Yerevan Bakıdan təkliflər aldığını açıqladı

Yayımlandı: 20 Oktyabr 2023 19:27

Kostanyan cavab paketi hazırladıqlarını deyir

Yerevanın Bakıdan təkliflər aldığı bildirilir.

Bu barədə oktyabrın 20-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan brifinqdə deyib.

“Biz hələlik yeni yazılı təklif təqdim etməmişik, müzakirələr aparırıq, cavab paketi hazırlayırıq. Azərbaycanın Qranada bəyanatı ilə bağlı ictimai mövqe bildirməsini və bu mərhələlərin onun üçün məqbul olub-olmadığını bildirməsini gözləyirik”, – deyə Vahan Kostanyan əlavə edib.

Nazir müavini Qranadada qəbul edilən bəyanata toxunaraq vurğulayıb ki, sülh müqaviləsində və ya münasibətlərin normallaşdırılmasına dair sazişdə bu məsələlər öz yerini tapmalıdır.

Oktyabrın 5-də Qranada sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı, Almaniya və Fransa liderləri ilə görüşdə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü (86,6 kv/km) tanıyan bəyannaməni imzalayıb.

Sənəddə Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qaldığı əks olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Qranada sammitinə qatılmamışdı.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Separatçı respublika nə vaxt yaranıb?

1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.

Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə “Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.

Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.

Qarabağda son əməliyyatlar Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

İkinci Qarabağ münaqişənin qısa xronikası

 2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb. Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.

Yazı Meydan.tv saytından götürülüb

Leave a Comment