlim qrupundan ibarət İqlim Fəaliyyət Şəbəkəsi BBC-ə deyib ki, ölkələr iqlim dəyişikliyi ilə bağlı irəliləyiş görmək istəyirlərsə, vətəndaş cəmiyyətinin qorunması çox vacibdir.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=7612 0
Taliban hökuməti COP29-dadır: inkişaf etmiş ölkələrdən maliyyə yardımı istəyir https://metbuat.org/?p=7609 https://metbuat.org/?p=7609#respond Wed, 13 Nov 2024 17:59:54 +0000 https://metbuat.org/?p=7609 Read more

]]>
Şəklin alt yazısı, Ruhulla Amin. Əfqanıstanın COP29-da nümayəndə heyətinin üzvü. Bakı

  • Müəllif, Könül Xəlilova, Səadət Akifqızı, Fərid Həsənov
  • Vəzifə, BBC Azərbaycanca, Bakı

Taliban hökuməti deyir ki, onlar iqlim dəyişikliyi məqsədlərini həyata keçirmək üçün inkişaf etmiş ölkələrdən “kifayət qədər” maliyyə gözləyirlər.

Bakıda BBC-nin Azərbaycan xidmətinə eksklüziv müsahibə verən Əfqanıstanın COP29 nümayəndə heyətinin üzvü Ruhulla Amin bura gözləntilərlə gəldiklərini deyir.

“Əfqanıstan nümayəndə heyəti olaraq, biz COP29-a gəldik və bütün tərəflərin kollektiv səylərini birləşdirməsini gözləyirik, çünki bu, qlobal bir problemdir və iqlim dəyişiklikləri ən az inkişaf etməkdə olan ölkələrə təsir edir və müxtəlif maraqlı tərəflərin kollektiv şəkildə birlikdə işləməsinə ümid edirik…” – o deyir.

Taliban qüvvələrinin 2021-ci ildə hakimiyyətə qayıdışından bəri Əfqanıstan beynəlxalq arenada, demək olar ki, görünmür və üç ildən bəri COP konfranslarında iştirak etmirdi. Bakıda noyabrın 11-dən başlayan və ayın 22-nə qədər davam edəcək COP29-da iştirak etməklə Taliban hökumətinin yüksək səviyyədə beynəlxalq təmaslara çıxışı yaranır.

İqlim dəyişikliyinə ən həssas olan ölkələrdən biri olan Əfqanıstan şiddətli quraqlıqlar, daşqınlar və zəlzələlərlə üzləşir, iqlimin yaratdığı fəlakətlər onun vətəndaşlarının vəziyyətini pisləşdirir. Taliban hökuməti ölkənin ağır ekoloji problemlərini vurğulamaq və qlobal iqlim təşəbbüslərinə daxil olmaq üçün beynəlxalq qurumlarla əlaqə saxlayıb.

“Tərəflərdən, inkişaf etmiş ölkələrdən yaşıl iqlim, fondun uyğunlaşması və qlobal iqlim obyektləri üçün kifayət qədər büdcə, qlobal maliyyə mexanizmləri gözləyirik ki, iqlim dəyişikliyindən daha çox təsirlənən ölkələr yüksək keyfiyyətli konsepsiya və təklif hazırlamaq üçün katibliyə təqdim etməkləri, xüsusilə adaptasiya, o cümlədən təsirin azaldılması layihələri [maliyyələşdirilsin]”, – Ruhulla Amin deyir.

O deyir ki, onlar Əfqanıstanın iqlim dəyişikliyinin təsirinə məruz qalması haqqında danışmaq və iqlim problemlərinin idarə olunmasında təcili beynəlxalq dəstəyə ehtiyacı vurğulamaq üçün buradadırlar. BBC Azərbaycanca Taliban hökumətinin iqlim dəyişikliyinin qarşısının alınması üçün hansı öhdəlik götürdüyünü soruşduqda, Ruhulla Amin “öhdəlikləri olduğunu” söyləyir.

“Bizim 16 ekoloji konvensiyaya və protokollara, hətta Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzvlüyümüz var – biz UNFCCC məqsədlərini və vəzifələrini həyata keçiririk, öhdəlik götürürük, Əfqanıstanın milli strategiyasını yeniləmişik və təqdim etmişik”.

Əfqanıstan uzun sürən quraqlıqlar, daşqınlar və zəlzələlər də daxil olmaqla, iqlimin yaratdığı fəlakətlərdən, vətəndaşlarının çətinliklərini daha da artıran ciddi problemlərlə üzləşir.

Taliban hökuməti bildirir ki, onlar beynəlxalq iqlim danışıqlarından kənarda qalmamalıdırlar və Əfqanıstanın beynəlxalq yardıma ehtiyacı var. Hakimiyyətə gəldikdən sonra beynəlxalq qurumlar tərəfindən verilən yardımlar, əsasən onun siyasətlərinə görə kəsilib.

Taliban hökuməti, əsasən, qadınların hüquqlarını məhdudlaşdırdığına görə, BMT-yə üzv dövlətlər tərəfindən rəsmi olaraq tanınmır. Qrupun BMT Baş Assambleyasında Əfqanıstandakı yerini tutmasına da icazə verilməyib.

Bu, son illərdə şiddətli daşqınlar və quraqlıqlardan ciddi şəkildə təsirlənsə də, ölkəni iqlim danışıqlarından kənarda saxlayıb. Bu, həmçinin Əfqanıstanın ətraf mühitin maliyyələşdirilməsi mexanizmlərinə çıxışını da məhdudlaşdırıb.

COP29, şübhəsiz ki, Taliban qüvvələrinin hakimiyyətə qayıtmasından sonra onun iştirak etdiyi ən yüksək səviyyəli tədbirdir. Onun rəsmiləri Qətərdə BMT-nin Əfqanıstanla bağlı təşkil etdiyi görüşlərdə, Taliban hökumətinin nazirləri isə son iki ildə Çin və Mərkəzi Asiyada keçirilən forumlarda iştirak ediblər.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=7609 0
Azərbaycan və Ermənistan hakimiyyəti xalqların iştirakı olmadan sülhü necə müzakirə edir https://metbuat.org/?p=7606 https://metbuat.org/?p=7606#respond Mon, 11 Nov 2024 18:22:25 +0000 https://metbuat.org/?p=7606 Read more

]]>

Şəklin mənbəyi, Azərtac/Gov.am

  • Müəllif, Məhərrəm Zeynalov
  • Vəzifə, BBC News Rusca

Dörd il əvvəl 7 minə yaxın insanın həlak olduğu İkinci Qarabağ müharibəsi başa çatdı. Daha sonra ermənilər Azərbaycanın “antiterror əməliyyatları” adlandırdığı döyüşlər nəticəsində Qarabağı tərk etdilər.

Qalib və məğlub yerlərini dəyişdilər – və sürətli templə sülh müqaviləsinin bağlanmasına hazırlaşmağa başladılar. Azərbaycan və Ermənistan sülh sazişi üçün mümkün “son tarix” kimi BMT-nin Bakıda keçiriləcək iqlim sammitini (COP29) göstərirdi. Lakin sammit bazar ertəsi, noyabrın 11-də başladı, sülh sazişi isə hələ ki imzalanmayıb.

İki ölkə arasında barışmaz ziddiyyətlər qalmaqdadır və bu barədə illərlə ümumi dil tapmağa çalışan ekspertlər və fəallar da xəbərdarlıq ediblər.

Amma prezident İlham Əliyevin administrasiyası və baş nazir Nikol Paşinyanın ofisi sülh danışıqlarının təfərrüatlarını gizli saxlayır və vətəndaş cəmiyyəti ilə məsləhətləşmirlər.

Azərbaycanda fəalları ermənilərlə yazışdıqları və görüşdüklərinə görə həbs edirlər. Ermənistanda sülhün sadiq tərəfdarları təcrid olunmuş və azlıqda qalırlar, onların əvəzinə isə hökumət ona sadiq ekspertlərə arxalanır.

“Müharibə heç vaxt qurtarmayıb”

Bəhruz Səmədov yeni nəsil azərbaycanlı pasifistlərin ən məşhurudur

Şəklin mənbəyi, Delegation of the European Union to Azerbaijan

Şəklin alt yazısı, Bəhruz Səmədov yeni nəsil azərbaycanlı pasifistlərin ən məşhurudur

Avqust ayında Azərbaycan hüquq-mühafizə orqanları Praqada Karlova Universitetinin müəllimi, 29 yaşlı Bəhruz Səmədovu həbs ediblər. Erməni fəallarla təmasda olduğu üçün Səmədov dövlətə xəyanətdə ittiham olunub və indi onu ömürlük həbs gözləyir. O, bütün ittihamları rədd edir.

Səmədov iki ölkə arasında barışığın tərəfdarı olub, lakin Azərbaycan hakimiyyətinin yanaşmasını tənqid edirdi. “Müharibə heç vaxt qurtarmayıb, heç vaxt sülh prosesi olmayıb” sərlövhəli məqaləsində o, Bakının Yerevanı zorla “avtoritar sülhə” məcbur etmək istədiyini yazır. O, bu kimi nəticəni “barışıqsız sülh” adlandırıb.

Səmədovun həbsindən az sonra müharibə əleyhdarı fəal və yazıçı Səməd Şıxı və jurnalist Cavid Ağa da saxlanılıb. Onların hər ikisi heç bir ittiham irəli sürülmədən azadlığa buraxılsa da, ölkədən çıxışlarına qadağa qoyulub. Oxşar hadisə son aylarda ölkədən çıxışları bağlandığını hava limanında öyrənən digər hakimiyyət tənqidçiləri ilə də baş verib.

