Günahkarların məsuliyyətə cəlb olunması və cəzalarını çəkmələri məsələsinin həllini tapması qurbanların hüquq və mənafelərini təmin etməklə yanaşı, eyni zamanda münaqişədən sonrakı normallaşma və sülh prosesində ən vacib şərtlərdəndir.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında bildirib.
Nazir məlumat verib ki, 30 ilə yaxın təcavüz və işğal dövründə Ermənistan Azərbaycan mədəni irsini təhqir və dağıdıb. Buraya qlobal və milli əhəmiyyətli çoxsaylı abidələr, məscidlər, məbədlər, məqbərələr, muzeylər, sənət qalereyaları, arxeoloji sahələr və kitabxanalar daxil idi.
Onun sözlərinə görə, münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının, o cümlədən 719 mülki şəxsin taleyi məlum deyil: “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın dinc sakinlərinin və beynəlxalq humanitar hüququn müdafiəsi altında olan digər şəxslərin qəsdən öldürülməsini sübut edən bir neçə kütləvi məzarlıq aşkar olunsa da, Ermənistan itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaqdan imtina edir. Bu məsələnin həlli təkcə qurbanların və onların ailələrinin hüquqlarına riayət olunması baxımından deyil, həm də münaqişədən sonrakı barışıq və vəziyyətin normallaşdırılması baxımından vacibdir”.
C.Bayramov xatırladıb ki, 1987-1991-ci illərdə Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq 300.000-ə yaxın azərbaycanlını öz əcdadlarının torpaqlarından zorla didərgin saldı:
“Ermənistandakı azərbaycanlılara aid bütün yaşayış məntəqələrinin və toponimlərinin adı dəyişdirilib, tarixi və mədəni irsimiz qəsdən dağıdılıb və məhv edilib. Qərbi Azərbaycan İcmasının dialoqa başlamaq və öz vətənlərinə təhlükəsiz və ləyaqətli qayıdışı təmin etmək üçün dəfələrlə çağırışlar etməsinə baxmayaraq, Ermənistan hökuməti onların Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər vacib beynəlxalq aktlarda təsbit olunmuş fundamental qayıdış hüququnu həyata keçirməkdən imtina edir”.
Nazir qeyd edib ki, Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq şəkildə və konstruktiv dialoqa açıq olaraq beynəlxalq hüququn pozulmasını qəbul etməyəcək və beynəlxalq səviyyədə müvafiq addımlar atmağa davam edəcək: “Xüsusilə, Azərbaycanın Ermənistanı insan hüquqları sahəsində beynəlxalq hüququn kobud şəkildə pozulmasına, habelə cinayətlərə görə məsuliyyət daşıyan şəxsləri məsuliyyətə cəlb etmək məqsədilə məhkəmə araşdırması başlatması günahkarların məsuliyyətə cəlb edilməsinə nail olunması yolunda mühüm addımdır”.
“Azərbaycan sabit, təhlükəsiz, stabil və çiçəklənən Cənubi Qafqaz üçün məqsədlərinə tam sadiqdir. Münaqişədən sonrakı sülh quruculuğunu, reinteqrasiyanı və dinc birgə yaşamağı təşviq etmək üçün səylərimizi davam etdirməklə yanaşı, beynəlxalq birliyin məsuliyyətli bir üzvü olaraq, COVID-19 pandemiyasından sonra bərpa, qlobal inkişaf gündəmi və ya enerji təhlükəsizliyi kimi, bütün müvafiq sahələrdə səylərimizi əsirgəməyəcəyik”, – XİN başçısı vurğulayıb.
Mənbə:Report