Taksilərlə bağlı yeni qaydalar sürücülərə necə təsir edəcək? 10 suala cavabda

  • Müəllif, İzolda Ağayeva
  • Vəzifə, BBC News Azərbaycanca

Nazirlər Kabineti ölkədə taksi xidməti ilə bağlı qərar verib. Bu qərar sürücülərin narazılığına səbəb olub. Taksilərlə bağlı yeni tələblər taksi bazarına necə təsir edəcək? 10 suala cavabda

1. Nazirlər Kabinetinin yeni qərarında nə var?

1. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək

2. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin

3. Taksilər üçün yalnız iki rəng – qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər.

4. Taksilərin salonunda videokameralar olmalıdır.

5. Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi – mobil telefon proqramı olmalıdır.

6. Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır.

2. Üç ay sonra nə olacaq?

15 yaşlı avtomobillər: İyulun 1-dən etibarən, istehsal ili 15-i keçən maşınlar taksi fəaliyyəti üçün yararsız hesab olunacaq. Başqa sözlə, avtomobilinizi indi qeydiyyatdan keçirsəniz, onu cəmi 3 ay – iyulun 1-nə qədər taksi kimi istifadə edə biləcəksiniz. Avtomobilinizin 14 yaşı varsa, ona cəmi 1 illik icazə ala biləcəksiniz. Və avtomobilinizin yaşı 15 ili tamamladıqdan sonra, o taksi kimi fəaliyyət göstərə bilməyəcək.

8 yaşlı avtomobillər: İyulun 1-dən sonra yaşı 8-dən az olan avtomobillərə taksi fəaliyyəti üçün icazə veriləcək və onlar 15 yaşları olanadək taksi kimi işlədilə biləcək. Həmin tarixdən yaşı 8-dən çox olan avtomobillərə taksi kimi fəaliyyət göstərmək üçün buraxılış kartı verilməyəcək. Çünki qanunvericiliyə görə, taksilər üçün buraxılış kartı 7 il müddətinə verilir. 8 yaşdan çox olanlara verilərsə, bu 15 illik son tarixi keçmiş olar.

taksi sürücüsü, azərbaycan, taksi qiymətləri, taksi barədə qanun

3. Taksi sürücüləri nə düşünür?

BBC Azərbaycancanın danışdığı taksi sürücüləri hesab edirlər ki, hökumət bu qərarı qəbul edərkən onları nəzərə almayıb.

Taksi şirkətləri ilə əməkdaşlıq edən bəzi sürücülər bildirir ki, onlar qeyri-müəyyənlik içindədirlər.

“Təzə maşınla taksi işləmək sürücüyə sərf etməz. Çünki təzə maşının ehtiyat hissələri bahadır, gərək qazandığımız elə ona getsin. Mən 2 ildir ki, taski sürürəm, amma bu qərardan sonra məcburam, özümə başqa bir iş tapım. Ailəli adam üçün çox çətindir, Allah köməyimiz olsun!”, – bir taksi sürücüsü bizə deyir, amma adını gizli saxlayır.

Taksi şirkətində çalışan sürücü Nazim Məmmədov bildirir ki, o da, yoldaşları da bundan sonranı düşünürlər.

“5 ildir ki, işsizəm, taksiylə dolanıram. Ümid edirəm ki, qərar qüvvəyə minənə kimi nə isə dəyişiklik olar. Əks halda, mən özümə başqa bir iş tapmalı olacam”.

Sürücü deyir ki, avtomobilinin istehsal tarixi yeni qərara müvafiq olsa da, digər tələblərə riayət etmək onun büdcəsinə uyğun olmayacaq.