Yoldaşlarının həbsindən və saxlanmasından sonra ölkədə qalan azsaylı fəallar narahat olmağa başlayıb. Azərbaycanda müxalifəti dəstəkləmək və ya korrupsiyanı araşdırmaq çoxdan təhlükəli hal alıb, lakin Ermənistanla sülh tərəfdarlarına hakimiyyət əvvəllər toxunmayıb.

Səmədov əmin idi ki, açıq-aşkar “risk qruplarına” düşməz – o, çoxdandır ki, xaricdə yaşayırdı və valideynləri olmadığına görə Bakıya ən yaxın qohumu olan nənəsinin yanına gəlirdi.

O, əmin idi ki, hakimiyyət üçün maraq kəsb etmır və Bakıda onun üçün heç bir təhlükə yoxdur, sülhməramlı təşəbbüslərin təşkilatçısı, Səmədovun dostu, tarixçi Altay Göyüşov xatırlayır.

Göyüşov beynəlxalq münasibətlər üzrə alim Viqen Çeteryanla birlikdə Qarabağ münaqişəsi və iki ölkə arasındakı münasibətlər tarixində millətçilik miflərini dəf etməyə çalışan “Araz” təşəbbüsünün yaradıcıları sırasında olub. Onlar yazırdılar ki, həm Ermənistanda, həm də Azərbaycanda tarixin öyrənilməsi “kütləvi zorakılığa haqq qazandırmaq üçün siyasi ideologiyaya […] çevrilmişdi”.

1980-ci illərin sonlarında hər iki ölkədə kütləvi millətçi mitinqlər keçirildi.O vaxtdan bəri barışıq heç vaxt populyar bir fikir olmayıb

Şəklin mənbəyi, Tass

Şəklin alt yazısı, 1980-ci illərin sonlarında hər iki ölkədə kütləvi millətçi mitinqlər keçirildi.O vaxtdan bəri barışıq heç vaxt populyar bir fikir olmayıb

Səmədov 2024-cü ilin iyununda Böyük Britaniyanın Mançester şəhərində keçirilən “Araz”ın seminarında məruzə ilə çıxış edib. Bakıya qayıdan kimi o, həbs edilib. Bundan sonra Azərbaycan mətbuatında onun vətən xaini kimi qələmə verildiyi, Qərb fondlarının təşkil etdiyi sülhməramlı təşəbbüslərin pisləndiyi, müharibə əleyhdarının isə təxribatçı adlandırıldığı silsilə yazılar dərc olundu.

“Biz az idik deyə çox da diqqəti cəlb emirdik və buna görə də bizi rahat qoyurdular, – Göyüşov sülh uğrunda mübarizə aparan yaşlı nəsil haqqında deyir. – “Ancaq bir şey ki, əsas cərəyana çevrilir, hakimiyyət həmin anda ondan asılı olmayaraq yaranan hər şeyi məhv etməyə başlayır”.

2020-ci ilin İkinci Qarabağ Müharibəsi və ondan sonrakı eskalasiyalar zamanı azərbaycanlı fəalların yeni nəsli özünü sosial şəbəkələrdə, o cümlədən ingilis dilində, özünü bərk səslə tanıdıb.

Onlar gənc ermənilərlə sıx əlaqə saxlayırdılar: podkastlarda və Instagramda canlı yayımda birlikdə iştirak edirdilər, X-də (“Twitter”) mübahisə edir və bir-biri ilə razılaşırdılar, seminarlarda çıxış edir, elmi məcmuələrdə və KİV-də birgə məqalələr dərc edirdilər.

İki cəmiyyət arasında dialoqa həsr olunmuş bir neçə platforma yaranmışdı – Bright Garden Voices, CaucasusTalks, Imagine Dialogue və s. Bütün bunlar hakimiyyətin diqqətini tək Bəhruz Səmədova deyil, digər fəallara və müstəqil jurnalistlərə də cəlb edib.

Vyanadakı Mərkəzi Avropa Universitetində Osmanlı imperiyasını araşdıran erməni əsilli alim Flora Ğazaryan-Abdin sülhməramlı layihələrdə iştirak edib. O deyir ki, Səmədovun həbsindən sonra azərbaycanlı iştirakçıları təhlükə altına qoymamaq üçün görüşlər, müzakirələr müvəqqəti olaraq dayandırılıb.

“Erməni ilə yazılan məqalənin həmmüəllifi olmaq lazımdır, yoxsa sadəcə ünsiyyət kifayətdir, yoxsa avropalıların təşkil etdiyi tədbirin iştirakçısı olmalısan?” – o, “oyunun yeni qaydalarını” təsvir etməyə çalışır.

Kağız üzərində sülh və ölü it

"Dolma Gündəlikləri" adlı komediya seriyası pasifizmə yeni, darıxdırıcı olmayan bir yanaşma cəhdi idi.

Şəklin mənbəyi, Dolma Diaries

Şəklin alt yazısı, “Dolma Gündəlikləri” adlı komediya seriyası pasifizmə yeni, darıxdırıcı olmayan bir yanaşma cəhdi idi

Gənclər azadlıqları və təhlükəsizliklərinə təhdidlərlə yanaşı, cəmiyyət tərəfindən maraq hiss etmədikləri və bürokratiyadan bezdikləri üçün pasifist təşəbbüsləri tərk edirlər.

Nərminə (təhlükəsizlik məqsədilə adı dəyişdirilib) 15 il Azərbaycan tərəfində sülhməramlı layihələrdə iştirak edib, lakin Bəhruz Səmədovun həbsindən sonra onları tərk edib. Bu xəbər qeyri-hökumət təşkilatlarında işləməkdən yaranan məyusluqla üst-üstə düşüb. Bu təşkilatların qrantlardan və donorlardan asılılığı səbəbindən, bəzən hesabat vermək əsas işdən daha çox vaxt tələb edir.

“Bu risklərin heç olmasa hansısa bir mənası olsaydı, risk etmək olardı, ancaq sadəcə sənədlərlə məşğul olmaq naminə vətən xaini kimi məhkum olunmaq – bu, rasional deyil. Bizim işimiz donorlar üçün qızğın fəaliyyət nümayiş etdirmək idi və bunu onlar da bilirdilər”, – Nərminə deyir.

Bu mühitdə çoxları etiraf edir ki, sülhməramlı təşəbbüslər ictimai tələbata deyil, Avropa təsisatlarının qrantlarına əsaslanırdı.

Almaniyadan olan fəal Oliver Münster bunu dəyişmək və sülhməramlılığı əyləncəli və cəlbedici etmək istəyirdi. O, dəyirmi masalar keçirmək əvəzinə, Berlində eyni mənzildə yaşamağa məcbur olan Azərbaycan və Ermənistandan olan tələbələrdən bəhs edən “Dolma gündəlikləri” komediya serialını yaradıb.

Münster belə qənaətə gəlib ki, hər iki ölkədə insanlar sülh istəyir: “Çünki alternativ Ermənistanda dağıdıcı ola bilər. Azərbaycanda isə Qarabağın acı yarası sağalıb”.

Lakin alman fəal onu da aşkar edib ki, bu haqda açıq danışmaq da çox çətindir. Azərbaycanda hakimiyyəti tənqid edənlər həbsə məruz qalmaq təhlükəsi ilə üzləşə bilərsə, Ermənistanda ictimai təzyiqlə üzləşirlər.

“Sülh sözü bir çox ermənilər üçün mənfi məna kəsb edir, çünki bu, İlham Əliyevin sülh hökmünü qəbul etməklə uyğunlaşdırılır, – Münster deyir. Sülh haqqında öz fikirlərini açıq şəkildə ifadə edən fəallar ən azı sadəlövhlüyə, ən pis halda isə Azərbaycanın planlarına kömək etməyə görə ictimai və hətta şəxsi neqativ reaksiyalarla üzləşə bilərlər”.

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətinin əvvəllərində Dağlıq Qarabağ məsələsində güzəştə getməkdən imtina edib, onun müdafiə naziri isə daha çox Azərbaycan ərazisini işğal etməklə hədələyib.

Lakin 2020-ci ildə məğlubiyyətdən sonra Paşinyan kursunu dəyişib, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və “sülh gündəmi” elan edib. İndi o, Bakı ilə o qədər tez sülh sazişinin imzalanmasını istəyir ki, Qarabağ erməniləri üçün nə muxtariyyət, nə də hətta öz evlərinə qayıtmaq hüququna nail olmağa çalışır.

Lakin Paşinyanın “sülh gündəmində” onun və tərəfdaşlarının müharibəyə üstünlük verdiyi dövrdə sülh kampaniyası aparanlara yer yoxdur. Onilliklərlə azərbaycanlılarla görüşən və birgə platforma hazırlamağa çalışan fəallar təcrid olunmuş vəziyyətdə qalırlar.

Baş nazir vaxtaşırı vətəndaş cəmiyyətinin nümayəndələri ilə qeyri-rəsmi görüşlər təşkil edir. Onlarda əsasən hakimiyyətə sadiq ekspertlər iştirak edir və müstəqil fəallar ora nadir hallarda dəvət olunurlar.

Erməni və azərbaycanlı fəallar arasında Georgi Vanyan fərqli mövqedə dayanırdı. O, bağlı qapılar arxasında görüşlər əvəzinə sülhyaradıclığın tamamilə şəffaf olması prinsipini təklif edirdi.

Georgi Vanyan

Şəklin mənbəyi, YouTube/Daha Yaxşı

Şəklin alt yazısı, Georgi Vanyan bütün həyatı boyu sülh yaradıcı layihələrdə iştirak edib

Vanyan Ermənistanda Azərbaycan filmləri festivalını keçirməyə cəhd edib, daha sonra Gürcüstanın Ermənistan və Azərbaycan sərhədlərinin bir neçə kilometrliyində yerləşən Tekali kəndində iki ölkə vətəndaşları arasında görüşlər təşkil etmişdi. O, ictimai təqiblərlə üzləşdi və buna görə Yerevandan dağ kəndinə köçüb və orada avtobus sürücüsü işləyirdi.

