Yayımlandı: 17 Oktyabr 2023 16:49
“Azərbaycanın məqsədi bizi seçkidə uğursuzluğa düçar etmək idi”
Oktyabrın 16-da Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentinin plenar iclasında çıxış edib.
Nikol Paşinyan 2020-ci ildə olan 44 günlük müharibənin mənfi təsirlərinə rəğmən parlament seçkilərində partiyasının üstünlük qazandığını qeyd edib:
“Müharibənin ağır nəticələri ilə bağlı yaranmış sosial-psixoloji böhrandan çıxmaq üçün hakim qüvvə növbədənkənar parlament seçkilərinə getməyə qərar verdi. Bu məqsədlə Baş nazir vəzifəsindən istefa verdim. Parlamentin buraxılmasından iki gün sonra, 2021-ci il mayın 12-də Azərbaycan qoşunları Ermənistanla sərhədi pozaraq Ermənistanın suveren ərazisinə soxuldu. Bu vəziyyətdə Ermənistanın təhlükəsizlik sistemi sayılan KTMT və ikitərəfli səviyyədə təhlükəsizlik öhdəliyi olan dövlətlər bizə heç bir kömək etmədilər, bizi tək qoydular”.
Paşinyan deyib ki, Azərbaycan ordusunun təxribatının məqsədi parlament seçkilərində onları uğursuz vəziyyətə salmaq olub:
“Həm də Ermənistanın dövlətçiliyini iflic vəziyyətə salmaq və ya ən azından xarici qüvvələrdən asılı hökumət qurmaq idi. Amma Ermənistan xalqı suverenliyin, müstəqilliyin və demokratiyanın müdafiəsində möhkəm dayana bildi. Beynəlxalq səviyyədə azad, demokratik, şəffaf və rəqabətli seçkilər təşkil edildi. Ermənistan tarixində ilk dəfə olaraq seçkilər daxili böhrandan çıxış yolu oldu, əksinə yox. Ermənistanın 2018-ci il demokratik inqilabdan əvvəl və sonrakı əsas fərqi də budur”.
O bildirib ki, Ermənistanda inqilabdan sonra seçkilərin nəticələri heç vaxt saxtalaşdırılmayıb.
“Lakin Ermənistanda demokratiya az qala təkrarlanan ssenari üzrə güclü zərbələr alıb və almaqda davam edir. Xarici təcavüz, daha sonra Ermənistanın müttəfiqlərinin təhlükəsizlik sahəsində fəaliyyətsizliyi, müharibə və ya humanitar böhran və ya təhlükəsizliyə xarici təhdid… Bütün bunlar xarici qüvvələr tərəfindən edilirdi”, – deyə Baş nazir vurğulayıb.
O, Ermənistanın ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu da bildirib:
“Biz ilin sonuna kimi Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması haqqında saziş imzalamağa hazırıq. Həmçinin, Ermənistanın cənubunu Azərbaycanla və Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən Mehri dəmir yolunu bərpa etməyə hazırdır. Bu yol təkcə Azərbaycan və Ermənistana deyil, həm də İran və Gürcüstana Qərb bazarlarına çıxış əldə etməyə imkan verəcək. Bundan əlavə 1991-ci il sərhəd xəttindən qoşunların çıxarılmasına hazırıq, bu o deməkdir ki, Azərbaycanın Ermənistan ərazisinin heç bir hissəsində, Ermənistanın isə Azərbaycan ərazisində qoşunları olmayacaq”.
Rəsmi Bakı hələ ki Paşinyanın çıxışına reaksiya verməyib.