Putin İsrail-Fələstin probleminə görə ABŞ-ı qınadı

Yayımlandı: 11 Oktyabr 2023 18:10

“Paytaxtı Şərqi Qüds olan suveren Fələstin dövləti yaradılmalıdır”

Rusiya Prezidenti Vladimir Putin “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumunun plenar iclasında Yaxın Şərqdə davam edən müharibədən danışıb.

O deyib ki, İsrail-Fələstin probleminin həlli məsələlərə fundamental yanaşmadan asılıdır:

Fundamental məsələləri həll etmədən, əsasən də paytaxtı Şərqi Qüds olan suveren Fələstin dövləti yaradılmadan problemi bütövlükdə həll etmək mümkün deyil.  Bundan əlavə, məskunlaşma siyasəti, bir sıra digər komponentlər nəticədə zorakılığa və partlayışa səbəb oldu. Amma hazırda orada baş verənlər isə dəhşətlidir”.

Putin qeyd edib ki, Fələstin problemi İslamı qəbul edən hər kəsin ürəyindədir:

“Bu, onlar tərəfindən inanılmaz dərəcədə artan ədalətsizliyin təzahürü kimi qəbul edilir. Həm İsraildə, həm də Fələstində bir-birinə qarşı şiddət çox böyükdür. Əgər hər iki tərəfin kişiləri öz aralarında döyüşmək qərarına gəliblərsə, o zaman uşaqları və qadınları sakit buraxsınlar”, – deyə Putin əlavə edib.

Rusiya lideri hesab edir ki, ABŞ son bir neçə ildə problemin həlli üçün yaradılan mexanizmlərə laqeyd yanaşıb və hər şeyi təkbaşına tənzimləmək qərarına gəlib:

“Onlar bu mexanizmlərdən istifadə etməyiblər”.

Biz həmişə BMT Təhlükəsizlik Şurasının qərarlarının həyata keçirilməsinin, ilk növbədə müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarı olmuşuq. Bütün problemlərin kökü budur”, – deyə Rusiya Prezidenti bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə münaqişə kəskinləşərsə, bu, enerji bazarlarına təsir göstərəcək:

Münaqişənin kəskinləşməsi loqistika, sığorta və yük daşımalarına təsir göstərə bilər”.

Kreml rəhbəri onu da vurğulayıb ki, münaqişə Fələstin ərazilərindən kənara çıxarsa, təbii ki, bunun da təsiri olacaq:

“İndi mən eşidirəm ki, İranı bütün ciddi şeylərdə sübutsuz ittiham edirlər. Ümid edirəm ki, sağlam düşüncə qalib gələcək”.

Yaxın Şərqdə nə baş verir?

Oktyabrın 7-də HƏMAS gözlənilmədən İsrailə hücum edib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü mayor Nir Dinar 7 oktyabrı 2001-ci ilin 11 sentyabrına bənzədib:

“Bu, bizim 11 sentyabr hadisəmizdir. Onlar bizi təəccübləndirdi və bir çox yerdən – həm havadan, həm yerdən, həm də dənizdən sürətlə gəldilər”.

HƏMAS-ın Livandakı nümayəndəsi Usamə Həmdan “Reuters”ə deyib ki, hücum fələstinlilərin İsrailin hərbi gücü və imkanlarından asılı olmayaraq məqsədlərinə çatmaq iradəsinə malik olduğunu göstərib.

Hazırda Qəzza bölgəsində müharibə davam edir.

Hər iki tərəfdən xeyli sayda insan itkisi və dağıntıların olduğu bildirilir.

Yazı Meydan.tv saytından götürülüb

Leave a Comment