İkinci Qarabağ müharibəsi zamanı Vanyan Paşinyan hökumətini Azərbaycanla güzəştə getməyə və dialoqa çağırıb. Bu çağırışlara görə polis onu cərimələyib. Daha əvvəl naməlum şəxslər onun itini öldürüb. Fəal 2021-ci ildə Tbilisi xəstəxanasında koronavirusdan vəfat edib.

“Demək olar ki, onun olduğunu heç kim bilmirdi və tanıyanlar onu şəhər dəlisi hesab edirdilər”, – adının çəkilməsini istəməyən fəal Vanyanı xatırlayır.

Hətta erməni pasifistlərinin hamısının Vanyanın fəaliyyəti haqqında xəbəri olmayıb. Flora Ğazaryan-Abdin etiraf edir ki, onun haqqında ilk dəfə 2020-ci il müharibəsi zamanı, sülh çağırışlarına görə polisin ona baş çəkdiyi zaman eşitmişdi.

“Məcburi sülh prosesi”

“Xeyli vaxt münaqişə tərəfləri arasında belə bir anlayış var idi ki, liderlər razılığa gəlməlidirlər və sonra QHT-lər gəlib bunu ictimaiyyətə satacaqlar”, – Royal Chatham House İnstitutunun əməkdaşı, Londonda Beynəlxalq Əlaqələr və Ermənistan-Azərbaycan münaqişəsi haqqında kitabın müəllifi Laurence Broers deyir.

Onun sözlərinə görə, sülh prosesi, Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə aparılan danışıqlar həmişə qeyri-şəffaf olub. 2020-ci il müharibəsindən sonra cəmiyyətdə müzakirə imkanı var idi, lakin Azərbaycanda son həbslərdən sonra bu, yenidən yoxa çıxdı, Broers deyir. O, indi baş verənləri bütün cəmiyyətin deyil, elitanın maraqlarına xidmət edən məcburi sülh prosesi adlandırır.

“Bu prosesdən irəli gələn istənilən razılaşma Ermənistan-Azərbaycan münasibətlərinin daha geniş transformasiyaları daxilində deyil, səthi və kövrək olacaq”, – ekspert deyir.

ABŞ-da prezident seçkilərində diqqətini daxili problemlərə cəmləyəcəyini vəd edən Donald Trumpın qələbəsi fonunda da sülh perspektivləri etibarsız görünür. 2020-ci ildə Qarabağda ikinci müharibə Trumpın birinci dövrünə təsadüf etmişdi və ABŞ münaqişədən kənarda qalıb. Atəşkəs razılaşmasını Rusiya lideri Vladimir Putin hazırlanıb və onu Rusiya sülhməramlılarının Qarabağa daxil edilməsi ilə təsbit edib.

Joe Biden administrasiyası hətta Ukraynadakı müharibəyə baxmayaraq, Ermənistanla Azərbaycan arasında diplomatiyaya daha fəal qoşulmağa çalışırdı. Dövlət katibi Antony Blinken sülh müqaviləsini müzakirə etmək üçün iki ölkənin xarici işlər nazirləri arasında görüşlər təşkil edib.

Hələ 1989-cu ildə ermənilərlə azərbaycanlılar bir yerdə yaşayırdılar. Fotoda soldan sağa sovxoz işçiləri Fərman Nəcəfov və Mher Vardazaryandır

Şəklin mənbəyi, Tass

Şəklin alt yazısı, Hələ 1989-cu ildə ermənilərlə azərbaycanlılar bir yerdə yaşayırdılar. Fotoda soldan sağa sovxoz işçiləri Fərman Nəcəfov və Mher Vardazaryandır

Amerikanın təcridçiliyə doğru mümkün dönüşü digər postsovet ölkə paytaxtlarında da, o cümlədən Kiyevdə liderləri narahat edir. Berlindəki Müstəqil Sosial Araşdırmalar Mərkəzinin sosioloqu Sergey Rumyantsev hesab edir ki, bu, Rusiya-Ukrayna müharibəsi ilə Qarabağ münaqişəsi arasında yeganə paralellik deyil.

“Ukraynada müharibənin başlaması ilə sülh ideyası və ona nail olmaq üçün kompromis axtarışı son dərəcə qeyri-populyar oldu, hər hansı sülh çağırışı isə Putinin mövqeyinə dəstək kimi qeyd olunur”, – sosioloq Ukrayna cəmiyyətində əhval-ruhiyyələrlə bağlı deyir. Sülhə nail olmaq üçün yeganə üsul kimi müharibə və döyüş meydanında qələbə sövq etdirilir.

Ancaq Rumyantsev hesab edir ki, müharibə heç də sülhün müqəddiməsi deyil.

“Sülhə nail olmaq həmişə çox iş və əzm tələb edir və bu işin böyük bir hissəsi müharibənin vurduğu travmaların dəf edilməsindən ibarətdir”, – o deyir.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=7606 0
COP29-un baş icraçısı qazıntı yanacaq sövdələşmələrini təşviq edərkən yaxalandı https://metbuat.org/?p=7602 https://metbuat.org/?p=7602#respond Sun, 10 Nov 2024 10:40:49 +0000 http://metbuat.org/?p=7602 Read more

]]>
Şəklin alt yazısı, Gizli çəkilişdə COP29-un icraçı direktoru Elnur Soltanovun neft-qaz sazişlərini müzakirə etdiyi görünür

  • Müəllif, Justin Rowlatt
  • Vəzifə, BBC-nin iqlim məsələləri üzrə redaktoru

Azərbaycanda başlayacaq iqlim dəyişikliyi konfransının – COP29-un yüksək rütbəli rəsmisinin potensial qazıntı yanacağı sazişlərinin müzakirəsi ilə bağlı görüş təşkil etmək üçün öz rolundan istifadə etdiyi görünür, BBC xəbər verir.

Biz Azərbaycanın COP29 komandasının baş icraçı direktoru Elnur Soltanovun özünü potensial sərmayəçi kimi təqdim edən adamla ölkənin dövlət neft və qaz şirkətində çeşidli “investisiya imkanlarını” müzakirə etdiyini əks etdirən gizli çəkilişləri görmüşük.

“Bizim işlənəsi çoxlu qaz yataqlarımız var”, – o deyib.

BMT-nin iqlim danışıqlarına məsul qurumunun keçmiş sədri BBC-yə deyib ki, onun hərəkətləri “tamamilə qəbuledilməzdir” və COP prosesinə “xəyanətdir”.

Baku COP29

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Bakı BMT-nin bu ilki COP29 iqlim dəyişikliyi konfransına ev sahibliyi edir

Azərbaycanın COP29 komandası bizim şərh sorğumuza cavab verməyib.

Bazar ertəsi Bakıda COP29 konfransına start veriləcək.

Bu, hökumətlərin gələcək iqlim dəyişikliyinə hazırlıqlarını, onu necə məhdudlaşdıracaqlarını və problemin həlli üçün qlobal ambisiyaları necə artıracaqlarını müzakirə edəcəkləri BMT-nin 29-cu illik iqlim sammiti olacaq.

Hərçənd ki, BBC ardıcıl ikinci ildir ki, ev sahibi olan hökumət tərəfindən yol verildiyi iddia olunan qanunsuzluqları aşkar edir.

İki həftə əvvəl İspaniyada baş verən dağıdıcı daşqınlar 200-dən çox insanı öldürdü və bu, iqlim dəyişikliyinin necə bir kəskin havaya səbəb ola biləcəyinin vahiməli xatırlatması idi.

BBC-yə Global Witness insan haqları təşkilatı tərəfindən çəkilmiş gizli video görüntülər və sənədlər göstərilib.

BBC anlayır ki, təşkilatın nümayəndələrindən biri özünü COP29 komandasına Honkonqda yerləşən enerji üzrə ixtisaslaşmış uydurma investisiya şirkətinin rəhbəri kimi təqdim edib.

O deyib ki, bu şirkət COP29 sammitinə sponsorluq etmək istəyir, lakin əvəzində Azərbaycanın dövlət neft və qaz şirkəti – SOCAR-da investisiya imkanlarını müzakirə etmək niyyətindədir.

COP29 Bakı

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Azərbaycan neft-qaz yataqları ilə zəngindir.

Elnur Soltanovla onlayn görüş təşkil edilib. COP29-un baş icraçı direktoru olmaqla yanaşı, cənab Soltanov həm də Azərbaycanın energetika nazirinin müavini və SOCAR-ın Müşahidə Şurasının üzvüdür.

ABŞ hökumətinin rəqəmlərinə görə, neft və qaz Azərbaycan iqtisadiyyatının təxminən yarısını, ixracının isə 90 faizindən çoxunu təşkil edir.

Görüşdə cənab Soltanov potensial sponsora deyib ki, konfransın məqsədi “iqlim böhranını çözmək” və “karbohidrogenlərdən ədalətli, nizamlı və bərabərhüquqlu şəkildə uzaqlaşmaq”dır.

O deyib ki, neft və qaz şirkətləri də daxil hər kəs “həll yolu təqdim edə bilər”, çünki Azərbaycanın “qapıları açıqdır”.

Bununla belə, o, təkcə iqlim həlləri üçün deyil, neft və qaz da daxil sövdələşmələr üçün də “açıq qapı” təqdim edib.

Cənab Soltanov potensial sponsora əvvəlcə SOCAR-ın cəlb olunduğu bəzi “yaşıl keçid layihələrinə” investisiya qoymağı təklif edib, lakin sonra o, yeni qaz xətti infrastrukturu da daxil olmaqla, Azərbaycanın qaz istehsalını artırmaq planları ilə əlaqəli imkanlar barədə danışmağa başlayıb.