“Mən kreditlə maşın sürürəm. Bütün ailəmin dolanışığı da bu maşından çıxır. Sabah mənə desələr ki, gəl, maşınının içinə tələb olunan avadanlıqları quraşdırmaq üçün məsələn, 500 manat ödə, mən onu ödəyə bilməyəcəm. Çünki onu ödəsəm, nə kreditimi verə biləcəm, nə də ailəmi dolandıra biləcəm”.

azərbaycan, taksi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Yaşı 15-i keçən avtomobillər taksi fəaliyyəti üçün yararsız olacaq.

4. Taksi şirkətləri nə düşünür?

Taksi şirkətlərinin birindən BBC-yə bildiriblər ki, bu qərara “doğrudan da” ehtiyac vardı: “Çünki vəziyyət çox acınacaqlı idi, kimə baxsanız, hamı taksi sürürdü”.

Ancaq şirkət deyir ki, yeni qərarlarda onlara da qaranlıq qalan bəzi məqamlar var.

“Məsələn, deyək ki, sürücü parametrlərə uyğun olan avtomobillə qeydiyyatdan keçib, amma yeni qərara uyğun olmayan başqa bir avtomobillə xidmət göstərir, bu hallar necə tənzimlənəcək? Çünki biz şirkət olaraq, onun sürdüyü avtomobili görmürük, sürücü sifarişləri mobil tətbiq üzərindən qəbul edir. Biz bu kimi suallarla bağlı müvafiq qurumlara sorğular göndərəcəyik”, – şirkət təmsilçisi bildirir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) BBC-yə deyib ki, aprelin 2-dən etibarən şirkət üçün anlaşılmaz qalan məqamlar da daxil olmaqla, taksi xidməti ilə bağlı bütün məsələlərə nəzarəti onlar həyata keçirəcəklər.

Taksi şirkətinin təmsilçisi qeyd edir ki, bu qərara qədər onlarla əməkdaşlıq edən sürücülər ya öz, ya da şirkətin işlədiyi sahibkarların avtomobillərindən istifadə edirdilər. Bundan sonra da yeni qərarın taksilərlə bağlı tələblərinə ya sürücülər, ya da sahibkarlar cavabdeh olacaq.

Adını açıqlamamağımızı istəyən şirkət hesab edir ki, nəticə etibarı ilə bu qərar taksi qiymətlərinin bahalaşmasına və dolayısıyla onların müştərisinin azalmasına səbəb olacaqsa belə, yenə də keyfiyyətin artırılması baxımından “düzgün verilmiş qərardır”.

taksi, rifah, nəqliyyat

5. Buraxılış vəsiqəsi nədir, buraxılış kartı nədir?

NK qərarındakı tələblərlə yanaşı, iyulun 1-dən taski sürücüsü işləmək istəyənlərdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)-nın sürücülük təlimindən keçmələrinə dair şəhadətnamə, avtomobilləri üçün buraxılış vəsiqəsi və buraxılış kartı da tələb olunacaq.

AYNA-dan BBC-yə bildirilib ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, taksi xidməti sektorunda buraxılış vəsiqəsi və buraxılış kartı tətbiq edilir.

“Buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. “Dövlət rüsumu haqqında” qanuna əsasən, buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib”, qurumdan BBC-yə bildiriblər.

6. Taksi sürücülərinin almalı olduğu şəhadətnamə nədir?

AYNA-dan BBC-yə bildiriblər ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, taksi minik avtomobili sürücüləri etik davranış qaydaları və avtomobil nəqliyyatı ilə sərnişin daşınmanı tənzimləyən hüquqi aktlara dair xüsusi təlim keçməlidir.

“Bu təlimlərin keçirilməsinə ötən ilin avqustundan başlanılıb. Ona görə biz ötən ildən müraciət edirdik ki, kim taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyirsə, təlimlərimizdə iştirak etsin. Artıq 14 mindən çox sürücü bu təlimi bitirib və şəhadətnamə alıb”, – AYNA-nın sözçüsü Tural Orucov bildirir.

