ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, Ukrayna səfirləri və Fransa Səfirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar başsağlığı veriblər.
“Bu gün biz Azərbaycan xalqının kədərini bölüşürük və 1992-ci ildə Xocalıda həlak olan yüzlərlə insanın xatirəsini yad edirik. ABŞ adından Xocalıda həlak olanların ailələlərinə dərin hüznlə başsağlığı verirəm və məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə fəaliyyət göstərmək və bu cür faciələrin təkrarlanmamasına zəmanə vermək bizim borcumuzdur”, deyə ABŞ səfiri Mark Libbi Tvitter-dəki hesabında yazıb.
Böyük Britaniya səfiri Fergus Ould “bütün azərbaycanlılarla birlikdə Xocalı faciəsinin qurbanlarının xatirəsini yad etdiyini” yazıb.
Avropa İttifaqının səfiri Peter Mixalko belə yazıb: “Xocalıda dəhşətli faciənin qurbanlarının – qadınların, kişilərin, uşaqların, qocaların yasını tuturuq və onların xatirəsini yaşadırıq. Xocalıda ailələrini, dostlarını, evlərini itirənlərə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız barışıq və möhkəm sülh üçün birlikdə işləməyə davam etməli və hər şeyi etməliyik ki, bu cür faciələr bir daha təkrarlanmasın”.
Ukrayna səfiri Vladislav Kanevski yazır: “Bu gün ürəklərimizi ifadə edilməsi mümkün olmayan ağrı və kədər bürüyür. Xocalı faciəsi tarixin müasir dövrünün ən faciəvi səhifələrindən biri kimi dərin iz buraxıb.
Hadisələrin XXI əsrdə Avropanın mərkəzində təkrarlana biləcəyini kimsə təsəvvür edə bilərdi?
Bu gün RF-nin Ukraynaya qarşı etdikləri növbəti dəfə sübut edir ki, cəzasızlıq yeni cinayətlər doğurur!”
Fransa Səfirliyi aşağıdakı yazını dərc edib: “Bu gün biz Xocalı faciəsini qeyd edən bütün Azərbaycan xalqının yanındayıq. Bu cür vəhşiliklərin təkrarlanmaması üçün regionda sülhü bərpa etməyə çalışmaq lazımdır”.