“Çoxlu birgə müəssisələr yaradıla bilər”, – cənab Soltanovun potensial sponsora dediyi qeyd olunur. “SOCAR Asiya da daxil olmaqla, bütün dünyada neft və qaz ticarəti aparır”.

Cənab Soltanov təbii qazı “keçid yanacağı” adlandırıb və deyib: “Müəyyən həcmdə neft və təbii qaz istehsallarımız davam edəcək, bəlkə də həmişəlik”.

BMT-nin iqlim elmi qurumu – İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli 2050-ci il və daha sonrasında neft-qazın bəzi rolu olacağını etiraf edir, amma eyni zamanda aydındır ki, “istiləşməni 1,5C-yə qədər məhdudlaşdırmağa çalışmaqla yeni neft və qaz yataqlarının işlənməsini inkişaf etdirmək bir-birinə uyğun deyil”.

Bu, həmçinin dünyanın son qlobal iqlim sammitində qazıntı yanacaqlarından uzaqlaşmağı qəbul etdiyi razılaşmaya ziddir.

Cənab Soltanov müzakirələrin baş tutmasına köməkdə həvəsli görünərək potensial sponsora deyib: “Müzakirələrin başlaması üçün sənin komandanla onların [SOCAR-ın] komandası arasında əlaqə yaratmağa şad olaram”.

Bir neçə həftə sonra saxta Honkonq investisiya şirkəti e-mail alıb – SOCAR məsələni davam etdirmək istəyib.

COP29 prosesinin bir hissəsi kimi biznes sövdələşmələri etməyə cəhd bir COP rəsmisindən gözlənilən davranış standartlarının ciddi şəkildə pozulması kimi görünür.

Bu tədbirlər iqlim dəyişikliyinin əsas səbəbi olan qazıntı yanacaqlarının daha çox satılması üçün deyil, dünyada onlardan istifadənin azaldılması üçün olmalıdır.

Bu standartlar BMT-nin iqlim müzakirələrinə məsul qurumu – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən tərtib olunub.

BMT deyib ki, aşkarladıqlarımıza birbaşa şərh verə bilməzlər, lakin qeyd edib ki, konfransın istənilən ev sahibinə “eyni ciddi standartlar” tətbiq olunur və o standartlar “vəzifədə olan bütün sədrlərin qərəzsizliyinin vacibliyini” əks etdirir.

COP rəsmilərinin davranış kodeksində deyilir ki, onlardan “ayrı-seçkilik, qərəz, tərəfkeşlik, kapriz, şəxs maraq, üstünlük vermə və ya itaətkarlıq olmadan, ciddi şəkildə sağlam, müstəqil və ədalətli mühakiməyə əsaslanan fəaliyyət gözlənilir”.

“Onlardan şəxsi baxış və əqidələrinin UNFCCC rəsmisi kimi onların rolunu və funksiyalarını təhdid etməməsinə və ya təhdid etmiş kimi olmamasını təmin etmələri gözlənilir”, – sənəddə deyilir.

Tarixi Paris razılaşmasına rəhbərlik edən Christiana Figueres deyir ki, qazıntı yanacaqlarla bağlı sövdələşmələr COP29 prosesinə “xəyanətdir”

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Tarixi Paris razılaşmasına rəhbərlik edən Christiana Figueres deyir ki, qazıntı yanacaqlarla bağlı sövdələşmələr COP29 prosesinə “xəyanətdir”

Kosta-Rikalı diplomat Christiana Figueres 2015-ci ildə Parisdə dünyanın qlobal temperaturun artmasını 2C-dən aşağı saxlamaq üçün birgə işləməyə razılaşdığı əlamətdar COP konfransı dövründə BMT-nin iqlim prosesində rəhbər vəzifədə olub.

O, BBC-yə deyib ki, COP prosesinə cəlb olunmuş istənilən şəxsin öz vəzifəsindən istifadə edərək qazıntı yanacağı üzrə yeni sövdələşmələr bağlamaq cəhdinə heyrət edib.

O deyib ki, belə davranış bu konfransların məqsədinə “ziddir və bərbaddır” və prosesə “xəyanətdir”.

BBC, həmçinin COP29 komandası ilə saxta investorlar arasında e-mailləri görüb. “Global Witness” deyir ki, bunlar davamlılığın COP29 komandası üçün əsas gündəm olmadığına dair əlavə sübutları göstərir.

Görüşlərin birində iqlim konfransı müddətində SOCAR-ın təqdimatı və “davamlı neft və qaz investisiyası” mövzusunda tədbirə cəlb olunmasının əvəzində saxta şirkətlə 600,000 dollarlıq sponsorluq sövdələşməsi müzakirə edilib.

COP29 rəsmiləri sammitə 5 keçidlə tam girişin təklif olunduğu müqavilə layihəsi hazırlayıblar.

Müqavilə saxta kampaniyadan davamlılığa dair bəzi öhdəliklər tələb edib, amma o rədd ediləndə azərbaycanlılar bunu bir kənara qoyaraq, “düzəlişlər” etməyi nəzərdən keçirməyə razılaşıblar.

Əlbəttə, şirkət mövcud olmadığından heç bir müqavilə də bağlanmadı.

Biz Azərbaycanın COP29 komandasından və SOCAR-dan aşkar etdiyimiz məlumatları şərh etmələrini istədik. Onlar sorğularımıza cavab vermədilər.

Bir il əvvəl BƏƏ-nin COP28-ə ev sahibliyi rolundan istifadə edərək neft və qaz sövdələşmələri bağlamaq planlarını aşkarlayan sızdırılmış sənədlər əldə etmişdik.

Bununla belə, həmin sammitdə ilk dəfə dünyanın qazıntı yanacaqlardan uzaqlaşmasının lazım olduğuna dair razılıq əldə edildi.

Bu göstərir ki, COP 29-da hələ də irəliləyiş əldə edilə bilər, lakin konfransın açılışına bir neçə gün qalmış ev sahibliyi edən komandanın qanunsuz hərəkətləri ilə bağlı iddialar ümidverici başlanğıc olmaya bilər.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=7602 0
Zülfüqar Rüfətoğlu dostlarının xatirəsində: “Bakı üçün darıxırdı” https://metbuat.org/?p=7598 https://metbuat.org/?p=7598#respond Sun, 10 Nov 2024 07:39:27 +0000 http://metbuat.org/?p=7598 Read more

]]>

“Səni şəxsən tanımazdan çox-çox əvvəl səndən öyrənməyə başlamışdım”

BBC Azərbaycanın redaktoru

Ən son imeylində mənə yazırdın: “Ha deyirəm, Broadcasting House-a gəlim, səninlə rahat söhbət edim, alınmır. Qocalıq bir şey deyil : )”. Nur içində yat, əziz Zülfüqar. Səni BBC Azərbaycanca xidmətinin 30 yaşının tamam olduğu ayda itirdik.

Mən BBC-də işləmək üçün Londona gələndə, tez bir zamanda radio bacarıqlarına yiyələnməyə digər həmkarlarım kimi, sənin də böyük köməyin dəymişdi. Amma səni şəxsən tanımazdan çox-çox əvvəl səndən öyrənməyə başlamışdım – bu gün redaktoru olduğum BBC Azərbaycanca xidmətinin və xüsusilə də sənin daimi dinləyicilərindən idim. Mükəmməl səsin və radio aparıcılığın vardı və bu, sonradan BBC jurnalisti olmağımda BBC məktəbinin yüksək professionallığı ilə birlikdə önəmli bir rol oynayacaqdı.

Ustalıqla hazırladığın radio proqramlarla yanaşı, dinləyicin olduğum zamanlarda, radioda sənin tərcüməndə və ifanda bir şeir dinləmişdim. Onu heç zaman unutmadım. Şeir belə idi:

Xoşbəxtlikdən, bədbəxtlikdən, ya da boş yerə,

bu düz sözdür, heç vaxt dönmə köhnə yerlərə

O yerlərin qalmışsa da, daşı, tavanı,

nə sən, nə mən, tapa bilərik axtarılanı

Sən də qardaş, təzələmə, bu köhnə dərdi,

yoxsa, vallah, geyinərəm, keçə çəkməmi

qayıdaram o illərə, kim saxlar məni

O yerləri gözüm görsə, tanıyacaqdır

çünki orda anam gəncdir, atamsa sağdır…

BBC Azərbaycanca xidmətinin proqramları 90-2000-ci illərin bir çox gənc jurnalistləri üçün məktəb idi. Və sən də o məktəbin müəllimlərindən idin. Azərbaycan dilini böyük mühafizəkarlıqla qorumağa çalışırdın, yad müdaxilələrə dözümsüz idin. Bizə bir radio məktəbi qoyub getdiyin üçün, çox sağ ol!

Zülfüqar Rüfətoğlu BBC Azərbaycancanın əməkdaşı Alexey Manvelyanla
Şəklin alt yazısı, Zülfüqar Rüfətoğlu və Alexey Manvelyan – iki dost və BBC Azərbaycanca əməkdaşları

“Mən çox istedadlı bir dostumu itirdim”

Famil İsmayılov, BBC Ruscanın redaktoru

Mən çox istedadlı bir dostumu itirdim. Onu bir çox illər boyu jurnalist və şair olaraq tanıyırdım. Onun istedadı hər iki sahədə parlayırdı. O zamankı “Azərbaycan” nəşriyyatinin dəhlizlərində də qarşılaşdığımız zaman, biz ironik bir zarafat edirdik: “şair-publisist”. Bu, həyatın çətin reallıqlarını görmədən hər bir hekayəni saf bir poeziyaya çevirməyə çalışan “işə yaramayan” həmkarlarımıza verilən bir ləqəb idi.

Amma Zülfüqar fərqli idi. O, özünün poetik daxili aləmini istifadə edərək həyatı bütün çətinlikləri ilə anlatmağa çalışırdı. 1990-cı illərdə o, Yerevana gedən ilk Azərbaycanlı jurnalistlərdən biri idi və orada ermənilərin həyatını və hisslərini öz azərbaycanlı izləyicilərinə çatdırmağa çalışırdı.