Təlimlər 4 gün keçirilir, 5-ci gün sürücülər imtahan verir. Bu təlimi keçməyən sürücülər digər bütün göstəricələrə uyğun gəlsələr də, taksi fəaliyyəti üçün buraxılış kartı ala bilməzlər, AYNA sözçüsü deyir.

Bu təlimlərdə sürücülərə etik davranış qaydaları, sürücü-sərnişin münasibətləri, ilk tibbi yardım, normativ hüquqi aktlar, şəhərin tanınması, maşında nələrin olması, necə idarə olunmasına dair və digər bu kimi məlumatlar öyrədilir.

AYNA-da keçirilən bu təlim ödənişlidir və qiyməti 76 azn müəyyənləşdirilib.

7. Taksilər niyə ağ və ya qırmızı rəngdə olmalıdır?

Yeni qərarla taksilər üçün yalnız iki rəng – qırmızı və ağ rənglər tətbiq olunacaq. Qərarın bu hissəsi iyulun 1-dən ölkəyə gətiriləcək və ya ölkədə istehsal ediləcək yeni avtomobillərə şamil olunacaq. Yəni, hazırda taksi xidməti göstərən və müvafiq tələblərə cavab verən avtomobillər rəngindən asılı olmayaraq taksi fəaliyyəti göstərə biləcək.

Hazırda ölkənin taksi parkında ağ və qırmızı ilə yanaşı, müxtəlif rənglərdə də avtomobillər var. Yeni qərarla bağlı yaranan suallardan biri də taksilər üçün nəyə görə məhz qırmızı və ağ rəngin seçilməsidir. Elə mütəxəssisləri də bu maraqlandırır, bu rənglər hansı kriteriyalar əsasında müəyyənləşib.

AYNA-dan BBC-yə bildirilib ki, beynəlxalq təcrübədə avtomobilin taksi olduğunu bildirən vahid bir rəng anlayışı yoxdur.

“Lakin müxtəlif şəhərlərdə ictimai nəqliyyatı fərqləndirəcək rənglərdən istifadə olunur. Artıq uzun illərdi Bakının ictimai nəqliyyatına xas olan qırmızı rəngdən geniş istifadə olunur. Bu, şəhərdə bir ahəng yaradır. Bu tendensiyanı davam etdirmək üçün qırmızı rəngə üstünlük verilib. Eyni zamanda alternativ olaraq taksilər üçün kifayət qədər neytral rəng sayılan ağ rəng də müəyyən edilib”,- AYNA bildirib.

8. Yeni qərarı zəruri edən amillər nə olub?

taksi, nəqliyyat

Ötən ilin yayında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisdə bildirmişdi ki, nəqliyyat sahəsi ilə bağlı qanunvericiliyə edilən düzəlişlər, ümumilikdə, “bir saatın, bir günün, bir həftənin nəticəsi olmayıb”. Onun söylədiyinə görə, bu, Bakıda əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, vətəndaşların təhlükəsizliyi, ekoloji və Azərbaycanda İT texnologiyalarının təşviqi kimi məsələlərin nəticəsidir.

Ölkədəki taksilərin fəaliyyəti ilə bağlı danışarkən nazir bildirmişdi ki, sürücülər həddindən artıq uzun müddət, gündə 14-15 saat işləyir. O, həmçinin qeyd etmişdi ki, dünyanın heç bir yerində Azərbaycandakı kimi ucuz taksi xidməti yoxdur. O etiraf etmişdi ki, sözügedən dəyişikliklərdən sonra qiymətlər birmənalı şəkildə qalxacaq.

Ötən ay rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov məlum qərarı Milli Məclisdə müzakirə edərkən bildirib ki, “Bakıda 60 min taksi fəaliyyət göstərir və bunu 20 minə dək azaltmaq lazımdır”, yerli media onu iqtibas edib.

