XƏBƏRLƏR

“Rüşvətxorlar üçün ömürlük həbs cəzası tətbiq olunmalıdır” – AÇIQLAMALAR + FOTO

Azərbaycanda rüşvət və korrupsiyaya qarşı mübarizə hələ də davam edir. Müxtəlif vəzifələrdə olan şəxslərin, səlahiyyətlərindən sui-istifadə edərək rüşvət alması və həbsi ilə bağlı xəbərləri mütəmadi olaraq eşidirik. Bir çox hallarda insanlar öz hüquqlarını müdafiə etmək əvəzinə rüşvət verməyi üstün tuturlar. Hətta bunun sovet dövründən qalma təfəkkür hesab edənlər də var.

Bəs görəsən rüşvətxorluğun geniş yayılmasının əsl səbəbi nədir? Bu, sovet dövründən qalma vərdiş hesab oluna bilərmi? 

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas rüşvətin Sovet İttifaqından qalma təfəkkür olduğunu söyləyib: 

“Rusiya harada varsa, orada da rüşvət var. Sovet dövründən qalma təfəkkürdür. Oradan gəlib. Rüşvət həmişə də olacaq. Rüşvətin qarşısını almaq mümkün deyil. Dünyanın hər yerində var. Məşhur insanlar hər zaman rüşvət səbəbindən həbs olunub”.

A.Abbas qeyd edib ki, qanunlar düzgün işləsə, rüşvət də olmaz: 

“Rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə zaman-zaman davam edib. Bunun necə aparılması ilə bağlı tədbirləri hüquq mühafizə orqanları daha yaxşı bilir. Hər zaman bu sahə üzrə mübarizə aparılıb. Dünyada olduğu kimi bizdə də rüşvət var. Rüşvətin qarşısını nə qədər kəssələr də, bu olacaq. Sadəcə qanuna əməl etmək istəmirlər. Qanun onu həyata keçirən adamın əlindədir. Kimsə bir işin həll olunması üçün rüşvət verir. Bu, adi bir şeydir. Qanunlar yaxşı işləsə, o zaman rüşvət aradan qalxar. Qanunlar şəffaf olarsa, rüşvət də bir o qədər azalar”.

Hüquqşünas Əkrəm Həsənov saytımıza açıqlamasında Aqil Abbasdan fərqli olaraq rüşvətxorluğun Sovet İttifaqı ilə əlaqəli olmadığını deyib: 

“Sovet dövründən qalsa belə, vərdiş bu qədər davam etməməlidir. Ümumiyyətlə sırf Sovet İttifaqı ilə bağlana bilməz. Bu məsələdə qanunvericilik əsas rol oynayır. Şəffaflıq yoxdursa, təbii ki, korrupsiya olacaq. Digər tərəfdən əməkhaqqı da əsas rol oynayır. İstədikləri məbləğ olmadığından korrupsiya ilə məşğul olurlar”. 

Ə.Həsənovun sözlərinə görə, rüşvətxorlar üçün ömürlük həbs cəzası tətbiq olunmalıdır: 

“Yeni qanun qəbul olunmalıdır. Məmurların daşınmaz əmlakları hər kəsə məlum olmalıdır. Qanuna əsasən, bu, bizdə qapalıdır. Başqa ölkələrdə isə açıqdır. Biz məmurların və onların yaxınlarının əmlakını bilməliyik. Lakin biz bilmirik. Bizdə tam qapalıdır. Korrupsiyaya görə şəxs ömürlük həbs olunmalıdır. Bütün bunları etsək, korrupsiya azalacaq. Tam şəffaflıq təmin olsa, korrupsiyaya son qoyulacaq. Düzdür, məşğul olanlar azda olsa olacaq. Lakin artıq açıq şəkildə bunu edə bilməyəcəklər”. 

Nəzrin Vahid

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button