O, BBC jurnalisti kimi getmişdi və erməni höküməti onun gələcəyini əvvəlcədən bilirdi (BBC öz müxbirlərinin təhlükəsizliyinə çox ciddi yanaşır).

Buna baxmayaraq, o zamanlar sərhədçilər, o Azərbaycan pasportunu təqdim etdikdə çaşqınlıq yaşadılar.

Nəhayət, onu buraxdılar və o səfərdə, BBC-nin Ermənistan üzrə müxbiri Aleksey Manvelyan (Azərbaycan dilini mükəmməl bilir) ilə birlikdə çox populyar bir radio serialı (“Atəşkəs kölgəsində”) hazırladılar, hələ də nostalji ilə dinlədiyirəm bu proqramı.

İndi düşünün, bir azərbaycanlı olaraq o dövrlərdə Yerevana getmək üçün nə qədər cəsarətə sahib olmaq lazim idi. Zülfüqar böyük bir insan və həyatın böyük bir şairi idi. Və biz onu belə xatırlayacağıq.

Zülfüqar Rüfətoğlu İbrahim Nəbioğlu

Şəklin mənbəyi, İbrahim Nəbioğlu

Şəklin alt yazısı, İbrahim Nəbioğlu və Zülfüqar Rüfətoğlu

“…professora göstərəndə heyrət etdi ki, bu adam bunu necə tərcümə edib?”

Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu

Bizim ikimiz Bakıya, Azərbaycana çox bağlı idik. İkimiz də bu düşüncədəydik, belə bir qənaətə gəlmişdik ki, biz Bakını Bakı olduğu üçün sevmirik. Biz Bakıya insanları, vətəndəki ünsiyyətimiz, ata-anamızın məzarları bağlayır.

Zülfüqarın yazısı da şeirləri kimi qüsursuz idi, onun yazdığı mətnləri çox az insan kağıza tökə bilər…

İki möhtəşəm səs var Azərbaycan tele-radio məkanında – Aydın Qaradağlı və Zülfüqar Rüfətoğlu.

Zülfüqar mənə çox şeirlər ithaf edib. Təəssüf ki, şeirlərin hamısında kədər var, acı var, qürbət var. O, daxilən xoşbəxt idi, çünki çox istedadlı idi və bunun fərqindəydi. Amma bunu göstərə bilmirdi.

Nə qədər mütaliə etməyi sevsəm də, şeir oxumağı çox sevmirəm. Zülfüqar mənə şeiri sevdirmişdi. O qədər gözəl yazırdı ki… İngilis dilindən çox gözəl tərcümələr edirdi. Robert Rodney Ruelas adlı bir irlandiyalı şairin şeirini tərcümə etmişdi, burda ingilis ədəbiyyatı üzrə bir professora göstərəndə heyrət etdi ki, bu adam bunu necə tərcümə edib? Şeir indi qabağımdadır:

Səsi batırsaydı sənsiz darıxmaq,

Dünya danışmazdı, səssiz olardı.

Yağmur yağdırsaydı sənsiz darıxmaq,

Dünyanın hər yeri dəniz olardı.

Bu dəqiqə də tüklərim biz-biz olur bunu oxuyanda. Bunu adam necə sevgiylə tərcümə edib…

İşığı udsaydı sənsiz darıxmaq,

Kəhkəşan ələmə çevrilməzdimi?

Yəni aləmə yox ha, ələmə çevrilməzdimi? Hər sözün üstündə oynayırdı.

Mənə göndərirdi ki, ona bəh-bəh deyim. Məsələn, deyəndə ki, burda nə oyun çıxarmısan, bu onun xoşuna gəlirdi. Yaxşı sözə ehtiyacı vardı. Londonda, qürbətdə bu ünsiyyətə ehtiyacı vardı. Qürbətdə ona çətin idi. Bakı üçün darıxırdı, Bakı onun üçün çoğtafi yer deyildi, o, burdakı insanlar üçün darıxırdı. Onun ən böyük problemi ünsiyyət problemi idi. Onun dostları ilə, tanışları ilə, getdiyi kababxananın kababçısı, çayxananın çayçısı ilə ünsiyyətə ehtiyacı vardı.

Zülfüqarın cismi Londonda idi, ürəyi Bakıda…İndi məzarı da Londonda olacaq…

Qürbət onun taleyi idi, qürbətsiz da yapa bilmədi, köçə bilmədi Bakıya.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=7598 0
Azərbaycan üçün Trump, yoxsa Kamala? https://metbuat.org/?p=7594 https://metbuat.org/?p=7594#respond Mon, 04 Nov 2024 18:45:19 +0000 http://metbuat.org/?p=7594 Read more

]]>

Şəklin mənbəyi, Getty Images

  • Müəllif, Fərid Həsənov
  • Vəzifə, BBC Azərbaycanca

Azərbaycanda bəziləri inanır ki, Donald Trump-ın prezident seçilməsi Azərbaycan üçün daha yaxşıdır.

Lakin Kamala Harris-in daha adekvat olduğu qənaətində olanlar da az deyil.

BBC Azərbaycancanın Bakı sakinləri arasında apardığı kiçik sorğuda da hər iki fikir üstünlük təşkil edib.

Azərbaycandakı Donald Trump tərəfdarları fikirlərini onunla izah edirlər ki, ABŞ-ın keçmiş Prezidenti son çıxışlarında müharibələri dəstəkləməyəcəyini və heç bir müharibənin olmayacağıını deyib.

Kamala Harris-in prezidentliyini istəyənlər isə, əksinə Donald Trump-ın özünü doğrultmadığını bildirirlər və Harris-i alternativ kimi görürlər.

ABŞ-da prezidentliyə namizədlər: Azərbaycan-Ermənistan sülh prosesi kontekstində

ABŞ, Kamala Harris, Donald Trump, seçki, prezident seçkisi, debat, siyasət,

Şəklin mənbəyi, Getty Images

“ABŞ-da Donald Trump və ya Kamala Harris-in prezident olması Azərbaycan üçün nə deməkdir” sualının cavabını, əsasən, Ağ Evə rəhbərlik edəcək şəxsin rəsmi Yerevan və Bakı arasındakı münasibətlərdə tutduğu mövqe müəyyənləşdirəcək.

Buna səbəb isə Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının hələ də imzalanmaması və rəsmi Bakı üçün digər ölkələrlə münasibətlərdə Ermənistan amilinin qüvvədə olmasıdır. Başqa sözlə desək, Azərbaycan hökuməti üçün digər dövlətlərlə əlaqələrdə həmin ölkələrin Yerevanla olan dost və ya qeyri-dost münasibətləri önəmlidir.

Azərbaycan Prezidenti İlham Əliyev yayda keçirilən bir beynəlxalq konfransda Trump-ın prezidentliyi dövründə “çox səmərəli və qarşılıqlı hörmət üzərində qurulmuş əməkdaşlıqları” olduğunu vurğulayıb.

O, Kamala Harris-lə bağlı fikrini birbaşa açıqlamasa da, Qarabağ məsələsinə görə hazırkı ABŞ administrasiyasının “fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olduğunu” gizlətməyib. O, indiki rəhbərliyi Qafqazda “ayırıcı xətlər çəkməkdə” ittiham edib.

Trump və Harris-in Qarabağla bağlı mövqeyi

Hazırda rəy sorğularına görə, Donald Trump və Kamala Harris bərabər səsə malik olduğundan hər ikisi çıxışlarında ölkənin ən kiçik etnik qruplarını da öz tərəflərinə çəkməyə çalışırlar. Buna görə də, ABŞ-dakı erməni lobbisinin etimadını qazanmaq onlar üçün önəmli məsələyə çevrilib.

İkinci Qarabağ müharibəsi Trump-ın prezidentliyinin son aylarına təsadüf edirdi. 2020-ci ildə Trump adminstrasiyasının Azərbaycan-Ermənistan arasındakı müharibə ilə bağlı səssiz mövqeyi müşahidə olunurdu.

Hətta erməni lobbisi Kamala Harrisi tənqid edirdi ki, niyə o, ABŞ siyasətində xüsusi çəkiyə malik Californiya ştatının senatoru olarkən Trump-ın bu müharibəyə səssizliyinə qarşı heç nə etməyib.

Ötən il Azərbaycanın Qarabağda apardığı və on minlərlə erməninin oranı tərk etməsi ilə nəticələnən bir günlük hərbi əməliyyatdan sonra Kamala Harris-in vitse-prezidenti olduğu Ağ Ev adminstrasiyası ilə Bakı arasında siyasi münasibətlər pisləşməyə başladı.

Vəziyyət o həddə çatdı ki, hər iki tərəf bir-birinin ölkəsinə “yüksək səviyyəli səfərlərinin mümkünlüyünü yersiz” saydı, yəni, bir-birlərinə, sonradan aradan qaldırılan sanksiyalar qoydu. ABŞ Bakıya birbaşa yardımları qadağan edən 907-ci düzəlişin icrasını qüvvədə saxladı.

Qarabağ, Ermənistan, Azərbaycan, müharibə, münaqişə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Qarabağda yaşamış ermənilər sentyabrın 28-i 2023-cü ildə Qarabağı tərk edirlər

Bir vitse-prezident kimi Kamala Harris-in Washington-un Bakıya qarşı bu həmlələrində hansı rolu oynadığı məlum olmasa da, o, bəzi addımları ilə Qarabağ məsələsində mövqeyini ortaya qoydu.

Kamala Harris sentyabrın 23-də – Ermənistanın Müstəqillik Günündə, ABŞ-ın erməni ictimaiyyətinə göndərdiyi müraciətdə Qarabağdan köçən ermənilərin “təhlükəsiz şəraitdə öz evlərinə” qayıtmalı olduğunu və “erməni soyqırımının unudulmamasına” dair çağırışlar etdi.