9. Bu qərar taksidə gedişhaqqını artıracaqmı?

BBC-yə danışan bəzi mütəxəssislər hesab edirlər ki, yeni qərar taksi parkında avtomobillərin sayını azaldacaq və qiymətləri artıracaq, o cümlədən işsizlərin sayını artıracaq. Çünki Azərbaycanda taksi xidməti son 10-15 ildə qiyməti artmayan, əksinə, ucuzlaşan yeganə xidmət hesab olunurdu və bu sahədə ciddi rəqabət müşahidə edilirdi.

Mütəxəssislərə görə, əgər müştəri məmnundursa və bu sahədə iş yerləri yaranırsa, bu, hökuməti yalnız məmnun etməli idi.

“Hökumətin burada yalnız vergi və rüsumlarını toplayıb, digər tənzimləmə üsullarında, təhlükəsizlik məsələlərində iştirakçı olması daha yaxşı olardı. Amma bu sərt tənzimləmə metodları ilə iş yerləri azalacaq, qiymətlər artacaq və bu, müəyyən dərəcədə işsizliyin artmasına səbəb olan qərara çevriləcək”, – iqtisadçı Natiq Cəfərli BBC-yə bildirir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ötən il bu qərarın hazırlanması prosesində bildirib ki, “taksi sürcülərinin iş saatlarının 8 saatadək azaldılması və qiymətlərin qaldırılması hesabına, sürücülər nə gəlirlərindən, nə də iş yerlərindən məhrum olacaqlar”.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov isə Bakıda taksilərin azaldılması ilə bağlı danışarkən deyib ki, şəhərdə 40 min taksinin azaldılması “eyni vaxtda 40 minə yaxın sürücünün işsiz qalması demək deyil. İlk növbədə ictimai nəqliyyatda, yükdaşımalarda ciddi sürücü ehtiyacı var. İkili işlərdə çalışanları da qeyd etmək lazımdır…”

Bəzi mütəxəssislər hesab edir ki, yeni qərar bu sahədə qara bazarın yaranmasına səbəb olacaq.

“İnternetin olduğu dövrdə qonşu şəbəkələri yaranacaq. Məsələn, qonşuda Əhməd dayı taksi sürür, ona xəbər edəcəklər, gəlib uşağı harasa aparacaq, böyükləri toya aparacaq. Belə boz bir bazar yaranacaq. Hökumət bunu istəyir? Yəni, bu məsələdə suallar çoxdur”, – Natiq Cəfərli bildirir.

taksi sürücüsü, Azərbaycan

10. Bundan sonra taksidə keyfiyyət artacaqmı?

Şəhərsalma üzrə bəzi mütəxəssislər hesab edir ki, əslində, bu, düzgün verilmiş qərardır. Çünki bu sahədə keyfiyyət artırılmalı, taksi xidməti pərakəndə şəkildə olmamalıdır:

“Amma bizdə onsuz da insanlar taksidən komfort kimi yox, ictimai nəqliyyat kimi istifadə edir. Çünki ictimai nəqliyyat bərbad vəziyyətdədir. Bu qərarın effektiv olacağına inanmıram. Bu məsələnin yeganə həlli odur ki, şəhər bələdiyyəsi olmalıdır. Bütün bunları təyin edəcək bələdiyyə olmalıdır. Paralel olaraq, ictimai nəqliyyatın da keyfiyyəti qaldırılmalıdır. Amma Azərbaycanda ictimai nəqliyyat ölüb”, – şəhərsalma üzrə mütəxəssis Dilqəm İsmayılov bildirir.

Azərbaycanda ictimai nəqliyyatla bağlı problemin olduğunu nazir Rəşad Nəbiyev də təsdiqləyir, amma hesab edir ki, taksidən ictimai nəqliyyat kimi istifadə etmək doğru deyil:

“Taksi gedişlərinin əksəriyyəti 1,5 -3 kilometr ətrafındadır. Bu məsafəni ya ayaqla, ya da ictimai nəqliyyatla getmək olar”, o deyib.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment