İsveçrənin Cenevrə şəhərində “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının qəbul edilməsinin 20 illiyi ərəfəsində Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin görüşü keçirilib.
Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov məlumat verib.
Onun sözlərinə görə, görüşdə Xəzəryanı ölkələrin ətraf mühit nazirləri, Xarici İşlər nazirliklərinin səlahiyyətli nümayəndələri və BMT-nin Ətraf Mühit Proqramının Avropa Regional Ofisinin direktoru iştirak edib: “Azərbaycan görüşdə ekologiya və təbii sərvətlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Görüşdə Konvensiya katibliyi ilə bağlı institusional məsələlər müzakirə olunub. Katibliyin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar müvafiq sənədlərin hazırlanması məqsədilə Xüsusi İşçi Qrupun yaradılması və ilk iclasının bu ilin sonunadək Bakıda keçirilməsi qərara alınıb”.
Şöbə müdiri bildirib ki, görüşdə həmçinin Konvensiyanın 2023-2024-cü illər üzrə iş proqramı və büdcəsi, Konvensiyanın 6-cı Tərəflər Konfransının Nazirlər Bəyannaməsi qəbul edilib.
Mənbə:Report