Bunun ardınca, seçki zamanı bir səsin belə nəticəni dəyişəcəyinə inanan Donald Trump da erməni lobbisinin diqqətini çəkəcək paylaşım etdi.

O, rəqibi Kamala Harrisi 2023-cü ildə etnik ermənilərin Qarabağdan “məcburi və dəhşətli formada” çıxarılmasına göz yummaqda ittiham etdi və bildirdi ki, əgər prezident seçilsə, Ermənistanla Azərbaycan arasında “sülh yaradacaq”.

Hər iki namizədin Qarabağ erməniləri ilə bağlı verdiyi açıqlamada diqqət çəkən məqam isə Azərbaycan tərəfinin reaksiyası oldu. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hökumətə loyal olan Qərbi Azərbaycan icması Kamala Harris-i çıxışında “Dağlıq Qarabağ” ifadəsini işlətdiyinə görə onu Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdə günahlandırsa da, müraciətində “Artsax” ifadəsini işlədən Donald Trump-la bağlı mövqe bildirmədi.

Eyni zamanda son açıqlamalarının birində Trump-a rəğbətini gizlətməyən İlham Əliyev və ya onun adminstrasiyası da Trump-ın Qarabağ erməniləri ilə bağlı verdiyi açıqlamasını indiyə kimi şərh etməyib.

Amma bundan əvvəlki açıqlamasında cənab Əliyev vurğulamışdı ki, onun fikrincə, “anti-Azərbaycan fəaliyyətin bir hissəsi prezident seçkiləri ilə bağlıdır və onlar ermənilərin səslərini qazanmaq istəyirlər”.

İnsan haqları amili

ABŞ-Azərbaycan münasibətlərində insan haqları ilə bağlı məsələlər xüsusi yer tutur: Dövlət Departamentinin hesabatlarında Azərbaycan insan haqlarının vəziyyətinə görə mütəmadi tənqid olunur.

Azərbaycanda jurnalistlərin, ictimai və siyasi fəalların son həbslərindən sonra ABŞ-ın dövlət katibi səviyyəsində rəsmi Bakıdan tutulanların azadlığa buraxılması ilə bağlı çağırışlar səslənsə də, Azərbaycan hakimiyyəti bunu “daxili işi sayaraq” bu çağırışlara əhəmiyyət vermir.

Bunun fonunda Donald Trump və ya Kamala Harris-in prezident olduqdan sonra Azərbaycanda insan haqlarının vəziyyətinə təsir edəcəyinə inanmaq çətindir. Çünki Donald Trump-ın, ümumiyyətlə, prioriteti ABŞ-ın iqtisadi məsələləridir, ilk prezidentliyi müddətində də dünyada demokratik dəyərlər, insan haqları kimi məsələlərə o qədər diqqət ayırmayıb.

Kamala Harris-in vitse-prezidentlik dövrü isə Azərbaycanın insan haqlarına görə daha çox tənqid olunduğu dövr ilə üst-üstə düşür.

Azərbaycandakı insan haqlarını qiymətləndirən yerli və beynəlxalq QHT-lərin hesabatlarına görə, Azərbaycanda son illərdə bu sahədə vəziyyət yaxşılığa doğru dəyişməyib.

Ötən ilin oktyabrından bugünədək Azərbaycanda 15-dən çox jurnalist, ictimai və siyasi fəal saxlanıb. Onları həbslərini fəaliyyətləri ilə bağlayır, Azərbaycan hakimiyyəti isə ölkədə heç bir kəsin əqidəsinə, peşəsinə görə təqib olunmadığını, həbs edilənlərin törətdikləri cinayət əməlinə görə ittiham edildiyini bildirir.

Enerji tərəfdaşlığı amili

Bəzi tənqidçilərə görə, ABŞ-ın Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin pisləşməsinə səssiz qalması rəsmi Washington və Bakı arasında enerji sahəsində olan əməkdaşlıqla bağlıdır.

ABŞ-da daxil olmaqla, Qərb rəsmiləri özləri də etiraf edirlər ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artıb.

Avropa ölkələri 2025-ci il yanvarın 1-dən etibarən, Rusiyadan qaz idxalını tamamilə dayandıracaqlarını bəyan ediblər.

ABŞ hökuməti də Avropanın Rusiyanın enerji ehtiyatlarından asılılığını minimuma endirməkdə maraqlıdır.

Belə olan halda, Azərbaycanın həm Mərkəzi Asiyadan təbii qazın Avropaya ötürülməsindəki tranzit rolu, həm də öz qazının idxalının həcmini artırması Qərb üçün daha vacib amilə çevrilib.

ABŞ-da mənzillənən Freedom House təşkilatı hesab edir ki, Qərbin enerji maraqları Azərbaycan hökumətinə Avropa İttifaqının enerji ehtiyacını “siyasi alətə çevirərək Qərbin fundamental insan haqlarına dair tənqidlərindən yayınma imkanı” verib.

Nəticədə hakim partiya “ciddi reaksiyalarla üzləşmədən” ölkədə tənqidi fikirlərə qarşı mübarizə aparma gücünü artırmış oldu, qurumun Avropa və Avrasiya proqramları üzrə direktoru Marc Behrendt BBC Azərbaycancaya deyib.

“Görünür, Azərbaycanın Avropa ilə qaz sazişləri imzalaması və enerji sahəsində əməkdaşlığını genişləndirməsi kimlərisə narahat edir. Ona görə də, iqtisadi məsələləri siyasiləşdirməyə çalışırlar”, – Avropa İttifaqı ilə qaz sazişləri imzalanarkən səslənən insan haqları ilə bağlı tənqidləri əsassız sayan, hakim YAP-ı parlamentdə təmsil edən Aydın Mirzəzadə deyib.

Elə Azərbaycan hakimiyyəti də onu söz azadlığını boğmaqda ittiham edənlərin fikirləriylə razılaşmır. Prezident İlham Əliyev çıxışlarında vurğulayır ki, Azərbaycanda “bütün azadlıqlar – söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı var. Heç bir senzura yoxdur”.

Rusiya-Ukrayna arasında müharibənin daha da gərginləşdiyi, eləcə də qarşıdan soyuq qış aylarının yaxınlaşdığını əsas götürsək, yeni seçilən prezidentin kim olmasından asılı olmayaraq, Ağ Evin Azərbaycandakı insan haqları ilə bağlı mövqeyində dəyişiklik olmayacağı ehtimalı daha yüksəkdir.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=7594 0
COP29 müddətində Bakıda nəqliyyat: şəhərə girişdə və bəzi küçələrdə məhdudiyyət olacaq https://metbuat.org/?p=7590 https://metbuat.org/?p=7590#respond Mon, 04 Nov 2024 08:30:04 +0000 http://metbuat.org/?p=7590 Read more

]]>

Şəklin mənbəyi, transportmap.cop29.az

COP29 tədbirləri zamanı Bakıya nəqliyyatın girişində məhdudiyyətlər olacaq, rəsmilər açıqlayıb.

Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətdən xahiş edib ki, nəqliyyat sıxlığının azaldılması üçün həmin günlər Bakıya bitişik kənd və qəsəbələrdən, həmçinin bölgələrdən paytaxta gələnlər ictimai nəqliyyatdan istifadə etsinlər.

Polis paytaxt sakinlərinə də eyni müraciəti edib: fərdi avtomobillərindən mümkün qədər az istifadə və bəzi yerlərdə nəqliyyatın məhdudlaşdırılacağını nəzərə alıb alternativ yollarla hərəkət edin.

Şənbə günü COP29 konfransı ilə əlaqədər Bakıda nəqliyyatın idarə olunması ilə bağlı plan açıqlanıb: şəhərə girişdə məhdudiyyətlər olacaq, hava limanından şəhərə və əks istiqamətə əsas yol tədbirə xidmət edəcək, alternativ yol kimi Zığ yolundan istifadə təklif edilib, bəzi marşrutla üzrə işləyən avtobusların xətlərində dəyişiklik olacaq.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev deyib ki, aeroporta gedənlər Zığ yolu və ya dənizkənarı yoldan istifadə etməli olacaqlar.

“Hava limanında şəxsi avtomobillər 2-ci terminalın qarşısında sərnişinlərini düşürə bilərlər, ancaq hava limanından ölkəyə gələn yerli sakinlər COP tədbirinin ilk üç günündə şəhərə avtobuslarla gəlməlidirlər”, – Namidan Priyev bildirib.

Aeroportdan şəhərə gələn yerli sakinlərdən H1 avtobusları ilə 28 May metrosuna, H2 avtobusları ilə Əhmədli metrosuna getmək tələb olunur.

Namidan Priyev Bakıda nəqliyyatın istiqamətinin dəyişdiriləcəyi bir sıra küçə və prospektləri sadalayıb:

  • Şıxov yolunda şəhərə girən nəqliyyat vasitələri Lökbatan dairəsində qurulacaq postdan Kənar dairəvi yola istiqamətləndiriləcək. Həmin yoldan Badamdar istiqamətinə gedənlər ayrılacaq, Yasamal və “Şamaxinka” tərəfə gedən sürücülər isə “həmin ərazidə təşkil olunan postlardan fasilələrlə buraxılacaqlar”, yəni nəqliyyatın əsas hissəsi Biləcəri-Avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək.
  • Şamaxı-İsmayıllı yolu ilə Bakıya gələn avtomobillər Müşfiqabad-Xocahəsən tərəfdə təşkil olunacaq postlarda “nisbətən azaldılmaqla”, “Şamaxinka” adlanan ərazidən geriyə dönməklə Ziya Bünyadov prospekti istiqamətinə fasilələrlə buraxılacaqlar.
  • Quba-Sumqayıt istiqamətindən gələn nəqliyyatlar Sumqayıtın girişindəki yanacaqdoldurma məntəqəsi yaxınlığında olacaq postdan fasilələrlə buraxılacaq.
  • Sumqayıt-Novxanı istiqamətindən gələn sürücülər isə Binəqədi-Baksol yolunda qurulacaq postdan fasilələrlə buraxılacaq.

