Yayımlandı: 11 Oktyabr 2023 15:06
Peskov Azərbaycanla müzakirə olunacağını deyir
Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı bir gün əvvəl verdiyi açıqlamaya münasibət bildirib.
Oktyabrın 10-da Paşinyan demişdi ki, Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edərsə, Ermənistana yox, Rusiyaya qayıtmalıdır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yerli jurnalistlərə deyib ki, Moskva Bakı ilə Qarabağdakı rus sülhməramlılarının gələcək taleyini müzakirə edəcək, eyni zamanda Yerevanla da təmasları davam etdirəcək.
“İndi, doğrudan da, Rusiya sülhməramlıları de-fakto və de-yure Azərbaycan ərazisindədirlər. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan tanıyır. Onların sonrakı fəaliyyətinə gəlincə, əlbəttə, bu, Azərbaycan tərəfi ilə müzakirə olunacaq, amma erməni dostlarla əlaqələri davam etdirəcəyik”, – Peskov belə deyib.
Kreml sözçüsü onu da vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında telefon danışığı zamanı sülhməramlı kontingentin yenidən yerləşdirilməsinin mümkünlüyü məsələsi müzakirə olunmayıb.
Oktyabrın 9-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Qarabağda müvəqqəti yerləşən sülhməramlı kontingentinə təlabatın olduğunu demişdi.
Ondan bir gün sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov sülhməramlıların Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına öz töhfəsini verməyə hazır olduğunu açıqlamışdı. Amma Azərbaycanın rəsmi şəxsləri hələ də bu barədə münasibət bildirməyiblər.
Son baş verən hadisələr…
Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb.
Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içərisində 14 nəfər həyatını itirib.
Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub.
Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.
Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyatlara başladığını elan edib.
Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.
Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.
Sonuncu hərbi əməliyyat zamanı Azərbaycan 200-dən çox hərbçisini itirib.
Bu əməliyyatdan sonra rəsmi Yerevan 100 mindən artıq erməni sakinin Qarabağı tərk edərək Ermənistana köçdüyünü açıqlayıb.
Azərbaycan isə dinc erməni sakinlərin reinteqrasiya olunması ilə bağlı çağırış edib.
Müharibənin qısa xıronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu deyirdi və bu il sentyabrın 19-20-də bölgədə hərbi əməliyyat keçirib.