Namidan Priyev fasilələrin müddətini, intervalını, azaldılmanın nə demək olduğunu izah etməyib.

Şəhərin içərəisndə də bəzi küçə və prospektlərdə istiqamətlər dəyişdirilib:

  • Mərkəzdən hava limanı istiqamətinə hərəkət edənlər Nizami küçəsi ilə düzünə, Yusif Səfərovdan keçib İzzət Orucov, ordan sağa Fəzail Bayramova və sola 8 Noyabr prospektinə çıxıb ordan da Zığ yolu ilə hava limanı istiqamətinə gedə biləcəklər.
  • Heydər Əliyev prospekti ilə əlavə köməkçi yol ilə Bakıxanov qəsəbəsi ərazisindən keçərək Sabunçu-Zabrat istiqamətində hərəkət etmək mümkün olacaq.
  • Koroğlu Rəhimov və Xətai Dəmirçizadə küçələrindən mərkəzə gələnlər Yusif Səfərov və 10-cu Zavod küçələrinənd istifatə etməklə Bakı Baş Polis idarəsinin arxası ilə keçib mərkəzə gələ biləcəklər.
  • Bilgəh sanatoriyası, Maştağa, Albalılıq kimi yerlərdən hava limanı tərəfə gəlmək istəyənlər Mərdəkandan keçib Şüvalandan, ordan da Qala dairəsindən Zığ şossesinə keçməklə hərəkət edə biləcəklər.
  • Hava limanı tərəfdən gələnlər isə Zığ şossesindən 8 Noyabr prospektinə keçməklə Afiəddin Cəlilov, sağa Fəazil Bayramov və Mehdi Mehdizadə küçələri ilə hərəkət edəcəklər.
  • Sabunçu tərəfdən şəhərə gəlmək istəyənlər Balaxanı yolu ilə Binəqədi ərazisini keçməklə ordan Şimal istiqamətinə həmçinin paytaxtın mərkəzinə gələ biləcəklər.

Bəzi küçələr və prospektlər nəqliyyat üçün açıq olacaq:

  • Mətbuat, Hüseyin Cavid, İnşaatçılar, Ziya Bünyadov, Atatürk, Babək, Qara Qarayev, Azərbayca, Parlament prospektləri nəqliyyat üçün açıq olacaq.
  • Tbilisi prospektində Şəfayət Mehtiyev küçəsi ilə İzmir küçəsi arasında olan kəsişmədə müvəqqəti məhdudlaşma olacaq.
  • Fətəli Xan Xoiski küçəsi, Cəfər Cabbarlı küçəsi, Abbas Mirzə Şərifzadə küçəsi və İstiqlaliyyət küçəsi nəqliyyatın hərəkətinə açıq olacaq.

Tədbirin gedişatına görə bəzi küçə və prospektlərdə də məhdudiyyətlər ola bilər:

Bayraq meydanından başlayaraq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, Niyazi, Lermontov, Sarayenko, Mehti Hüseyin, Nəriman Nərmanov, Abdulla Şaiq, İzmir küçəsi, İnşaatçılar prospekti Statistikaya qədər, Abbasqulu Ağa Bakıxanov küçəsi bəzi yerlərdən, Heydər Əliyev prospekti, Xəlil Rza Ulutürk küçəsi, Xəqani, Puşkin, Rixard Zorge küçələrində qismən məhdudiyyətlər tətbiq olunacaq.

Yolların tam bağlanması kimi məhdudiyyət olmayacaq, alternativ yollar təqdim olunur.

Brifinqda deyilib ki, ümumilikdə azı 57 ictimai nəqliyyat marşurutunun istiqaməti dəyişdiriləcək və onlar barəsində əlavə məlumat veriləcək.

Məlumata görə, Koroğlu metro stansiyasının çıxışından yalnız üç marşurut avtobusu, Ramanı, Suraxanı, Zabrat istiqamətin işləyəcək 163, 184, 214 nömərli marşurutlar işləyəcək.

Piramida kimi tanınan metronun üzbəüz tərəf tamimiylə COP29 əməliyyatı üçün istifadə olunacaq.

“Koroğluya gedən 30-dan çox marşurutların əksər hissəsi, 12-si Ulduz metrosuna, bir hissəsi isə Qara Qarayev və digər metrolara yönələcək”, – AYNA-nın İdarə heyətinin sədri Anar Rzayev deyib.

AYNA sədri deyib ki, Şimal istiqamətindən şəhərə gəlnlər Avtovağzal metrosu və onun qarşısındakı məntəqədən işləyən 27 marşurut avtobusu ilə həşərin başqa yerlərinə gedə bilərlər.

AYNA hər bir marşurut haqqında ayrıca məlumat verəcək.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu deyib ki, 50 min nəfərə yaxın qonağın hava limanından şəhərdə qalacaqları yerlər və Bakı Olimpia stadionuna daşınması üçün 16 nəqliyyat qovşağı təşkil edilib, qonaqlar bu mərkəzlərə daşınacaq, hər kəsi birbaşa qaldığı ünvana aparmaq olmayacaq.

Bütün nəqliyyat xidmətləri ilə tanış olmaq və ondan istifadə etmək üçün qonaqlar üçün rəqəmsal nəqliyyat xəritəsi yaradılıb.

Brifinqdə deyilib ki, qonaqların hamısının hava limanından gəlməsi gözlənilir.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=7590 0
İlham Əliyev niyə Trump-ın qazanmasını istəyərdi? https://metbuat.org/?p=7586 https://metbuat.org/?p=7586#respond Tue, 29 Oct 2024 17:21:25 +0000 https://metbuat.org/?p=7586 Read more

]]>

Şəklin mənbəyi, PRESIDENT.AZ

Şəklin alt yazısı, Prezident İlham Əliyev 2017-ci ildə BMT-nin 72-ci sessiyasında ABŞ Prezidenti Donald Trumpın rəhbərliyi ilə təşkil olunan qəbulda iştirak edib.

  • Müəllif, Fərid Həsənov
  • Vəzifə, BBC Azərbaycanca

ABŞ noyabrın 5-də prezident seçkilərinə hazırlaşır.

Amerikalılar Demokrat Kamala Harris və Azərbaycanda daha yaxşı tanınan Respublikaçı Donald Trump arasında seçim etməli olacaqlar.

Lakin ABŞ-da kimin qalib gəlməsi, təkcə amerikalılar üçün deyil, bir çox digər dövlətlər, o cümlədən Azərbaycan hökuməti üçün də əhəmiyyətlidir.

Bəs Prezident İlham Əliyev kimin qazanmasını istəyərdi? Çox güman ki, Trump-ın. Bəs niyə? Səbəblərinə baxaq.

Əliyevdən Trump-a tərif

Prezident İlham Əliyev bu yaxınlarda bu suala “siyasi mədəniyyət anlayışı” baxımından birbaşa cavab verməyin “doğru olmadığını” bildirsə də, o, Trump-ı mədh edən sözləri ilə onun qalib gəlməsini istədiyini gizlətmədi.

Bu ilin iyulunda Şuşada keçirilən bir tədbirdə sualları cavablandırarkən Əliyev deyib ki, ABŞ-da prezident seçkilərində kimin qalib gəlməsi “bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir”.

O, bir çox xalqların və ölkələrin gələcək taleyinin “böyük dərəcədə” ABŞ-ın “birinci şəxsinin verəcəyi qərarlardan asılı olacağını” qeyd edib.

“Mənim fikrimcə, Prezident Trump-ın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”, – İlham Əliyev deyib.

Azərbaycandan ABŞ-a birbaşa zəng

Donald Trump ilk ABŞ Prezidentidir ki, o bu posta 2016-cı ildə seçildikdən sonra İlham Əliyev birbaşa telefonla zəng edərək təbriklərini çatdırıb.

ABŞ-da bu son prezident seçkisi ərəfəsində İlham Əliyevin Donald Trump-a üstünlük verdiyini göstərən digər bir məqam isə Azərbaycan Prezidentinin bu il iyulun 14-də X sosial media hesabında paylaşdığı statusdur.

Belə ki, Donald Trump-a qarşı sui-qəsdi pisləyən və bunu “siyasi zorakılıq” adlandıran İlham Əliyev Donald Trump-ı iki dəfə “ABŞ Prezidenti” adlandırıb.

Əliyevin statusunda hər iki halda “keçmiş” sözünü işlətməməsi diqqət çəkib. Bu, sosial mediada bir trenddir, Trump-a loyal olanlar və onun ideologiyasını dəstəkləyənlər onu hələ də Mr. President – Cənab Prezident olaraq çağırırlar.

Paylaşımını ötürün Twitter

Twitter məzmununa icazə varmı?

Bu məqalədə Twitter məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Twitter kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün “qəbul edin və davam edin”.

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu Twitter

Prezident İlham Əliyevin Trump-a rəğbətinin səbəblərinə baxanda, onların hər ikisinin bənzər dəyər və prinsiplərinə dəlalət edə biləcək biznes keçmişi yada düşür.

Ancaq ən mühüm amillərdən biri 2020-ci ildə Azərbaycanın torpaqlarını geri almaq üçün başlatdığı 2-ci Qarabağ müharibəsində Trump-ın erməni lobbisini qəzəbləndirən susqun mövqeyi idi. Ermənistanı fəal şəkildə dəstəkləyən Fransa hökumətindən fərqli olaraq, Ağ Evdən Azərbaycanla bağlı sərt bəyanatlar səslənmirdi. Bu, həm də Trump prezidentliyinin son ayları idi – o, 2021-ci ilin yanvarında Ağ Evi tərk etdi.

Bundan sonra hakimiyyətə gələn Demokratlar Partiyasının namizədi Joe Biden prezidentliyi altında isə Əliyev hökumətiylə ABŞ arasında əlaqələr pisləşdi. Biden adminstrasiyası insan haqlarının pozulmasına və ermənilərin Qarabağdan çıxmasına görə Azərbaycan iqtidarını kəskin tənqid etdi.

Azərbaycan hakimiyyətinin yüksək qatlarında korrupsiya iddialarını araşdırdıqdan sonra həbs olunan jurnalistlər həm də ABŞ və digər Qərb ölkələrindən maliyyələşməkdə günahlandırıldı.

Azərbaycana yardımı bloklayan hüquqi düzəliş qüvvəyə mindi, ABŞ Konqresində Azərbaycan hökumətinə qarşı sanksiyalara çağıran qətnamələr qəbul edildi. Və Biden erməni lobbisinin gözləntilərini də doğrultdu – o, Osmanlı impresiyası zamanı ermənilərin kütləvi öldürülməsi və sürgünə göndərilməsini “soyqırım” deyə təsvir etdi.

Emin, Araz Ağalarovlar və Trump

Donald Trump, Araz Ağalarov, Emin Ağalarov, Miss Universe 2013, Rusiya, biznes

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Donald Trump (solda), Araz Ağalarov (ortada), Emin Ağalarov (sağda) 2013-cü ildə Moskvada keçirilən “Miss Universe” tədbirində iştirak ediblər.

İlham Əliyevlə Donald Trump arasında isti münasibətlərin kökünü, əslində onun keçmiş qudası Araz Ağalarovun Trump və onun ailəsi ilə biznes əlaqələrində görənlər var.

Araz Ağalarov müxtəlif illərdə Rusiyanın daşınmaz əmlak konqlomeratı kimi Forbes jurnalının “Dünyanın ən varlı 100 milyarderi” siyahısında fərqli pillələrdə yer alıb.

İlham Əliyevin qızı Leyla Əliyeva 2006-cı ildə Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun oğlu Emin Ağalarovla ailə qurmuşdu.

Bu evlilik daha sonra boşanma ilə başa çatdı, amma Trump və oğul Ağalarov arasında iş ortaqlığı başlayanda, hələ ki, mövcud idi.

Azərbaycan əsilli Rusiya estrada müğənnisi və iş adamı Emin Ağalarovun Trump-la münasibətləri 2013-cü ildə, atası Araz Ağalarovun Moskvada Trump-la birlikdə “Kainat gözəli” müsabiqəsi keçirdiyi dövrlərdə başlamışdı.

Bundan sonra Emin Ağalarovun Moskvada reallaşması nəzərdə tutulan Trump Tower layihəsi üçün Trumpla danışıqlar aparmasına dair şayiələr yayılsa da, bu layihə heç zaman həyata keçmədi.

Ancaq sonrakı illərdə Eminin adı daha böyük bir qalmaqalda çəkilməyə başladı – 2016-cı il ABŞ Prezident seçkilərinə Rusiyanın müdaxiləsinə dair istintaq işinin mərkəzində ata və oğul Ağalarovların adı dururdu. Onların özü bu ittihamları rədd edib.

Bakıda “Trump Tower” müəmması

Bakıdakı Trump Tower, ilkin olaraq, lüks otel və yaşayış binası kimi fəaliyyət göstərməsi nəzərdə tutulan, ancaq tikintisi yarımçıq qalmış göydələndir.

Qüllə “Trump” adını daşısa da, keçmiş ABŞ Prezidenti Donald Trump-ın şirkəti birbaşa mülkiyyət hüququ ilə yox, əsasən lisenziya və brendinq müqaviləsi ilə cəlb edilib.

Trump Tower Baku, Trump qülləsi, otel, turizm, iqtisadiyyat, çirkli pulların yuyulması, laundramat

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bakıda yerləşən 33 mərtəbəli Trump Tower

New Yorker nəşrinin yazdığına görə, 2008-ci ildə bu tikilinin hündürmərtəbəli yaşayış binası olacağı nəzərdə tutulsa da, 2012-ci ildə layihəyə dəyişiklik edilib və binanın “ultra-lüks otel”ə çevrilməsinə qərar verilib.

Beləliklə, layihənin ilkin dəyəri 195 milyon dollar təşkil etsə də, dəyişikliklərdən sonra bu rəqəm artıb.

Donald Trump 2014-cü ildə verdiyi açıqlamasında otelin bir il sonra açılacağını və bu otelin dünyanın “ən gözəl tikililərindən biri” olacağını bildirsə də, bu baş verməyib.

2015-ci ildə Donald Trump prezidentliyə namizədliyini açıqladıqdan sonra, o, Bakıda büdcəsi tam bilinməyən tikinti işlərinə görə, dünyanın aparıcı medialarında tənqid olunub.

Bu binanın Azərbaycanda yüksək rütbəli məmurların çirkli pulların yuyulması hədəflərinə xidmət etməsinə dair iddialar da səslənib.

Trump prezident seçildikdən bir il sonra – 2017-ci ildə qüllənin üzərindəki “Trump Tower” yazısı sökülüb.

İnsan haqlarına laqeydlik: Trump-ın Əliyevi məmnun edən tərəfi

İnsan haqları, Azərbaycan, etiraz, aksiya, Bakı

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Fəallar 8 mart 2024-cü ildə Bakıda aksiya keçirib

Azərbaycan hakimiyyəti hər zaman Freedom House, Transparency International, Human Rights Watch və digər müstəqil araşdırma institutlarının hesabatını “qərəzli və əsassız” adlandırıb.

“Mən belə ittihamları qəbul etmirəm, çünki onlar fakta əsaslanmır”, – Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində deyib.

Donald Trump öz sələflərindən fərqli olaraq, dünyada demokratiya və insan haqlarının müdafiəsi kimi məsələlərə çox az diqqət ayırıb və daha çox ölkəsinin daxilində olan miqrasiya, azad rəqabət və müstəqil biznes kimi məqamları qabardıb.

Onun hakimiyyəti illərində Əliyev hökumətinə qarşı tənqid və sanksiya təhdidləri də minimuma enib.

Azərbaycan hökumətinin ölkədə insan haqlarına görə tənqid edildikdə, ən çox istifadə etdiyi əks arqumentlərdən biri də Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında olduğu və yüz minlərlə qaçqının olduğu zaman Qərb ölkələrinin, o cümlədən ABŞ-ın “səssiz qalması” iddiasıdır.

Washington-un 2023-cü ildə Azərbaycana hərbi yardımların dayandırılmasını nəzərdə tutan 907-ci düzəlişi, Azərbaycanda insan haqlarının pozulmasını əsas gətirərək qüvvədə saxlaması Bakını qəzəbləndirən digər məqamdır – Trump prezidentliyi zamanında və ondan öncə də, bu düzəliş qüvvədə deyildi, bəzi tənqidçilər Biden hökumətinin qərarını belə “gecikmiş” hesab edir.

Keçən ilin noyabrında ABŞ Dövlət Departamenti bəyanat yayaraq bildirib ki, “Azərbaycan-Ermənistan sülh danışıqlarında inkişafa nail olmadığı halda” 907-ci düzəlişin ləğv müddəti uzadılmayacaq.

İlham Əliyev isə bu ilin oktyabrında bir çıxışında ABŞ-ın 907-ci düzəlişlə bağlı qərarını Pentaqonun Əfqanıstandan çıxması ilə əlaqələndirib.

O bildirib ki, bu düzəliş ABŞ Konqresində Azərbaycan əleyhinə 1992-ci ildə qəbul olunub və 2001-ci ilədək qüvvədə qalıb.

“Sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların (ABŞ-red.) Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki Əfqanıstandan qaçdılar, – özü də bütün dünyanın gözü qarşısında, – bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi”, – İlham Əliyev bildirib.

Prezidentliyə namizəd Donald Trump prezident seçildiyi halda bu sanksiyanı yenidən aradan qaldırıb-qaldırmayacağı ilə bağlı hələlik açıqlama verməyib. Lakin onun Truth sosial media hesabında Qarabağ erməniləri ilə bağlı yazdıqları Azərbaycanda bir çoxları üçün gözlənilməz olub.

İlham Əliyev, Şuşa, media, ABŞ,

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İlham Əliyev Şuşada keçirilən Qlobal Media Forumda xarici jurnalistlərin suallarını cavablandırıb

Trump-dan “Artsax” şərhi

Donald Trump, Kamala Harris, Qarabağ, etnik ermənilər, deportasiya

Şəklin mənbəyi, TruthSocial

ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, namizədlərin bir-birində “qüsur” axtarıb aşkarlaması da gərgin səviyyəyə keçir.

“Kamala Harris 120 min xristian erməni Artsaxdan məcburi şəkildə və dəhşətli formada köçürülən zaman HEÇ NƏ etmədi. Əgər Kamala Harris ABŞ-ın prezidenti olsa, dünyanın heç bir yerində xristianlar təhlükəsiz olmayacaqlar. Mən prezident olsam, təqibə məruz qalan xristianları müdafiə edəcəm, zorakılıq və etnik təmizlənmənin dayanması üçün işləyəcəm və Ermənistanla Azərbaycan arasında SÜLH yaradacam”, – Trump sosial media hesabında yazıb.

Trump ABŞ-ın erməni icmasına Kamala Harris-dən fərqli olduğunu göstərmək istədiyi bu bəyanatda Azərbaycanın adını birbaşa çəkməyib və İlham Əliyevin də təqdir etdiyi kimi, müharibə olmayacağından danışıb.

Azərbaycan hökuməti Donald Trump-ın bu açıqlamasına, hələlik heç bir reaksiya verməyib.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=7586 0